Zığ Qaraçuxur qəsəbələrində hesabat yığıncaqları keçirilmişdir

 

Bakıətrafı qəsəbələrin 2008-ci ildə sosial-iqtisadi inkişafına dair hesabat yığıncaqlarında dövlət başçımız İlham Əliyevin son 5 ildəki fəaliyyəti yüksək qiymətləndirilir və bildirilir ki, ölkə Prezidentinin regionlarda həyata keçirdiyi görüşlər zamanı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişafın təmin olunmasına dair verdiyi tövsiyə və tapşırıqlar yerlərdə əsil fəaliyyət proqramına çevrilmişdir. Suraxanı rayonunun Zığ qəsəbəsində ötən ilin yekunlarına həsr edilmiş yığıncaqda da bu məsələ ətrafında geniş söhbət getmişdir. Rayon icra hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Yaşar Mahmudov məruzəsində bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi mühüm inkişaf strategiyasının hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dünyada mövqeyini gücləndirmiş, regionda lider dövlətə çevirmişdir.

Qəsəbə icra nümayəndəsi həmçinin göstərmişdir ki, 2008-ci ildə rayon icra hakimiyyəti rəhbərliyinin diqqət və qayğısı sayəsində Zığ qəsəbəsində abadlıq və quruculuq, təmizlik işləri yüksək səviyyədə davam etdirilmişdir.

Hesabat dövründə dövlət və yerli proqramlarda qəsəbənin sosial-iqtisadi, mədəni inkişafına yönəlmiş tədbirlərin tam və keyfiyyətlə yerinə yetirilməsinə hərtərəfli kömək göstərilmişdir, Qəsəbə ərazisində abadlıq-quruculuq, yaşıllaşdırma tədbirlərində idarə, müəssisə və təşkilatların kollektivləri yaxından iştirak etmişdir. Zığdakı mövcud parkın abad vəziyyətdə saxlanılması, yolların və küçələrin təmiri, kommunikasiya şəbəkəsinin qüsursuz istismarı, əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təminatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər reallaşdırılmışdır.

Natiq həmçinin bildirmişdir ki, 2008-ci ildə prezident seçkilərilə əlaqədar qəsəbədə seçicilərlə mütəmadi işlər aparılmış, qabaqcıl təcrübəyə əsaslanan yeni forma və metodlar əsasında xüsusi fəaliyyət proqramı hazırlanaraq icra olunmuşdur. Qəsəbə ərazisində yerləşən seçki məntəqələrinin normal fəaliyyət göstərməsi üçün qanunda nəzərdə tutulmuş bütün köməklik göstərilmişdir. Səsvermədə seçicilərin öz hüquqlarından sərbəst ifadə etmələri məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir.

Qəsəbə icra nümayəndəsi hazırda əhalini narahat edən bir sıra problemlərə də toxunmuş, çətinliklərin aradan qaldırılması üçün bu il müvafiq işlərin görüləcəyini diqqətə çatdırmışdır.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn Həsənov mövcud nöqsanların aradan qaldırılması məqsədilə imkanların səfərbər ediləcəyini bildirmişdir.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ötən ilin yekunları müzakirə olunmuşdur. Qəsəbə icra nümayəndəsi Fərəməz Süleymanov məruzəsində ölkəmizin son illərdə sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlarla yanaşı, qəsəbədə həyata keçirilən geniş miqyaslı tədbirlərdən ətraflı söhbət açmışdır. Natiq məruzəsində 2008-ci ildə Qaraçuxurun ayrı-ayrı küçələrinin asfaltlaşdırılmasından, yaşıllıq zolaqlarının salınmasından, məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına diqqətin artırılmasından, abadlıq-təmizlik məqsədilə mütəmadi iməciliklərin keçirilməsindən, Yeni Günəşli yaşayış sahəsində hər həftənin şənbə bazar günləri kənd təsərrüfatı məhsullarının satış-yarmarkasının təşkilindən ətraflı söhbət açmışdır. Əhalinin məişət problemlərinin həllinə diqqət artırılmışdır. Vətəndaşların ərizə şikayətlərinə baxılmasına həssaslıqla yanaşılmışdır. Bütün bunlarla yanaşı, qəsəbə nümayəndəsi mövcud problemlərə diqqəti yönəltmiş, onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görüləcəyini vurğulamışdır.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov iştirak etmiş, qəsəbədə görülmüş görüləcək işlərlə bağlı mülahizələrini bildirmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.3.