Dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının bu günü və sabahı

 

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi Azərbaycanın dünyada mövqeyini getdikcə möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və çevik islahatlar nəticəsində bu gün respublikamız sürətli inkişaf mərhələsini yaşayır. Bu fikri son illərdə yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, istehsal və xidmət sahələrinin genişləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi də təsdiqləyir. Bir sözlə, iqtisadiyyatda, sosial sahədə son illər müşahidə olunan dinamik inkişaf artıq dönməz xarakter almış, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilmişdir. Bütün bu uğurların əldə olunmasında gənc alimlərin də əməyi az olmamışdır. Ali məktəblərdə, elmi-tədqiqat institutlarında, idarəetmə strukturlarında fəal mövqe tutan gənc iqtisadçılar Azərbaycanın dünənini, bugününü necə xarakterizə edirlər? Onlar müsbət göstəricilərin qazanılmasını hansı amillərlə əlaqələndirirlər? Sabahımız, gələcək iqtisadi uğurlarımız barədə hansı mülahizələri yürüdürlər? AMEA-nın İqtisadiyyat İnstitutunda gənc iqtisadçıların iştirak etdiyi “dəyirmi masa”da bu suallara ətraflı cavablar axtarıldı.“Dəyirmi masa” ətrafında söhbətdə İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev, institutun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri namizədi Allahyar Muradov, iqtisad elmləri namizədləri Rəsmiyyə Abdullayeva, Rüfət Əfəndiyev, Emin Məmmədzadə, Arzu İsmayılova, Ülvi Bayramov, Aqil Əsədov, Kamran İsayev, Asif Mustafayev, “Gənc alimlər şurası”nın sədri Pərviz Həsənov, İqtisadiyyat İnstitutunun əməkdaşları Fərqanə Musayeva və Mahir Zeynalov iştirak edirdilər.

İsa ALIYEV, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru: — Hörmətli “dəyirmi masa” iştirakçıları, mən ilk növbədə dünya iqtisadiyyatında sürətli dəyişikliklərin baş verdiyi, dünyanın maliyyə böhranı ilə mübarizə apardığı bir zamanda gənc iqtisadçıların belə bir tədbir keçirməsini, “dəyirmi masa” ətrafında Azərbaycan iqtisadiyyatının bu günü və sabahı haqqında fikir mübadiləsi aparmasını alqışlamaqla, bu tədbirə informasiya dəstəyi verən “Xalq qəzeti”nin rəhbərliyinə, kollektivin hər bir üzvünə minnətdarlığımı bildirir, eləcə də bu “dəyirmi masa”nın təşkil edilməsində təşəbbüs göstərənlərə təşəkkür edirəm.

Hörmətli gənc iqtisadçılar, hər birinizə məlumdur ki, Azərbaycan Respublikası 70 ilə yaxın keçmiş SSRİ-nin tərkibində olmuş, bu dövrdə də milli iqtisadiyyatın inkişafından, regional inkişafdan və s. danışmaq qeyri-mümkün idi. Yəni hər bir respublika özlüyündə SSRİ-nin bir regionu idi. Bu gün isə artıq Azərbaycan Respublikası müstəqil, sürətlə inkişaf edən, dünyanın nüfuzlu təşkilatlarında öz sözünü deməyi bacaran qüdrətli bir dövlətdir. Hər birimizə məlumdur ki, hazırkı inkişaf səviyyəsinə asanlıqla nail olunmamışdır, bu yolda sonsuz sayda çətinliklər, maliyyə çatışmazlıqları, ölkəmizin inkişafını qəbul edə bilməyən dövlətlər tərəfindən süni yolla yaradılan maneələr və s. olmuşdur. Amma bir həqiqət vardır ki, Azərbaycan dövlətinin hazırkı səviyyəyə çatmasında və bundan sonra da dinamik inkişaf etməsində məhz uğurla həyata keçirilən neft strategiyasının və bu strategiyanı reallaşdıran dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu öndərin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində 1995-ci ildən etibarən milli iqtisadiyyatda dirçəliş başlamış və ÜDM, valyuta ehtiyatları, büdcə gəlirləri və s. kimi mühüm göstəricilərdə dəfələrlə artıma nail olunmuşdur.

Sevindirici haldır ki, bu gün də ulu öndərin ideyaları yaşayır, xalqımız və dövlətimiz üçün önəmli rol oynayan Heydər Əliyev strategiyası uğurla davam etdirilir. Azərbaycan Respublikasının son illər ərzində əldə etdiyi makroiqtisadi uğurlara nəzər saldıqda aydın olur ki, son beş il ərzində ÜDM 5,8 dəfə, ölkənin valyuta ehtiyatları 10,9 dəfə, büdcə gəlirləri 8,6 dəfə, xərcləri isə 9 dəfə artmışdır. Nəticədə büdcə gəlirlərinin ÜDM-də payı 1998-ci ildəki 13-14 faizdən, 2008-ci ildə 27-28 faizə yüksəlmişdir. Bütün bunların arxasında isə təbii ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin apardığı uğurlu siyasət durur və əldə edilən uğurlar ölkəmizin inkişaf strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsınin nəticəsi kimi qiymətləndirilməlidir.

Hörmətli gənc iqtisadçılar, istər ümummilli lider Heydər Əliyevin, istərsə də hazırkı dövlət başçısı cənab İlham Əliyevin fəaliyyəti dövründə gənclərin fəaliyyəti həmişə yüksək qiymətləndirilmiş, onlara diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Hələ 1995-ci ildə respublika gəncləri ilə görüşən ulu öndərimiz onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. “Azərbaycanın dövlət başçısı kimi mən özümü xoşbəxt hesab edirəm ki, bu gün Azərbaycan xalqının sağlam, gözəl, istedadlı gəncləri var” söyləyən ümummilli liderimizin bu bəyanatının real təzahürləri 1996-cı ilin 2 fevralından, yəni Azərbaycan Gənclərinin I forumundan etibarən ölkə gənclərinin həyatında ciddi dönüş yaratdı. Məhz həmin gündən sonra ölkə gənclərinin həyatında mühüm əhəmiyyət kəsb edən bir çox məsələlər - hər üç ildən bir gənclər forumunun təşkil edilməsi, ölkədə Gənclər Gününün təsis edilməsi, ölkə gəncliyinin problemlərınin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, gənclərin dövlət quruculuğu proseslərinə cəlb edilməsi və s. reallığa çevrildi.

Bu gün də gənclər ölkə həyatında xüsusi rol oynayır, ayrı-ayrı sahələrin inkişaf etdirilməsində, dövlət idarəçiliyində, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak edir. Bu mənada gənc iqtisadçıların da üzərinə ciddi vəzifələr düşür. Mən bu yolda sizə uğurlar arzu edirəm, sizi və sizin timsalınızda bütün Azərbaycan gənclərini qarşıdan gələn Gənclər Günü münasibəti ilə təbrik edirəm. Diqqətinizə görə çox sağ olun.

Pərviz HƏSƏNOV, “Gənc alimlər şurası”nın sədri: — İlk növbədə sizin hər birinizi qarşıdan gələn 2 fevral — Gənclər Günü münasibətilə təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram. Belə ki, 1996-cı il 2 fevral Gənclər Gününün təsis edilməsi və ümumiyyətlə, gənclərə dövlət qayğısı ümummilli liderimiz Heydər Əliyevin həyata kecirdiyi siyasətin başlıca istiqamətlərindən biri olmuşdur. Bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyev isə gənclərə cəmiyyətimizin bütün sahələrində iştirakına yer ayırmaqla onlara daha geniş imkanlar vermişdir. Bizim çalışdığımız institutda da bu istiqamət əsas götürülmüş və təsadüfi deyildir ki, 70 nəfərə yaxın əməkdaşımız gənclik yaşı həddindədir.

Fürsətdən istifadə edərək mən də bugünkü “dəyirmi masa”nın mahiyyətinə uyğun olaraq aktual və qlobal problemlərdən birini sizin diqqətinizə çatdırmar istərdim. Bildiyimiz kimi, Azərbaycan Respublikası iqtisadi münasibətlərini daha çox sosial yönümlü iqtisadi modelə uyğunlaşdırmışdır ki, bu da öz növbəsində bazar iqtisadiyyatı sistemini tətbiq edən ölkəmiz üçün çox önəmlidir. Belə ki, uzun müddət qapalı, inzibati idarəçilik metodları ilə idarə olunan iqtisadiyyatda çalışan insanların rifah halının yaxşılaşdırılmasının tamamilə bazar münasibətlərinin öhdəsinə buraxılması, fikrimizcə, ciddi problemlər yaratmış olardı. Bu baxımdan yoxsulluqla mübarizənin səmərəliliyi birbaşa dövlətin iqtisadi və sosial siyasətindən asılı olur. Təsadüfi deyildir ki, son zamanlar hətta liberal modelə üstünlük verən ölkələrdə insanların rifah halının yaxşılaşdırılması və sosial sferanın davamlı inkişafına yönələn sosial siyasət həyata keçirilir.

Qeyd etmək yerinə düşərdi ki, bu ilin 18 martında keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Referendum Aktının ilk birinci və ikinci bəndi müvafiq olaraq “Vətəndaşların layiqli həyat səviyyəsınin təmin edilməsi dövlətin ali məqsədidir" və “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır” müddəaları öz əksini tapmışdır. Bütün bunlar Azərbaycan hökumətinin xalqın yaşayış səviyyəsinin daim yaxşılaşdırılması üzrə siyasət həyata keçirdiyini sübut edir.

2000-ci ildən başlayaraq Azərbaycana daxil olan neft gəlirləri dövlətin maliyyə imkanlarını genişləndirdi və qeyd olunan problemlərin, o cümlədən yoxsulluğun azaldılması istiqamətində sistemli tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkədə yoxsulluğun azaldılmasına daha sistemli yanaşma 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” nın qəbul edilməsi ilə başlanmışdır. Bundan başqa, əhalinin rifah halının yüksəldilməsinə bilavasitə xidmət edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Yaşayış minimumu”, “Ünvanlı dövlət sosial yardımı”, “Sosial müavinətlər” haqqında və s. qanunlar mühüm rol oynamışdır. Bunlardan əlavə, Azərbaycan Respublikasının bir sıra beynəlxalq konvensiya və tövsiyələrə, xartiyalara qoşulması yoxsulluğun azaldılması ilə bağlı tədbirlərin gücləndirilməsinə imkan vermişdir.

Bu sadalananların məntiqi nəticəsi kimi və hökumətin apardığı uğurlu siyasət nəticəsində 1995-2007-ci illərdə adambaşına düşən gəlirlər 177,2 manatdan 1890,3 manata, orta aylıq əmək haqqı 12,5 manatdan 215,8 manata, ÜDM-in adambaşına düşən həcmi 282,1 manatdan 3168,5 manata, təyin olunmuş aylıq pensiyaların orta məbləği 3,5 manatdan 62,9 manata yüksəlmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, yoxsulluğun ölçülməsində istifadə olunan hədd 2001-2008-ci illərdə 24 manatdan 64 manatadək artırılmışdır. Yoxsulluğun azaldılmasında tətbiq olunan mexanizmlərdən biri olan “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun qəbul edilməsi aztəminatlı əhali qruplarının sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla, ehtiyac meyarına - yəni əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq dövlət büdcəsi ilə birgə hər il təsdiqlənən hədd normasına əsaslanmaqla həyata keçirilir. Bu yardımın məbləği 2006-cı ildə 30 manat təşkil edirdisə 2009-cu ildə bu rəqəm 60 manat olmuşdur.

Bütün bunların nəticəsində Azərbaycan əhalisinin tərkibində yoxsulluq həddində yaşayanların xüsusi çəkisi 2001-2008-ci illərdə 49 faizdən 13,2 faizə enmişdir. Çıxışımı hökumətin rəsmi mövqeyi kimi qəbul edilə bilən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir fikri ilə bitirmək istəyirəm: “İnsanların sosial vəziyyəti, ilk növbədə kasıb təbəqələrin sosial vəziyyəti bizi daim düşündürməlidir. Elə etməliyik ki, Azərbaycanda kasıblar təbəqəsi olmasın, yoxsulluq aradan qaldırılsın... Yoxsul o adam ola bilər ki, o sadəcə işləmək istəmir, işləmək istəyən işlə təmin olunmalıdır”.

Allahyar MURADOV, AMEA İqtisadiyyat İnstitutunun elmi məsələlər üzrə direktor müavini, iqtisad elmləri namizədi: — İqtisad elminin gələcək inkişafı bu gün buraya toplaşan gənclərin üzərinə çətin və şərəfli vəzifələr qoyur. Yadda saxlamalıyıq ki, alimlərin üzərinə düşən məsuliyyət təkcə elmin inkişafı ilə bitmir. Burada Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, sosial həyatının inkişafı kimi mühüm dövləti əhəmiyyət kəsb edən məsələlər də əsas yer tutur. Deməli, bizim üzərimizə iqtisad elminin inkişafı ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafında da yaxından iştirak etmək vəzifələri düşür.

Hər bir ölkə özünün davamlı iqtisadi yüksəlişini təmin etmək üçün ilk növbədə elmin müasir tələblərə uyğun inkişafına nail olmağa çalışır. Çünki iqtisadi inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, intellektual potensialdan səmərəli istifadə edilməsi, elmi-tədqiqat işlərinin keyfiyyəti, rəqabətə davamlı məhsul istehsalı, yaşayış keyfiyyətinin yüksəldilməsi və s. bu kimi aktual problemlərin həlli məhz elmin və elmi biliklərin inkişaf səviyyəsindən asılıdır. Bu fikri bir qədər də konkretləşdirsək onda cəmiyyətdə baş verən sosial, iqtisadi, siyasi problemlərin və münaqişələrin uğurlu həllinin elmi biliklərdən kənarda qeyri-mümkün olduğunu söyləmək olar. Çünki elmi fəaliyyət həm spesifik xüsusiyyətə malik olması, həm biliklər sisteminin məcmusu, həm sosial institut, həm də xüsusi fəaliyyət forması kimi xalq təsərrüfatının digər sahələrindən fərqlənir. Bununla yanaşı, elmi fəaliyyətin spesifikliyi, özünü yeni biliklər istehsal etmək, yeni texnika və texnologiyalar yaratmaq, onların tətbiq olunması metodları, cəmiyyətin inkişafı, ətraf mühitin qorunması kimi çoxsaylı məsələlərin həllində də aparıcı rola malikdir.

Hazırda Azərbaycan Respublikasında bazar münasibətlərinə əsaslanan iqtisadi inkişafa nail olunması və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya olunması məqsədilə köklü islahatlar aparılır. Bu islahatların əsas istiqamətlərindən biri də elm sahəsində islahatların aparılması, sənayenin texniki və texnoloji səviyyəsinin yüksəldilməsi, innovasiya fəallığının artırılması yolu ilə istehsalın rəqabətqabiliyyətliliyinin artırılmasıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” 10 aprel 2008-ci il tarixli 2756 saylı sərəncamı da müasir dövrdə bu gün nail olduğumuz inkişafın davamlılığının təmin olunması üçün elmin inkişafının zəruri olduğunu və bu istiqamətdə islahatların sürətləndirilməsinin vacib olduğunu göstərir.

Əvvəldə də qeyd etdiyim kimi, elmin gələcək inkişafı bugünkü gənclərin üzərinə böyük məsuliyyət qoyur. Məhz onlar bu nəsillər arasında biliklərin nəsildən-nəslə ötürülməsinin vasitəçiləridir, belə demək mümkünsə rabitəçiləridirlər. Bu, həqiqətən də məsuliyyətli və şərəfli bir işdir. Onu deyə bilərəm ki, hazırda Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar yəqin ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Kamran İSAYEV, iqtisad elmləri namizədi: — Məlumdur ki, sənaye məhsulunun həcmi, sənaye istehsalının artım tempi ölkə iqtisadiyyatının inkişaf səviyyəsini xarakterizə edən mühüm göstəricilərdən biridir. Hamımıza məlumdur ki, güclü potensiala malik olan Azərbaycan sənayesi SSRİ-nin dağılması və ölkələrarası əlaqələrin pozulması səbəbindən müstəqilliyin ilk illərində acınacaqlı vəziyyətə düşmüşdür. Yeyinti, metallurgiya, maşınqayırma, neft-qaz və s. sahələr kimi mühüm istiqamətləri əhatə edən sənaye sektoru istər məşğulluğun, istər ÜDM-in, istərsə də əhali tələbatının əsas hissəsini təşkil edir. Başqa sözlə desək, ölkə iqtisadiyyatının əsasını sənaye təşkil edir. Məhz bu səbəbdəndir ki, yuxarıda qeyd olunduğu kimi, hər bir ölkənin iqtisadi inkişafını xarakterizə edərkən makroiqtisadi göstəricilər içərisində sənaye məhsulunun miqdarına diqqət yetirilir, bu yolla həmin ölkədə istehsal və iqtisadiyyat haqqında dəqiq təsəvvür əldə olunur.

Azərbaycan sənayesinin inkişafı, əsas etibarilə, neft sənayesinin inkişafı ilə başlanmışdır. Ölkəmizin neft ehtiyatlarına maraq göstərən xarici neft şirkətləri ilə danışıqlar hələ ötən əsrin 80-ci illərinin axırlarından başlamışdır və artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Ancaq həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanması ərəfəsində idi ki, o nəinki xalqın və dövlətin mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək milli iqtisadiyyata böyük ziyan vura bilərdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətinin və xalqının siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcı qoyuldu. Hakimiyyətin ilk dövrlərindən etibarən neft müqavilələri üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycan xalqının və dövlətinin maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

Məhz o çətin, ağır günlərdə “Əsrin müqaviləsi”nin bağlanması ilə Azərbaycan Respublikası dünya birliyinə, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməyə başlamış və siyasi dividendlərlə yanaşı, çox böyük iqtisadi imkanlar da əldə etmişdir. Bu yolda ölkəmiz ciddi çətinliklərlə rastlaşsa da, böyük sınaqlardan keçməli olsa da bu gün qürur hissi ilə deyə bilərik ki, nəzərdə tutulmuş bütün proqram və layihələr real həyatda öz əksini tapmışdır. Artıq Azərbaycan nefti və qazı dünya bazarlarına çıxarılır, eləcə də ölkəmiz öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə lazım olan bütün tədbirləri uğurla həyata keçirməkdədir.

Ölkədə ümumi daxili məhsulun formalaşmasında aparıcı rol oynayan sənaye sahələrində məhsul istehsalı keçən illə müqayisədə 6 faiz artmışdır. O cümlədən, statistik məlumatlara əsasən, 2008-ci ildə sənaye məhsulunun 76,6 faizi və ya 21,5 milyard manatı mədənçıxarma bölməsində, 18,7 faizi və ya 5,2 milyard manatı emal bölməsində, 4,7 faizi və ya 1,3 milyard manatı elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal olunmuşdur. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,3 faiz artmışdır. Ölkədə neft hasilatı 4,6 faiz, qaz hasilatı 50,4 faiz, digər faydalı qazıntılar hasilatı 22,8 faiz artmış və il ərzində 44,5 milyon ton neft, 16,2 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Analoji olaraq, emal bölməsində məhsul istehsalı 7,4 faiz, o cümlədən qida məhsulları istehsalı 0,6 faiz, neft məhsulları istehsalı 8,4 faiz, metallurgiya sənayesi və hazır metal məmulatları istehsalı 27,9 faiz, maşın və avadanlıqlar istehsalı 10,1 faiz artmışdır. İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 20,2 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur . Göründüyü kimi, 2008-ci il sənaye sektoru üçün uğurlu olmuş və əvvəlki illərdə əldə edilmiş nailiyyətlər ötən ildə də davam etdirilmişdir.

Asif MUSTAFAYEV, iqtisad elmləri namizədi: — Məlumdur ki, sosializm cəmiyyətindən kapitalizmə keçid iqtisadiyyatın bütün sahələrində islahatları zəruri etmişdir. Artıq müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında özəl mülkiyyətin üstünlük təşkil etdiyi bazar iqtisadiyyatına keçid tarixi zərurətə çevrilmiş və bu istiqamətdə 1990-cı ilin əvvəllərindən başlayaraq ardıcıl tədbirlər görülməyə başlanılmışdır. Bildiyimiz kimi, müstəqilliyin ilk illərində milli iqtisadiyyatın bütün sahələri ilə yanaşı, mülkiyyət münasibətlərində də bir xaotiklik, başıpozuqluluq var idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə 1993-cü ildən Azərbaycan iqtisadiyyatında təşəkkül tapan irəliləyişlər mülkiyyət münasibətlərinə də öz müsbət təsirlərini göstərdi.

Azərbaycanda özəl sektorun inkişaf etməsinə və mülkiyyət münasibətlərinin bazar iqtisadiyyatı tələblərinə uyğun formalaşdırılmasına dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair dövlət proqramlarının qəbul edilməsi ilə start verildi. Beləliklə də silsilə şəklində özəlləşdirmələrin aparılması tədricən sosial-iqtisadi sahələrdə özəl sektorun inkişafına təkan verdi və özəl sektor milli iqtisadiyyatın, ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrildi.

Bütün bunlarla yanaşı, əksər dövrlərin tarixi təcrübəsi sübut etmişdir ki, dövlət sektoru istənilən hakimiyyətdə dövlətin dayaq nöqtəsi olmaqla yanaşı, onun idarəetməsinin vacib hissəsi kimi çıxış edir. Bu da ondan irəli gəlir ki, dövlət sektoru ölkələrə müstəqil iqtisadi subyekt kimi formalaşmağa, digər ölkələrlə bağlanmış müqavilələrin təminatçısı olmağa, beynəlxalq maliyyə təşkilatlarından dövlət zəmanətli kreditlər əldə etməyə şərait yaradır, eyni zamanda sosial sahədə qeyri-kommersiya subyektlərinin fəaliyyətinə də təminat verir. Nəhayət, təbii resurslar üzərində mülkiyyət hüququnu reallaşdırmaqla dövlət bir çox yerli strukturlar arasında dayanıqlı əlaqələr yaradır. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, milli sərvətdə dövlət mülkiyyətinin çəkisi ayrı-ayrı ölkələr üzrə 20 faizdən 35 faiz arasında tərəddüd edir. Dövlət mülkiyyəti formasının tətbiqi bazası iqtisadiyyatın əsasən tələbatların çox olduğu sahələrində, dövlət investisiyalarına tələbatın böyük olduğu sahələrdə, mənfəətin bir o qədər də böyük rol oynamadığı, lakin kifayət qədər ictimai maraqların ödənildiyi sahələrdə möhkəm olur. Ona görə də dövlət və özəl sektorun paralel olaraq inkişaf etdirilməsi daha məqsədəuyğundur.

Başqa bir məsələni də qeyd etmək istərdim ki, bütün sahələrdə özəl sektorun, sahibkarlığın müxtəlif istiqamətlərinin inkişafı ilə yanaşı, tikinti sektorunda dövlətin payı artmışdır. Bu da təbii ki, sürətlə inkişaf edən respublikada sosial siyasətin gücləndirilməsi, insanların sosial-rifah halının və yaşayış şəraitinin yaxşılaşdırılması, ölkədə sösial yönümlü bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Belə ki, son illər ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə və qayğıya ehtiyacı olan digər əhali qrupuna göstərilən dövlət qayğısı artmış, bu insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Bütün bunlar da təbii olaraq, tikintidə dövlətin payının artmasına təsir edir.

Arzu İSMAYILOVA, AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işçisi: — Hamımıza məlumdur ki, uzun illər inzibati amirlik sistemindən çıxaraq bazar iqtisadiyyatı sisteminə keçid istər iqtisadi, istərsə də idarəetmə sahələrində ciddi qərarların qəbul edilməsini tələb edirdi. Məhz bunları nəzərə alan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyata yaxından inteqrasiya olunması, ölkədə demokratik idarəçilik mühitinin formalaşması, vətəndaş cəmiyyətinin fəallaşması və s. istiqamətlərdə mühüm qərarlar qəbul etdi.

Bu gün Azərbaycan dövlətinin iqtisadi və siyasi cəhətdən inkişaf etdirilməsinin, eləcə də beynəlxalq aləmdə layiqli nüfuza malik olmasının və güclü dövlətə çevrilməsinin əsas amillərindən biri də ulu öndər Heydər Əliyev tərəfindən vaxtında və dəqiqliklə qəbul edilmiş qərarların bariz nümunəsi kimi vətəndaş-məmur, sahibkar-məmur münasibətlərinin düzgün qurulmasıdır. Məhz bu məqsəddən irəli gələn zərurətdir ki, daxili siyasətin əsas xəttini demokratik islahatların həyata keçirilməsi və ölkədə demokratik mühitin formalaşdırılması təşkil edir.

Hamımıza məlumdur ki, bələdiyyələr öz mahiyyəti etibarilə insanlara daha yaxın olduğu üçün yerli problemlərin çevik həllində, o cümlədən ayrı-ayrı regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, insanların mütərəqqi və yaradıcı əməyə, iqtisadi dirçəlişə nail olmasının ilkin şərti onlara qanunvericilik əsasında yerli özünüidarəetmə imkanlarının verilməsidir. Bələdiyyələr demokratiyanın, siyasi plüralizmin, iqtisadi azadlığın, müstəqilliyin, təşəbbüskarlığın bərqərar edilməsi baxımından məsuliyyətli, habelə yerli problemlərin həllini təmin edən müstəqil idarəetmə formasıdır. Bu gün bələdiyyə orqanlarının fəaliyyətində yüzlərlə gənc yaxından iştirak edir, öz bilik və bacarığını yerli problemlərin həllinə sərf edir.

Bütün bunların nəticəsidir ki, bələdiyyə idarəçiliyi mərkəzdən idarə olunma ilə geniş xalq kütlələri arasında mövcud olan sədləri aradan qaldıraraq demokratikləşmənin ən dəyərli və faydalı məhsuluna çevrilmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda özəl sektorun, sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmışdır. Ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər Azərbaycan Prezidentinin böyük diqqət və qayğısı ilə əhatə olunmuşdur.

Ülvi BAYRAMOV, iqtisad elmləri namizədi: — Azərbaycan iqtisadiyyatı 2008-ci ildə də sürətli inkişafını davam etdirmiş, bütün sahələr üzrə böyük nailiyyətlər əldə olunmuşdur. İl ərzində ümumi daxili məhsul artımı 10,8 faiz, o cümlədən neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olmuşdur. Ümumiyyətlə, iqtisadi inkişafın bu əsas göstəricisi üzrə 2003-cü illə müqayisədə 2008-ci ildə 2,6 dəfə artım əldə edilmiş, ölkə üzrə 38 milyard manatlıq məhsul istehsal olunmuşdur.

 

Ötən il ümumi daxili məhsulun nominal həcmi də 2003-cü illə müqayisədə 5 dəfə artaraq adambaşına 4439,9 manat (5403,9 ABŞ dolları) təşkil etmişdir. 2008-ci ildə sənaye sahəsində istehsal olunmuş məhsulların həcmi 2003-cü illə müqayisədə 2,5 dəfə, 2007-ci illə müqayisədə isə 7 faiz artmışdır.

Bu uğurların qazanılmasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müstəsna rolu olmuşdur. 2004- 2008-ci illəri əhatə edən bu mühüm dövlət sənədi bölgələrin sürətli inkişafı sahəsində yeni mərhələ açmışdır. İqtisadi inkişafın regional baxımdan tarazlılığının təmin edilməsi, bölgələrdə əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi istiqamətində çox mühüm işlər görülmüşdür.

Dövlət Proqramı üzrə 714 tədbirin icrası təmin edilmişdir. Həmin tədbirlərin 46-cı makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin olunması məqsədilə, 668-i isə 9 iqtisadi rayon və inzibati rayonlarda, o cümlədən 159-u Aran, 98-i Şəki-Zaqatala, 90-ı Gəncə-Qazax, 82-si Lənkəran, 81-i Quba — Xaçmaz, 57-si Naxçıvan, 42-si Dağlıq Şirvan, 36-sı Abşeron və 23-ü Yuxarı Qarabağ iqtisadi rayonlarda həyata keçirilmişdir. Bu tədbirlər əsasən yerli və xarici sahibkarların vəsaitləri, Azərbaycan Respublikasının dövlət büdcəsi, Sahibkarlığa Kömək Milli Fondu, büdcədənkənar dövlət fondları, kommersiya bankları və bank olmayan kredit təşkilatlarının kreditləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilmişdir. Son beş ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 82,3 faizi regionlarda olmaqla sahibkarlıq subyektlərinin 7350 investisiya layihəsinə 335,6 milyon manat güzəştli kredit verilmiş və həmin layihələr üzrə 73 mindən artıq yeni iş yerləri açılmışdır. 2009-cu ildə fond tərəfindən verilən güzəştli kreditlərin həcmi daha da artacaqdır. Belə ki, il ərzində sahibkarlara 120 milyon manat məbləğində, o cümlədən 40 milyon manat qaytarılan vəsaitlər hesabına kreditlər veriləcəkdir.

Bütün bu sadalananlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının nə qədər düzgün olduğunu bir daha təsdiqləyir. Ötən beş ildə ölkə iqtisadiyyatı dinamik inkişafını davam etdirmiş, əhalinin rifah halı daha da yaxşılaşmış, əmək haqları, pensiya və müavinətlərin həcmi artmış, regionların siması tamam dəyişmişdir. Dövlət Proqramına uyğun olaraq iqtisadi rayonlarda, ayrı-ayrı şəhər və yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılmış, yeni meşə zolaqları, parklar salınmış, qaz, su və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində iri layihələr həyata keçirilmişdir. Əhalinin məşğulluğunu təmin etmək üçün yeni-yeni müəssisələr işə salınmışdır. Son beş ildə ölkədə 766 min yeni iş yeri açılmışdır ki, bunların 548 mini daimi iş yerləridir.

Böyük uğurla həyata keçirilən və 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı regionların sosial-iqtisadi inkişafı sahəsində görüləcək nəhəng işlərin birinci mərhələsi idi. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, yaxın vaxtlarda növbəti beş il üçün də yeni geniş proqram təsdiq olunacaqdır. Bu isə o deməkdir ki, ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı sahəsində qarşıdakı beş ildə də çox mühüm vəzifələr yerinə yetirilməlidir. Həmin vəzifələrin həyata keçirilməsinə gənc iqtisadçı alimlər də öz layiqli töhfələrini verməlidirlər.

Aqil ƏSƏDOV, iqtisad elmləri namizədi: — Mən ilk növbədə, Azərbaycan iqtisadiyyatında sürətli inkişaf və güclü dəyişikliklərin baş verdiyi bir zamanda belə aktual məsələlərin müzakirəsinə həsr edilmiş “dəyirmi masa”nı təşkil edənlərə, o cümlədən bizə verilən informasiya dəstəyinə görə “Xalq qəzeti”nin kollektivinə təşəkkürümü bildirirəm. Məlumdur ki, cəmiyyətin həyatında milli iqtisadiyyatın bütün sahələrinin özünəməxsus əhəmiyyəti və rolu vardır. O cümlədən, xidmət sahələrinin. Hamımıza aydındır ki, xidmət sahələri dedikdə nəqliyyat, turizm və digər xidmət sektorları nəzərdə tutulur.

Azərbaycanın nəqliyyat sektorunda müsbət dəyişikliklərin əsası ümummilli lıder Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakı şəhərində keçırilmiş və qədim “İpək yolun”un bərpasına həsr edilmiş beynəlxalq konfransla qoyulmuşdur. Həmin dövrdən etibarən isə nəqliyyat sistemində dinamik inkişaf əldə edilmişdir. Statistik araşdırmalardan aydın olur ki, yalnız 1998- 2002-ci illər ərzində tranzit və yerli yük daşımalarının həcmi 2 dəfə artaraq 2002-ci ildə 98 milyon ton olmuşdur. Eyni zamanda, 1998-ci ildən təməli qoyulmuş inkişaf 2002-ci ildən sonrakı dövrdə də dinamik olaraq davam etdirilmişdir. Təkcə 2003- 2008-ci illər ərzinndə Azərbaycan Respublikasının öz investisiya cəlbediciliyinin qoruyub saxlanmasının, ölkədə özəl sektorun inkişafı üçün münbit şəraitin yaradılmasının nəticəsidir ki, 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına təxminən 44 milyard dollar investisiya qoyulmuşdur ki, bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir.

Məlumdur ki, hər bir ölkənin nəqliyyat sisteminin vəziyyəti, coğrafi mövqeyi və tranzit imkanları onun dünyaya inteqrasiyasında və iqtisadi inkişafında mühüm rol oynayır. Bu baxımdan ölkəmizin əlverişli coğrafi mövqeyi beynəlxalq tranzit əməliyyatlarında yaxından iştirakına şərait yaradır. Belə ki, TRASEKA, TASİS, İNOQEYT və s. proqramlar çərçivəsində iri regional və yerli layihələrin reallaşması artıq Azərbaycan Respublikasını tranzit ölkəyə çevirmişdir. Bütün bunlarla yanaşı, regionların abadlaşdırılması, yeni yolların çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin də inkişafına güclü təkan verir. Statistik araşdırmalardan aydın olur ki, 2005-ci ildə respublikaya gələn turistlərin sayı 2004-cü ilə nisbətən 1,7 dəfə artmış və 50392 nəfərə çatmışdır. Eyni zamanda, yerli turizmin inkişafında da müsbət irəliləyişlərə nail olunmuşdur ki, bu da gələcəkdə Azərbaycan Respublikasının əlverişli mövqeyindən istifadə edərək tranzit, turizm və s. xidmət sahələrini dövlət büdcəsinin əsas gəlir mənbəyinə çevirməyə imkan verəcəkdir.

Azərbaycan Respublikasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, ölkə daxilində bütün istiqamətlərdə yolların yenidən qurulması turizmin inkişafı üçün, eləcə də istər yerli, istərsə də xarici turistlərin sayının yüksəldilməsi üçün münbit şərait yaratmışdır. Bu yerdə zəngin turizm pontensialına malik olan Quba-Xaçmaz iqtisadi rayonunda Xınalıq yolunun açılışı zamanı ölkə başçısı cənab İlham Əliyevin avtomobil yollarının əhəmiyyəti haqqında söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad vəziyyətdədirsə, oraya heç kim gəlməyəcəkdir”.

Beləliklə, aparılan təhlil və araşdırmalardan bu nəticəyə gəlinir ki, reallaşmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi milli iqtisadiyyatın mühüm qeyri-neft sektoru olan turizm sektorunun sürətli inkişaf etdirilməsi, ölkənin turizm potensialından daha da səmərəli istifadə olunması istiqamətində ciddi tədbirlər görməyə imkan verir.

Emin MƏMMƏDZADƏ, iqtisad elmləri namizədi: — Hazırda müstəqil Azərbaycan Respublikası özünün sürətli inkişaf dövrünü yaşayır. Sosial-iqtısadi sahədə, o cümlədən elmin, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafında, bir sıra iri regional layihələrin həyata keçirilməsində, əhalinin sosial rifahının yaxşılaşdırılmasında, işsizliyin aradan qaldırılmasında, ümumən ölkə başçısının son vaxtlar imzaladığı bir sıra dövlət proqramlarının reallaşdırılmasında nəzərəçarpan nailiyyətlər qazanılmışdır. Bu inkişaf özünün çoxspektrliliyi, əhatəliliyi və miqyası ilə diqqəti daha çox çəkir. Xüsusən, mühüm dəyişikliklər özəl sektorun inkişafında müşahidə olunur.

Bir məsələni nəzərdən qaçırmaq olmaz ki, sürətlə qloballaşan dünyada informasiya texnologıiyalarının rolu artmaqdadır. Bu baxımdan iqtisadiyyatın bu sektorunun inkişafı olduqca zəruridir. Ümumiyyətlə, hər bir elmi kəşfin başlanğıcı informasiya modelindən (hipotezadan) irəli gəlir, eləcə də informasiya-kommunikasiya texnologiyalarının (İKT) təsiri elmin bütün sahələrinə çox sürətlə yayılır. Odur ki, Azərbaycan dövlətinin bu sahədə də apardığı siyasət təqdirəlayiqdir. Çünki bütün problemlərin başlıca həlli həmin problem haqqında əldə edilmiş informasiyanın vaxtında və dolğun olmasından çox asılıdır. Bu baxımdan İKT-nin müxtəlif istiqamətlərinin inkişafı ölkənin ümumi tərəqqisində də mühüm rol oynayır. Son beş il ərzində bütün iqtisadi göstəricilərlə yanaşı, Azərbaycanın internet resurslarının və virtual məkanının həcmi də 20 dəfəyə qədər artıb. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində İKT və təhsil sahələri ölkənin ən sürətlə inkişaf edən sektorlarına çevrilibdir. Statistik araşdırmalardan aydın olur ki, 2003- 2008-ci illər ərzində İKT-nin illik artım tempi 33-35 faiz təşkil etmişdir. Ümumilikdə isə sahə üzrə 4,5 dəfə artım müşahidə olunmuşdur. Bu gün Azərbaycanda 1,5 milyon internet istifadəçisi var. Neft sektorundan sonra İKT ən iri vergiödəyici sahəsidir. Bu sahədə “100 ailəyə 100 telefon” və digər infrastruktur layihələri həyata keçirilməkdədir ki, bu da xidmət sahələrini inkişaf etdirməklə insanların sosial tələbatlarının daha dolğun ödənilməsinə kömək edir.

Qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursa uyğun olaraq yeni təcrübələrin, demokratik, texnoloji, elmi dəyərlərin Azərbaycana transformasiyası üçün görülən tədbirlər novatorluğa, modernləşməyə və yeni texnologiyaların tətbiqinə geniş imkanlar yaradır. “İnformasiya cəmiyyəti” adlanan müasir cəmiyyətdə ETT-nin nailiyyətləri əsasında istehsal prosesinin bütün mərhələlərində, texnoloji istehsal üsulunun transformasiyası baş verir, ayrı-ayrı ölkələrdə iqtisadiyyatın strukturu, iqtisadi inkişafın xarakteri, vətəndaşların həyat tərzi, dəyərlər sistemi keyfiyyətcə yenilənir, “ictimai tərəqqi” anlayışı və onun meyarları haqqında təsəvvürlər dəyişilir. Müasir dünyanın gerçəklikləri sübut edir ki, Azərbaycan hökuməti çox düzgün istiqamət seçmişdir və yeni modernləşmə müasir iqtisadi sistemlərin dayanıqlı inkişafının həlledici amilidir. Cənab İlham Əliyev ən qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi məsələsini kəskinliklə qarşıya qoymuşdur. Bu məsələ, resurs amillərinə əsaslanan iqtisadiyyatdan qlobal proseslərin tələb etdiyi innovasiya yolu ilə inkişaf edən iqtisadiyyata keçid üçün olduqca vacibdir. Cənab Prezıdentin təkidlə tələb etdiyi bir mühüm məsələnin - iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi probleminin həlli də modernləşmə və innovasiyaların intensiv tətbiqi ilə əlaqədardır.

Təbii ki, bütün bunlar ölkənin qarşısında duran sosial, iqtisadi, siyasi və s. məsələlərin həlli üçün ilk növbədə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini tələb edir. Belə mütəxəssislər ən qabaqcıl ali məktəblərdə, respublikamızın elm və təhsil ocaqlarında nəzəri cəhətdən hazırlanmalı, eyni zamanda müasir praktiki təcrübəyə malik olmalıdır. Başqa sözlə desək, yeni iqtısadiyyat, iqtisadiyyatın davamlı inkişafı müasir texnologiyalara dərindən və hərtərəfli bələd olan mütəxəssislər tələb edir. Bütün bunlar həm də bu gün uğurla reallaşdırılan, eləcə də Azərbaycan xalqını və dövlətini inkişafa, parlaq gələcəyə aparan ümummilli liderimiz Heydər Əliyev stategıyasından irəli gələn tələblərdir.

Fərqanə MUSAYEVA, AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşı, gənc tədqiqatçı: — Məlum olduğu kimi, bazar iqtisadiyyatı sisteminin yüksək inkişaf etdiyi ölkələrdə bir qayda olaraq qeyri-dövlət bölməsi ÜDM-in tərkibində üstün paya malik olmaqla dövlətin sosial-iqtisadi inkişafının əsasını təşkil edir. Bu səbəbdən də bazar iqtisadiyyatına keçid alan ölkələrdə islahatların ilk mərhələsi qeyri-dövlət bölməsinin inkişafından başlayır. Hamımıza məlumdur ki, qeyri-dövlət sektorunun səmərəli fəaliyyəti, təkmil rəqabət mühitinin formalaşdırılması, istehlakçıların və mülkiyyətçilərin mənafelərinin gözlənilməsi, istehlak bazarında bolluğun təmin edilməsi və digər məqsədlərin həlli sahibkarlığın müxtəlif formalarının inkişafı üçün zəruri sosial-iqtisadi mühit yaradılmadan mümkün deyildir. Ölkəmizdə də müstəqilliyin ilk illərindən etibarən qeyri-dövlət bölməsinin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində əsaslı islahatlar həyata keçirilməyə başlanmışdır.

Sahibkarlığın inkişafı və ona yardım göstərilməsi Prezident tərəfindən dövlətin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Ötən dövr ərzində ölkəmizdə qeyri-dövlət bölməsinin inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılmış, sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, bu fəaliyyətin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini və sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən müvafiq normativ hüquqi aktlar qəbul edilmişdir.

Ölkə iqtisadiyyatında qeyri-dövlət bölməsinin rolunun artırılması və inkişafı istiqamətində aparılan islahatlar (özəlləşdirmə və torpaq islahatları) nəticəsində son dövrlərdə milli iqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş vermişdir. Belə ki, özəl bölmənin xüsusi çəkisi ÜDM-də 85 faizə, məşğulluqda isə 69 faizə gəlib çatmışdır. Lakin buna baxmayaraq qeyri-dövlət sektorunda səmərəlilik baxımından məşğulluğun təmin edilməsində hələ də bir sıra problemlər qalmaqdadır. Əvvəla, qeyd edək ki, bazar mexanizminin səmərəliliyini və iqtisadiyyatın rəqabət qabiliyyətliyini xarakterizə edən amillərdən biri sahibkarlıq sektoruna cəlb olunmuş əhalinin sayıdır. Özəl sektorun bəlli bir “kütləsinin” formalaşdırılması sağlam rəqabət mühitinin yaradılmasının əsası kimi çıxış edir. Məhz bu məqsədlə ölkə Prezidentinin 1997-ci il 24 iyun tarixli fərmanı ilə “Kiçik və orta sahibkarlığa kömək haqqında Dövlət Proqramı (1997-2000-ci illər)”, 17 avqust 2002-ci il tarixli fərmanı ilə “Kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, əhalinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviqi məqsədilə “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin ”bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri" haqqında 25 oktyabr 2007-ci il tarixli sərəncam qəbul edilmiş və 2008-ci il yanvarın 1-dən etibarən “bir pəncərə” sisteminin tətbiqinə başlanılmışdır. Adı çəkilən dövlət proqramlarının qəbul edilməsində başlıca məqsəd sahibkarlığın ardıcıl inkışafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarət idi. Həyata keçirilən sosial-iqtisadi tədbirlərin nəticəsi olaraq ölkədə 2000-ci illə müqayisədə qeydiyyatdan keçmiş müəssisələrin sayı 47,2 faiz artaraq 79,2 minə çatmışdır.

Hazırkı mərhələdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, ölkənin sosial-iqtisadi problemlərinin həllində bu sektorun rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, dövlət köməyi tədbirlərinin genişləndirilməsini və bu sahədə ünvanlılığın daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın tam və səmərəli reallaşdırılmasını tələb edir.

Qeyri-dövlət bölməsində məşğul olanlar mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə qeyri-səmərəli şəkildə bölünmüşdür. Məşğul əhalinin tərkibində sərbəst və fərdi məşğulların, başqa cür desək, özünüməşğul əhalinin xüsusi çəkisi üstünlük təşkil etsə də hesab edirik ki, onların əmək fəaliyyəti səmərəsizliklə və qeyri-məhsuldarlıqla xarakterizə olunur. Bildiyimiz kimi, kənd təsərrüfatı və ticarət sektorunda məşğul əhalinin əsas hissəsini fərdi məşğul əhali təşkil edir.

Ümumiyyətlə, araşdırmalardan bu nəticəyə gəlinir ki, Azərbaycan Respublikasının mövcud inkişaf mərhələsində iqtisadi tərəqqinin əsas amili olan sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində görüləcək işlər çoxdur. Təbii ki, bu istiqamətdə biz gənclərin də üzərinə xeyli məsuliyyət düşür. Xüsusilə, regional sahibkarlığın inkişafı istiqamətində geniş araşdırmalar aparılması, regionlarda mövcud olan potensialın tam üzə çıxarılması, bu potensialdan səmərəli istifadə istiqamətində elmi əsaslandırılmış təkliflər verilməsi bu gün gənc iqtisadçılar qarşısında duran mühüm vəzifələrdən biridir.

Rəsmiyyə ABDULLAYEVA, iqtisad elmləri namizədi: — Müstəqilliyin ilk illrəində ölkədə yaranmış vəziyyət sosial problemlərin kəskinləşməsinə, insanların yaşayış şəraitinin pisləşməsinə səbəb olmuşdur. 1993-cü ildə yenidən ölkəyə rəhbərlik etməyə başlayan ümummilli lider Heydər Əliyev ölkədəki hərc-mərcliyi, vətəndaş müharibəsi təhlükəsini aradan qaldıraraq 1995-ci ildən etibarən genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsinə dair mühüm qərarlar qəbul etdi. Bu gün də cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev strategiyasının nəticəsidir ki, artıq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, eləcə də əldə edilən iqtisadi nailiyyətlər dövlətin sosial siyasətinə də öz müsbət təsirini göstərir. Maliyyə imkanlarının genişlənməsi sosial sahələrə yönəldilən resursların əhəmiyyətli dərəcədə artırılmasını, əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılmasını, yeni iş yerləri yaratmaqla məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını təmin edir.

Məhz həyata keçirilən məqsədyönlü islahatların nəticəsidir ki, büdcə gəlirləri artdıqca, sosial müdafiə və təminata ayrılan vəsaitlərin payı da artmışdır. Belə ki, 2008-ci ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayısədə 5,2 dəfə çox olmuş, eləcə də 2008-ci ildə sosialyönümlü tədbirlər üzrə xərclərin maliyyələşdirilməsinə xüsusi diqqət ayrılmışdır.

Qeyd etmək lazımdır ki, 2003-cü ildə əhalınin adambaşına düşən gəlirləri inflyasıyanın səviyyəsini 11,3 faiz, 2008- ci ildə isə 15,4 faiz üstələmişdir. 2008-ci ildə əhalinin adambaşına düşən gəlirləri əvvəlki illə müqayisədə 36,2 faiz artaraq 2343 manat təşkil etmişdir. 2008-ci ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün ölkə Prezidenti tərəfindən bir sıra fərman və sərəncamlar imzalanmışdır. Bu sərəncamlarda minimum aylıq əmək haqqı 50 faiz, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əmək haqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssislərində çalışanların əmək haqları 50 faiz, ali təhsil müəssisələrində çalışanların əmək haqları iş stajından, tələbə və şagirdlərin sayından asılı olaraq 50 faizdən 2 dəfəyə qədər artırılmışdır. Aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələblərinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz artırılmışdır ki, bu da Azərbaycan dövlətinin elmə, təhsilə, bütövlükdə büdcə təşkilatlarında çalışanlara diqqət və qayğısını sübut edir. Eyni zamanda, son illər sosial islahatların miqyası daha da genişləndirilmiş, aztəminatlı əhali qruplarının sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir sıra islahatlar aparılmışdır.

Çıxışımı ölkə Prezidenti İlham Əliyevin bir fikri ilə bıtirmək istəyirəm: “Əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca, bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır”. Biz də ölkəmizin gənc iqtisadçı alimləri olaraq bu sosial-iqtisadi problemlərin həllinə öz töhfələrimizi verməliyik.

Mahir ZEYNALOV, Gənc alimlər şurasının üzvü: — 1995-ci ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Qəbul edilən qərar və proqramların uğurla icra edilməsinin nəticəsidir ki, istər ulu öndər Heydər Əliyevin, istərsə də onun siyasi kursunu müvəffəqiyyətlə davam etdirən İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə milli iqtisadiyyat inkişaf etmiş, ölkə iqtisadi cəhətdən beynəlxalq aləmə geniş inteqrasiya olunmuşdur. Bu dövrdə dinamik inkişaf edən sahələrdən biri də iqtisadiyyatın mühüm qolu olan xidmət sferasıdır.

Statistik araşdırmalar da sübut edir ki, xidmət sferasında əldə edilən dinamizm ötən il də davam etmişdir. Belə ki, 2008- ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən həcmi 4439,9 manat təşkil etmişdir. 2008-ci ilin əvvəlindən Azərbaycanda kommersiya hüquqi şəxslərin “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınması sistemi tətbiq olunmuşdur ki, bu da ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan çox ciddi addımlardan biridir.

Bir məsələni də qeyd etmək istərdim ki, istər xidmət sahələrinin, istərsə də milli iqtisadiyyatın digər sahələrinin inkişaf göstəriciləri ilə kifayətlənmək olmaz və yeni inkişaf imkanları barədə fıkirləşmək, bu istiqamətdə elmi araşdırmalar aparmaq lazımdır. Bütün bunlar isə biz gənclərdən xüsusi bacarıq, yenilikçi olmaq və əhatəli elmi araşdırmalar aparmaqla ölkəmizin mövcud potensialından daha səmərəli istifadəyə nail olmaq tələb edir.

Rüfət ƏFƏNDİYEV, iqtisad elmləri namizədi: — Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün resurslardan, o cümlədən əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial dayaqlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas məqsədidir. Bu mənada ölkədə işsizliyin azaldılması və səmərəli məşğulluğun təmin edilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi islahatların prioritet istiqamətidir. Yeni iqtisadi reallıqlar şəraitində dövlətin məşğulluq siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarının əsas müddəaları 2001-ci il iyulun 2-də qəbul olunmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli fərmanında öz əksini tapmışdır.

Eyni zamanda, yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial mündafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi də dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Məhz bu məqsədlə də ölkəmizdə 2006- 2015-ci illəri əhatə edən Məşğulluq Strategiyası qəbul edilmişdir.

Ümumiyyətlə, təcrübə və araşdırmalardan bu nəticəyə gəlinir ki, ya dövlət özəl təsərrüfatların işsizlik probleminin həllində yaxından iştirak etmək məqsədilə stimullaşdırıcı təkliflər irəli sürməli, ya da məşğulluq probleminin aradan qaldırılmasında digər istiqamətlərdə tədbirlər görməlidir. Məsələn, işsizlərin dövlət hesabına hər hansı ixtisasa yiyələnməsi, əmək yarmarkalarının daha tez-tez təşkil edilməsi, işə götürənlər qarşısında işçinin işdən azad olunması ilə bağlı müəyyən tələblər qoyulması və s. tədbirlər məşğulluq probleminin həllində müəyyən rol oynaya bilər. Eyni zamanda, stimullaşdırıcı amil kimi, müəyyən edilmiş saydan çox insanı işlə təmin edən sahibkarlara vergi və ya digər güzəştlərin təklif edilməsi nəzərdən keçirilə bilər.

Təbii ki, məşğulluq kimi ciddi sosial problemin həllində gənc iqtisadçı alimlərin də üzərinə müəyyən vəzifələr düşür. Hər birimiz Azərbaycan dövlətinin həyata keçirdyi siyasətə uyğun olaraq, bu yolda əlimizdən gələni etməli, yeni iş yerlərinin yaradılması, istehsal sahələrinin genişləndirilməsi, iş qüvvəsinin ixtisaslaşdırılması və s. istiqamətlərdə geniş əhatəli elmi araşdırmalar aparmalı, müvafiq xarici təcrübəni öyrənməli, eləcə də bu sahədə Azərbaycan hökuməti qarşısında elmi cəhətdən əsaslandırılmış nəzəri və praktiki əhəmiyyətə malik təkliflərlə çıxış etməliyik.

İsa ALIYEV — Hörmətli həmkarlar, əziz gənc iqtisadçılar! Mən bir daha “dəyirmi masa” iştirakçılarına Azərbaycanın iqtisadi inkişaf perspektivlərinə həsr edilən müzakirələrə belə yekdilliklə qoşulduqlarına görə təşəkkürümü bildirirəm. Bu gün burada gənclərin milli iqtisadiyyatın müxtəlif istiqamətlərinə dair dəyərli fikirlər səsləndirməsi, onların iqtisadi problemlərə dair polemikalara belə həssaslıqla yanaşması gənclərimizin öz məsuliyyətlərini dərindən dərk etdiyini, Azərbaycan hökumətinin həyata keçirdiyi dövlət gənclər siyasətindən irəli gələn vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını sübut edir. Gənclərin bu “dəyirmi masa” da fəal iştirakı onu göstərir ki, Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını cavabsız qoymur, Azərbaycan dövlətinin və iqtisadiyyatının inkişafı naminə əllərindən gələni etməyə çalışır. Bu da müstəqil dövlətimizin daha uğurlu və parlaq gələcəyindən xəbər verir. Biz çalışacağıq ki, belə tədbirlər tez-tez keçirilsin və silsilə xarakteri daşısın.

Gələcəkdə də belə “dəyirmi masa”lar keçirəcəyik, problemləri müzakirə etsək, birlikdə çıxış yolları axtaracaq və beləliklə də Azərbaycanın iqtısadi inkişafına bir elmi tədqiqat mərkəzi olaraq öz töhfələrimizi verək. Əlbəttə, bizim milli inkışafa ən böyük töhfəmiz geniş elmi araşdırmalar və tədqiqatlar aparmaq, elmi əsaslandırılmış təklif və tövsiyələr verməkdən ibarətdir. Bu baxımdan, təbii ki, gələcək siz gənclərindir. Bu yolda sizin üzərinizə şərəfli, eyni zamanda, məsuliyyətli və çətin bir iş düşür. Hər biriniz elmi yeniliklərə can atmalı, elmi axtarışları sürətləndirməli və ölkəmizin iqtisadi inkişafı üçün əlinizdən gələni etməlisiniz. Gənc iqtisadçıların bugünkü çıxışları onların buna qadir olduqlarını sübut edir. Bir daha hər birinizə təşəkkürümü bildirirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

 

 

Hazırladılar:

Əlipənah BAYRAMOV,

Vaqif BAYRAMOV,

Mirbağır YAQUBZADƏ,

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.4-5.