Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında dövlətin qayğısı əvəzsizdir

 

Ötən il Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” qanunu və ölkə Prezidentinin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)” əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmişdir. Əsas diqqət qəbul edilmiş qanunların, dövlət başçısının fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin nazirliyin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin normativ-hüquqi sənədlərinin icrasına yönəlmişdir. Müsahibim rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP-ın Gənclər Birliyinin İdarə Heyətinin üzvü Qüdsi Bayramovdur.

— Gənc nəslin Vətənə məhəbbət, tariximizə, mədəni irsimizə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında hansı tədbirlərə üstünlük verilmişdir?

— 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı Yanvar” mövzusunda rəsmlər, “Şəhidlik zirvəsi” adlı tələbələrin və ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, 26 fevral — Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa” və “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı rəsm və inşa müsabiqələri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə birlikdə “31 Mart — Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbirlər keçirilmişdir. Tədbir iştirakçılarına erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında video materiallar nümayiş etdirilmiş və sənədlər paylanmışdır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı inşa müsabiqəsinə rayonumuzdan 5 məktəblinin işi təqdim edilmişdi. Onlardan biri I yerə layiq görülmüşdür. Gənclər və İdman Nazirliyi və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən təşkil olunmuş “Mahir nişançı” güllə atıcılığı üzrə tələbələr arasında keçirilmiş turnirdə iştirak edən 15 nəfər tələbənin iştirakı təmin olunmuşdur. Orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Bakı şəhəri üzrə keçirilən “Mahir nişançı” güllə atıcılığında isə rayonumuzu təmsil edən komanda IV yeri tutmuşdur.

İstedadlı uşaq və gənclərə öz qabiliyyətlərini, bilik və bacarıqlarını nümayiş etdirməyə şərait yaratmaq məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin vətənpərvərlik klubları” arasında keçirilən “Breyn- rinq” intellektual oyununda rayonumuzu təmsil edən Azərbaycan Beynəlxalq Universitetinin komandası III yerə çıxmışdır. “Gənclər günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunda rayonumuzun komandasının üzvləri öz bilik və bacarıqlarını əsirgəməmişlər.

Qaliblər elm, təhsil, incəsənət və idman sahəsində qazandığı uğurlara görə fəxri fərman, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır. Üstəlik, idmançı yeniyetmə və gənclərə Beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında iştirak etmələri üçün maddi köməkliklər göstərilir.

“Novruz” bayramı münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə rayonun “Heydər Əliyev” adına parkda keçirilən bayram tədbirində rəsm və xonça müsabiqəsi xoş təsir bağışlamışdır. Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən “Xonçalar” müsabiqəsində rayonumuzdan tələbə-gənclərin nümayiş etdirdiyi xonçalar mükafata layiq görülmüşdür. XXIX Yay Olimpiya Oyunlarına həsr olunmuş tələbə-gənclər arasında foto və rəsm müsabiqəsində daha yüksək əl qabiliyyəti olanlar etimadı doğrultmuşlar.

İdarəmiz ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə ulu öndərin anadan olmasının 85-ci ildönümü münasibətilə rəngarəng silsilə tədbirlər keçirmişdir. Belə ki, yeniyetmə və gənclər arasında “Heydər Əliyev siyasi məktəbini öyrənirik” adlı test üsulu ilə bilik yarışı, orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” adlı keçirilən məqalə və inşa müsabiqələri böyük maraq doğurmuşdur. Dahi şəxsiyyətin adını daşıyan istirahət parkında rayon ictimaiyyətinin iştirakı ilə keçirilən “Gül bayramı”nda idarəmiz yaxından iştirak etmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin ümummilli liderin anadan olmasının 85-ci ildönümü münasibətilə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən bilik yarışında 20 nəfər gənc dərin biliyə və geniş dünyagörüşə sahib olduqlarını təsdiqləmişlər. Onun ideyalarının gənclər arasında təbliğ edilməsi məqsədilə rayon məktəbliləri arasında keçirilən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” test üsulu ilə bilik olimpiadasında, “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsində dahi şəxsiyyətin bütün fəaliyyətinə geniş yaradıcı yanaşılmışdır.

“Milli Qurtuluş Günü”ndə və Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişinin 34-cü ildönümü münasibətilə “Siyasi biliklər olimpiadası” və “dəyirmi masa”lar ənənəvi xarakter daşımışdır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən tədbirdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda qısametrajlı həvəskar sənədli video filmlər müsabiqəsində rayonumuzu təmsil edən iştirakçılar ən yüksək pilləyə — I yerə qalxmışdır.

– Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi hansı məqsədə uyğun tədbirlər özünü doğrultmuşdur?

— Bu məqsədlə nazirliklərin, aidiyyatı təşkilatların qərarına əsasən ənənəvi olaraq ötən ilin yanvar ayında gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Cəsurlar” hərbi idman və turizm oyununun məktəbdaxili seçmə yarışlarına start verilmiş, məktəblərin rayon ərazisində yerləşən hərbi hissələrdə hazırlıq keçmələrinə şərait yaradılmışdır. Rayonumuzun “Cəsurlar” və “Şahin” hərbi-idman komandaları Bakı şəhər mərhələsində iştirakları təmin edilmişdir. Çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Marş irəli” devizli “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən yarışların qalib komandaları və onun üzvləri idarə tərəfindən mükafatlandırılmışdır. Bakı şəhər mərhələsində rayonumuzu təmsil edən komanda uğurla çıxış edərək respublika mərhələsinə vəsiqə qazanmışdır. Onlar bu mərhələdə IV yerə layiq görülmüşdür. Çağırış yaşına çatan gənclərin yolasalma mərasimi təşkil olunmuş və ümumilikdə 300 nəfərə idarə tərəfindən gündəlik istifadə üçün gigiyenik vasitələr paylanılmışdır. 50 nəfər gənc zabit və əsgər hərbi xidmətdə fərqləndiklərinə görə fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

— Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasında hansı işlər görülür, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların qarşısı necə alınır?

— Azərbaycan Beynəlxalq Universitetində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət və rayon komissiyaları ilə birlikdə tələbə gənclərin iştirakı ilə maarifləndirici keçirilən konfransda “Ağ ölüm”ə qarşı ciddi mübarizə aparmaq, onu yox etmək üçün yekdil fikir səsləndirilmişdir. “26 İyun — Narkomanlıq Əleyhinə Ümumdünya Mübarizə Günü” münasibətilə Azərbaycan Beynəlxalq Universitetində “Narkomaniya gənclər üçün sosial bəladır”, tələbə-gənclər arasında “Antinarkotizm” mövzularında karikatura janrında rəsm müsabiqələrində “Ağ ölüm”ün törətdiyi fəsadlar, təhlükələr, eybəcərliklər öz dolğun həllini tapmışdır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi “1 dekabr QİÇS-lə mübarizə günü”nə həsr olunmuş “Azərbaycan gəncləri narkotiklər əleyhinə” devizi altında keçirilən rəsm müsabiqəsində rayonun 2 məktəblisi II və III yerlərə layiq görülmüşlər.

Binəqədi qəsəbəsində yerləşən Mərkəzi mədəniyyət evində YAP Binəqədi Qəsəbə Gənclər Təşkilatı ilə birlikdə “31 May — Ümumdünya siqaretlə mübarizə günü” münasibətilə “Qanuna riayət edək və sağlamlığımızı qoruyaq” mövzusunda qəsəbə gənclərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

— Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə hansı tədbirlər daha önəmli olmuşdur?

— İşimizi dövlət başçısının “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı ilə təsdiq olunan Tədbirlər Planının müvafiq bəndlərinin icrasına uyğun qururuq. Rayon ümumtəhsil məktəblərinin XX spartakiadasının proqramına daxil olan və uşaq futbolunun inkişafı üçün rayon məktəblərinin komandaları arasında keçirilən “Mini-futbol” (oğlanlar, qızlar) yarışları əsil idman bayramı təsiri bağışlamışdır. Asudə vaxtın səmərəli təşkili məqəsədilə 18-19 yaşlılardan ibarət “Mini futbol”, 1997-1998-ci il təvəllüdlülər arasında “Sevinc” kuboku uğrunda yarışlar keçirilmişdir. Bununla yanaşı, tələbə-gənclər arasında “Mini-futbol” üzrə rayon birinciliyi, eyni zamanda 1996-1997-ci il təvəllüdlülərdən ibarət məhəllələrarası futbol üzrə birincilikdə Bakı şəhər mərhələsində rayonumuzu təmsil edən “Binəqədi” komandası IV yerə, “Mini-futbol” üzrə çempionatda isə II yerə layiq görülmüşdür.Eyni zamanda Bakı şəhəri məktəblilərinin XXI spartakiadasının “Stolüstü tennis” növü üzrə birincilikdə rayonumuzu təmsil edən komanda II yerdə qərar tutmuşdur.

Rayonumuzun komandası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi “Nərd” yarışında da II yerə layiq görülmüşdür.

Binəqədi gəncləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi bütün yarışlarda yaxından fəal iştirak etmişdilər. Bakı şəhəri üzrə bələdiyyələrin I spartakiadasının “Stolüstü tennis”, “Mini futbol”, “Şahmat” və “Atıcılıq” növləri üzrə yarışlarda rayonumuzu təmsil edən komandalar uğurla çıxış edərək, hər növdə I yerə layiq görülmüşdür.

 

 

Müsahibəni apardı:

Qismət ALIŞOĞLU 

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.6.