İraqda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib

 

Dünən İraqda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Bu, son dörd ildə ilk ümumxalq səsverməsidir.

Müşahidəçilərin fikrincə, seçkilər sünni seçicilərin fəallığı şəraitində keçib. Sünnilər 2005-ci ildə keçirilmiş seçkiləri boykot etmiş, nəticədə parlamentə nəzarəti şiə və kürdlərin partiyaları ələ keçirmişdilər.

Son bir neçə gün ərzində sünni icmasından namizədliyini irəli sürmüş şəxslərə qarşı terror aktlarının sayı artıb. Bağdad, Mosul və Diyalar da artıq üç sünni namizəd qətlə yetirilib.

Hazırkı seçkilər bu il keçiriləcək ümumxalq səsverməsi ərəfəsində ölkədə sabitliyin sınağı kimi də qəbul edilir. Doğrudur, son vaxtlar zorakılıq halları əvvəlki illərə nisbətən bir qədər azalıb. Buna baxmayaraq, ölkədə geniş təhlükəsizlik tədbirləri həyata keçirilir. Artıq İranla sərhədlər bağlanıb, Bağdadda və digər böyük şəhərlərdə komendant saatı tətbiq edilib, nəqliyyatın və təyyarələrin hərəkəti məhdudlaşdırılıb. Bir qədər əvvəl ABŞ və İraq hərbçiləri xəbərdarlıq etmişdilər ki, “Əl-qaidə” seçkiləri poza bilər.

Qeyd edək ki, 15 milyon İraq vətəndaşının səs vermək hüququ var. Dünən ölkənin 18 əyalətindən 14-də səsvermə keçirilib. Dörd əyalətdə — Dahuk, Ərdəbil, Süleymaniyyə və Kərkükdə seçkilərin bir müddət sonra keçirilməsi nəzərdə tutulur. Regional şuralardakı 440 yer uğrunda 14 min namizəd mübarizə aparır. Onlardan mini qadın namizədlərdir. Yeni seçki qanununa əsasən, irəli sürülmüş namizədlərin 25 faizini qadınlar təşkil etməlidir. Regional şuralar qubernatorları təyin etmək hüququna malikdirlər.

Seçkilər BMT və İraqın Müstəqil Seçki Komissiyası tərəfindən həyata keçirilib. Tədbiri 800 xarici müşahidəçi izləyib. İlkin nəticələr isə fevralın 3-dən sonra məlum olacaq.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.7.