Görkəmli metodist alim haqqında kitab
Pedaqoji elmlər sistemində Azərbaycan dilinin tədrisi metodikasının
özünəməxsus yeri
vardır. XIX əsrin
əvvəllərindən başlayaraq
Azərbaycan dilinin tədqiqi ilə yanaşı tədrisi haqqında da müəyyən fikirlər
söylənilmiş, XX əsrin
əvvəllərində Eyvazovun
“Üsuli-tədris və
təlim-tərbiyə” (1906), Hafiz Məmmədəmin Şeyxzadənin
“Fəsahət və bəlağət, fənni-inşa
və üsuli-kitab”
(1908) kimi ilk metodik kitabları yaranmışdır.
Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı XX əsrin 20-30-cu illərində
B.Çobanzadənin “Türkoloji
qurultayın müəllimlər
üçün əhəmiyyəti”
“Azərbaycanın imla
konqresi”, Doktor Xəlil Fikrətin “Türkcə tədrisatda sərf və nəhv məsələləri”,
“Türkcə tədrisin
vəzifələri” və
s. məqalələr Azərbaycan
dilinin tədrisi metodikası ilə bağlı yazılan ilk əsərlərdəndir. Lakin
Azərbaycan dilinin tədrisi metodikası bir elm kimi XX əsrin
50-ci illərində formalaşmışdır ki, bu da Azərbaycan
dilinin tədrisi metodikası üzrə ilk elmlər namizədi
və elmlər doktoru olan Ağaməmməd Abdullayevin adı
ilə bağlıdır. A.Abdullayevi Azərbaycan
dilinin tədrisi metodikası elminin yaradıcısı hesab
etsək, heç də səhv etmərik.
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Azərbaycan dilinin tədrisi metodikasının inkişafında Ə.Əfəndizadənin, B.Əhmədovun, Y.Kərimovun, A.Fərəcovun, R.Əsədovun, H.Balıyevin və başqalarının da xüsusi xidmətləri olmuşdur.
Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssislərin hazırlanmasında A.Abdullayevin rolu əvəzsizdir. Bilavasitə onun elmi rəhbərliyi altında 27 nəfər (H.Balıyev, Ə.Əhmədov, Ə.Fərəcov, H.Hüseynov, Q.Tahirov, S.Qasımova, T.Babayeva və s.) metodika üzrə alimlik dərəcəsi alaraq bu elmin inkişafına öz töhfələrini vermişdir. Məhz belə bir alimin həyat və yaradıcılığının elmi aspektdə araşdırılması vacibdir, hətta zəruridir. Bu baxımdan gənc metodist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Nazilə Yusifovanın “Ağaməmməd Abdullayevin həyat və yaradıcılığı” kitabı (Bakı,2008) əhəmiyyətliliyi ilə diqqəti çəkir.
N.Yusifovanın A.Abdullayevin həyatı, elmi-pedaqoji fəaliyyətinə həsr etdiyi kitab “Həyatı, elmi, pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri”, “Professor A.S.Abdullayevin həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ədəbiyyat”, “Proqramlar”, “Əsərləri haqqında rəylər” adlı hissələrdən ibarətdir. Müəllif görkəmli metodist alimin həyatı, elmi-pedaqoji, ictimai fəaliyyətinin əsas tarixlərinə — 70 illik mənalı ömür yoluna xronoloji ardıcıllıqla nəzər salır. Kitabda müəllif alimin həyatının bütün məqamlarını qələmə alır. Aydın olur ki, dəmirçi ailəsində dünyaya gələn A.Abdullayev 1921-ci ildə Bakı şəhərindəki 44 nömrəli birinci dərəcəli orta məktəbi, 1926-cı ildə Bakı Pedaqoji Texnikumunu və 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirmişdir. Bakı şəhəri 29 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayan A.Abdullayev M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun (sonradan bu ali məktəbin bazasında Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti yaradılmışdır) rektoru vəzifəsinə qədər yüksəlmiş və indiki ADPU-da yaratdığı Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri işləmişdir.
Gənc tədqiqatçı N.Yusifova Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə ilk metodist alimin elmi yaradıcılığını mövzu və tədqiqat istiqamətləri üzrə 7 qrupa bölür: 1) ibtidai siniflərdə ana dilinin tədrisi metodikası problemi, 2) qeyri-Azərbaycan məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri, 3) orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası, 4) nitq mədəniyyəti, 5) Azərbaycan dilinin tədrisi problemi, 6) ədəbiyyat tədrisi məsələləri, 7) üslubiyyat məsələləri.
Kitabda A.Abdullayevin elmi yaradıcılığının bütün istiqamətləri haqqında fikir söylənilir. Əsərləri barədə konkret və yığcam məlumat verilir. Kitabda göstərilir ki, A.Abdullayev yaradıcılığa 1936-cı ildə başlamış, ilk metodik əsəri isə “Müəllimə kömək” jurnalında (1937,N1-2) çap edilmiş “Orta məktəbdə yazı növləri” adlı məqaləsi olmuşdur. Müəllif 1936-1983-cü illərdə alimin çap olunmuş bütün əsərlərinin biblioqrafiyasını tərtib etmişdir. A.Abdullayev Azərbaycan dilinin tədrisi metodikasının müxtəlif sahələri ilə bağlı yazılan dissertasiyalara elmi rəhbərlik etmişdir. Kitabda onun elmi rəhbəri olduğu dissertasiyaların adları və müəllifləri də göstərilir. Eyni zamanda A.Abdullayevin həyatına, elmi-pedaqoji fəaliyyətinə həsr edilmiş yazılar, tərtib etdiyi proqramlar, onun əsərləri barədə yazılmış rəylər haqqında məlumatlar da kitabda əksini tapmışdır.
Bu il görkəmli metodist alim, bütöv şəxsiyyət A.Abdullayevin anadan olmasının 100 illiyi tamam olur. Ölkəmizin elmi və pedaqoji ictimaiyyəti bu şərəfli yubileyi təntənə ilə qeyd etməyə hazırlaşır. Nazilə Yusifovanın kitabı görkəmli dilçi-metodistin 100 illiyinə layiqli hədiyyə olmaqla həyat və yaradıcılığının öyrənilməsində tədqiqatçılara gərəkli olacaqdır.
İbrahim BAYRAMOV,
filologiya elmləri doktoru
Xalq qəzeti.-2009.-1 fevral.-S.8.