“Söz arısı” — məna balı
Tanınmış
şair-publisist Xasay Şıxlar Mehdizadə son illərdə
qələmə aldığı poetik nümunələri
“Söz arısı” adı altında oxuculara təqdim
etmişdir. Bu vaxtadək bir neçə şeir
kitabının müəllifi kimi tanınmış
istedadlı şair növbəti nəşrdə daha
çox insan, zaman, tale, yurd sevgisi, borc kimi mövzularda fəlsəfi
düşüncələrini lirik səpgidə ifadə etməyə
çalışmışdır.
Bəri başdan xatırladaq ki, Xasay Mehdizadə
poeziyanın əzəli-əbədi məramını
dərindən bilən,
sözün min bir çalarına, isti-soyuğuna, məna dərinliyinə və forma əlvanlığına
qədərincə bələd
olan və bunu yaradıcılığında
əks etdirən yazarlardandır. Təbiətin
fəsilləri kimi, insan taleyinin güllü yazı, bürkülü yayı,
barlı payızı,
şaxtalı qışı
da şair qəlbində sevinc və kədərin təbii yaşantılarına
çevrilir. Onun “ilham arısı” sevinc gülüstanında
olduğu kimi, könül qışının
soyuğunda da düşüncə pətəyini
balla doldurur. Saxta şirinlikdən uzaq qaçır. Elə bu əhvalla
da “söz arısı” özünü
belə nişan verir:
Bu sürtülmüş dünya sözlə,
Çətin məni duya sözlə,
Oynaya-oynaya sözlə
Axır oldum söz arısı.
Zahirən gül-çiçəklə
qaçdı-tutdu oynayan
arı təbiətin
ən şirin dadını zərrə-zərrə
necə toplayırsa, şair də söz-fikir dünyasında
qızılgüldən olduğu
kimi, tütündən,
qaratikandan da məna balı
çəkir.
Xasay Mehdizadə yaradıcılıq manerasına
sadiq qalaraq dərin və incə müşahidələrlə
ruhi-mənəvi tədqiqatlar aparır, həyatın pozulmaz-silinməz qayda-qanunlarında öz həqiqətini tapır, təsdiqləyir. Bu səsli-küylü axtarışlar, kəsişən
və ayrılan yollar belə mənalanır:
Başın düşdü səsə, yox?
Gedək yolu kəsə, yox?
Hərə bir başa bağlı,
Özbaşına nəsə yox.
Hər şey belə yarandı,
belə yarandı...
Şairin poetik prizmasında bir vaxtlar hayqıran,
dəmir axıdan Tərtərin quru yatağı, sökülən
bağrı insan və təbiət qoşalığının deqradasiyası
kimi diqqəti cəlb edir, pozulmuş ahəngin fəryadı kimi səslənir. Özü də Tərtəri
bu hala salan
təkcə yağılar
deyil, həm də öz tamahımız, dünyagirliyimizdir.
Bu yerdə Tərtər
insanlaşır, günümüzün
ağrılarının daşıyıcısına
çevrilir:
Neyləyəsən qoca Tərtər,
Ayağı yerdən
üzülən,
Qolları boşalan
kişi.
Ovlağında açıq
qapı,
Oylağında başsız
külək,
Yatağı boş qalan kişi!
Toplunu vərəqlədikcə
şairin günlərlə,
həftələrlə, aylarla
keçirdiyi qəlb ağrılarından, duyduğu
könül sızıltılarından
diksinir, vaxtın axarında qazandığımız
mənəvi keyləşmədən
bir hovur azad olur, olub-keçənləri
vicdan tərəzisinə
qoyursan:
Dur, qarış
camaata,
Birini eşit, birini de.
Aç, açılsın
düyünçən,
Sirrini de...
Dünyanın informasiya burulğanı da Xasay Mehdizadənin
şair qəlbinin “antenna”sında qəbul olunur, üyünür-ələnir,
yerin-göyün insanlığa
diqtəsi poetik anlama çevrilir. “Quş qripi” kimi dürlü fəlakətlər insan günahlarının cəzası,
haqqın nizama çağırışı olaraq başa düşülür. Şairin
poetik duası böyük bir əfvə çağırış
kimi səslənir:
... Nə quş,
nə quş qripi?
Qrip hara, quş hara?
Yarəb, özün çarə qıl.
Bəşər yazıq
deyilsə,
Quşlar yazıqdı
axı,
Rəhm eylə
yazıqlara...
Bax beləcə, kitabı vərəqlədikcə məna
tutumu, forma orijinallığı
ilə seçilən
poetik parçaların
cazibəsinə düşürsən. Bu şeirlərdə Xasay Mehdizadənin publisistliyi onun poeziyasını mövzu və məfkurə ilə zənginləşdirir. Onun şairliyi
isə publisistikadan doğan narahat vətəndaşlığına çeviklik, kəskinlik gətirir.
Kitabda 20 ildən bəri ümummilli ağrıya çevrilmiş Qarabağ
müharibəsi, cəmiyyətin
keçid paradoksları,
Xeyir və Şərin davamlı savaşından doğan
hay-haray aparıcı
yer tutur. Bir neçə poetik nümunə ilə Xasay Mehdizadənin bir kitablıq söz-söhbətinin mövzusunu,
ruhunu, necəliyini oxuculara nişan
verdik. İnanırıq ki, “Söz arısı” “poetik mən”ini çoxdan təsdiqləmiş Xasay Şıxlar Mehdizadənin
yaradıcılığındakı yeni əhatə dairəsini və boy artımını göstərən
dəyərli bir nəşr kimi oxucuların marağını
cavablandıracaq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2009.-1 fevral.-S.8.