Milli Məclisin yaz sessiyası öz işinə başladı

 

Fevralın 2-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirildi.

İclasa sədrlik edən O.Əsədov ötən sessiyada qəbul olunmuş qanunlar qərarlar haqqında məlumat verdikdən sonra qarşıda duran vəzifələrdən, Milli Məclisin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planından söhbət açdı. Parlamentin sədri əminliklə bildirdi ki, yaz sessiyasında qəbul ediləcək qanunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq işlərinə kömək yardım göstərəcək. O.Əsədov gündəliyə çıxarılan məsələləri təqdim etməzdən əvvəl bir qrup deputat tərəfindən müraciət daxil olduğunu bildirdi. Qeyd etdi ki, müraciətdə Rusiyanın Ermənistana 800 milyon dollar həcmində silah verməsi barədə gündəliyə məsələ salınması təklif olunur. Parlamentin sədri dedi ki, bu məsələlər üzrə Azərbaycan Xarici İşlər Nazirliyi öz iradlarını Rusiya Xarici İşlər Nazirliyinə bildirib. Bu barədə bir neçə dəfə telefon danışıqları olub. Bununla yanaşı, yaxın vaxtlarda Azərbaycanın müdafiə naziri Rusiyanın müdafiə naziri ilə görüşüb bu məsələ ətrafında müzakirələr aparılıb. O.Əsədov hesab edir ki, bu məsələ Milli Məclisin diqqət mərkəzində saxlanılmalıdır. Qeyd edildi ki, Azərbaycan parlamentində Rusiya parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Eyni zamanda belə bir qrup Rusiya parlamentində fəaliyyət göstərir. Bütün bunları nəzərə alan O.Əsədov təklif etdi ki, bir qrup parlament üzvü Rusiyaya ezam olunsun, həmkarlarımızla görüşüb söhbətlər aparsınlar, sonra bu məsələ Azərbaycan parlamentinin müzakirəsinə çıxarılsın.

Təklif qəbul olunduqdan sonra gündəlik səsə qoyuldu yekdilliklə qəbul edildi. Cari məsələlərlə əlaqədar çıxış edən deputatlar gündəliyə təklif münasibətlərini bildirdilər. Milli Məclisin 2009- cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi geniş müzakirə olundu. İş planına əsasən yaz sessiyasında 23 qanun layihəsi, qanunvericilik aktları digər sənədlərin müzakirə olunması nəzərdə tutulub. Yaz sessiyasının qanunvericilik işləri planına münasibət bildirən deputatlar müzakirəyə çıxarılacaq sənədlərin əhəmiyyətindən söhbət açdılar. Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələri ölkəmizin inkişafının əsas sahələrini əhatə edir.

Deputatlar böyük səs çoxluğu ilə 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq etdikdən sonra, Milli Məclisin İntizam Komissiyasının yenidən təşkil edilməsi məsələsini müzakirə etdilər. Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq 7 nəfərdən ibarət intizam komissiyası yaradıldı. Sonra Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkili məsələsinə baxıldı Daxili Nizamnamənin 40- maddəsinə uyğun olaraq 7 nəfərdən ibarət hesablayıcı komissiya yaradıldı.

Növbəti məsələ Milli Məclisin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi oldu. Deputatlar Çingiz Rauf oğlu Əsədullayevin Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr daimi komissiyasının üzvlüyündən azad edilərək, iqtisadi siyasət daimi komissiyası sədrinin müavini seçilməsi barədə qərar qəbul etdilər.

Gündəliyə çıxarılmış digər məsələlər müzakirə olunaraq müvafiq qərar qəbul olundu.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-3 fevral.-S.2.