Akademik Akif ƏLİZADƏ: “Xarici elmi əlaqələrimiz
inkişaf edir”
Azərbaycan Milli Elmlər
Akademiyası Geologiya İnstitutu elmimizin dünyaya inteqrasiya
prosesində özünəməxsus rol oynayır. Bəs,
görəsən, bu institut həmin əlaqələri 2008-ci
ildə necə davam etdirdi? AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Akif ƏLİZADƏ
bu barədə deyir:
— 2008-ci il
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu
üçün beynəlxalq əlaqələr sahəsində
böyük uğurlarla yadda qaldı. Belə ki, Türkmənistan
Neft-Qaz Sənayesi və Təbii Ehtiyatlar Nazirliyi, “Türkmənqaz”
Dövlət Konserni, Türkmənistan Neft və Qaz
İnstitutu, Türkmənistan Geoloji Kəşfiyyat Elmi-Tədqiqat
İnstitutu ilə əməkdaşlıq şifahi olaraq
razılaşdırılmışdır. Tayvan
Hidrogeoloji və Hidroloji Laboratoriyası ilə əməkdaşlıq
sazişi imzalanmışdır. Sənəd
Azərbaycan və Tayvanda arsenli yeraltı suların əmələ
gəlməsini öyrənmək üçün birgə tədqiqatlar
aparılmasını nəzərdə tutur.
İnstitutumuzun beynəlxalq əlaqələrində
əsas yeri ABŞ, İngiltərə, Almaniya, Hollandiya,
Fransa, Yaponiya, Avstriya, Türkiyə, Ukrayna, Gürcüstan,
Qazaxıstan, Özbəkistan və Asiyanın digər ölkələri
tutur. 30-a yaxın xarici və beynəlxalq təşkilat – bp,
EXON/Mobil, Shell, Chevron, UNOCAL, Statoil, Conoco, İNTAS, YUNESKO, NATO,
İsveçrə Milli Elm Fondu, ABŞ-ın Mülki Tədqiqatlar
və İnkişaf Fondu və Milli Elm Fondu və
başqaları ilə əməkdaşlıq qurmuşuq və
inkişaf etdiririk.
Geologiya
İnstitutunun beynəlxalq əlaqələrində əsas
sahəni, təbii ki, neft, qaz və palçıq vulkanizmi
tutur. Belə
ki, ötən il institutumuzda bp neft şirkətinin
dəstəyi ilə “Hövzə Modelləşdirmə Mərkəzi”
yaradılıb. Mərkəz Cənubi Xəzər
hövzəsinin neft-qazlılıq baxımından çətin
öyrənilmiş ərazilərində geoloji prosesləri
modelləşdirməklə məşğul olacaq. Həmçinin, bu günə qədər hövzəyə
dair “masa üzərində” aparılmış tədqiqatların
nəticələri yeni mərkəzdə kömpyuterlərə
köçürüləcək və məlumat bazası
yaradılacaq. Sonra, Fransa və Böyük Britaniya məhsulu
olan “GOCAD”, “TEMİS2D/3D” və “MPath” proqramlarının vasitəsi
ilə Cənubi Xəzər hövzəsinin modelləri tərtib
ediləcək. Modellərin sayəsində
hövzənin geoloji quruluşu daha obyektiv öyrəniləcək
və neft-qaz axtarışının səmərəliliyini
artırmaq imkanı yaranacaq.
Bu cür
müasir elmi-texnoloji mərkəz dünyanın bir çox
neft ölkələrində mövcuddur və yüksək nəticələrlə
fəaliyyət göstərir. Onun əsas
üstünlüklərindən biri odur ki, gələcəkdə
hər hansı bir ərazinin neft-qazlı olub-olmamasını
müəyyən etmək üçün yerin üç
ölçülü modellərinin tərtibi nəzərdə
tutulur. Bu, məhz elmi texnologiyanın
sürətli inkişafının nəticəsidir. Bir sözlə, Azərbaycan Milli Elmlər
Akademiyasında ilk dəfə yaradılan “Hövzə Modelləşdirmə
Mərkəzi” neft-qaz geologiyasının öyrənilməsinə
böyük töhfə verə bilər.
bp şirkəti ilə birlikdə
“Abşeron, Şahdəniz, Zəfər-Məşəl,
Oğuz, Naxçıvan, Ümid-Babək strukturlarında
güman edilən karbohidrogen yığımlarının
toplanma şəraiti və saxlanılmasını öyrənmək
məqsədiylə seysmik və karotaj məlumatlarının
kompleks interpretasiyası” layihəsi üzrə seysmozaman
profillərin analizi və təfsiri aparılmış, 12
stratiqrafik səviyyə üzrə struktur xəritə tərtib
edilmişdir.
bp şirkəti ilə
bağlanmış üçüncü müqaviləyə
əsasən BTC boru kəməri boyu və ona qovuşan Azərbaycan
ərazisinin geodinamik monitorinqi üzrə elmi tədqiqat
işləri davam etdirilmişdir. Neft kəmərinin
Azərbaycan hissəsində (Sanqaçal–Poylu sahəsi) 10
dayaq geodezik məntəqədən ibarət geodinamik poliqon
yaradılmış, GPS texnologiyası və yüksək dəqiqli
nivelirləmə, qravimetrik və radiometrik ölçmələrdən
istifadə etməklə deformasion proseslərin monitorinqi
aparılmışdır. Deformasiya
enerjisinin aktiv toplanma sahələri aşkar edilmişdir.
Ötən il
Geologiya İnstitutunun Almaniya Geoloji Elmlər və Təbii
Ehtiyatlar Nazirliyi ilə birgə apardığı tədqiqatlar
davam etdirilmişdir. Bu işlər Daşgil və
Pirəkəşkül palçıq vulkanlarında atmosferə
qaz (metan və b.) çıxışlarının monitorinqi
ilə əlaqədar olub Azərbaycan—Almaniya beynəlxalq
elmi-texniki əməkdaşlıq çərçivəsində
yerinə yetirilir.
“Avropa, Orta Şərq və
Asiyanın təmasında (Böyük Qafqazın cənub
hissəsi) karbohidrogen potensialının daha yaxşı
(dolğun) dərk edilməsi” layihəsi üzrə
İsveçrə və gürcü mütəxəssisləri
ilə birlikdə Qanıx və Kür çayları
arasında miosen-pleystosen komplekslərin strukturlarının 2
və 3 ölçülü elektro-seysmokəşfiyyat
materialları əsasında ümumləşdirilməsi və
rekonstruksiyası həyata keçirilmişdir. Beş
istinad kəsişmələri üzrə struktur-maddi komplekslərin
xronostratiqrafik və litoloji-fasial korrelyasiyası
aparılmışdır.
Beynəlxalq təşkilatların
marağını cəlb edən digər tədqiqat sahəmiz
geodinamika və seysmologiyadır. 2008-ci ildə ABŞ-ın
Massaçusets Texnolologiya İnstitutunun alimləri ilə birgə
Şəki Regional Elmi Mərkəzinin ərazisində Azərbaycanda
ikinci GPS (qlobal yertəyinetmə sistemi) stansiyası
qurulmuş və ümumdünya şəbəkəsinə
qoşulmuşdur. Bununla Azərbaycanın qərb
regionunda Şəki Regional Elmi Mərkəzinin köməyi
ilə geodinamik tədqiqatların əsası qoyulmuşdur.
1998-2008-ci illərdə şərikli
aparılan GPS ölçmələri əsasında Azərbaycanda
yer qabığının müasir horizontal hərəkətləri
sistematik müşahidə edilmiş və geoloji təhlükə
baxımından potensial gərginliklərin toplanma sahələri
aşkar olunmuşdur. Müəyyən
edilmişdir ki, GPS sürətləri Böyük Qafqazın
cənubunda Şimal-Şimali-Şərq istiqamətlidir.
Sürət sahəsinin xüsusiyyəti ondan
ibarətdir ki, Baş Qafqaz üstəgəlməsinə
yaxınlaşdıqca müşahidə nöqtələrində
sürətlərin azalması qeydə alınır. Bu hadisə tədqiqat müəllifləri tərəfindən
həmin üstəgəlmə hüdudlarında gərginliklərin
toplanmasının səbəblərindən biri kimi izah
edilir. GPS ölçmələri sürət sahələrinin
ümumiləşdirilmiş interpretasiyası göstərir
ki, Bakı şəhəri aktiv tektonik sistemlərin
Böyük Qafqaz üstəgəlməsi, Şimali və Qərbi
Xəzər yarıqları, habelə Mərkəzi Xəzər
seysmik zonasının qovuşduğu sahədə yerləşir.
Bu vəziyyət tədqiqatçılar
qarşısında Bakı şəhəri, habelə digər
aktiv yarıqlara bilavasitə yaxın olan sahələrdə
seysmik təhlükəni daha dəqiq qiymətləndirmək
üçün GPS şəbəkəsinin
sıxlığının artırılması zərurətini
ortaya çıxarır. GPS sürətləri
sahələrinin analizi əsasında Böyük Qafqaz
üstəgəlməsinin şərq seqmentinin eni boyu yer
qabığının qısalma sürətinin ədədi
kəmiyyəti müəyyən edilmişdir.
Digər bir beynəlxalq əməkdaşlıq
çərçivəsində, daha dəqiq desək
“Böyük Qafqazın şərq hissəsi: Avropa, Orta Şərq
və Asiya kəsişməsində aktiv dağ
qurşağının geodinamikası” proqramı üzrə
aparılan tədqiqatlar tamamlanmışdır. Cənubi-Şərqi Qafqazın müasir tektonik
elementlərinin və relyefinin korrelasiyası
aparılmışdır. Müasir vertikal
hərəkətlərin GPS monitorinqi həyata
keçirilmiş, qırılma tektonikasında müasir
geodinamikanı müəyyən edən tektonik gərginlik sahələrinin
əks olunması tədqiq edilmişdir.
Xatırladım ki,
institutumuz Rusiya,
Qafqazın (Azərbaycan)
geoloji məzmunlu CİS (coğrafi informasiya sistemi) xəritələr
Atlasının tərtibinə həsr olunmuş ikinci iş
üzrə Azərbaycanın 1:1000000 miqyaslı geoloji, təbii
qazlar, metal, faydalı qazıntılar xəritələri,
habelə bərk faydalı qazıntıların mineragenetik
rayonlaşdırma xəritəsi tərtib edilmişdir. Qafqaz,
Krım, Karpatın geoloji quruluşu və faydalı
qazıntılarına həsr edilmiş monoqrafiyanın tərtibi
üzrə proqramda Azərbaycana dair üst proterozoy, paleozoy, təbaşir
çöküntülərinin stratiqrafik bölmələri,
habelə mezozoy və kaynozoyun vulkanogen əmələgəlmələrinin
metamorfizmi üzrə bölmə tamamlanmış və təqdim
edilmişdir. Monoqrafiyanın geofiziki sahələr
(maqnit, qravitasiya, radioaktiv, istilik, seysmik), habelə Azərbaycanın
ümumi tektonik rayonlaşdırılması bölmələri
də yekunlaşdırılmışdır.
Geridə qoyduğumuz ildə
üç qrant layihəsi müsabiqələrdən
uğurla keçmiş, İnkişafda Olan Dünya
üçün Elmlər Akademiyası (İtaliya), Yaponiya
Beynəlxalq Əməkdaşlıq Agentliyi və Ukrayna
Elmi-Texnoloji Mərkəzinin maddi dəstəyini
qazanmışdır.
Əcnəbi geoloqlarla birgə
aparılan “Azərbaycanda maykop seriyasının regional
karrelasiyası: Sekvesstatiqrafiya və neft potensialı” layihəsi
üzrə Şamaxı-Qobustanın maykop seriyası
süxurlarının mikroelement tərkibinin, karbon və azot
izotoplarının kompleksli təhlili əsasında,
qammaspektrometrik analiz məlumatları nəzərə
alınmaqla maykopun rüpel, xatt və alt miosen stratiqrafik
bölünməsi əsaslandırılmışdır ki,
bu da maykopun əvvəllər mikrofaunaya görə
verilmiş stratiqrafik bölgülərinə uyğun gəlir.
“Çökmə
süxurların fiziki-mexaniki xassələrinin və
onların müxtəlif termobarik şəraitlərdə dəyişilməsi
dinamikasının tədqiqi” layihəsi də davam
etdirilmişdir. Qeyri-klassik xətləşdirilmiş
yanaşma çərçivəsində geoloji mühitin xətti
və qeyri xətti fiziki-mexaniki səciyyələrinin təyininin
nəzəri əsasları işlənilmişdir. Sintetik (təklif olunmuş yeni alqoritmlə
hesablanmış) və real seysmoqramları bir-birinə
bağlayan yaxınlaşma işlənilmişdir. Cənubi Xəzər hövzəsi üzrə
süxurların sıxlığı, effektiv təzyiq və
seysmik dalğa sürətləri arasında
üçölcülü səthi model qurulmuşdur.
Seysmik kəsilişlərdə stratiqrafik horizontların təyininə
geodinamikanın təsirinin test tədqiqatları
aparılmışdır. Göstərilmişdir
ki, bu təsir bir sıra hallarda kifayyət qədər
böyükdür. Süxurların
kollektor xüsusiyyətlərini, geoloji mühitin müxtəlif
termobarik şəraitdə elastiki və petrofiziki parametrlərinin
təyininin eksperimental avadanlıqları işlək vəziyyətə
gətirilmişdir. Təcrübə
sınaqları aparılmışdır.
“Azərbaycanın
urbanlaşmış ərazilərinin su ehtiyatlarının
idarə edilməsi və dayanıqlı inkişafı
(Abşeron yarımadası timsalında)” xarici müştərək
layihə və Xəzər suitilərinin mühafizəsinə
dair “Darvin təşəbbüsü” beynəlxalq qrant layihəsi
də uğurlu nəticələrlə tamamlanmışdır.
Dördüncü Dövr
Geologiyasının Beynəlxalq Assosiasiyası ilə
müştərək aparılan “Beynəlxalq geoloji
korrelyasiya” layihəsi çərçivəsində Xəzər-Qara-Aralıq
dənizləri dəhlizinin son 30 min il ərzində dəniz
səviyyəsinin dəyişilməsilə insan
adaptasiyası arasındakı asılılıq tədqiq
edilmişdir. Üçillik tədqiqatlar nəticəsində
hər üç dənizin səviyyəsinin son 30 ildəki
dəyişkənlik tarixi tektonik, sedimentoloji, paleontoloji və
coğrafi məlumatların inteqrasiyası üsulu ilə
öyrənilmişdir. Göstərilən
dənizlərin səviyyəsinin qısa müddətli dəyişilmələrinə
təsir edən başlıca səbəblər həmçinin
bu dənizlərin əlaqə mexanizmi və əlaqələndirici
yolların (Manıç, Bosfor, Dardanell) inkişaf tarixi
aşkar edilmişdir. Qədimdə
insanların mühitdəki dəyişikliklərə adaptiv
reaksiyasına xüsusi diqqət verilmişdir.
Beynəlxalq elmi əlaqələrdəki
digər bir uğur ondan ibarətdir ki,
geoloqlarımızın AMEA-da Xəzər dənizinin problemləri
və palçıq vulkanizmi üzrə tədqiqatlar aparan 2
beynəlxalq elmi mərkəz yaratmaq təklifi ötən il Qırğızıstanın paytaxtı
Bişkekdə keçirilmiş dövlət elmi təşkilat
rəhbərlərinin beynəlxalq müşavirəsində
müzakirə olunub və qəbul edilib.
İnstitutumuzun
beynəlxalq elmi əlaqələrdəki
uğurlarını, əcnəbi geoloqlarla
aparılmış elmi tədqiqatların ürəkaçan
nəticələrini daha çox sadalamaq olar. Lakin, təbii
ki, bu, bir məqaləyə sığan deyil. Ona görə də, institutumuzun xarici əlaqələrinə
dair fikirlərimi yekunlaşdırarkən onu da demək istərdim
ki, bu gün Azərbaycanın dünyaya inteqrasiya etməsində
elmimizin özünəməxsus rolu vardır. Bu rolun müəyyən hissəsi Geologiya
İnstitutunun payına düşür.
Hazırladı: Səid HÜSEYNOV
Xalq qəzeti.-2009.-3 fevral.-S.5.