Səfir Zaqatalada olmuşdur

 

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okinin başçılıq etdiyi nümayəndə heyəti Zaqatala rayonunda olmuşdur.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri Faldarlı kəndində olmuş, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində yeni inşa olunmuş və rayon icra hakimiyyətinin dəstəyi və köməkliyi ilə müasir inventar və tibb avadanlıqları ilə təchiz edilmiş yeddi otaqdan ibarət həkim ambulatoriyasının açılış mərasimində iştirak etmişlər.

Açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası ilə dünya dövlətləri arasında dostluq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafından danışmış və hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd etmişdir. Daha sonra natiq Yaponiya hökumətinə rayonda həyata keçirdiyi layihəyə görə təşəkkürünü bildirmiş, Azərbaycan və Yaponiya dövlətləri arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümidli olduğunu, regionda lider dövlətə çevrilən Azərbaycan ilə əlaqələrin genişləndirilməsində və respublikamızda bir çox sahələrin inkişafına investisiyaların qoyulmasında dünya dövlətlərinin maraqlı olduğunu xüsusi vurğulamışdır.

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat vermiş, “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramının Azərbaycanda 2000-ci ildən həyata keçirildiyini və bunun Zaqatala rayonunda ikinci layihə olduğunu qeyd etmişdir.

Açılış mərasimində çıxış edən kənd ictimaiyyətinin nümayəndələri son 3 il ərzində Zaqatala rayonunda, eləcə də Faldarlı kəndində görülmüş işləri yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkürlərini bildirmişlər.

Obyektin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.-2009.-3 fevral.-S.5.