Mahmud Abbas Qahirədə Qəzzə üçün
sülh axtarışındadır
İsrail isə sektor ərazisinə aviasiya zərbələri
endirməkdə davam edir
Fələstin muxtariyyətinin
rəhbəri Mahmud Abbas dünən Misirə gəlib. Səfərdə
məqsəd Prezident Hüsnü Mübarəklə Qəzzə
sektorunda davamlı atəşkəsə nail olunması
üçün danışıqlar aparmaqdır.
Misir İsrail və HƏMAS
arasında vasitəçilik missiyasını həyata
keçirir. Mahmud Abbas isə HƏMAS-ı Qəzzədə
dinc sakinlərin həyatını təhlükəyə
atmaqda ittiham edir və təşkilatı onun hakimiyyətinə
tabe olmağa çağırır.
Fələstin
administrasiyası rəhbərinin Qahirədə
danışıqlar aparması əsasən İsrailin ərazisinə
raket zərbələri endirilməsinə cavab olaraq Qəzzə
sektorunu bombardman etməsi ilə bağlıdır. Misirin
hakimiyyət orqanları İsrail nümayəndələri,
İordan çayının qərb sahilinə nəzarət
edən FƏTH və Qəzzə sektoruna nəzarət edən
HƏMAS hərəkatlarının rəhbərləri ilə
separat danışıqlar aparır. Hüsnü Mübarək
Misirdən Qəzzəyə sərhəd zolağında
açılmış tünellər vasitəsilə silah
qaçaqmalçılığının
qarşısını almaq və tərəflər
arasında uzunmüddətli atəşkəsə nail
olmağa çalışır.
Artıq HƏMAS
nümayəndələri də danışıqlar aparmaq
üçün Qahirəyə gəliblər. Ancaq Mahmud Abbas
qətiyyətlə bildirib ki, HƏMAS rəhbərliyinin
mövqeyinə əsaslanaraq Fələstin Azadlıq Təşkilatının
üstün hakimiyyətini qəbul etməyənlərlə
danışıqlara girməyəcək. Hazırda FƏTH və
HƏMAS 2007-ci ilin ortalarında ikincilərin Qəzzədə
hakimiyyəti ələ keçirəndən sonra düşmənçilik
edirlər. Mahmud Abbas dəfələrlə bəyan edib ki,
opponentləri fələstinlilərin taleyini təhlükə
qarşısında qoyur, onların müstəqil dövlət
yaratmaq ümidlərini heçə endirir.
Qeyd edək ki, keçən həftənin bazar günü İsrail aviasiyası HƏMAS-ın Qəzzənin mərkəzi hissələrindəki obyektlərinə zərbələr endirib, eyni zamanda, Misirə açılan tunelləri bombardman edib. Ölən və yaralananlar barədə məlumat verilməyib. Şahidlərin sözlərinə görə, aviazərbələrin əsas hədəfi polis sahə məntəqəsinin boş qalmış binası olub, ətrafda yaşayan sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.
İsrailin Baş naziri Ehud Olmert bazar günü hökumətin iclasında bəyan edib ki, ölkəsinin hərbi qüvvələri Qəzzə tərəfdən atılan raket zərbələrinə qeyri-proporsional cavab verəcək. Rəsmi Tel-Əvivin açıqladığı məlumata görə, fevralın 1-də ölkə ərazisinə Qəzzədən azı 4 raket atılıb. Onlardan biri Eşkol şəhərindəki iki uşaq bağçasının arasında partlayıb. Məlumata görə, şənbə günü atılan bir raket Aşkolen şəhərinin yaxınlığına düşüb. Ondan əvvəlki günlərdə isə daha iki raket atıldığı qeydə alınıb. Zərbələr nəticəsində ölən və yaralanan olmayıb.
İsrail tərəfi tələb edir ki, ölkənin raket atəşinə tutulmasına son qoyulmalıdır. Həmçinin Qəzzəyə qeyri-leqal yollarla silah-sursat gətirilən kanallar bağlanmalıdır. HƏMAS-ın tələbi isə ondan ibarətdir ki, Qəzzə ilə sərhəddəki keçid məntəqələri açılmalı, sektorun ilyarım bundan əvvəl başlanmış blokadasına son qoyulmalıdır. Hazırda beynəlxalq ictimaiyyət Yaxın Şərqdə daimi sülh yaradılması istiqamətində səylərini davam etdirir. Misir isə bu məqsədlərin reallaşdırılması üçün İsrail tərəfi və HƏMAS-la danışıqlar aparır. Mahmud Abbasın Misirə hazırkı səfəri də bu məqsədə xidmət edir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-3 fevral.-S.6.