Onlara jurnalist
demək olarmı?
“Əkinçi”nin
sağlam toxumundan cücərib üzə çıxmış Azərbaycanın
milli qəzet və jurnalları hələ XX əsrin əvvəllərində cəhalət
dünyasında işığa
bənzəyirdi. Bu işıq
geriliyi, nadanlığı,
zorakılığı, ümumiyyətlə,
dövrün eybəcərliklərini
göstərirdi. Sözə
üz tutub fakta güvənən qələm sahibləri oxucuları narahat edən, düşündürən
məsələlərdən yazırdılar. Oxucuların
qəlblərində ümid
və inam çıraqları yandırdıqları
üçün özlərini
mənən rahat hiss edən bu peşə
sahibləri şərəfli
yolun yolçusu olduqları üçün
daxilən qürur hissi duyurdular. Yaşamağın mənasını
yalnız bu şərəfli, çətin
və məsuliyyətli
peşədə görən
yazarlar sonrakı dövrlərdə də ağ vərəqlərə
düzdükləri cümlələri
ürəklərinin yağıyla
bişirmişlər. Sətirlər
onların gözlərinin
nurunu aparsa da, yoruldum deməyən
söz əhli xalqa xidmət etməkləriylə öyünmüşlər.
Heç kəsdən
təmənna ummayan bu insanların bir istəyi, arzusu olmuşdur: yazılarını dəyərləndirsinlər,
qəlblərinin söz
çeşmələrindən gələn kəlmələrə
laqeyd qalmasınlar. Kimdənsə sağ ol eşitmək onlar üçün əsl oxucu mükafatı, xalqın verdiyi qiymət olub.
Doğru sözü
ömürlərinin mənası
hesab edən Həsənbəy Zərdabi,
Cəlil Məmmədquluzadə,
Üzeyirbəy Hacıbəyov,
Əlibəy Hüseynzadə,
Mirzə Ələkbər
Sabir, Ömər Faiq Nemanzadə kimi ustadların yolunun davamçıları
bu gün onlar kimi peşəsini
heç bir maddi dəyərə qurban vermədən yazıb-yaradır, xalqına,
Vətəninə sədaqətlə
xidmət edirlər.
Ancaq bu şərəfli peşəyə
kölgə salanlar da az deyil.
Gəlin müasir jurnalistikamıza nəzər
salaq, irili-xırdalı
qəzet və jurnalları vərəqləyək
və görək klassiklərimizin yolunu necə davam etdirirlər?
Söz azadlığı
dövründə o qədər
adam bu sahəyə
ayaq qoyub ki, saymaq belə
mümkün deyil. Bu dırnaqarası “jurnalistlər”
qəzetdən, qəzetçilikdən
xəbərsizdirlər. Onlar
qəzetdə işləsələr
də (özləri belə deyirlər) jurnalistika aləminə yad adamlardır. Mən qəzet redaktoru kimi özünü təqdim etmiş belə yazarların biri ilə qısa dialoqda oldum. Söhbət zamanı ona sual verdim
ki, redaktə nə deməkdir? Bir xeyli üzümə
baxıb, başını
aşağı saldı
və: “O nə olan şeydir?” dedi. Məncə, izahata ehtiyac yoxdur. Həmin redaktordan soruşdum ki, qəzetiniz hansı formatla çıxır? Yenə
də sualla qarşılaşdım:
— “Format nədir?”
Mən ona qəzetlərin “A-2", ”A-3" formatda çıxdığını
deyəndən sonra soruşdum ki, sizin qəzet hansı formatda çap olunur? Cavab verə bilmədi.
Bəli, qəzet
redaktoru nə redaktə, nə də format haqqında heç nə deyə bilmədi. Axtarsanız müstəqil
çıxan bütün
qəzetlərdə belə
redaktorlar az deyil. Ancaq onlar
məktəb keçsəydilər,
söz sənətinin
sirlərini əsil jurnalist müəllimlərdən
öyrənsəydilər, bu gün çıxılmaz
vəziyyətə düşməzdilər.
Ona görə də təklif edirəm ki, müstəqil, partiya, yaxud da hər
hansı qurumun qəzetində işləyən
yaradıcı kadrlar üçün kurslar təşkil olunsun. Onlar gec də
olsa jurnalistika haqqında bilgilərə
yiyələnsinlər, yazmağı
öyrənsinlər.
Çox sayda “müxbirlər” orta təhsillidirlər. Onların
nə savadı, nə fakt götürmək
səlahiyyəti, nə
də yazısı
var. İki cümləni
ardıcıl düzməklə
məqalə yazmaq olmaz. Redaksiyalarda elə insanları işə götürürlər
ki, onlar özlərini şəxsi
maraqları hesabına
ondan-bundan şər-böhtan
yazmaqla tanıtmışlar.
Dələduzluqla, əxlaqa
kölgə salan davranışla yadda qalmışlar. Belələrinə
hansısa qəzetin “bölgə müxbiri” adını verməklə
qəzetlərin rəhbərliyi
əvvəlcə çörək
yediyi sənətə,
ikincisi, H.Zərdabi, C.Məmmədquluzadə, Ü.Hacıbəyov
ruhuna hörmətsizlik
edirlər. Bütün
bunlar isə milli mətbuatımızın
bu gününün qara səhifəsinə çevrilir, sabahını
isə sual altında qoyur.
Mən “jurnalist”
tanıyıram ki, faktı necə götürmək, məqaləni
necə yazmaq üçün neçələrinə
ağız açıb.
Mən “jurnalist” tanıyıram ki, bəd əməllərinə
görə cəzalandırılıb,
ancaq indi əlinə fürsət düşdüyü üçün
onu cəzalandıranlardan
“intiqam” almaq məqsədilə donos toplayaraq məqalə yazdırır. Bu fikirləri
müstəqil qəzetlərin
redaktorları təkzib
edə bilmirlər. Ona görə ki, onların “səlahiyyətli nümayəndələri”nin
qara izləri bölgələrdə qalıb.
Dələduzdan, əyyaşdan
“jurnalist” düzəldirlər.
Bu da yerlərdə ikrah hissiylə qarşılanır.
Redaksiya rəhbərləri
bilməlidirlər ki,
işə kadr götürəndə ilk növbədə
onun təhsili, yazı yazmaq qabiliyyəti, əxlaqı
və s. əsas götürülməlidir. Yaxşı
olar ki, işə qəbul edilənlər Mətbuat Şurasında da qabiliyyət imtahanından
keçsinlər. Mənim
fikrimcə, işin bu cür təşkili
jurnalistika sənətinə
ləkə salan insanları aramızdan təmizləyər. Yerlərdə
də qəzetə, jurnalistə hörmət artar. Bəzən deyirlər ki, müəllim, siz də “5" manat verib yola saldığım
müxbirin təmsil olunduğu dəstənin üzvüsünüz? Və
yaxud eşidirsən ki, filan xanım
müxbir fakt götürmək əvəzinə,
restoranlarda yeyib-içib
xumarlanandan sonra gecələməyə yer
axtarırdı. Etiraf
edək ki, belələri bugünkü
jurnalistikamıza ləkədirlər.
Gəlin jurnalist
sənətinin müqəddəsliyini
qoruyaq. Gəlin bu sənətin şərəfini hansı
yollasa “bölgə müxbiri” vəsiqəsi alan dırnaqarası müxbirlərdən qoruyaq.
Yaxşı ki, Azərbaycan Mətbuat Şurası belə nəşrlərə və
yazarlara qarşı mübarizəni sərtləşdirib.
Gəlin biz də — həm jurnalistlər, həm də oxucular söz dəlallarını tanıyaq
və onları müqəddəs söz sənətinə yaxın
buraxmayaq.
Fariz RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.-2009.-3 fevral.-S.7.