Siyəzən: sosial-iqtisadi inkişafın miqyası
genişlənir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə qəbul olunmuş 2004-2008-ci illərdə
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının icra müddəti ötən il başa
çatdı. Bu müddət ərzində ölkəmizin
regionları keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoydu. Ölkə Prezidenti əlaqədar orqanlara
2009-2013-cü illəri əhatə edəcək yeni Dövlət
Proqramının da hazırlanması
tapşırığını verib və bu proqramın layihəsi
üzərində iş artıq başa çatmaq üzrədir.
Ötən il əldə olunmuş nailiyyətlər, hər şeydən öncə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Əslində, 2008-ci il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin növbəti qələbəsini təmin edən də elə onun 5 illik uğurlu fəaliyyəti oldu. Azərbaycan xalqı İlham Əliyevin şəxsində siyasi sabitliyə, iqtisadi inkişafa, sosial rifaha, demokratik cəmiyyətə səs verdi.
Xatırladaq ki, Siyəzən ictimaiyyəti də prezident seçkilərində böyük siyasi fəallıq və mütəşəkkillik nümayiş etdirdi. Seçim hüququ olan insanların 76 faizi seçkidə iştirak etdi, onların da 83,8 faizi cənab İlham Əliyevə səs verdi.
Sevindirici haldır ki, Siyəzən rayonu ölkəmizdə aparılan sosial-iqtisadi inkişafdan kənarda qalmayıb. Rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyev bizimlə söhbətində son bir il ərzində görülmüş işlərdən bəhs edərək bunları bildirdi:
— Yaxın günlərdə ötən ilin yekunlarına dair rayon fəalları qarşısında hesabat verməyə hazırlaşırıq. Çalışacağıq ki, görülmüş işlər və qarşıda duran vəzifələr ətrafında işgüzar müzakirələr aparaq. Məlumat üçün deyim ki, rayon sakinlərinin çoxsaylı müraciətlərinə əsasən, 2008-ci ilin ilk günlərindən Siyəzən şəhərinin girəcəyində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın tikintisinə başlanmış, orada ulu öndərin möhtəşəm abidəsi ucaldılmış, ulu öndərin adını əbədiləşdirən muzeyin tikintisi və tərtibatı işi başa çatdırılmışdır. Parkda 5500 kvadratmetr sahədə yaşıllıq salınmış, 6 mindən çox dekorativ ağac və kol əkilmiş, işıqlandırma sistemi qurulmuş, 3400 kvadratmetr sahəyə tamet döşənmiş, ətrafına hasar çəkilərək geniş abadlıq işləri aparılmışdır. Ərazidə olan bütün kommersiya və xidmət obyektlərində yenidənqurma işləri aparılmışdır. Heydər Əliyev küçəsi boyunca işıqlanma sistemi müasir tələblərə uyğun olaraq yenidən qurulmuşdur. Küçə boyunca 4 min metr uzunluğunda məhəccərli hasar tikilmiş, bir sıra yerlərdə piyada yollarına tamet döşənmişdir. Qəza vəziyyətində olan Mədəniyyət Sarayı əsaslı şəkildə bərpa edilmiş, ətrafında 1700 kvadratmetr sahədə yaşıllıq salınmış, 3500 ədəd dekorativ ağac və kol əkilmişdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin postamentinə mərmər üzlük vurulmuş, ərazidə 1500 metr bardur, 3 min kvadratmetrdən çox sahəyə tamet döşənmişdir. Şəhər istirahət və mədəniyyət parkı genişləndirilmiş, ətrafına dekorativ dəmir barmaqlıqlı hasar çəkilmiş, 2150 kvadratmetr yaşıllıq salınmış, 900 kvadratmetr sahəyə plitə döşənmiş, səkilərin kənarına 1100 metr bardur düzülmüşdür. Rayon icra hakimiyyəti binasının dam örtüyü dəyişdirilmiş, fasadı alkaponla üzlənmiş, ətraf ərazi abadlaşdırılmışdır. Ümumilikdə, il ərzində bütün maliyyə mənbələri hesabına 4 milyon 327 min manatlıqdan artıq təmir-tikinti və abadlıq işləri görülmüşdür.
Heydər Əliyev küçəsindəki 18 ictimai binanın dam örtüklərinin dəyişdirilməsi və fasadlarının əsaslı təmiri, şəhərin arxitekturasına xələl gətirən obyektlərin sökülməsi və ya yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir.
Hesabat ilində Gilgilçay məktəbi üçün 260 şagird yerlik müasir bina, notariat kontoru və qeydiyyat şöbəsi, rayon prokurorluğu və qazma ekspedisiyası üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bütün kommunikasiya və istilik sistemi ilə təchiz olunmuş 16 mənzilli bina tikilmiş, oraya köçən hər bir ailəyə televizor və xalça hədiyyə edilmişdir. Siyəzən şəhərində 640 şagird yerlik yeni məktəb binasının tikintisi də başa çatdırılmışdır.
Hazırda telekommunikasiya qovşağı və rayon maliyyə şöbəsi üçün tikilməkdə olan inzibati binalarda tamamlama işləri aparılır, baytarlıq və statistika idarələrinin inzibati binalarının, Eynibulaq kəndində 220 şagird yerlik məktəbin, habelə uşaq incəsənət və yaradıcılıq məktəbinin inşası davam etdirilir.
Ötən il Babək, H. Talıbov, T. İsmayılov küçələrində ictimai binaların həyətlərinə və şəhər qəbiristanlığına gedən yollarda təmir işləri aparılmaqla, ümumilikdə 25 min kvadratmetrdən artıq sahəyə asfalt örtüyü vurulmuş, B. Səfəroğlu küçəsində səkilər yenidən tikilərək abadlaşdırılmış, işıqlandırma sistemi təzələnmişdir. Yaxın vaxtlarda şəhərin Şəhriyar, İ. Qayıbov, F. Bayramov küçələrinin, yeni salınmış yaşayış massivlərinin və kənd yollarının da əsaslı təmirinə və abadlaşdırılmasına başlanılacaqdır. “Azərinşaatservis” ASC tərəfindən Bakı-Quba magistral yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində tikintisi yarımçıq qalmış işlərin başa çatdırılması da vacib məsələlərdəndir. Əlbəttə, bütün bu işlərin görülməsi üçün təkcə dövlət vəsaiti deyil, eyni zamanda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin, eləcə də iş adamlarının, ayrı-ayrı fiziki və hüquqi şəxslərin imkanlarından da geniş istifadə olunmuşdur.
Siyəzəndə
ümumilikdə 930 sahibkarlıq subyekti qeydə alınıb.
Onlardan 115-i hüquqi,
815-i fiziki şəxslərdir. Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən Siyəzən sahibkarlarına 2
milyon 242 min manatdan çox qısamüddətli kreditlər
verilmişdir. Sahibkarlığın inkişafına kömək
göstərilməsi məqsədilə rayonda Siyəzən
Biznes İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Mərkəz mütəmadi olaraq yerli sahibkarlarla müxtəlif
mövzulara dair seminarlar keçirir, onlara marketinq, biznes
planlarının tərtib edilməsi, internetdən istifadə
yolu ilə informasiya əldə edilməsi üzrə xidmətlər
göstərir.
2008-ci il ərzində şəhər
əhalisinin içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədilə
Birinci Bakı su kəməri üzərindəki nasosxana yenidən
qurulmuş, 2 ədəd yeni daha güclü nasos istismara
buraxılmışdır. Siyəzən şəhərinin
T. İsmayılov və H. Talıbov küçələrindəki
çoxmərtəbəli yaşayış binalarının
zirzəmiləri uzun illər yığılıb
qalmış çirkli sulardan təmizlənmiş,
kanalizasiya və digər kommunikasiya xətləri təmir
edilmişdir. Kənd əhalisinə göstərilən rabitə
xidmətini yaxşılaşdırmaq məqsədilə ATS
olmayan kəndlərdə “Delta-telekom”un 14 ədəd peyk rabitə
avadanlığı quraşdırılmış, Eynibulaq kəndində
48 nömrəlik, Beşdam kəndində 72 nömrəlik
EATS istifadəyə verilmiş, mərkəzi EATS-in
gücü xeyli artırılmışdır.
İcra
başçısı söhbətinə davam edərək
dedi:
— Hesabat dövründə
rayonda iqtisadi və sosial inkişafı əks etdirən əsas
sahə üzrə ümumi məhsul buraxılışı
307,1 milyon manat olmaqla, əvvəlki illə müqayisədə
4 dəfə artmışdır. Rayonda 15 milyon 365 min
manatlıq və ya 2007-ci il nisbətən 54.9 faiz sənaye məhsulu
istehsal edilmişdir. İqtisadiyyatın əsasını təşkil
edən neft-qazçıxarma sahəsində 48 min 534 ton neft,
10 milyon 755 min kubmetr qaz hasil edilmişdir. Qazmaçılar il ərzində
proqnozda nəzərdə tutulduğundan 1676 metr çox qazma
işi aparmışlar. Rayonda bütün maliyyə mənbələri
hesabına əvvəlki illə müqayisədə 33.4 faiz
çox əsas fondlar istifadəyə verilmişdir.
Əhalinin məşğulluq
məsələləri, onların rayonda fəaliyyət
göstərən idarə və müəssisələrdə
müvafiq işlə təmin olunmaları da diqqət mərkəzində
saxlanılmışdır. Hesabat ilində rayon məşğulluq
mərkəzinə 313 nəfər müraciət etmişdir.
Onlardan 250 nəfəri işlə təmin edilmişdir. Əhali
arasında iqtisadi fəallıq artmış, 6 yeni müəssisə
qeydiyyatdan keçərək fəaliyyətə
başlamış və Dövlət Proqramı qəbul
edildikdən sonra 1327, o cümlədən keçən il 80
daimi iş yeri yaradılmışdır. İşçilərin
orta aylıq əməkhaqqı əvvəlki illə
müqayisədə 32,2 faiz artmışdır.
Siyəzən elektrik şəbəkəsi
tərəfindən 2008-ci ildə 93 milyon 455 min kilovat saat, o
cümlədən əhaliyə 16 milyon 901 min kilovat saat
elektrik enerjisi ötürülmüşdür.
Satılmış enerjinin dəyərinin 91 faizi, o cümlədən
əhaliyə satılan enerjinin 82.2 faizi toplanaraq təhvil
verilmişdir. Belə bir cəhəti xüsusi olaraq qeyd edək
ki, hesabat ili ərzində rayonun bütün
yaşayış məntəqələrinin elektrik enerjisi ilə
təminatında, qısa müddətli qəza halları
istisna olmaqla, məhdudiyyət və fasilələrə yol
verilməmişdir. Lakin şəhər əhalisinin
artması, yeni yaşayış massivlərinin
salınması ilə əlaqədar Siyəzən şəhərinin
bir sıra küçə və məhəllələrində,
eləcə də Yenikənd, Böyük Həmyə və
digər kəndlərdə əlavə transformatorların
qoyulmasına, xətt və dirəklərin dəyişdirilməsinə,
həmçinin şəhərdə yeni
yarımstansiyanın tikilməsinə ehtiyac vardır. Siyəzən
şəhərində yeni salınmış
yaşayış massivlərində, habelə F. Əliməmmədov
və 28 May küçələrində yeni
transformatorların qoyulması və şəbəkənin
tikilməsi üçün təxirəsalınmaz tədbirlər
görülməlidir. Enerji haqlarının dəyərinin
tam ödənilməsi, bəzi yaşayış məntəqələrində
istismarda olan transformatorların gücünün düzgün
bölüşdürülməsi məsələləri də
hələ ki, öz həllini tapmayıb.
Ötən il Siyəzəndə
əhalinin təbii qaz təminatı məsələləri
də daim diqqət mərkəzində saxlanılmış və
bu istiqamətdə müəyyən işlər
görülmüşdür. Hazırda rayon ərazisində
abonentlərin təbii qazla təminatında ciddi problemlər
olmasa da, Siyəzən şəhərində yeni
salınmış yaşayış massivlərinə, Yenikənd,
Eynibulaq, Sədan kəndlərinə qaz kəmərlərinin
çəkilməsi, Tuğay kəndinin
qazlaşdırılması, qismən qazla təmin olunmuş
Məşrif, Qalaaltı, Çalğan və Qozağacı
kəndlərinin tam qazlaşdırılması
üçün tədbirlər görülməlidir.
Satılan qazın dəyərinin cəmi 79,3 faizinin, o
cümlədən əhaliyə satılan qazın dəyərinin
65.8 faizinin toplanması faktı da narahatlıq doğurmaya bilməz.
Şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinin
yenidən qurulması üçün “Azərsu” ASC-nin
sifarişi ilə layihə-ölçü işləri
aparılır və siyəzənlilər əmindirlər ki,
yaxın vaxtlarda bu sahədəki problemlər də öz həllini
tapacaqdır.
Deyilənlərə onu da əlavə
edək ki, əhalinin elektrik enerjisi, qaz, içməli su təminatının
yaxşılaşdırılması məqsədilə rayon
icra hakimiyyəti başçısının rəhbərliyi
ilə xüsusi qərargah fəaliyyət göstərir. Qərargahın
iclaslarında qarşıya çıxan problemlər
araşdırılır və onların operativ olaraq aradan
qaldırılması üçün əməli tədbirlər
görülür.
“Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramının hazırlanması
haqqında” prezident sərəncamının icrası ilə əlaqədar
Siyəzəndə bir sıra tədbirlər həyata
keçirilmişdir. Xüsusilə də kənd təsərrüfatı
məhsullarının istehsalı üçün sərf
olunan yanacaq və mühərrik yağlarının, mineral
gübrələrin dəyərinin orta hesabla 50 faizinin
dövlət tərəfindən ödənilməsi əhali
arasında razılıqla qarşılanmışdır. Bu sərəncamdan
bəhrələnən 486 nəfər sakinə 54 min manata
yaxın vəsait verilmişdir. Rayonda toxumçuluq təsərrüfatının
olmadığı nəzərə alınaraq, 3 nəfər
sahibkarın özəl toxumçuluq təsərrüfatı
yaratması ilə bağlı Kənd Təsərrüfatı
Nazirliyinə müraciət edilmiş və müvafiq şəhadətnamə
alınmışdır. Növbəti ilin payız səpini
üçün həmin təsərrüfatlarda 102 hektar sahədə
yüksək repreduksiyalı buğda əkilmişdir. İl ərzində
rayon üzrə qaramalın baş sayı 1,1 faiz artaraq 10 min
517 başa çatmış, diri çəkidə 21min 381
ton ət, 80 min 48 ton süd, 72 ton yun istehsal edilmişdir. “Siyəzən-broyler”
ASC-də 15 min tondan çox quş əti, 19 milyon ədəddən
çox yumurta istehsal olunmuşdur. Bu məhsulların bir hissəsi
Bakı şəhərində keçirilən kənd təsərrüfatı
məhsullarının satış yarmarkalarına göndərilmişdir.
Hesabat ilində rayonun yerli gəlirlərinin
icrasına 106.5 faiz əməl edilmişdir. Bu göstərici
2007-ci ilə nisbətən 74 faiz və ya 885 min manat çox
olmuşdur.
Hazırda Siyəzən
rayonunda 24 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar
və 4 məktəbəqədər tərbiyə müəssisəsi
fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində
şagirdlərin təhsili ilə 723 müəllim məşğul
olur ki, onlardan da 529 nəfəri ali təhsillidir. 2008-ci ildə
rayonun ümumtəhsil məktəblərini bitirmiş 415
şagirddən 103 məzun ali məktəblərə qəbul
olunmuşdur. Siyəzən şəhər 2 saylı orta məktəbin
4 məzunu 600-dən çox bal toplamış, onlardan 2 nəfəri
Prezident təqaüdünə layiq
görülmüşdür. Qeyd olunduğu kimi, rayonda “Yeniləşən
Azərbaycana — yeni məktəb!” layihəsi çərçivəsində
müasir standartlara cavab verən məktəblər
tikilmiş, onların maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün 196 ədəd kompyuter, 5 ədəd printer,
10 ədəd noutbuk və 1 ədəd proyektor
alınmışdır. Müqayisə üçün
göstərmək lazımdır ki, Siyəzən rayonunda
sonuncu məktəb binası 20 il bundan əvvəl
tikilmişdir. Lakin təhsil sahəsində də işlər
hələ ki, tam qaydasında deyildir. Məsələn,
aparılmış monitorinqlər nəticəsində müəyyən
olunmuşdur ki, bəzi məktəb rəhbərləri təhsil
islahatlarının həyata keçirilməsində passiv
mövqe tutmuş, kollektivə normal rəhbərliyi təmin
edə bilməmişlər. Acınacaqlı haldır ki,
rayonun Eyniadlı, Daşquşçu, Gilgilçay qəsəbə
və Siyəzən şəhər 5 saylı orta məktəblərinin
məzunlarından bir nəfər belə ali məktəblərə
qəbul olunmayıb. Rayonun bəzi qəsəbə və kənd
məktəblərində hələ də ixtisaslı müəllim
kadrları çatışmır, dərsə davamiyyət
aşağı səviyyədədir.
Xatırladaq ki, 2004-cü ildə
istifadəyə verilən və açılışında
ölkə Prezidenti İlham Əliyevin də iştirak etdiyi
Siyəzən Rayon Regional Diaqnostika Mərkəzi ən
müasir standartlara cavab verən tibb müəssisəsidir.
Lakin rayonun mərkəzi xəstəxanası və poliklinikası
barədə bu sözləri demək olmaz. Belə ki, mərkəzi
xəstəxananın əsas və poliklinika şöbəsinin
binası istismara yararsızdır. Uşaq xəstəxanası
və poliklinikasında da vəziyyət qənaətbəxş
deyildir. Kəndlərdə tibbi xidmətin səviyyəsi
aşağıdır.
Rayon ərazisinin sanitar təmizliyinin
qorunması, yoluxucu xəstəliklərə qarşı
mübarizə istiqamətində müəyyən işlər
görülsə də, bütövlükdə
sanitar-epidemioloji vəziyyət günün tələbləri
səviyyəsində deyildir. Mədəni-maarif müəssisələrinin
maddi-texniki bazasının yaxşılaşdırılması
istiqamətində əsaslı tədbirlər görülməlidir.
Təəssüf ediləsi
haldır ki, ərazisində çoxsaylı arxeoloji və
memarlıq abidələri olan Siyəzəndə hələ
də tarix-diyarşünaslıq muzeyi yoxdur.
Qanunçuluğun, ictimai
asayişin qorunması, cinayətkarlığın və
hüquq qaydalarının pozulması hallarının
azaldılması, cinayət törədən şəxslərin
vaxtında müəyyənləşdirilərək məsuliyyətə
cəlb olunması sahəsində rayonun hüquq-mühafizə
orqanları tərəfindən müəyyən işlər
görülmüşdür. Məlumat üçün bildirək
ki, 2008-ci ildə rayon üzrə 141 cinayət hadisəsi qeydə
alınmış, onlardan 107-nin açılması təmin
edilmişdir. Görülmüş tədbirlər nəticəsində
rayonda ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların
hüquqlarının pozulması halı qeydə
alınmamışdır.
Rayonda 14 yerli özünüidarəetmə
orqanı — bələdiyyə fəaliyyət göstərir.
“Bir bələdiyyə — azı bir layihə!” ümumrespublika
təşəbbüsünə qoşulan yerli bələdiyyələr,
rayonun sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində
və digər məsələlərin həllində
yaxından iştirak etmişlər. 2008-ci ildə bələdiyyələrin
gəlirlərinin 57,3 faizi tikinti-təmir işlərinə sərf
edilmişdir. Bu sahədə Siyəzən şəhər,
Böyük Həmyə, Sədan, Balaca Həmyə,
Beşdam, Yenikənd və Zarat kənd bələdiyyələri
fərqlənmişlər.
Lakin bəzi bələdiyyələr,
o cümlədən Gilgilçay qəsəbə və
Daşquşçu kənd bələdiyyələri büdcələrinin
formalaşması üçün əməli iş görməmişlər.
Eynibulaq bələdiyyəsi isə, ümumiyyətlə fəaliyyət
göstərməmişdir.
2008-ci ildə Siyəzən
Rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlardan
805 ərizə və müraciət daxil olmuşdur. Bunların
hamısı diqqətlə araşdırılmış,
müvafiq tədbirlər görülmüş və bu barədə
vətəndaşlara məlumat verilmişdir.
Məlum olduğu kimi,
martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə
və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsi
keçiriləcəkdir. Referenduma hazırlıqla əlaqədar
54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinə
daxil olan 23 məntəqədə hazırlıq işləri
başa çatdırılmış, seçicilərin
siyahıları dəqiqləşdirilmiş və seçki
məntəqələri fəaliyyətə
başlamışdır. Bu günlər rayonun
ayrı-ayrı yaşayış məntəqələrində,
əmək kollektivlərində keçirdiyimiz
görüş və söhbətlərdən belə qənaətə
gələ bilərik ki, siyəzənlilər ölkəmizin
davamlı inkişafı və uğurlu gələcəyinə
xidmət edən bu mühüm siyasi kampaniyada da mütəşkkillik
göstərmək əzmindədirlər.
İcra
başçısı söhbətin sonunda gələcəklə
bağlı planlar üzərində dayandı:
— Cari ildə rayonun yerli
ehtiyatları və digər mənbələri nəzərə
alınmaqla, qarşıdakı illər üçün
hazırlanmış sosial-iqtisadi inkişaf proqramının həyata
keçirilməsinə başlanacaq, aqrar sahədə
islahatların ikinci mərhələsini sürətləndirmək
üçün geniş tədbirlər həyata keçiriləcəkdir.
Rayonda turizmin inkişaf etdirilməsi üçün
bütün imkanlar araşdırılacaq və məsələlərin
həllinə kömək məqsədilə əlaqədar təşkilatlarla
iş aparılacaq, nəzərdə tutulmuş istehsal və
müasir xidmət infrastrukturunun yaradılmasına diqqət
artırılacaq, Siyəzən şəhərinin və kəndlərinin
abadlaşdırılması istiqamətində tədbirlər
həyata keçiriləcəkdir. Təhsil, səhiyyə və
mədəni-maarif müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi üçün
bütün imkanlardan istifadə ediləcəkdir. Ayrı-ayrı
ixtisaslardan olan müəllim və həkim kadrlara olan tələbatın
ödənilməsi məqsədilə əlaqədar
respublika təşkilatları qarşısında məsələ
qaldırılacaqdır.
Qeydlərimizin sonunda tam səmimiyyətlə
etiraf edirik ki, son bir ildə Siyəzəndə əvvəlki
4-5 ildəkindən daha çox iş görülüb. Siyəzənlilərin
özlərinin də etiraf etdiyi kimi, rayonda tikinti, abadlıq və
quruculuq işləri həqiqətən görünməmiş
miqyas alıb. Etiraf edək ki, son vaxtlaradək Siyəzən
rayonu barəsində danışmağa və yazmağa
söz tapmırdıq. Gərək iş olsun ki,
danışmağa, yazmağa da söz ola.
Ötən ilin yekunları
ümid etməyə əsas verir ki, 2009-cu il Siyəzən
rayonunun sosial-iqtisadi tərəqqisi yolunda daha böyük
nailiyyətlər ili olacaqdır.
Qüdrət PİRİYEV,
Qafar CƏFƏROĞLU
Xalq qəzeti.-2009.-4 fevral.-S.5.