Avropa və Kanada Obamanın böhran əleyhinə
planından narazıdır
Avropa Birliyi və Kanada
Amerika iqtisadiyyatının xilası üzrə planın bəzi
maddələrinin yersiz proteksionizmə gətirib
çıxaracağından ehtiyat edirlər.
Onların fikrincə,
“Amerika malları al” maddəsi antiböhran vəsaitləri
hesabına maliyyələşdirilən layihələr
üçün ABŞ-da istehsal olunan xammal və materiallardan
istifadə olunmasını nəzərdə tutur. Avropa
Birliyinin ABŞ-dakı səfiri bildirib ki, planın bu şəkildə
qəbul olunması təhlükəli presedentdir və beynəlxalq
ictimaiyyətin inamını sındıra bilər.
Artıq ABŞ
Konqresinin Nümayəndələr Palatası tərəfindən
bəyənilmiş antiböhran tədbirləri planı
ölkə vergiödəyicilərinə 800 milyard dollara
başa gələcək. Ağ evdən bildiriblər ki,
avropalıların narazılığına səbəb
olmuş maddə üzərində dəqiqləşdirmə
aparılır. Ancaq vitse-prezident Cozef Bayden keçən həftə
məsələyə bu cür yanaşmanın məqsədəuyğun
olduğunu bildirmişdi.
Kanadanın
ABŞ-dakı səfiri senatın liderlərinə məktub
yazaraq qeyd edib ki, əgər ölkə məhz bu yolla getsə,
“ABŞ başqalarından proteksionazimdən imtina tələb
etmək haqqını itirəcək”.
Doğrudur, Amerika
iqtisadiyyatının xilası üzrə proqram
demokratların üstünlük təşkil etdiyi Nümayəndələr
Palatasında maneəsiz qəbul olunub. Bununla belə,
mümkündür ki, senatda respublikaçılar planın təsdiqi
ilə bağlı proseduru xeyli ləngitsinlər. Bir çox
yüksək vəzifəli respublikaçılar hesab edirlər
ki, proteksionizm metodlarından istifadə ticarət müharibəsinə
gətirib çıxara bilər.
Tədbirlər paketinə
senatda bu həftə baxılacağı gözlənilir. Eyni
zamanda, Prezident Barak Obama yaxın günlərdə
respublikaçı Cadd Qreqqi ticarət naziri vəzifəsinə
təyin edə bilər. Qreqq Respubilkaçılar
Partiyasından prezidentin administrasiyasında yer almış
üçüncü nümayəndədir. Analitiklər
hesab edirlər ki, Prezident Obama bununla antiböhran tədbirlərinin
senatdan keçməsi şansının artacağına
ümid edir.
Dünən isə
ABŞ Prezidenti konqresi xırda məsələlərlə
bağlı diskussiya açmamağa və yanvarın 30-da təqdim
olunmuş planın qəbulunu yubatmamağa
çağırıb.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-4 fevral.-S.6.