Neftçala: kənd və qəsəbələr abadlaşır

 

Xəritədəki görünüşü ilə doğma Azərbaycanımızın kiçik modelinə bənzəyən Neftçala rayonu son illərdə sürətlə inkişaf edib. Rayon mərkəzi ilə bərabər, kənd və qəsəbələrdə də abadlıq-quruculuq işləri genişlənib, adamların həyat şəraiti yaxşılaşıb. Prezident İlham Əliyev Neftçalaya səfəri zamanı rayonda görülən işləri təqdir edib: “Buradakı müasir binalar, işıqlı küçələr, yeni bağlar və xiyabanlar rayonda abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını göstərir. Bu, şübhəsiz ki, ümumi iqtisadi inkişafın nəticəsidir və məni də son dərəcə sevindirir”.

Ötən ay ərzində Neftçalanın kənd və qəsəbələrində keçirilmiş illik hesabat yığıncaqlarında dövlət başçısının rayonun inkişafına göstərdiyi diqqət və qayğıdan razılıq duyğuları ifadə edilib. Demək olar ki, bütün ərazi nümayəndəliklərində bu yığıncaqlar işgüzar şəraitdə keçib, görülmüş işlərdən fərəhlə söhbət açılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Rayon əhalisinin on faizə qədərinin yaşadığı Bankə qəsəbəsində hesabat yığıncağı iştirakçıların fəallığı ilə müşayiət olunub. Bu qəsəbədə 1000-ə qədər fərdi təsərrüfat, 400 kommunal mənzil, 2 ümumtəhsil məktəbi, xəstəxana, 3 idman zalı, 700 nömrəlik ATS, balıq kombinatı, uşaq bağçası, yeni poçt şöbəsi, habelə 50-yə yaxın kommersiya ticarət obyekti fəaliyyət göstərir. Qəsəbə inzibati ərazi nümayəndəsi bildirdi ki, il ərzində küçələrin asfaltlaşdırılması, kanalizasiya xətlərinin çəkilməsi və digər abadlıq, təmir işləri müntəzəm həyata keçirilib. Nazirlər Kabinetinin qərarı ilə Bankə xətt xəstəxanası Dövlət Xəzər Dəniz Gəmiçiliyinin M.Qədirli adına Mərkəzi Hövzə xəstəxanasının tabeliyindən çıxarılaraq rayon mərkəzi xəstəxanasının balansına verilib. H.Z.Tağıyev adına balıq kombinatının balansında olmuş əmlak kompleksi də mərkəzi xəstəxanaya verilib ki, hər iki halda qəsəbənin və ətraf kəndlərin tibb xidməti sahəsində problemləri həllini tapıb. Xəstəxananın bir hissəsi artıq Avropa standartlarına uyğun təmir edilib, işçilərin əməkhaqları ödənilib.

Bankədəki məktəblərdə və uşaq bağçasında qışa hazırlıq məqsədilə tədbirlər görülüb, qızdırıcı sistemlərin işləməsi təmin edilib. Bu ərazidə 18 şəhid ailəsi, 4 Qarabağ əlili, tənha və kimsəsizlər kateqoriyasından bir neçə vətəndaş yaşayır. Onların hər biri zəruri qayğı ilə əhatə olunub. Məhəllələr üzrə fəallar qrupları yaradılıb. Hesabat dövründə bu qruplarla 12 görüş keçirilib. Qaldırılan məsələlərə aydınlıq gətirilib və həllinə nail olunub. Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun Bankə əhalisilə keçirdiyi görüş xüsusilə yaddaqalan olub, qəsəbənin problemlərinin həlli daha da sürətlənib.

Regionların sosial-iqştisadi inkişafı Dövlət Proqramı üzrə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması məqsədilə Bankədə müəyyən iş görülüb. Ərazidəki “Tural”, “Şəfa” kiçik müəssisələri, Almaniyanın Semayteks LTD şirkəti, çörəkbişirmə sexi, “Zəhmətfermer təsərrüfatı işsizliyin aradan qaldırılmasına kömək edən müəssisələrdir. Əvvəllər qəsəbədə balıq məhsulları emalı ilə məşğul olan sahələr faliyyət göstərib, indi həmin sahə üzrə iş yerlərinin açılmasına tələbat duyulur.

Qəsəbədə həyat şəraitinin yaxşılaşması, sayğaclaşdırmanın mütəşəkkil aparılması və əhalinin maarifləndirilməsi hesabına elektrik enerjisi və təbii qaz haqlarının yığılmasında müsbət dəyişikliyə nail olunub. Bu meyl sentyabr, oktyabr, noyabr və dekabrda daha da güclənib.

Hesabat dövründə nöqsanların da olduğu vurğulanıb. Məsələn, qaz xidmətinin çatışmazlığı üzündən ucqar ərazilərdəki fərdi evlərə təbii yanacaq zəif verilib. Qəsəbənin mərkəzi küçələrinin, habelə məktəblərin və uşaq bağçasının əsaslı təmirə ehtiyacı var.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və Prezidentin İcra Aparatının məsul işçisi Ərəstun Mehdiyevin iştirakı ilə Neftçala şəhər inzibati ərazi nümayəndəliyinin illik hesabat yığıncağı əhalinin yüksək fəallığı şəraitində keçdi. Hesabat məruzəsindən sonra ziyalılar, ağsaqqallar, əlaqədar idarə və müəssisələrin rəhbərləri çıxış ediblər, maraqlı təkliflər səsləndirdi.

Məruzəçi 1973 və 1979-cu illərdə ulu öndər Heydər Əliyevin, 2007-ci ildə isə Prezident İlham Əliyevin Neftçalaya səfərlərini minnətdarlıqla xatırladı, rayona dövlət səviyyəsində göstərilən yüksək qayğıdan razılıqla bəhs etdi.

Rayon əhalisinin üçdə-birindən çoxunun yaşadığı Neftçala şəhərində 4 orta məktəb, 1 lisey, 1 internat əsas məktəbi, 1 ibtidai məktəb, 4 uşaq tərbiyə müəssisəsi, mədəniyyət sarayı, kompyuter mərkəzi, musiqi və şahmat məktəbləri, mərkəzi xəstəxana kompleksi, istirahət parkları, çoxsaylı idarə və müəssisələr, ticarət, xidmət sahələri fəaliyyət göstərir. Ərazidə abadlıq işləri geniş vüsət alıb, il ərzində yüz minlərlə kvadrat metr yola asfalt çəkilib, mənzil fondunun qorunması təmin olunub, dam örtükləri təzələnib, binaların fasadı rənglənib. İstehsalat Təmir İstismar İdarəsi daxili imkanlar hesabına həmin siyahıda olmayan bir neçə yaşayış binasında işlər görüb. Lakin yüksək mərtəbəli binaların zirzəmilərindəki kanalizasiya xətlərində baş verən qəzalar vaxtında aradan qaldırılmadığı üçün müəyyən narazılıq yaranıb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin abadlığı ilə bağlı bir çox işləri yerinə yetirsə də, bu idarənin də fəaliyyəti hesabat yığıncağında tam təqdir olunmayıb. Narazılıqlar əsasən məişət tullantılarının yığılması və daşınması ilə əlaqədardır. Ötən il ölkə rəhbərliyinin qayğısı ilə rayona 4 ədəd müxtəlif markalı maşın-mexanizm ayrılıb, amma idarənin rəhbərliyi bundan səmərəli istifadə etməyib.

Neftçalada təlim-tərbiyə müəssisələrinin təmiri, qızdırılması, təchizatı sahəsində xeyli iş görülüb. Şəhər 1 saylı orta məktəbin ötən il respublikanın ən yaxşı məktəbləri sırasında mükafata layiq görülməsi fərəhli hadisələrdəndir.

Hesabat dövründə Neftçala Şəhər Mədəniyyət və İncəsənət Sarayı başdan-başa təmir edilərək nümunəvi vəziyyətə gətirilib. Sarayın qarşısında böyük bir əraziyə tamet döşənilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Gənclər parkı müasir səviyyədə əsaslı təmir olunub, burada müsiqili fəvvarə yaradılıb. Şəhərin uzun illər diqqətdən kənarda qalmış ərazilərində abadlaşdırma işləri aparılıb, “Köhnə qəsəbə” adlanan ərazidə əhalinin zövqünü oxşayan səliqəli park salınıb. Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksində böyük həcmdə təmir-tikinti və abadlıq işləri görülüb. Şəhərin Heydər Əliyev prospektində əlillər üçün 2-ci bina tikilərək istifadəyə verilib. 18 ildən bəri həllini tapa bilməyən kanalizasiya sisteminin bərpası rayon rəhbərliyinin təşəbbüsü ilə uğurla həyata keçirilib.

Məruzəçi şəhərdə sosial obyektlərin tikilməsi, xidmət sahələrinin genişləndirilməsi, inzibati binaların təmiri, əlil ailələri üçün 24 mənzilli daha bir yaşayış binasının özülünün qoyulması və çoxsaylı digər quruculuq tədbirlərinə görə rayon rəhbərliyinə sakinlərin razılığını çatdırdı. Hesabat dövründə “Axmaz göl”ü müntəzəm olaraq təmiz su ilə təchiz etmək üçün Kür çayı üzərində nasos quraşdırılıb, lazımi yerlərdə qurğular qoyulub ki, gölün suyu vaxtaşırı təmizlənsin.

Ötən il şəhər qaz təsərrüfatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. M.Ə.Sabir küçəsinə əhalinin vəsaiti ilə 1200 metrə yaxın yeni kəmər çəkilib, 70 ev mavi yanacaqla təmin edilib. Qaz xətləri rənglənib, Qoltuq yaşayış massivində 8 ədəd tənzimləyici, 10 ədəd siyirtmə təmir olunub. Hazırda şəhərə 1400 metrlik yeni qaz kəməri çəkilməkdədir. Mərkəzi prospektdəki 60 mənzilli beşmərtəbə binaya gedən qaz xətti yenisi ilə əvəz edilib. Digər ərazilərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilir. Bunlarla bərabər, qaz istismar idarəsinin rəhbərliyi öz işini günün tələbləri səviyyəsində qura bilmir.

Ötən il şəhərin işıqla təchizatı xeyli yaxşılaşıb, enerjinin sayğacla ötürülməsi tam təmin edilib. Yeni transformator və işıq dirəkləri qoyulub, mövcud qurğular təmir olunub. Şəhərin su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi məqsədilə önəmli addımlar atılıb. Taleh Qaraşovun təşəbbüsü ilə 3 yeni nasos alındıqdan sonra vəziyyət xeyli yaxşılaşıb. İki nasosxana tikilib. Lakin su-kanal idarəsinin rəhbərliyi infrastrukturun yeniləşməsi üçün təşəbbüs göstərmir. Şəhərə tələbata uyğun su vurulmasına imkan olduğu halda bu iş tam yerinə yetirilmir.

Neftçalada yeni parkların salınması, yaşıllıqların artırılması şəhərin görkəmini xeyli yaxşılaşdırılıb. Əhalinin istirahəti üçün şəraitin yaradılmasını sakinlər bəyənir, alqışlayırlar.

Həsənabad qəsəbəsində əhalinin ümumi sayı 6500 nəfərə yaxındır. Burada 1210 ailə təsərrüfatı var. İki məktəb, iki uşaq bağçası, ambulatoriya, feldşer-mama məntəqəsi, Günəşli tibb məntəqəsi, iki klub, iki kitabxana, iki poçt şöbəsi, 512 nömrə tutumlu ATS, Yod-brom zavodu fəaliyyət göstərir. Hesabat yığıncağında qeyd edildi ki, qəsəbənin abadlaşdırılması ilboyu diqqətdə olub. Əhalinin qaz təminatı yaxşılaşdırılıb. İnzibati ərazinin elektrik enerjisi ilə təminatında problem yoxdur. Nümayəndəlik istehlakçılardan su, qaz, işıq pullarının yığılmasında əlaqədar təşkilatlara yaxından köməklik göstərir.

Hesabat dövründə inzibati ərazidə təmizlik, abadlıq işləri mütəmadi aparılsa da, kommunal xidməti kombinatı olmadığından müəyyən çətinliklər yaranır.

Ötən il ərzində İƏN-də 14 yığıncaq və 4 görüş keçirilib. Vətəndaşların qaldırdığı məsələlər imkan və səlahiyyət daxilində həll edilib, 286 nəfərin şifahi müraciətinə baxılıb və əksəriyyətinə əməl olunub.

Aşağı Qaramanlı kənd inzibati ərazi nümayəndəliyi Astanlı, Aşağı Qaramanlı, Qədimkənd, I Qaralı və Kürqarabucaq kəndlərini əhatə edir. Ümumilikdə ərazi üzrə 1700 təsərrüfat, 6861 nəfər əhali var. Dörd bələdiyyə, “Leqno-Neftçala” MMC, “Xıllı-Avtotəmir”, “Neftçala-Kəndkimya” ASC-ləri, 5 məktəb, 2 tibb ocağı, 2 mədəniyyət evi və 1 klub, 3 toxumçuluq təsərrüfatı, 3 içməli su xidməti stansiyası, 5 modul tipli su doldurucu qurğu fəaliyyət göstərir. Ötən il nümayndəlikdə sosial məsələlərin, iqtisadiyyatın inkişafının əsas istiqamətləri üzrə səmərəli işlər görülüb, problemlərin həllinə əsasən nail olunub. Kəndlərarası yollar təmir edilib, yaşıllaşdırma, təmizlik işləri görülüb, abidə və məzarlıqlar səliqəyə salınıb. Kəndlərin su xətləri təmir olunub, Kürqarabucaqda müasir məktəb binası tikilərək istifadəyə verilib. Təchizat sahəsində müəyyən irəliləyişə nail olunub. Dövlətin qayğısı sayəsində ərazidə torpaqların əkilib-becərilməsinə həvəs daha da artıb. Ötən il 3846 hektar taxıl əkilib, sahələrdən orta hesabla 24,7 sentner məhsul götürülüb. Növbəti il üçünsə 5000 hektarda əkin aparılıb. 415 hektarda pambıq becərilərək yığılıb. 2000 hektaradək yonca sahəsi var. Sertifikat almış toxumçuluq təsərrüfatları fermerləri məhsuldar buğda sortları ilə təmin edir. Ərazidə 3982 baş iribuynuzlu, 19042 baş xırdabuynuzlu mal-qara mövcuddur. Say artımı müşahidə olunur. Əhalinin həyat şəraiti getdikcə yaxşılaşır.

Yığıncaqlarda işgüzar müzakirələr aparılıb, görülən işlər obyektiv dəyərləndirilib, nöqsanlara işıq tutulub və qarşıda duran vəzifələrə diqqət cəlb edilib. Tədbirlərdə rayon rəhbərliyi nümayəndələrinin iştirakı yerlərdəki vəziyyət barədə dəqiq və ətraflı məlumatların toplanmasına, bütün bunların rayon üzrə cari, perspektiv planlarda əksini tapmasına kömək edir. Yerlərdə sakinlər şikayət, təklif və tələblərinin diqqətsiz qalmadığından razılıq edirlər, hər kəsin daha xoş sabahlara inamı güclənir. Hamı əl-ələ verərək Neftçalanın tərəqqisinə zəhmət payını qatmağa çalışır və bundan şərəf, məmnunluq duyur.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.-4 fevral.-S.7.