501 dəfə Vaqif rolunda
...Şuşada
doğuldu, İçərişəhərdə
böyüdü Mustafa. Bir gün isə Mustafanın tale yolu
həmişəlik başqa bir səmtə yol aldı. Məhəllə
uşaqlarına qoşulub, evlərinin beş
addımlığında olan dram teatrına getdi. Burda “Göy
quş” adlı tamaşa göstərilirdi. Mustafanın
gözləri qarşısında özgə bir aləm
açılmışdı. Dövrün tanınmış
səhnə ustaları — Abbas Mirzə Şərifzadə,
Ülvi Rəcəb, Fatma Qədri, Mirzağa Əliyev kimi
aktyorları Mustafa ilk dəfə burda gördü, onların
oyun tərzlərini, səhnə hərəkətlərini
maraqla izlədi, dediklərini yaddaşına
köçürdü.
Məktəbi başa
vuran kimi sənədlərini Bakı Teatr Texnikumuna verdi
Mustafa. Niyyəti uğurlu oldu, tələbələr
sırasına qatıldı. Kazım Ziya, Mərziyə
Davudova, Ağadadaş Qurbanov, Ələsgər Ələkbərov
kimi ustad sənətkarlardan dərs aldı, səhnə sirlərini
öyrəndi. Texnikumu yenicə başa vurmuşdu ki, M.Əzizbəyov
adına Azərbaycan Dövlət Dram Teatrı köməkçi
aktyorların qəbulu üçün müsabiqə elan elədi.
Mustafa bu müsabiqədə özünü sınamaq fikrinə
düşdü və sınadı da. Münsiflər heyətinin
qarşısında İblisin monoloqunu söylədi.
Müsabiqəyə rəhbərlik edən teatrın direktoru və bədii rəhbəri Adil İsgəndərov onu dinləyərkən heyranlığını gizlədə bilmirdi və qarşısındakı kağıza nəsə qeyd edirdi. Müsabiqə başa çatandan sonra o, Mustafanı yanına çağırıb, bağrına basaraq dedi: “Oğul, yadında saxla ki, gələcəkdə sən böyük aktyor olacaqsan, özü də yaxşısından. Sabah mütləq yanıma gələrsən”.
...Yaşı az olduğundan Adil müəllim Mustafanı hələlik özünə köməkçi götürdü. Bir müddət sonra ona uşaq rolları tapşırıldı. C.Məmmədquluzadənin “Ölülər”ində Kefli İsgəndərin kiçik qardaşı Cəlalı və S.Rüstəmin “Qaçaq Nəbi” pyesində Surxayı oynadı. Lakin teatrın əsas aktyor truppasına daxil olmağa vaxt çatmadı. İncəsənət işləri idarəsinin rəisi Mirzə İbrahimovun sərəncamı ilə on altı yaşlı Mustafa Süleymanov 1940-cı ildə Ağdam Dövlət Dram Teatrına göndərildi.
Gənc aktyor müstəqil səhnə fəaliyyətinin ilk səhifələrini Ağdam teatrında yazdı, gənclik enerjisi, gənclik ehtirası ilə işləməyə başladı. Az müddətdə “Solğun çiçəklər”də Bəhram, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Vaqif, “Fərhad və Şirin”də Şapur və Fərhad obrazlarını yaratdı. Həm kollektivin, həm də tamaşaçıların dərin hörmət və rəğbətini qazandı. Ağdam teatrında doqquz il can qoydu, otuz doqquz baş rolda oynadı. 1949-cu ildə Ağdam teatrı bağlandı və qonşu Qaryagin Dövlət Dram Teatrı ilə birləşdirildi. Mustafa Süleymanov da bir neçə aktyorla birlikdə ora dəyişildi.
Gənc aktyor iki il də Qaryagin teatrında çalışdı. Burda da müxtəlif xarakterli bir neçə səhnə obrazı yaratdı. “Leyli və Məcnun”da İbn Səlam, Nofəl, “Aşıq Qərib”də Şahvələd, “Əlli yaşında cavan”da Mərcan və başqa rollarda oynadı, tanınmış xanəndə Ağabala Abdullayevlə neçə-neçə tamaşada tərəf-müqabil oldu.
Qaryagin teatrı da qapılarını tamaşaçılarının üzünə bağladıqdan sonra Mustafa Süleymanov A.Bakıxanov adına Quba Dövlət Dram Teatrına göndərildi. Yaradıcılığının bu dövrü aktyorun özünün dediyi kimi, ömrünün ən yaddaqalan, məhsuldar illərinə çevrildi. Bu teatrda cilalandı, püxtələşdi, təcrübəsini daha da artırdı, maraqlı və sanballı silsilə obrazlar yaratdı: “Od gəlinin”də Elxan, “Sevil”də Balaş, “Aydın”da Aydın və Dövlət bəy, “Oqtay Eloğlu”nda Oqtay və Səməd bəy, “1905-ci ildə” Qubernator, “Şeyx Sənan”da Şeyx Sənan, Şeyx Abuzər və Dərviş, “İblis”də İxtiyar Şeyx və Elxan, “Qaçaq Nəbi”də Alı kişi, “O olmasın, bu olsun”da Sərvər, “Arşın mal alan”da Əsgər, “Qaynana”da İlqar, “Xoşbəxtlər”də Sadıq, “Toy”da Surxay və s.
Bakıya növbəti yaradıcılıq ezamiyyətinə gələndə paytaxtda işləmək fikrinə düşən Mustafa Süleymanov fürsətdən istifadə edib, məqsədini bildirmək üçün dram teatrının baş rejissoru Adil İsgəndərova baş çəkdi. Mustafa Mərdanov, Möhsün Sənani və Səməd Vurğun da həmin vaxt təsadüfən onun yanında idilər. Hamısı ilə şəxsi tanışlığı və səmimi münasibəti olduğundan bir-bir əl verib görüşdü. Hal-əhval tutdular. Mustafa ürəyindən keçənləri Adil müəllimə açıb deyərkən Mustafa Mərdanovla Möhsün Sənani onu tərifləyib, Quba teatrında oynadığı “Solğun çiçəklər”dəki Bəhram və “Qatır Məmməd”dəki Qatır Məmməd obrazlarını çox bəyəndiklərini bildirdilər. Aktyorun səhnə fəaliyyətinə yaxından bələd olan Səməd Vurğun da onların dediklərini təsdiqləyib, sual verdi:
— Mustafa, səhnədə
indi hansı rolları oynayırsan?
— Vaqifi, Fərhadı, Əzizbəyovu...
Səməd Vurğun ədəblə onun sözünü kəsib,
gülümsəyərək dedi: — Mustafa, çalış,
Qubada bir az da qal, işini davam elətdir. Rayonlarımızda da teatr inkişaf etməlidir də.
Respublikamızda teatr nə qədər çox
olsa, o qədər yaxşıdır. Quba
ki, uzaqda deyil, budu buradır, qulağımızın dibindədir.
Bilirsən ki, mən bu rayonun deputatıyam.
Tez-tez gəlib, sənin
çıxışlarına baxacağam. Qorxma, səni
darıxmağa qoymaram, sənətkar
darıxmamalıdır...
Bu kiçik
söhbətdən sonra gənc aktyor çoxdan dostluq elədiyi
böyük şairin sözünü yerə salmadı. Qubaya
qayıdıb, səhnə fəaliyyətini əvvəlki
kimi davam etdirməyə başladı, növbəti
uğurlarını qazandı. 1957-ci ildə
rayon dram teatrlarının respublika festivalında böyük
dramaturqumuz Ə.Haqverdiyevin “Pəri cadu” əsərindəki
Odunçu Qurban rolunun ifasına görə laureat
adını aldı. İki il sonra isə
Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və
incəsənəti ongünlüyündə uğurlu
çıxış etdiyi üçün yaxasını “Əməkdə
fərqlənməyə görə” medalı bəzədi.
Lakin böyük teatrlarda
işləmək, daha böyük sayda tamaşaçı
qarşısına çıxmaq istəyi onu bir an da olsa, tərk etmirdi. Və
xoş bir təsadüf onun bu arzusunu reallaşdırdı.
1958-ci ildə Quba teatrı Göyçayda
tamaşalar göstərirdi.
Təsadüfən
Göyçayda olan və Quba teatrının
tamaşalarına baxan aktrisa Barat xanım Şəkinskaya da
öz heyrətini gizlədə bilməyib, tamaşadan sonra səhnə
arxasına – Mustafanın yanına gəldi, onu Bakıya dəvət
etdi.
Barat Şəkinskayanın
qayğısı və xeyirxahlığı sayəsində
Mustafa Süleymanov qəhrəmanlarını gənc aktyorlar
Səyavuş Aslanova və Məcnun Hacıbəyova
“tapşırıb”, on il səhnəsində əlli rola imza
qoyduğu Quba teatrından halallıq alaraq Bakıya gəldi və
Mehdi müəllimin xeyir-duası ilə 1960-cı ildən
dram teatrının əsas yaradıcı heyətinə qəbul
olundu. Ağasadıq Gəraybəyli, Ağadadaş Qurbanov,
İsmayıl Osmanlı, Əlihüseyn Qafarlı, Sona
Hacıyeva, İsmayıl Dağıstanlı, Əjdər
Sultanov, Hökumə Qurbanova, İmamverdi Bağırov kimi
müqtədir səhnə ustalarından
görüb-götürdü.
Gərgin axtarışlar,
yaradıcı iş və böyük zəhmət
bahasına böyüklü-kiçikli müxtəlif taleli,
müxtəlif xarakterli neçə-neçə obraz
yaratdı, neçə-neçə qəhrəman
ömrü yaşadı, öz aktyorluq ömrünə
neçə-neçə ömür yerləşdirdi.
Canpolad (“Qılınc və qələm”), Kərbəlayı
Vəli (“Ölülər”), Hacı Naib və Kərbəlayı
Türbət (“Dəli yığıncağı”),
Teymurtaş və Fuad (“Almaz”), Həkimbaşı (“Məhəbbət
əfsanəsi”), Murad baba (“Yol ayrıcı”), Poçtalyon
(“Ana tarlası”), Çingiz (“Eşq və intiqam”), Professor (“Sən
yanmasan”), Kapitan Bahadur (“Vəfa”), Bədəl və Kərim Rəhimli
(“Alov”), Nadirov (“Əcəb işə düşdük”),
Martenburov (“Közərən ocaqlar”), Professor Mövsümzadə
(“Unuda bilmirəm”), Sarvan (“Kəndçi qızı”), Fərəcov
və Fərəc (“Sən həmişə mənimləsən”),
Mirzə Sadıq (“Natəvan”), Böyük bəy və Həsənalı
kişi (“Mahnı dağlarda qaldı”), Dədə Qorqud
(“Torpağa sancılan qılınc”), Nəzərli (“Kölgələr
pıçıldaşır”), Böyük qardaş
(“Yatmış gözəl və yeddi qardaş”), Usta Voskan
(“Nakam qız”), İsidor Cakeli (”Darıxma, ana"),
Zindançı (“Unudulan adam”), Poletayev (“Tufanlı illər”),
Bağban (“Atabəylər”), Çapar (“Antoni və Kleopatra”),
Brabanskio (“Otello”) və başqa ədəbi qəhrəmanların
hiss və həyəcanını səhnədə
böyük məharətlə yaşadı.
İlyas Əfəndiyevin
“Mahnı dağlarda qaldı” pyesindəki Böyük bəy
Mustafa Süleymanovun ən çox sevdiyi qəhrəman idi.
Mustafa
Süleymanovu tamaşaçılara sevdirən hansı cəhətləri
idi? Bu
sualı respublikanın əməkdar artisti Hacıməmməd
Qafqazlı vaxtilə belə cavablandırmışdı: “Mənə
elə gəlir ki, hər şeydən əvvəl, maraqlı
obrazlar yaratmaq bacarığı. Biz onlarca
tamaşada tərəf-müqabil olmuşuq. Həmişə də görmüşük ki,
tamaşadan-tamaşaya kamilləşir. Qəhrəmanının
hiss və həyəcanları ilə yaşamaq o aktyora qismət
olur ki, rolun boyasını dəqiq tapsın, əsəri ən
xırda təfərrüatına qədər bilsin, təbii
və dinamik ifa barədə düşünsün”.
Mustafa
Süleymanovun qibtə ediləcək dərəcədə
gözəl yaddaşı vardı. Oynadığı əksər
tamaşalarda təkcə öz sözlərini yox, bütün
əsəri əzbərdən bilirdi. Əgər
teatrda fövqəladə bir hadisə baş versəydi, yəni,
hansısa bir akytor tamaşaya keciksəydi, ya da gəlməsəydi,
rejissor istənilən rolu arxayıncasına ona həvalə
edə bilərdi. Elə ona görə də səhnə
dostları bu sinədəftər aktyoru “ehtiyat oyunçu”, “səhnə
ensiklopediyası”, “teatrın yanğınsöndürəni”
adlandırırdılar.
Qısa müddət ərzində
müxtəlif obrazlar qalereyası yaratmış Mustafa
Süleymanovun özünəməxsus yaradıcılıq
keyfiyyətləri C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının rejissorlarının da diqqətini cəlb
eləmiş və dəfələrlə onu çəkilişə
dəvət eləmişdilər. “Leyli və Məcnun”, “Dədə
Qorqud”, “Babək”, “Yeddi oğul istərəm”, “26-lar”,
“Axırıncı aşırım”, “Nəsimi”, “Qorxma, mən
səninləyəm” kimi kino əsərlərində epizodik
rollarda çıxış etsə də, bu rollardakı rəngarənglik,
ifa müxtəlifliyi qabarıq surətdə
görünür və uzun müddət
tamaşaçının yaddaşından silinmir.
Muxtar Afşarov, Məhluqə
Sadıqova, Mirvari Novruzova, Abbas Rzayev, Məmməd Sadıqov,
Hacı Məmməd Qafqazlı, Sadıq Saleh, Ətayə Əliyeva
kimi ömrünü səhnədə keçirmiş
aktyorlar teatrdan uzaqlaşdırıldı.
Altmış
üç yaşlı Mustafa Süleymanov da digər sənət
yoldaşları kimi dinməz-söyləməz doğma
teatrdan çıxıb-getdi. Teatrda
çalışdığı dövrdə o, düz beş dəfə fəxri ad almağa təqdim
olunmuşdu. Hər dəfə də “sənədləri
çatışmırdı”. “Gələn dəfə
növbə səninkidir”, – deyirdilər . Lakin dünyagörmüş bu kişinin
vüqarı, qüruru kiminsə qapısını döyməyə
ona imkan vermirdi.
Bir gün Azərbaycan Mədəniyyət
Fondunun direktoru, professor Kamal Abdullayev heç yerdə işləməyən
yaşlı sənət adamlarını “Sönməz
ulduzlar” assosiasiyasına dəvət elədi, onlara
qayğı göstərdi, əl tutdu, könüllərini
aldı. Rejissor Məmmədkamal Kazımov isə
onların iştirakı ilə S.Vurğunun “Vaqif” pyesini “Qu
quşunun son nəğməsi” adı ilə tamaşaya
hazırladı. Əlbəttə, Vaqif rolunu onu səhnədə
artıq beş yüz dəfə
oynamış Mustafa Süleymanova təklif etdi. Tükənməz
enerjisinə, daxili qüvvəsinə inanan qocaman aktyor buna məmnuniyyətlə
razılıq verdi.
Tamaşa yeni
quruluşda ərsəyə gəldi. 1999-cu ildə iki dəfə
oynandı, özü də doğma divarlar arasında, dram
teatrının səhnəsində. Mustafa
Süleymanov Vaqif rolunda səhnəyə 501-ci dəfə
çıxdı. Tamaşaya bu qocaları
müqəddəs ocaqlarından didərgin salanlar da
baxırdı. Mustafa Süleymanov şairin
“Əyilməz vicdanın böyük heykəli” məşhur
misralarını deyərkən əli ilə zaldakı rəhbərləri
göstərəndə gurultulu alqışlar qopdu və
özünün sonuncu nəğməsini oxuyan qocaman aktyor bu
alqışların müşayiəti ilə həmişəlik
səhnəni tərk elədi. ...Mustafa Süleymanovla
(11.I.1924 – 2.I.2001) qiyabi
Bakıda isə
gec, təzə əsrimizin ilk ilində görüşdük
onunla.
İyirmi il əvvəlki fikrimi
xatırlatdım. Dedi ki, mən özüm zəng edəcəyəm.
Onun zəngini isə çox gözlədim, bir
xəbər-ətər çıxmadı. 8 il əvvəl o, qəm karvanına qoşularaq
bizim bu fani dünyamızı tərk etdi.
Vasif QULİYEV
Xalq qəzeti.-2009.-4 fevral.-S.7.