Davosda keçirilən “Böyük oyun təkrarlanır”
mövzusunda müzakirələr Azərbaycan həqiqətlərini
növbəti dəfə dünyaya çatdırdı
Prezident İlham Əliyev: Biz yalnız Ermənistanın
beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə riayət etməsini
tələb edirik
Yeni il Azərbaycanın
beynəlxalq aləmə inteqrasiyası, ölkəmizin
dünyanın enerji təhlükəsizliyinin təmin edilməsindəki
rolunun artması baxımından kifayət qədər
uğurlu addımlarla başladı. Müasir dövrün ən
möhtəşəm layihələrindən olan Nabukko qaz
ixrac kəməri ətrafında aparılan müzakirələr,
demək olar ki, özünün sonuncu mərhələsinə
qədəm qoydu. Bu məqsədlə Macarıstanda
keçirilən möhtəşəm beynəlxalq tədbirdə
ən önəmli yeri Azərbaycanın mövqeyi tuturdu. Dövlət
başçımız İlham Əliyev Nabukko sammitində
çıxış etməklə yanaşı, Budapeştdə
Azərbaycanda marağı olan dövlətlərin rəsmiləri
ilə və Azərbaycanın marağında olan təşkilatların
nümayəndələri ilə də görüşərək
ətraflı müzakirələr apardı.
Azərbaycan Prezidentinin
Macarıstandan birbaşa İsveçrəyə yola
düşməsi, ənənəvi Davos dünya iqtisadi
forumunda iştirak etməsi də müasir tariximizin əlamətdar
hadisələrindən biri kimi yadda qaldı. Əvvəla ona
görə ki, Davos forumu çərçivəsində
ölkəmiz üçün kifayət qədər önəm
kəsb edən çoxsaylı tədbirlər keçirildi,
müzakirə və debatlar aparıldı. Bu forumun xüsusi əhəmiyyəti
ondan ibarət idi ki, təşkilatçılar ümumi tədbirdən
əlavə ayrı-ayrı regionları təmsil edən
dövlət və hökumət
başçılarının, yaxud xüsusi nümayəndələrin
debatını da təşkil edirdilər. Bu məqam Azərbaycan
üçün həddən artıq əhəmiyyətli
idi. İkincisi, Davos səfəri çərçivəsində
Azərbaycan Prezidenti dünyanın ən mötəbər
kütləvi informasiya vasitələrinin çoxsaylı
suallarını cavablandıraraq demək olar ki, planetin
bütün ölkələrində Azərbaycan həqiqətlərinin
səsləndirilməsinə nail oldu. Dövlət
başçımızın istənilən müsahibəsi
müstəqil Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzunun daha iti sürətlə artmasına verilən
növbəti təkan idi. İlham Əliyev dünya siyasətçilərinə
növbəti dəfə sübut etdi ki, Azərbaycan Avrasiyada
xüsusi önəm kəsb edən ölkədir və bu
ölkənin yeganə problemi olan Dağlıq Qarabağ
münaqişəsinin ədalətli şəkildə həll
edilməsinin ləngiməsi Azərbaycanla bərabər Avropa
ölkələrinin də ziyanınadır.
Üçüncüsü,
Davos forumu çərçivəsində keçirilən
“Böyük oyun təkrarlanır” adlı geniş iclas
sübut etdi ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan da
özündən əvvəlki dövlət
başçısı kimi İlham Əliyevin
qabağından qorxaqcasına qaçır. Robert
Koçaryanın “qarnım ağrıyır” bəhanəsi
ilə beynəlxalq debatdan qaçması Ermənistan dövlətini
nə qədər gülünc və iyrənc vəziyyətə
gətirdiyi Avropa rəsmilərinin yadından
çıxmamış Serj Sarkisyan növbəti rəzilliyə
əl atdı: “Beş dəqiqəyə gəlirəm”. 15 dəqiqədən
sonra isə Sarkisyanın əvəzinə debata xarici işlər
naziri Nalbandyan qatıldı. Yəni Azərbaycan Prezidentinin
siyasi mühakiməsi, diplomatik təcrübəsi,
prinsipiallığı qarşısında aciz görünən
Ermənistan prezidentlərinin “qabaqdan qaçmaq” ənənəsi
formalaşır. Yeri gəlmişkən, Ermənistanın
indiki rəhbəri Türkiyə Cümhuriyyətinin Baş
naziri Rəcəb Tayyib Ərdoğanla görüşdə də
həddən artıq yazıq idi. Qeyd edilməli növbəti
məqam isə ondan ibarətdir ki, Davos forumu çərçivəsində
dəfələrlə sübut olundu ki, Türkiyə
Cümhuriyyəti Azərbaycanın ən yaxın dostu, tərəfdaşı
və müttəfiqidir. Bu məqamın Baş nazir Ərdoğanın
dilindən səsləndirilməsi isə beynəlxalq aləmə
ünvanlanmış mesaj kimi qəbul edilirdi.
Yanvarın 29-da
keçirilən “Böyük oyun təkrarlanır” devizli
ikinci iclas əslində Avrasiya məkanının problemləri
və perspektivləri mövzusunu əhatə etsə də
burada Türkiyə, Azərbaycan, İran və Ermənistan rəsmiləri
iştirak edirdilər. Nə üçün Avrasiya bu şəkildə
konkretləşdirilmişdi? İclasın
aparıcısı, “Avrasia Group” şirkətinin prezidenti
İan Bremmer həmin məqamı açıqlayaraq qeyd etdi
ki, Avrasiya böyük məkan olduğuna görə bu qəbildən
olan iclaslar regionlar üzrə aparılır. Azərbaycan
Prezidentinə verilən ilk sualın isə Avrasiya ilə
deyil, bilavasitə Avropa ilə bağlı olması da tədbir
təşkilatçılarının ölkəmizə
göstərdiyi önəmin təzahürü idi: “Azərbaycanın
Avropa ilə gələcəkdə iqtisadi inteqrasiyada
marağı varmı?..”
Azərbaycan Prezidentinin cavabı təkcə tədbir iştirakçılarını və televiziya tamaşaçılarını deyil, bütövlükdə Avropa rəsmilərini qane edən şəkildə idi: “Azərbaycan Avropa İttifaqının “Yeni qonşuluq siyasətinə dair Fəaliyyət Planı"nın iştirakçısıdır. İki ildən artıqdır ki, Azərbaycan Avropa İttifaqı ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair planlaşma memorandumu imzalamışdır. Bu gün Azərbaycanın da daxil olduğu Şərq tərəfdaşlığı Proqramı müzakirə olunur. Ümid edirik ki, bu yaxınlarda biz həmin proqramın icrasının əyani şahidi olacağıq. Bütün bu addımlar və tədbirlər Azərbaycanla Avropa arasında əlaqələrin necə inkişaf etdiyini göstərir. Enerji əməkdaşlığını və mövcud müasir enerji nəqli infrastrukturunu da əlavə etsək, görərik ki, birgə görüləcək işlər çoxdur. Avropa ölkələri ilə bizim əlaqələrimiz qarşılıqlı maraq və hörmətə əsaslanır. Ümid edrik ki, bu müsbət dinamika davam edəcəkdir". Aparıcının “Avropanın ikili standartları varmı?” sualını isə Azərbaycan Prezidenti konkret və kəskin cavablandırdı: “... Bəli, biz ikili standartları hər yerdə görürük”.
“Böyük oyun təkrarlanır” devizi altında keçirilən iclasdakı debatın əksər məqamlarının Azərbaycanla bağlılığı var idi. Məsələn, qardaş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın cavabında regionun bugünü və gələcəyi üçün böyük bir narahatlıq ifadə edilirdi: “Bütün hədəfimiz bölgənin maraqlarını müştərək ələ alaraq, birlikdə mənfəət qazanmaqdır. Biz gərək təhlükəsizlik məsələsini də bunun üstünə gətirək və bölgəmiz təhlükəsiz, sabit bir bölgə olsun. Bu sabit bölgədə nə Azərbaycanın Ermənistanla indiki vəziyyəti davam etsin, nə Türkiyənin Ermənistanla, nə də Rusiyanın Gürcüstanla sıxıntılı vəziyyəti davam etsin”. Elə İranın xarici işlər naziri Mənuçehr Mottəki də demək olar ki, cənab Ərdoğanın fikirlərini təkrar etdi: “Bu çərçivəyə əsaslanaraq görürük ki, regionda üç əsas mövzu var: enerji, nəqletmə və təhlükəsizlik. Bu mövzular konstruktiv regional dialoq vasitəsiylə həll olunmalıdır”.
Maraqlıdır ki, tədbirdə həm təşkilatçılar, həm də suallara cavab verən digər dövlət və hökumət rəsmiləri tam səmimi olsalar da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qətiyyən səmimi ola bilmirdi. Çünki onun ölkəsinin işğalçı olduğunu artıq bütün dünyada hamı bilir. İkili standartlar nəticəsində öz müvazinətini güc-bəla ilə qoruyan Ermənistanın rəsmi dairələrində çox yaxşı bilirlər ki, vəziyyət bu şəkildə uzun müddət davam edə bilməyəcəkdir. Ona görə də Nalbandyan Davosda da gah nala vururdu, gah da mıxa: “Mövqelərimiz ondan ibarətdir ki, biz münasibətlərimizi normallaşdırmaq, diplomatik əlaqələr qurmaq, sərhədləri açmaq və narahatlıq doğuran bütün məsələləri ikitərəfli qaydada müzakirə etmək istəyirik”. Köhnə bayatılar, əski nağıllardır. Çox yaxşı bilirlər ki, işğal etdikləri torpaqlardan çıxıb getməsələr heç kəs onları aclıqdan qurtarmaq üçün sərhədləri açmayacaq. Bunu bilə-bilə yenə də saxta çıxışlarını davam etdirirlər.
Mütəxəssislərin fikrincə, Davos forumunda Prezident İlham Əliyevin məntiqi və göstərdiyi qətiyyət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu qat-qat artırdı. Ermənistan rəhbərlərinin riyakarlığı və debatdan qaçması isə bu ölkənin hansı dərəcədə rəzil olduğunu növbəti dəfə göstərdi. Bütün hallarda Davos forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün daha bir şans oldu. Dövlət başçımız bu şansdan həmişəki kimi maksimum şəkildə istifadə etdi.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-5 fevral.-S.3.