Sosial-iqtisadi inkişaf strategiyasının uğurları

 

Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirmiş, əlaqələrini genişləndirmiş və müstəqilliyini əbədi etmişdir. Sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi son illərdəki iqtisadi artım tempinə görə dünyada lider dövlətə çevirdi.

2008-ci ilin oktyabrında keçirilən prezident seçkilərində xalq bütün bu uğurları layiqincə qiymətləndirdi və sülhə, əmin-amanlığa, gələcək firavan həyatlarına və ölkəmizin daha da qüdrətlənməsinin təmin olunmasına səs verərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ən layiqli dövlət başçısı olduğunu bir daha sübut etdi. Xalq öz seçimi ilə bir daha təsdiqlədi ki, bundan sonra da Azərbaycanın dünya birliyində nüfuzunun artmasının, insanların həyat səviyyəsinin yüksəlməsinin, Avropaya və dünya birliyinə inteqrasiya olunmasının başlıca səbəbi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasıdır. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu strategiyanı nəinki davam etdirdi, hətta, yüksək inkişaf səviyyəsinə qaldırdı. Dünya Bankı və Ümumdünya Maliyyə Təşkilatının birgə təqdim etdikləri “Biznes — 2009” hesabatında Azərbaycan dünyanın ən islahatçı dövləti hesab edildi. Digər sahələrdə də böyük uğurlar qazanılıb. Bütün bunlar barəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı məlumat verildi.

2008-ci il dünya tarixində bir çox böyük siyasi hadisələrlə yanaşı, maliyyə və iqtisadi böhran ili kimi də qalacaq. Dünyanın bir sıra ölkələri böhran və qıtlıq, işsizlik burulğanına düçar olmuş, iri şirkətlər öz fəaliyyətlərini dayandırmış, işsizlərin sayı çoxalmışdır. Azərbaycanda isə hər şey əksinə olmuşdur. Belə ki, ötən il iqtisadiyyatımız 11 faiz artmış, ümumi daxili məhsul istehsalının həcmi çoxalmış, yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələr icra olunmuş, nəzərdə tutulan iri infrastruktur proqramlar yerinə yetirilmişdir. Yeri gəlmişkən deyim ki, təkcə 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır. Ötən ilin payızında isə regionlara səfər edən möhtərəm Prezidentimiz çoxlu sayda istehsal və sənaye müəssisələrinin açılışında şəxsən iştirak etmiş, yeni müəssisələrin təməli qoyulmuşdur. Bütün bunlar iqtisadiyyatımızın daha da möhkəmlənməsindən, qüdrətlənməsindən xəbər verir.

Dövlətimizin başçısı ötən ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasdakı çox əhatəli nitqində də bu məsələlələrə geniş aydınlıq gətirərək demişdir: “Bildiyiniz kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhran böyük çətinliklər gətirmişdir. Müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük problemlərlə üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli inkişaf etmişdir və bunun nəticəsidir ki, ölkə 2008-ci ildə daha da güclənmişdir”. Ötən il əhalinin pul gəlirlərinin 36 faiz artması, yoxsulluğun səviyyəsinin 49 faizdən 13,2 faizə qədər azalması da diqqət çəkən məqamlardan olmuşdur.

2008-ci ildə əhalinin sosial-rifah halının yaxşılaşdırılması, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının, sosial müavinətlərin, pensiyaların, təqaüdlərin artırılması məqsədi ilə möhtərəm Prezidentimiz tərəfindən çoxlu sayda sərəncamlar imzalanmışdır. Bu sərəncamlarla elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində çalışanların orta aylıq əmək haqları 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi-tədqiqat müəssisələrində çalışanların əmək haqları 50 faiz artırılmışdır. Ümumiyyətlə, 2008-ci ildə elə bir sahə olmamışdır ki, orada çalışanların sosial rifah halı yaxşılaşdırılmasın. Minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 faiz artırılaraq 75 faizə çatdırılmış, məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği 50 faiz artırılmışdır. Onu da qeyd edim ki, öz doğma ata-baba torpaqlarından, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğuliyyətinin artırılması dövlət başçımızın daim diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2008-ci il məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yadda qalan il olmuşdur. İl ərzində məcburi köçkünlər hər cür sosial infrastruktura malik olan qəsəbələrə köçürülmüş, çadır şəhərciklərinin ləğvi başa çatdırılmış, yeni qəsəbələrin yaradılması işi sürətləndirilmişdir. Bundan əlavə, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün imkanlardan istifadə olunmuşdur. 2008-ci ildə bu sahədə çox əhəmiyyətli işlər görülmüşdür. Ən vacibi ölkəmizin iqtisadi gücünün artırılmasıdır. Çünki iqtisadi cəhətdən qüdrətli olan dövlətlərin beynəlxalq aləmdə də mövqeləri möhkəm olur. Biz Bakı — Tbilisi —Ceyhan əsas ixrac neft və Bakı — Tbilisi — Ərzurum qaz kəmərlərinin istismara verilməsi, habelə digər transmilli layihələrin bünövrəsinin qoyulması zamanı da bunun şahidi olduq. Bundan sonra müstəqil dövlətimizin beynəlxalq miqyasda nüfuzu xeyli artdı, regionda aparıcı dövlətə çevrildi və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəldilmiş hərbi quruculuq və diplomatik fəaliyyət üzrə səyləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. İri layihələrin reallaşmasından sonra ölkəmizə kapital axını daha da gücləndi. Maliyyə və iqtisadi böhranın gücləndiyi bir vaxtda Azərbaycan digər ölkələrdə baş vermiş təbii fəlakətlər zamanı həmin ölkələrə dost əlini uzatmışdır. Fakt üçün deyim ki, Qırğızıstanda, Myanma İttifaqında, Pakistan İslam Respublikasında, Çin Xalq Respublikasında, Tacikistan Respublikasında və Fələstin Muxtariyyətində baş vermiş təbii və humanitar fəlakətlərin aradan qaldırılması ilə bağlı maliyyə yardımları edilmiş, bu məqsədlə dövlət büdcəsindən yardım ayrılmışdır. Göründüyü kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhran Azərbaycan üçün heç bir təhlükə yaratmamış, əksinə, ölkəmiz bu böhrana məruz qalmış dövlətlərə arxa-dayaq olmuşdur. Bu, dövlət başçımızın müstəqil, düşünülmüş, ağıllı daxili və xarici siyasətinin nəticəsidir. Azərbaycan Prezidenti öz nitqində bu məsələyə münasibət bildirərkən demişdir: “Son beş il ərzində müxtəlif məqamlarda bizim siyasətimizə mane olmaq istəyənlər, yaxud da daxili işlərimizə qarışmaq istəyənlər və ya hansısa formada siyasətimizi bəyənməyən dairələr vaxtaşırı öz səslərini qaldırmağa çalışmışlar. Bizə bəzi hallarda daha çox 4-5 il bundan əvvəl məsləhət vermək və ya yol göstərmək, ya da ki, tövsiyə vermək , yaxud göstəriş vermək cəhdləri olmuşdur. Biz bütün bunları yaxşı xatırlayırıq. Əgər biz o vaxt bu sözlərə baxsaydıq və yolumuzdan dönsəydik, iradə göstərməsəydik, bu gün Azərbaycanın vəziyyəti sözə baxanların vəziyyətinə yaxın olardı. Bütün təzyiqlərə, bütün əsassız ittihamlara baxmayaraq, bəzi hallarda çirkin böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönmədik”.

Bəli, məhz belə müstəqil və məntiqli siyasətin nəticəsi olaraq hazırda Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasındadır. Ölkəmizdə yaradılmış davamlı ictimai siyasətin, demokratik şəraitin nəticəsi olaraq dünyanın iri şirkətləri Azərbaycana sərmayə qoymaqda davam edir, iqtisadi əlaqələri daha da möhkəmləndirməkdə maraqları artırırlar. Həm iqtisadi, həm də siyasi baxımdan bölgədəki nüfuzumuzun artması Azərbaycanı getdikcə daha yüksək zirvələrə qaldırır. 2009-cu ildə həm ölkəmizi, həm də Azərbaycan vətəndaşlarını daha yaxşı günlər gözləyir. Dövlət büdcəmizin ötən illərlə müqayisədə artırılması da bundan xəbər verir. Biz artıq bunu hiss etməyə başlamışıq. Ölkədə ümumi daxili məhsul istehsalının həcminin artırılması, yeni yaradılmış istehsal müəssisələrinin öz gücü ilə işləməsi, dövlətin kənd təsərrüfatının inkişafına diqqəti artırması nəticəsində bolluq yaranmış, istehlak bazarında qiymətlərin aşağı düşməsi müşahidə olunmuşdur. Artıq əhali də ərzaq, kənd təsərrüfatı və sənaye mallarının qiymətlərinin sürətlə aşağı düşməsindən razılıq edir, bunu ölkədə yaradılmış bolluqla əlaqələndirirlər. Bu, həqiqətən də belədir. Ötən illə müqayisədə ən zəruri ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi tam təsdiqini tapıb. Xalq dövlətimizin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan bu nailiyyətlərə sevinir, fəxr edir və qürur hissi duyur ki, ötən prezident seçkilərində də cənab İlham Əliyev kimi geniş siyasi dünyagörüşə malik olan bir şəxsiyyətə səs verib. Xalq bununla bir daha təsdiqlədi ki, Heydər Əliyev siyasi kursu, bu kursun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yaxın gələcəkdə dünyanın inkişaf etmiş dövlətləri ilə bir cərgədə olacaq.

2009-cu ildə qarşıya qoyulan məqsədlərə nail olmaq prioritet vəzifələrdən biridir. Dövlət başçımız qətiyyətlə bildirib ki, maliyyə və iqtisadi böhrana baxmayaraq ölkəmiz və əhali üçün vacib hesab edilən bütün sosial proqramlar maksimum şəkildə icra edilməlidir. Azərbaycanın şöhrəti daha yüksəkliklərə qaldırılmalı, əhalinin sosial-rifah halı yaxşılaşdırılmalıdır.

Xalq inanır ki, bu il də ölkəmiz yalnız irəliyə — yaxşılığa doğru gedəcək.

 

 

Rüstəm XƏLİLOV,

 Milli Məclisin deputatı  

 

Xalq qəzeti.-2009.-5 fevral.-S.4.