Ölkə sənayesinin dinamik inkişafı davam edir
Azərbaycanın iqtisadi və
sosial həyatında müşahidə olunan inkişaf meylləri
getdikcə güclənir, istehsal və xidmət sahələrində
qazanılan uğurların sayı ilbəil artır. Bu
baxımdan yola saldığımız 2008-ci il də ölkəmiz
üçün son dərəcə əlamətdar olmuş,
əldə edilmiş uğurların əyani təcəssümü
olan makroiqtisadi göstəricilər Azərbaycanın
inkişaf sürətinə görə dünya öncülləri
sırasındakı mövqeyini bir qədər də gücləndirmişdir.
Ötən il bir sıra istehsal sahələrində məhsul
buraxılışının həcminin artması, investisiya
fəallığının daha da güclənməsi,
sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa
geniş meydan verilməsi ölkənin iqtisadi
dayaqlarının bir qədər də möhkəmlənməsini
və beynəlxalq aləmə inteqrasiya prosesini xeyli sürətləndirmişdir.
Regionlarda iqtisadi fəallığın getdikcə güclənməsi,
yeni istehsal sahələrinin yaradılması da ümumi
inkişaf prosesinə təkan vermişdir. Dövlət
Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə
Azərbaycanda 38 milyard manatlıq ümumi daxili məhsul
istehsal edilmiş, ölkənin inkişafını xarakterizə
edən bu əsas makroiqtisadi göstərici üzrə 10,8
faizlik və ya müqayisəli qiymətlərlə 3,7 milyard
manatlıq artım əldə olunmuşdur.
İl ərzində ölkə
üzrə istehsal olunmuş ümumi daxili məhsulun 57,4 faizi
sənaye sahələrində, 5,8 faizi kənd təsərrüfatı,
ovçuluq və meşə təsərrüfatında, 7,6
faizi tikinti kompleksində, 6 faizi ticarət və pullu xidmət
sahələrində, 5,1 faizi nəqliyyatda, 1,9 faizi rabitədə,
9,1 faizi digər xidmətlər və sosial sahələrdə
yaradılmış, 7,1 faizi isə məhsula və idxala xalis
vergilərin payına düşmüşdür. İlkin məlumatlara
görə, əlavə dəyərin 85 faizi qeyri-dövlət
bölməsində yaradılmışdır. Ötən il
ölkədə adambaşına 4439,9 manatlıq (5403,9
ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur
ki, bu da 2007-ci illə müqayisədə 9,5 faiz çoxdur.
Göründüyü kimi, dünyanı
bürümüş maliyyə böhranına baxmayaraq, Azərbaycanda
sosial və iqtisadi həyatın bütün sahələrində
inkişaf tendensiyası davam etmişdir. Respublika Nazirlər
Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın
yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, dünyanı bürümüş maliyyə və
iqtisadi böhranın yaratdığı böyük çətinliklər
ucbatından müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə
uğrasa da, işsizlik artsa da, Azərbaycanda ötən il
yeni müəssisələr açılmış,
iqtisadiyyat artmışdır. İl ərzində həm
dövlət investisiyaları, həm də özəl sektorun
fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng
infrastruktur layihələri icra olunmuşdur.
2008-ci ildə ölkə
iqtisadiyyatının əsasını təşkil edən
mühüm sənaye sahələrində də sürətli
inkişaf baş vermişdir. Dövlət Statistika Komitəsinin
məlumatına görə, ötən il sənaye müəssisələri,
fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən
28 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu
da 2007-ci illə müqayisədə 6 faiz artım deməkdir.
İl ərzində istehsal olunmuş sənaye məhsulunun
76,6 faizi və ya 21,5 milyard manatlığı mədənçıxarma,
17,7 faizi və ya 5,2 milyard manatlığı emal, yerdə
qalanı isə elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölmələrinin
payına düşmüşdür. Göründüyü
kimi, ölkə sənayesinin artım tendensiyası davam edir və
son beş ildə onun real həcmi 2,5 dəfə
artmışdır. Onu da deyək ki, ölkə sənayesinin
real həcminin ilbəil artmasında uğurlu neft
strategiyası mühüm rol oynamışdır. Belə ki,
dünyanın inkişaf etmiş ölkələrini təmsil
edən transmilli şirkətlərlə bağlanmış
sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli
inkişafını təmin etmiş, bu sahələrdə
hasilatın rekord səviyyəyə çatmasına səbəb
olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev
adına Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum
qaz kəmərlərinin, eləcə də digər nəql
marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın
ixrac imkanlarını xeyli artırmışdır. Bununla belə,
ölkəmizdəki ümumi inkişafı yalnız neft və
qaz amili ilə bağlamaq da düzgün olmazdı. Nazirlər
Kabinetinin son iclasında bu məsələyə toxunan
Prezident İlham Əliyev demişdir: “... Bizim
uğurlarımızı bəzi bədxahlar, yaxud da ki, bizdə
olan vəziyyəti yaxından bilməyən, ya da ki,
hansısa paxıllıq hissləri ilə yaşayan insanlar bəzi
hallarda neft amilinə bağlamaq istəyirlər. Əlbəttə
ki, Azərbaycanın uğurlu neft strategiyası ölkə
iqtisadiyyatının inkişafında çox böyük rol
oynamışdır. Bu rol davam edir və gələcəkdə
də davam edəcəkdir. Bizim enerji siyasətimiz ölkəmizə
çox böyük fayda gətiribdir...
Uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə
ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi
uğurlarımızın təməlində
düşünülmüş siyasət dayanır, ölkənin
milli maraqlarının qorunması dayanır, siyasi islahatlar,
demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və
bütün bunları görməmək mümkün
deyildir”.
Doğrudan da, hazırda
ölkəmizin qeyri-neft sahələrində də inkişaf
meylləri aydın nəzərə çarpır. Bu da təsadüfi
deyil. Çünki son illər ölkəmizin ayrı-ayrı
yerlərində bir çox istehsal və emal sənayesi müəssisələrinin
tikilib istifadəyə verilməsi qeyri-neft sektorunun
inkişafına, minlərlə iş yerinin
açılmasına, yeni malların istehsalına,
bütövlükdə isə məhsul
buraxılışının çeşidinin artmasına səbəb
olmuşdur. Bütövlükdə isə 2008-ci ildə sənaye
istehsalının ümumi həcmində məhsul
buraxılışının payı 93,8 faiz, sənaye
xarakterli xidmətlərin payı isə 6,2 faiz təşkil
etmişdir. İl ərzində istehsal olunmuş sənaye məhsulunun
18,8 faizi dövlət, 81,2 faizi isə özəl bölmənin
payına düşmüşdür.
Ölkədə sərbət
istehsal fəaliyyəti üçün yaradılmış əlverişli
şərait və azad sahibkarlığa geniş meydan verilməsi
nəticəsində sənayedə qeyri-dövlət bölməsinin
payı artmaqda davam edir. 2008-ci ildə sənaye məhsulunun
81,2 faizinin məhz özəl bölmədə istehsal
olunması da bunu təsdiqləyir. Xatırladaq ki, bu göstərici
əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur.
Bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye
obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə
uyğun yaradılmış yeni istehsal sahələrinin
işində də böyük canlanma hiss olunur. 2008-ci ildə
sənaye sektorunda fəaliyyət göstərən səhmdar
cəmiyyətlər tərəfindən 1 milyard 44,8 milyon
manatlıq və ya ümumi buraxılışın 3,7 faizi qədər
sənaye məhsulu istehsal edilmiş və xidmətlər
göstərilmişdir. Müqayisə üçün deyək
ki, 2007-ci ildə bu göstərici 1 milyard 17,3 milyon manat təşkil
etmişdir.
2008-ci ildə sənayenin
qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə də
yüksək artım qeydə alınmışdır. Ən
yüksək göstərici isə kimya sənayesində (34,2
faiz), dəridən məmulatlar və ayaqqabı
istehsalında (27,2 faiz), metallurgiya sənayesi və hazır
metal məmulatlarının istehsalında (23,3 faiz),
maşın və avadanlıqların istehsalında (7,9 faiz)
müşahidə olunmuşdur. Bundan əlavə, il ərzində
üzüm şərabı, pivə və alkoqolsuz içkilər
də daxil olmaqla, bir çox qida məhsullarından olan ət,
süd, meyvə və tərəvəz şirələri, təmizlənmiş
duru bitki yağları və s. istehsalında da əhəmiyyətli
artım qeydə alınmışdır. Ötən il sənaye
müəssisələrində istehsal olunmuş 28 milyard manatlıq
məhsul istehlakçılara göndərilmiş və
2009-cu ilin əvvəlinə sənaye müəssisələrinin
anbarlarında əvvəlki dövrlərdən qalan
qalıqlar da nəzərə alınmaqla 213 milyon manatlıq
və ya dekabr ayının 1-i vəziyyəti ilə
müqayisədə 28,5 milyon manat az hazır məhsul
ehtiyatı olmuşdur. Hazır məhsul ehtiyatının daha
çox hissəsi — 61,7 faizi Bakı şəhərinin
payına düşmüşdür. Digər hissəsi isə
Sumqayıt (13,2 faiz), Şirvan (2,8 faiz), Mingəçevir (1,6
faiz) şəhərlərinin, Şəki (2,4 faiz) və
Göyçay (2 faiz) rayonlarının sənaye müəssisələrinin
anbarlarında qalmışdır. Bundan əlavə, anbarlarda
adı çəkilən şəhər və
rayonlardakı ayrı-ayrı sənaye müəsssisələrinin
öz istehsalı olan məhsullardan başqa, digər müəssisələrdən
alınmış və satış üçün nəzərdə
tutulmuş 21,9 milyon manat məbləğində digər
mallar da olmuşdur.
Beynəlxalq iqtisadi fəaliyyət
növlərinin təsnifatına gəlincə isə ötən
il mədənçıxarma və ya hasilat sənayesində əvvəlki
illə müqayisədə 5,3 faizlik artım baş
vermişdir. İl ərzində xam neft hasilatı (qaz
kondensatı da daxil olmaqla) 44,5 milyon ton təşkil
etmişdir ki, bu da Azərbaycanın neft sənayesi
üçün rekord göstərici hesab olunur. Hesabat
dövründə ABƏŞ tərəfindən qaz
kondensatı da daxil olmaqla 35,9 milyon ton neft hasil olunmuşdur.
Hasil olunmuş xam neftin qalan hissəsi isə “Azneft”
İstehsalat Birliyinin və ARDNŞ-lə birgə
yaradılmış müştərək müəssisələrin
payına düşmüşdür. 2005-ci ildə Azərbaycanda
qaz hasilatındakı tənəzzülün
qarşısı alındıqdan sonra bu sahədə də
yüksək inkişaf dinamikası müşahidə olunur.
Ötən il səmt qazı da nəzərə alınmaqla
ölkə üzrə 22,8 milyard kubmetr təbii qaz istehsal
olunmuşdur ki, bunun da 16,3 milyard kubmetri əmtəəlik qaz
təşkil etmişdir. Bütövlükdə isə son
beş ildə mədənçıxarma sənayesində məhsul
istehsalı 2,8 dəfə, o cümlədən neft hasilatı
2,9 dəfə, qaz hasilatı isə 3,2 dəfə
artmışdır. Bu illər ərzində Azərbaycanda
157,2 milyon ton neft və 43,9 milyard kubmetr əmtəəlik
qazın istehsal olunması isə, şübhəsiz, neft və
qaz sənayesinin yüksək inkişaf dinamikasından xəbər
verir. 2008-ci ildə mədənçıxarma bölməsinin
çınqıl, qırma daş, xırda çay
daşı, həmçinin tikinti qumu istehsalı sahələrində
də yüksək artım müşahidə olunmuşdur. Bu
da ölkədə həyata keçirilən iri infrastruktur
layihələrinin həyata keçirilməsi ilə əlaqədar
adı çəkilən mallara tələbatın artması
ilə bağlı olmuşdur.
Hesabat ilində sənayenin
emal bölməsinin işi də qənaətbəxş
olmuş, bu sahədə 7,4 faizlik artım qeydə
alınmışdır. Onu da deyək ki, emal sənayesində
işlərin 52,2 faizi bilavasitə qeyri-dövlət
sahibkarlıq subyektləri və ev təsərrüfatları
tərəfindən həyata keçirilmişdir. İl ərzində
ölkə üzrə ət istehsalı 7,5 faiz, duru bitki
yağları 14,7 faiz, üzüm şərabı 31,4 faiz,
meyvə və tərəvəz şirələri isə 46,5
faiz artmışdır. İstehsal olunmuş qida məhsullarının,
demək olar ki, hamısı qeyri-dövlət müəssisələrinin
və ev təsərrüfatlarının payına
düşür.
2008-ci il emal bölməsinin
metallurgiya və hazır metal məmulatlarının
istehsalı müəssisələri üçün də
uğurlu olmuşdur. Belə ki, il ərzində sahənin
mühüm növ məhsullarından sayılan tökmə
çuqun, qeyri-cins poladdan dəstələr şəklində
katankalar, qara metallardan məftil, kanatlar,
hörülmüş iplər və oxşar məmulatlar,
alüminium qapı və pəncərə blokları,
qapılar üçün astanalar, qara metallardan tikinti taxtabəndləri
üçün dirəklər və oxşar avadanlıqlar
istehsalında yüksək artım qeydə
alınmışdır. Bütövlükdə isə
adı çəkilən sahələrdə məhsul
istehsalı 2007-ci ilin səviyyəsindən 23,3 faiz çox
olmuşdur.
İl ərzində
maşın və avadanlıqların, həmçinin nəqliyyat
vasitələri və avadanlıqlarının istehsalı
müəssisələrində əsas növ məhsulların
istehsalı da xeyli artmışdır. Artım, əsasən
ştanqlı quyu nasosları, məişət kondisionerləri,
traktorlar və yük avtomobillərinin istehsalı hesabına
baş vermişdir. İl ərzində optik və elektron
avadanlıqlarının istehsalında isə, əksinə, azalma
qeydə alınmışdır.
Ölkə sənayesinin digər
sahəsi olan elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi sektorunda 2007-ci illə
müqayisədə istehsalın həcmi əsasən bu sahədə
göstərilmiş xidmətlərin hesabına 7,7 faiz
artmışdır. Ötən il ölkə üzrə
elektrik enerjisi istehsalı 2 faiz azalmış, ümumi
istehsalın 10,6 faizi su elektrik stansiyalarının, 89,4 faizi isə
istilik elektrik stansiyalarının payına
düşmüşdür. Bütövlükdə 2008-ci ildə
ölkənin elektrik stansiyalarında 20,2 milyard kVt- saat elektrik
enerjisi istehsal olunmuşdur. Son beş ildə isə ölkə
üzrə istehsal olunmuş elektik enerjisinin miqdarı 112,4
milyard kVt- saat təşkil etmişdir.
2008-ci ilin yanvar-noyabr
aylarında ölkənin sənaye müəssisələrində
çalışan işçilərin sayı 178,9 min nəfər
olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 4,3 faiz artım deməkdir. Ümumi
işçilərin 60,6 faizi sənayenin dövlət, 39,4
faizi isə qeyri-dövlət bölməsində
çalışmışdır. Bu dövrdə sənaye
işçilərinin orta aylıq nominal əmək haqqı
425,7 manat təşkil edərək, 2007-ci ilin on bir
ayının səviyyəsini 22,9 faiz ötmüşdür.
Neft sektorunda əmək haqqının səviyyəsi
bütövlükdə ölkə sənayesi üzrə orta
göstəricidən xeyli artıq olmuşdur. Belə ki, sənayenin
mədənçıxarma fəaliyyəti üzrə məşğul
olan müəssisələrdə çalışan
işçilərin aylıq məvacibi 1000 manatı
ötmüşdür. Bundan əlavə, neft emalı, nəqliyyat
avadanlıqlarının istehsalı, metallurgiya, maşın və
avadanlıqların istehsalı və digər qeyri-metal mineral
maddələrinin istehsalı sahələrində də orta
aylıq əmək haqqının səviyyəsi xeyli
yüksək olmuşdur. Bütövlükdə isə ötən
il orta aylıq əmək haqları mədənçıxarma
bölməsində 19,2 faiz, emal sənayesində 29,9 faiz,
elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölməsində isə
34,6 faiz artmışdır.
Yaxın illərdə
ölkəmizdə sənayeləşmə tendensiyası daha
da sürətlənəcək. Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi ilə işlənib hazırlanmış neft
strategiyasının uğurla reallaşdırılması,
regionların sosial-iqtisadi inkişafına diqqətin daha da
artırılması, ölkədə iri infrastruktur layihələrinin
icrası, yerli istehsalın stimullaşdırılması
istiqamətində həyata keçirilən tədbirlər və
s. amillər iqtisadiyyatın mühüm sahəsi olan sənayeyə
böyük inkişaf perspektivləri vəd edir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.-2009.-5 fevral.-S.5.