Obama Rusiyaya nüvə arsenalının azaldılmasını təklif etdi

 

ABŞ prezidenti Barak Obama nüvə arsenalının yarıyadək azaldılmasıyla bağlı Rusiya tərəfinə təklif göndərib. Böyük Britaniyada nəşr edilən “Times” qəzetinin yazdığına görə, Ağ evin yeni sahibi hər iki ölkənin malik olduğu nüvə silahlarının sayının 80 faizə qədər azaldılmasını vacib hesab edir.

Təklif olunan ixtisarlara görə, hər iki ölkənin nüvə başlıqlarının sayı mindən artıq olmamalıdır. Qəzetin məlumatına görə, adı çəkilən məsələ ilə əlaqədar xüsusi komitə də yaradılacaq. Həmin komitəyə ölkənin keçmiş prezidenti Bill Klintonun dövründə ABŞ-ın nüvə məsələlərinin həlli ilə məşğul olan rəsmi nümayəndəsi Qari Seymur başçılıq edəcək. Maraqlıdır ki, bu məsələdəki məsləhətləşmələrə dövlət katibi Hillari Klinton rəhbərlik edə bilər.

Ehtimallara görə, burada əsas məqam Buş administrasiyası dövründə ABŞ tərəfindən Avropanın əksər ölkələrində yerləşdirilən Raket Əleyhinə Müdafiə (RƏM) sistemindən imtina edilib-edilməyəcəyi məsələsidir. Hansı ki, rəsmi Moskva adı çəkilən sistemlərin yerləşdirilməsinin qəti əleyhinədir. Rusiya tərəfi Amerika raketlərinin öz sərhədləri yaxınlığında yerləşdirilməsini ölkənin təhlükəsizliyi üçün arzuolunmaz olduğunu bəyan edir. Hətta Rusiya prezidenti Dmitri Medvedev buna cavab olaraq uzaq mənzilli “İsgəndər” raketlərini Avropa ilə həmsərhəd olan ərazilərə yerləşdirilməsi barədə xüsusi tapşırıq vermişdi.

Həmçinin o da qeyd olunur ki, nüvə arsenalının azaldılması ilə bağlı olacaq bu razılaşma Böyük Britaniyaya da şamil ediləcək. Məlumat üçün deyək ki, bu ölkə 160 ədəd nüvə başlığına malikdir.

Xatırlatmaq yerinə düşər ki, seçkiqabağı çıxışlarında Barak Obama Avropa qitəsində RƏM-lərin yerləşdirilməsinə etiraz etməyəcəyini bildirmişdi. Lakin bu o halda baş verə biləcək ki, həmin sistemin lazımi effekti verə biləcəyi sübut olunsun.

Göründüyü kimi, ABŞ-la Rusiya arasında ciddi fikir ayrılıqları mövcuddur. Bunu nəzərə alan yeni prezident Barak Obama yaxın aylarda Rusiyaya səfər etmək fikrindədir. Ehtimallara görə, Obama Moskvaya apreldə yola düşəcək. Sözsüz ki, səfər zamanı əsas müzakirə mövzusu Raket Əleyhinə Müdafiə Sistemi və nüvə arsenalının azaldılması olacaq.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.-2009.-5 fevral.-S.6.