Ukrayna Stalin repressiyaları ilə bağlı sənədləri
Polşaya verib
Ukrayna Təhlükəsizlik Xidməti
keçən əsrin
1930-1940-cı illərində Stalin repressiyası haqqındakı
sənədlərin elektron
surətini Polşanın
Milli Yaddaş İnstitutuna verib. Həmin sənədlərin
üzərindən məxfilik
Ukraynanın müstəqilliyi
illərində ləğv
edilmişdi. Bu barədə ölkənin
Təhlükəsizlik Xidməti
məlumat yayıb.
Polşaya ötürülmüş
sənədlər arasında
1935-1936-cı illərdə SSRİ Xalq Daxili İşlər
Komissarlığının “Polşa hərbi təşkilatı” adı
altında polyaklara qarşı həyata keçirdiyi repressiyalar haqqında xidməti yazışmalar, komissarlığın
70 minə yaxın polyak və almanın Ukrayna ərazisindən Qazaxıstana
köçürülməsi əməliyyatı haqqında,
eləcə də Ukraynadakı Polşa hərbi əsirlərinin saxlandığı düşərgələr
barədə sənədlər
var. Sənədlər Kiyevdə
Ukrayna Təhlükəsizlik
Xidmətinin sədri vəzifəsini icra edən Valentin Nalivayçenko və Milli Yaddaş İnstitutunun nümayəndələri
arasında keçirilmiş
görüşdə təqdim
edilib. Nalivayçenko danışıqlar zamanı bildirib ki, “Polşa və Ukrayna 1930-1940-cı
illərdə. Xüsusi xidmətlərin
arxivindən naməlum
sənədlər” birgə
seriyasının artıq
yeddi cildi çapdan çıxıb
və səkkizinci cild çapa hazırlanır. O, eyni
zamanda bu məsələnin hər
iki tərəf üçün çox vacib olduğunu və bu sahədə
əməkdaşlığın bundan sonra da
davam etdiriləcəyini
əlavə edib. Bundan başqa, tərəflər 1917-1991-ci illər
siyasi repressiyalarının
öyrənilməsi üzrə
birgə iş aparılması barədə
müqavilə imzalanması
haqqında da razılığa gəliblər.
Müqavilənin yaxın vaxtlarda
imzalanacağı gözlənilir.
Qeyd edək ki, Polşanın
Milli Yaddaş İnstitutu 1998-ci ildə yaradılıb və
1944-1990-cı illərdə Polşa vətəndaşlarına
qarşı törədilmiş
cinayətlərin toplanması,
öyrənilməsi, eləcə
də araşdırılması
ilə məşğul
olur. Keçən əsrin 30-40-cı illərində Rusiyada polyaklara qarşı repressiyaların təhqiqi
çərçivəsində ən məşhur cinayət işlərindən
biri “Xatın işi” adlanır. Bu
iş 1940-cı ildə
Xatın ətrafında
14 min Polşa hərbi
əsirinin (əsasən
zabitlərin) güllələnməsi
ilə bağlıdır.
İş 2004-cü ildə, 14 illik təhqiqatdan sonra bağlanmışdı.
Rusiya Federasiyasının Baş
Hərbi Prokurorluğu
Polşa zabitlərinin
güllələnməsini soyqırım (genosid) aktı kimi etiraf etməkdən çəkinmişdi. 2008-ci
ildə isə Xatın hadisəsi zamanı həlak olan polyakların qohumları Moskvanın Xamovniçesk məhkəməsinə
müraciət edərək
hərbi prokurorluğun
2004-cü ildə qəbul
etdiyi qərara yenidən baxılmasını
xahiş etmişdilər.
Onlar zabitlərin güllələnməsi
faktının soyqırım
kimi tanınmasını
və həlak olanlara bəraət verilməsini tələb edirdilər. Ancaq Rusiya
məhkəməsi belə
bir qərar qəbul etməkdən imtina edib. Bundan sonra isə Moskva Şəhər Məhkəməsi Xamovniçesk
məhkəməsinin qərarından
verilmiş apellyasiya şikayətini qəbul etməmişdi.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-5 fevral.-S.6.