“Qu gölü” klassik balet sənəti ulduzlarının
ifasında oynanılacaq
P.Çaykovkskinin “Qu
gölü” baleti balet sənəti həvəskarlarının
ən sevimli tamaşalarından biridir. Baletsevərlər
dünyanın tanınmış, adlı-sanlı balet
ulduzlarının ifasında bu tamaşanı hər dəfə
böyük maraqla qarşılayırlar.
“Qu gölü” baletinin fevralın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək növbəti tamaşasında iştirak etmək üçün teatrın rəhbərliyi Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Rusiyanın xalq artisti Anastasiya Koleqovanı dəvət etmişdir. A.Koleqova tamaşada əsas partiyanı Odetta-Odilliya partiyasını ifa edəcəkdir. A.Koleqova Sankt-Peterburqlu baletsevərlərin ən sevimli solistlərindən biridir, onun iştirak etdiyi tamaşalar hər zaman anşlaqla keçir.
Anastasiya balet artistlərinin Böyük Britaniya, Almaniya, Yaponiya və İsveçrədə keçirilən beynəlxalq müsabiqələrinin qızıl medalları və birinci mükafatlarına layiq görülmüşdür. O, vaxtaşırı dünyanın bir çox ölkələrində qastrol səfərlərində olur. İndiyə kimi istedadlı balet ulduzunun ABŞ, İtaliya, Hindistan, Belçika, Hollandiya, Avstriyaya baş tutan səfərləri çox böyük uğurla keçmişdir. Parisdə dərc olunan “Fiqaro” qəzeti Anastasiyanı “XXI əsrin qızıl balerinası" adlandırmışdı.
A.Koleqova Çelyabinskdə doğulmuş, A.Y.Yaqanova adına Rusiya Balet Akademiyasını bitirmişdir. Müxtəlif balet truppalarının tərkibində — Konstantin Taçkinin, Boris Eyfmanın balet teatrlarının, Litva Milli Opera və Balet Teatrının, Mariinski Teatrının truppalarında çalışmışdır. Məşhur baletmeyster B.Eyfman A.Koleqova haqqında mətbuatdakı çıxışlarında yazırdı: “A.Koleqova balet artisti üçün vacib olan fantastik göstəricilərə malikdir. O, öz partiyalarını yüksək professional səviyyədə ifa edir və çıxış etdiyi tamaşaların bəzəyidir”.
Tamaşada A.Koleqovanın tərəf-müqabili kimi şahzadə Ziqfrid rolunda çıxış etmək üçün Mariinski Teatrının aparıcı solisti, Rusiyanın əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Danil Korfuntsev dəvət olunmuşdur.
Qastrolçularla yanaşı “Qu gölü” baletinin tamaşasında digər əsas partiyalarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri — Azərbaycan Respublikasının əməkdar artistləri Gülağası Mirzəyev, Yuri Lobaçov, Samir Səmədov, Rimma İsgəndərova, Yelena Skomoroşenko, gənc solist Timur Əsgərov və b. çıxış edəcəklər.
Opera və Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşanı respublikanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
Heç şübhəsiz ki, klassik balet sənəti ulduzlarının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qarşıdakı çıxışları paytaxtımızın mədəni həyatında əlamətdar bir hadisə olacaqdır.
Qəzənfər QASIMOV
Xalq qəzeti.-2009.-5 fevral.-S.7.