Dünya İqtisadi Forumunun iştirakçıları tərəfindən Azərbaycan ən sürətlə inkişaf edən ölkə kimi tanındı

 

Artıq ənənə halını almış Dünya İqtisadi Forumu bu il də öz işini başa çatdırdı. İsveçrənin kurort şəhəri olan Davosda keçirilən bu beynəlxalq əhəmiyyətli tədbirin əsas məqsədi müasir dövrün siyasi-iqtisadi problemləri, işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri və digər həlli vacib problemlərin aradan qaldırılması yollarının müzakirəsi idi.

Ekspertlərin fikrincə, Davosda keçirilən builki forumda qlobal inkişafın əsas problemlərinin müzakirəsi dünyanı düşündürən məsələlərdir. Mütəxəssislər hesab edirdilər ki, Davos forumu dünya iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək, dünyanı ağuşuna alan maliyyə və iqtisadi böhranın aradan qaldırılması üçün çıxış yolunun tapılmasında çox faydalı olacaq. Məhz buna görə də builki forumda 100-dək ölkədən 2500-dən çox nümayəndə iştirak edirdi. Həmçinin 41 dövlət və hökumət başçısı, dünyanın iri şirkətlərinin nümayəndələri, tanınmış iqtisadçılar, ekspetlər, beynəlxalq qurumlar və nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri də tədbirə qatılmışdılar.

Təbii ki, həm bizim üçün, həm də Dünya İqtisadi Forumunun iştirakçıları üçün Azərbaycan Prezidentinin çıxışı böyük maraq kəsb edirdi. Bu da təsadüfi deyildir. Çünki son illər Azərbaycan sürətli iqtisadi inkişaf yoluna qədəm qoymuş, iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətə çevrilmiş, Dünya Bankı Azərbaycanı ən islahatçı dövlət hesab etmişdir. Bundan əlavə ölkəmiz iri infrastruktur layihələrin reallaşdırılmasında təcrübəli dövlət kimi tanınmışdır. Bir vaxtlar əfsanə kimi xəyallarda canlanan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin əsasının qoyulması və digər iri layihələrin həyata vəsiqə alması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmış, iri şirkətlərin ölkəmizə sərmayə qoyulmasına maraqlarını artırmışdır. Biz Davos forumunda bunun bir daha şahidi olduq.

Tədbir iştirakçıları dünyada böhranlı vəziyyətin cərəyan etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının inkişaf tempinin aşağı düşməməsinin, ümumi daxili məhsul istehsalının artım sürətinin şahidi oldular. Qeyd olundu ki, 2003-cü illə müqayisədə 2008-ci ildə dünya iqtisadiyyatının artımı 25,4 faiz olub. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. Fikir verin, ABŞ kimi qüdrətli dövlətdə iqtisadiyyatın artımı 13,3 faiz, Avropa İttifaqı ölkələrində 13,7 faiz, MDB ölkələrində 45,4 faiz, Çində 66,5 faiz təşkil etdiyi halda, Azərbaycanda son beş ildəki artım 2,6 dəfə olmuşdur. Enerji sahəsindəki uğurlar da diqqət mərkəzində idi. Azərbaycan bu sahədə Avropa üçün əhəmiyyətli bir ölkəyə çevrilib. Forumun əsas tədbirlərindən biri hesab edilən “Enerji Outlook-2009” iclasında dövlətimizin başçısının nitqi böyük maraqla dinlənilmişdir. Enerji layihələrindən söhbət açan Prezident İlham Əliyev uğurlu və düşünülmüş siyasətin nəticəsində ölkədə beynəlxalq əhəmiyyətli layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini diqqətə çatdırdı. Bu sahədə ölkəmizin artıq təcrübəli dövlət kimi diqqət mərkəzində olması qeyd edilmişdir. Bütün bunlar ümumi daxili məhsul istehsalının həcminin getdikcə artmasına öz müsbət təsirini göstərmişdir. Dövlətimizin başçısı 2009-cu ildə bu göstəricinin daha da artacağını bildirmişdir. Qeyd etdiyimiz kimi, dünyanı bürüməkdə olan maliyyə və iqtisadi böhran vaxtında Azərbaycanda ümumi daxili məhsul istehsalının daha da artacağı maraqla qarşılanmışdır. Ona görə də dövlətimizin başçısına verilən suallardan biri də məhz bu barədə idi. Reuters agentliyinin müxbiri Qay Folkonbriqin ”Sizin proqnozunuza əsaslansaq, ÜDM-nin artımı nə qədər olacaq” sualına Azərbaycan Prezidenti belə cavab verdi: “Fakt ondan ibarətdir ki, son beş il ərzində ölkəmizdə ÜDM 2,6 dəfə artıbdır. Fikrimcə, bu tarixi rekorddur. Gələn aylar ərzində, proqnozumuza uyğun olaraq, bu göstərici təxminən 10 faiz ola bilər. Zənnimcə, qlobal böhran şəraitində bu rəqəm kifayətedici səviyyədən də artıqdır. Bu inkişaf səviyyəsini davam etdirməyə çalışacağıq. Biz artıq neft sektoruna böyük sərmayələr qoymuş, dövlət maliyyə vəsaitləri və kreditlər hesabına özəl sektora güclü şəkildə dəstək vermişik. Hazırda biz qeyri-neft sektorunun inkişafının bəhrəsini, iqtisadiyyatımızın şaxələndirilməsinin faydasını görürük. Gələcəkdə bu cür inkişaf bizə neftin qiymətindən asılı olmamaq imkanı yaradacaq”.

Azərbaycan Prezidentinin ölkəmizin inkişafı ilə əlaqədar söylədiyi faktlar ölkədə ictimai-siyasi sabitliyin davamlı olması, azad sahibkarlığa əlverişli şəraitin yaradılması bir çox iri şirkətlərin diqqətini cəlb etmişdir. Onlar dövlətimizin başçısına yaxınlaşaraq Azərbaycanda yeni müəssisələr yaratmaq istədiklərini bildirmişlər. Məsələn, Hindistandan olan əczaçılıq şirkətinin nümayəndəsi Bakıda və ölkəmizin digər bölgələrində əczaçılıq zavodu açmaq arzusunda olduğunu söyləmişdir. Dövlət başçımız onun bu ideyasını yüksək qiymətləndirərək demişdir: “Bu, çox yaxşı ideyadır və həm ölkələr, həm də şirkətlər üçün daha faydalı olardı. Hazırda bizdə əczaçılıq sənayesi yoxdur, bütün dərmanlar xaricdən gətirilir. Əgər siz əczaçılıq zavodu açmaq istəyirsinizsə, biz bundan şad olardıq. Bunu etmək çətin deyil. Hazırda bizdə biznesi aparmaqda, o cümlədən sərmayə qoymaqda çox asan tənzimləyici qaydalar mövcuddur. Siz, sadəcə bazar haqqında məlumatı əldə etməli və sərmayələri planlaşdırmalısınız. O ki qaldı başqa qaydalara, bunlar asanlıqla həll oluna bilər. Biz bu səyləri yüksək dəyərləndirərdik və beləliklə, Azərbaycanda yeni sənaye sahəsi açılardı”.

Göründüyü kimi, Azərbaycanda azad sahibkarlıq fəaliyyətinə geniş meydan verilməsi Davos Forumunda iştirak edən iri şirkət rəhbərlərinin diqqətindən yayınmamışdır. Onlar maliyyə və iqtisadi böhranın Azərbaycana bir o qədər də təsir etməyəcəyinə əmin olduqdan sonra ölkəmizdə yeni müəssisələr açmaq fikrində olduqlarını gizlətmirlər. Bununla, həm də Azərbaycan Prezidentinə inandıqlarını, güvəndiklərini nümayiş etdirirlər. İri şirkət rəhbərləri hər hansı bir ölkəyə sərmayə qoyarkən ilk növbədə həmin ölkədə ictimai-siyasi sabitliyin vəziyyəti ilə maraqlanır, sonra isə həmin ölkənin dövlət başçısının nüfuzunu, idarəetmə təcrübəsini, intellektual səviyyəsini qiymətləndirirlər. Bu baxımdan Azərbaycan Prezidenti dünyada böyük nüfuz sahibidir. İri şirkətlərin Azərbaycana sərmayə qoymasına, yeni müəssisələr açılmasına maraq göstərmələrinin əsas səbəblərindən biri budur. Ona görə də ölkəmizdə martın 18-də keçiriləcək referendum da diqqət mərkəzində olmuşdur. ABŞ-ın məşhur “Wall Street Journal” qəzetinin, Reuters agentliyi və digər kütləvi informasiya vasitələri əməkdaşlarının referendumla bağlı sualları diqqəti cəlb etmişdir. Prezident İlham Əliyev isə bu barədə ona ünvanlanmış suallara çox müdrikcəsinə aydınlıq gətirmişdir. Bu baxımdan Reuters agentliyinin əməkdaşının referendumla bağlı verdiyi suala Azərbaycan Prezidentinin cavabını diqqətə çatdırmaq yerinə düşər. Möhtərəm Prezidentimiz demişdir: “Referenduma bir çox məsələlər çıxarılacaq və yekun olaraq xalq öz münasibətini bildirəcəkdir. Referendum, bir çox digər ölkələrdə olduğu kimi, xalqa qərar qəbul etmək imkanı yaradan demokratik prosedurdur. Seçilməklə bağlı məhdudiyyətə gəldikdə, dünya təcrübəsinə nəzər salsaq, eyni vəziyyəti görəcəksiniz. Əgər xalq bu və ya digər lideri dəstəkləyirsə, xalqın onu seçmək hüququ var”.

Dünya ictimaiyyətinə martın 18-də Azərbaycanda keçiriləcək referendumun əsl mahiyyəti bəlli oldu. Referendumun əsas məqsədi, həm də insan hüquq və azadlıqlarının daha geniş aspektdə qorunmasını təmin etmək, demokratik prinsipləri daha da inkişaf etdirmək, Azərbaycan seçicilərinin seçmək və seçilmək hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması, dövlətçiliyin daha da möhkəmləndirilməsidir. Xalqın bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə səs vermək hüqüquna malik olması demokratik prinsipdir. Referendum xalqın öz iradəsini ifadə etməyə şərait yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Davos səfəri, orada keçirdiyi görüşlər, iclaslardakı çıxışları dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı bu mötəbər tədbir çərçivəsində ABŞ-ın “Wall Street Journal” qəzetinə, GNBC televiziya kanalına, Reuters agentliyinə və CNN televiziya kanalına verdiyi müsahibələrdə Azərbaycanın bölgədə söz sahibi olması, ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması, bütün sahələr üzrə islahatların uğurla aparılması xalqı narahat edən əsas problemlərdən biri olan işsizliyin aradan qaldırılması və son beş ildə 766 min yeni iş yerinin yaradılması, Azərbaycanın enerji təhlükəsizliyinədə artan rolu barədə ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan tərəfinin sülh siyasəti, Ermənistanın isə hələ də işğalçılıq missiyasını davam etdirməsi bütün dünyaya bəlli olmuşdur. Möhtərəm Prezidentimiz Azərbaycanın mövqeyini açıqlayaraq demişdir: “Bizim mövqeyimiz tam aydındır: münaqişə beynəlxalq hüquq normaları əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin həll olunmamasının əsas səbəbidir”.

Davos İqtisadi Forumu öz işini başa çatdırdı. Bu əhəmiyyətli tədbirin iştirakçılarına bir daha bəlli oldu ki, bu gün Azərbaycan tam müstəqil bir ölkədir, heç bir dövlətdən asılı deyil, özünü tam təmin edən ölkədir. Bütün sahələr üzrə islahatlar uğurla aparılır, ölkə iqtisadiyyatı durmadan inkişaf edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 2008-ci ildə dünyada bir nömrəli islahatçı ölkə elan olunması müstəqil dövlətimizin əldə etdiyi uğurlara verilən yüksək qiymətdir. Qeyd olundu ki, Azərbaycanın maliyyə ehtiyatları 20 milyard dollara yaxındır. Hətta dünya maliyyə və iqtisadi böhranının ilk aylarında da iqtisadiyyatımız davamlı şəkildə inkişaf etmişdir. Bu inkişaf bu il də, növbəti illərdə də qorunub saxlanılacaq və Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada olacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-6 fevral.-S.1.