Dəvəçi: fərəhli nəticələr gələcək uğurların stimuludur

 

2008-ci ilin yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar Dəvəçi rayonunda keçirilən hesabat müşavirəsi rayon rəhbərliyinin, qonaqların və yığıncaq iştirakçılarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində və icra hakimiyyətinin qarşısında ucaldılmış abidələri önünə tər çiçək dəstələrinin qoyulması ilə başladı. Sonra qonaqlar və rayon rəhbərliyi iclas salonunun foyesində təşkil olunmuş özəl istehsal müəssisələrinin məhsullarının sərgisi ilə tanış oldular. Qeyd olundu ki, son bir ildə özəl sektorun inkişafına rayon rəhbərliyinin xüsusi diqqəti nəticəsində bu sahədə çox böyük nailiyyətlər əldə edilmişdir.

İdarə və müəssisə rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi müşavirəni hesabat məruzəsi ilə Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov açdı. Natiq çıxışına son beş ildə Azərbaycan Respublikasında gedən sürətli sosial-iqtisadi inkişafdan, ölkədə kənd təsərrüfatı və sənayenin istehsal sahələrinin durmadan artmasından, makroiqtisadi sabitliyin möhkəmlənməsindən, Azərbaycanın qeyri-neft sektorunun böyüməsindən, respublikanın ixrac potensialının artmasından və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə 16 yanvar 2009-cu ildə keçirilmiş Nazirlər Kabinetinin iclasında bütün bu sahələrdən müfəssəl məlumat verildiyini qeyd etdi. Rayon icra hakimiyyətinin başçısı daha sonra dedi:

— Ötən il dünyanı bürüyən qlobal maliyyə böhranı bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatını zəiflətsə də respublikamız, düzgün müəyyənləşdirilmiş strateji kurs və çevik islahatlar sayəsində gözlənilən təhlükələrdən yayına bilmiş, iqtisadi inkişaf yolunu davam etdirmişdir. Şərəfləndirici bir tarixi faktdır ki, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən Azərbaycan 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanınmışdır.

Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada davamlı artım və dinamik tərəqqi müşahidə edilməsin. 2008-ci ildə ölkəmizdə ümumdaxili məhsulun real artımı 10,8 faiz olmuş və bu inkişaf tempinə görə Azərbaycan dünyanın lider dövləti elan edilmişdir. Son 5 ildə iqtisadiyyatın həcmi 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə artmış, ilin nəticələrinə görə artım müvafiq olaraq 11 və 7 faiz qeydə alınmışdır. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılmışdır. Dünyanın maliyyə qurumları ilə əməkdaşlıq və biznes mühitinin lazımi səviyyədə əlaqələndirilməsinin nəticəsidir ki, respublikamız müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatına 57 milyard dollar investisiya qoyulmuşdur. Bunun isə 44 milyardı və ya 77 faizi son 5 il ərzində olmuşdur.

İqtisadiyyatdakı uğurlu siyasət Azərbaycana nüfuzlu investor qismində fəaliyyət göstərmək imkanı vermişdir. Ölkə sərmayəsinin xarici ölkələrdə reallaşdırılan iqtisadi layihələrə yönəldilməsi respublikamızın müstəqil siyasəti olan dövlət kimi beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmişdir.

2008-ci ilin sosial-iqtisadi uğurlarında son beş ildə həyata keçirilən kompleks tədbirlərin, reallaşdırılan dövlət proqramlarının əlamətdar nəticələri olmuşdur. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində görülən işlər bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir.

Proqramın icrasına 6 milyard manat investisiya qoyulmuşdur. Proqram üzrə nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsi sayəsində ölkənin tarazlı inkişafına nail olunmuş, əmək ehtiyatlarından səmərəli istifadə edilmiş, yeni istehsal sahələri yaranmışdır. Ölkə üzrə 26 min 641 yeni müəssisə fəaliyyətə başlamışdır. 766 min yeni iş yeri açılmış, 1600 məktəb, 240 tibb müəssisəsi, 14 müasir olimpiya-idman kompleksi və 4 beynəlxalq aeroport tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev daim yeniləşən, demokratik dəyərlərə sədaqətini əzmlə qoruyub saxlayan ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğuna, xalqın mənafeyinin qorunmasına, onunla birbaşa ünsiyyətə, milli maraqların təmin olunmasına xüsusi önəm verir. Dövlət başçısı ötən il 36 şəhər və rayonda 160-dan çox obyektin açılışında və təməlqoyma mərasimində iştirak etmişdir.

2008-ci il rayonumuz üçün də yadda qalan, uğurlu il olmuşdur. Ölkənin bütün regionlarını əhatə edən iqtisadi tərəqqi, sosial-mədəni quruculuq mühiti Dəvəçidə də yaşanmış, kifayət qədər diqqət çəkən ən uğurlu nəticələr qazanılmışdır.

Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da 2008-ci ilin sosial- iqtisadi uğurlarının əsasında son 5 ildə möhtərəm cənab Prezidentimiz tərəfindən həyata keçirilən kompleks tədbirlər, reallaşdırılan dövlət proqramları dayanmışdır.

Rayon icra hakimiyyəti dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş, icra edilməsinə ciddi tələbkarlıq göstərilən bu vəzifələrin yerinə yetirilməsində ciddi səy göstərmiş, imkanlardan maksimum istifadə etməyə çalışmışdır.

2008-ci ildə rayonda 11,4 milyon manat həcmində tikinti, abadlıq, quruculuq işləri görülmüşdür. Bu əvvəlki illərdəkindən 5 milyon manat çoxdur. Son 5 ildə isə rayonda tikinti, abadlıq işlərinin ümumi həcmi 23,6 milyon manat olmuşdur. Göründüyü kimi təkcə 2008-ci ildə görülən işin həcmi əvvəlki 4 ilə bərabər olmuşdur.

İl ərzində yerinə yetirilən tikinti-quruculuq işlərində dövlət investisiya vəsaiti 5,33 milyon manat olmuşdur ki, bu da ümumi işin həcminin 46,7 faizini təşkil edir. Ötən il dövlət büdcəsinin yerli xərclərindən abadlıq-quruculuq işlərinə 704,2 min manat vəsait sərf edilmişdir. Bu isə 2007-ci ildəkindən 343 min manat, əvvəlki 4 ildən isə 249 min manat çoxdur.

N.Novruzov onu da qeyd etdi ki, son 5 ildə rayonda abadlıq-quruculuq işlərinə investisiya vəsaitinin, həmçinin yerli xərclərdən ayırmalar nəzərə çarpan dinamika ilə artmışdır. 2008-ci ildə bu rəqəmlər son 2003-2007-ci illərlə müqayisədə 2 milyon manat və ya müvafiq olaraq 65,5 faiz çox olmuşdur.

Bu dövlət qayğısının, möhtərəm Prezidentimiz İlham Əliyevin regionlara göstərdiyi diqqətin bir nümunəsidir. Möhtərəm Prezidentin tapşırığı əsasında ötən il rayonumuzda abadlıq, quruculuq işləri üçün Dövlət Neft Fondundan 1 milyon manat vəsait ayrılmışdır. Ötən 5 ildə isə bu məbləğ 1milyon 840 min manat olmuşdur. Ayrılmış vəsait Dəvəçi şəhərində həlli vacib olan ən zəruri işlərin yerinə yetirilməsinə yönəldilmişdir.

2008-ci ildə “Azərkörpü” SC Dəvəçi şəhərində 500 min, bələdiyyələr 110 min, xeyriyyəçilərin vəsaiti ilə 42 min, daxili imkanlar hesabına 800 min manat həcmində abadlıq, quruculuq işləri aparılmışdır. Özəl bölmənin, sahibkarlıq müəssisələrinin tikintisinin ümumi həcmi isə 2,9 milyon manata çatmışdır. 2008-ci ildə tikinti -abadlıq işlərinin ümumi həcmi 2006-cı ildən 5,4 dəfə, 2007-ci ildən 2 dəfə çox olmuşdur.

Natiq görülən işlərin bir qismini xüsusi qeyd etdi:

— Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Dəvəçi şəhərinin Heydər Əliyev prospektində 438,5 min, Rəsulzadə küçəsində 453,6 min, Əzizbəyov, F.X.Xoyski, Atatürk küçələrində və şəhər stadionunda 104,4 min manatlıq tikinti-abadlıq işləri aparılmışdır. Piyada yollar, səkilər, su ötürücü arxlar, istirahət yerləri tikilmiş, nasoslar quraşdırılmış, 2,1 kilometr uzunluğunda küçənin işıqlandırma xətti salınmış, dirəklər qoyulmuşdur. Göstərilən yerlərdə 6 fəvvarə, “Dədə Qorqud” abidə barelyefi, Heydər parkında 4 müasir giriş qapısı və digər vacib tikililər inşa edilmişdir. Məmmədağa Nəzirov parkı demək olar ki, yenidən tikilmişdir. Ərazidə 740 kvadratmetr sahədə səki tikilmişdir. Ərazi tamamilə işıqlandırılmış, Dəvəçiçayın ətrafı hasarla möhkəmləndirilmişdir. İki yerdə ulu öndərimizin pannosu ucaldılmışdır. Dəvəçinin 60 illiyi parkında 367 kvadratmetr meydana daş döşənmiş, 3 istirahət köşkü, parkın 2 müasir darvazası tikilmişdir.

Dəvəçi şəhərinin mərkəzində Heydər Əliyev meydanının tikintisi başa çatmış, meydanda ulu öndərin qranitdən abidəsi ucaldılmışdır. Şəhər 1 saylı orta məktəbin qarşısında “Heydər Əliyev Azərbaycan məktəbi” abidə barelyefi tikilmişdir. Hazırda Heydər Əliyev muzeyinin, Heydər parkının, Heydər Əliyev seyrangahının tikintisi davam edir. “Dəvə”abidə kompleksinin ikinci hissəsi tikilmişdir.M.Nəzirov parkının arxa hissəsində yeniyetmələr üçün kiçik futbol meydançası tikilmişdir.

Dəvəçi şəhərinin 7 küçəsində (Heydər Əliyev prospekti, M.Nəzirov, S.Vurğun, R.Behbudov, Nizami, Sabir, M.Müşviq) 3180 kvadratmetr asfalt beton yol, 11 küçədə 6,18 kilometr uzunluğunda çınqıl yol salınmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi istifadəyə verilmişdir.Rayonda fərdi mənzil fondu artmış, ümumi sahəsi 8610 kvadratmetr olan 82 yeni fərdi yaşayış evi tikilmişdir. Əhalinin Sosial Müdafiə Mərkəzinin, rayon maliyyə şöbəsinin inzibati binalarının tikintisi başa çatmışdır.Statistika idarəsi üçün yeni inzibati bina tikilir. Dövlət vəsaiti ilə tikilən ən böyük yerli layihə olan 80 çarpayılıq rayon xəstəxanasının tikintisinə başlanılmışdır.

2008-ci ilin vəzifələrini müəyyənləşdirərkən rayonda iqtisadi və sosial sahələrin bütün aspektləri üzrə görülən işlərlə bağlı 94 bənddən ibarət proqram qəbul olunmuşdu və bunu ictimaiyyətə bəyan etmişdik. Həmin tədbirlərin demək olar ki, əksəriyyəti yerinə yetirilmiş və ya icrası başa çatmaq üzrədir. Lakin tədbirlərin bir neçəsi, daha dəqiq desək 14-ü obyektiv səbəblərdən icra olunmamışdır ki, onlar da 2009-cu il üçün nəzərdə tutulmuş inkişaf planına daxil edilmişdir.

İndi rayonumuzun ərazisində xüsusi əhəmiyyətli, çox böyük həcmli dövlət layihələri yerinə yetirilir.Nəhəng Taxtakörpü su anbarı, su elektrik stansiyası tikilir. Müasir dünya standartlarına uyğun Bakı-Rusiya beynəlxalq yolunun tikintisinin 32 kilometri rayonumuzun ərazisindən keçir. Bu yolun bizim üçün xüsusi önəmi bir də ondadır ki, magistral yolun Dəvəçi şəhərinin mərkəzindən keçən, ciddi çətinlik yaradan hissəsi kənara çıxarılır.

Bütün bunlar ölkə başçısının, möhtərəm cənab Prezidentin qayğı və diqqətinin respublikamıza, onun vətəndaşlarına, bölgələrin inkişafına verdiyi önəmin nəticələridir.

Natiq rayonun istehsal sahələrindəki uğurlarını da müşavirə iştirakçılarının diqqətinə çatdırdı.

— 2008-ci ildə rayonumuzun iqtisadi göstəriciləri də artan temp üzrə getmişdir. İl ərzində istehsalın həcmi 261,6 milyon manat olmuşdur ki, bu da əvvəlki ildən 1,4 dəfə çox, sənaye məhsulu istehsalı 12,4 milyon manat və ya 37,7% çox, kənd təsərrüfatı məhsulu istehsalı 37,9 milyon manat və ya 20% çox olmuşdur.

Sahibkarlığın inkişafı və yeni istehsal sahələrinin yaradılması istiqamətində də irəliləyiş vardır.Ötən 5 ildə rayon ərazisində 7 istehsal müəssisəsi açılmışdır. Bunlardan 2-si ötən ilə təsadüf edir. Dəvəçi şəhərində quşçuluq sexi, Sincanboyad kəndində “Nurtson” üzlük daş sexi işə başlamışdır. Bərpa olunmuş Gəndab şərab zavodu bu ilin məhsul qəbuluna hazırdır. 2008-ci ildə 22743 kvadratmetr xidmət sahəsi olan 26 ticarət iaşə, məişət xidməti obyekti tikilmişdir. Uzunboyad kəndində “Şirə-şərab” zavodunun, Sincanboyad kəndində kərpic zavodunun tikintisi davam etməkdədir.

Son beş ildə rayonda 4650 iş yeri açılmışdır. Onlardan 2386-sı daimi iş yeridir.Bunun isə 712-si 2008-ci ilin payına düşür. Əhalinin pul gəlirləri 2 dəfədən çox artaraq 49,4 milyon manata çatmışdır. Orta əmək haqqı 23 faiz artaraq 161,4 manatdan 198 manata çatmışdır.

Yola saldığımız ildə sənaye məhsullarının 86,4 faizi, kənd təsərrüfatı məhsulları istehsalının 99,6 faizi özəl sektorun payına düşür ki, bu da ölkə göstəricilərindən yüksəkdir. Ölkə üzrə bu göstərici 69 faizdir. İl ərzində rayonda adambaşına düşən məhsul istehsalı 1,3 dəfə artmışdır. Ötən il rayonumuzun sahibkarları 2,5 milyon manat kredit almışlar. 2008-ci ildə alınmış kreditlərin həcmi əvvəlki ildən 80 min manat çox , ondan istifadə edənlərin sayı isə 873 nəfər artıq olmuşdur.

Rayonumuzda turizmin imkanlarının reallaşdırılması istiqamətində də ciddi tədbirlər görülür. Bu məqsədlə rayonun müxtəlif ərazilərində 6213 hektar torpaq sahəsi ayrılmış və həmin ərazilərin sxematik planları çəkilmişdir.

2008-ci ildə “Xudafərin” istirahət mərkəzi istifadəyə verilmiş, Dəvəçi şəhərində “Sara” istirahət mərkəzi, Qazbabalı, Çaraq, Sincanboyad kəndləri ərazisində istirahət mərkəzləri tikilir. Dəvəçi şəhərində “Azərkörpü” SC tərəfindən 4 mərtəbəli mehmanxana binası tikilmişdir.

Rayonumuzda kənd təsərrüffatı dinamik inkişaf etmişdir. 2009-cu ilin məhsulu üçün 12,3 min hektar sahədə əkin aparılmışdır. Bu əvvəlki ildən 730 hektar çoxdur.

Hesabat ilində rayonda 7654 ton tərəvəz, 746 ton meyvə, 7137 ton üzüm istehsal edilmişdir. Mal-qaranın sayı 1580 baş artaraq 22994 başa, qoyun və keçilərin sayı 4026 baş artaraq 41308 başa çatmışdır. 2008-ci ildə 11738 ton ət, 10889 ton süd, 18 milyon 852 min ədəd yumurta istehsal olunmuşdur ki, bu göstəricilər də ötən ildəkindən çoxdur.

İl ərzində 37,9 milyon manat kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki illərlə müqayisədə 20 faiz çoxdur. Ötən il 163 fermer aqrokredit təşkilatından 517,8 min manat kredit almışdır. Rayon üzrə alınmış güzəştli kreditlərin ümumi həcmi 3,5 milyon manat, ondan istifadə edənlərin sayı isə 3514 nəfər olmuşdur.

“Kənd təsərrüfatı məhsulları istehsalına dövət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən 2960 fiziki və hüquqi şəxsə becərdikləri 9738 hektar əkin sahəsinə görə 389 min 531 manat müavinət, 2808 nəfərə əkdikləri 8348 hektar buğda sahəsinə görə 333 min 949 manat yardım ödənilmişdir.

Güzəştli qiymətlə 166 fermerə 255,9 ton mineral gübrə verilmişdir.Rayonumuzun hər bir kənd əməkçisi bu qayğıya görə dövlət başçısına minnətdar olmaya bilməz.

Rayonumuz respublikada keçirilən kənd təsərrüfatı yarmarkalarında fəal iştirak edir. İl ərzində respublika bazarlarına 14 adda 680 tondan çox məhsul göndərilmişdir.

İcra hakimiyyətinin başçısı ərzaq təhlükəsizliyi proqramının həlli istiqamətində Dəvəçi rayonunda görülən işlərdən, əkin sahələrinin genişləndirilməsindən, bağların sahəsinin 18 hektar artırılaraq 454 hektara, üzümlüklərin sahəsinin 8 hektar artırılaraq 81 hektara çatdırılmasından, suvarma sisteminin bərpası və yenidən qurulmasından və bu məqsədlə Beynəlxalq İnkişaf Fondunun “Şimal-şərq inkişaf layihəsi” əsasında dəyəri 2 milyon manat olan layihənin icrasından ətraflı məlumat verdi. Natiq həmçinin təhsil, səhiyyə və mədəniyyət sahəsində əldə olunan uğurlarla yanaşı bir sıra çatışmazlıqları və problemləri də müşavirə iştirakçılarına açıqladı və bu sahələrə cavabdeh olan rəhbər işçilərə bundan ciddi nəticə çıxarmağı tövsiyə etdi. O, rayonda gənclər siyasətinin həyata keçirilməsinə, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə də xüsusi əhəmiyyət verildiyini, poçt, rabitə xidmətinin günün tələbləri səviyyəsində qurulmasını əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin və pensiyaçıların güzəranının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri və nəticələri konkret faktlar və rəqəmlərlə diqqətə çatdırdı.

Qeyd olundu ki, məişətdə başlıca sahə olan elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində də böyük işlər görülmüşdür. Sayğaclaşdırma demək olar başa çatmaq üzrədir. Elektrik enerjisinin dəyərinin ödənilməsi 90-95 faizə çatmışdır.

İcra başçısı qaz təchizatında da bir sıra problemlərin olmasını qeyd etdi və bildirdi ki, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq dövlət qurumları, “Azəriqaz” Səhmdar Cəmiyyəti müvafiq tədbirlər görməlidir. Su xətlərinin çəkilməsi və bərpası, rayonun kanalizasiya sisteminin tam istifadəyə buraxılması günün ən vacib məsələsi olaraq qalır – deyən, N.Novruzov, görülən işlərlə kifayətlənməməyi, konkret məsələlərin həll olunmasının zəruriliyini vurğuladı.

Rayon icra hakimiyyəti başçısı əldə olan uğurların əsas səbəbinin məhz dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətlə birbaşa bağlı olduğunu qeyd etdi və məruzəsini bu sözlərlə bitirdi:

2009-cu ilin vəzifələri böyükdür. Ötən il qazandığımız nailiyyətləri daha da möhkəmləndirməliyik.Bu ilin yanvar ayının 16-da Nazirlər Kabinetinin geniş iclasında ölkədə əldə edilmiş uğurlardan və qarşıda duran vəzifələrdən danışarkən cənab Prezident İlham Əliyev deyib: “Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, siyasi islahatlar, demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və bütün bunları görməmək mümkün deyildir.”

Amalı Azərbaycan xalqının tərəqqisi və rifahı, dövlətimizin daha da qüdrətlənməsi olan, möhtərəm Prezidentin qarşıya qoyduğu vəzifələrin inamla yerinə yetirilməsi, biz dəvəçililərin, hər birimizin ümdə vəzifəsidir.

Qətiyyətlə bildirirəm ki, cənab Prezidentimiz İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün rayonun bütün imkanlarını səfərbər edəcəyik. Prezidentimizin böyük uzaqgörənlik və peşəkarlıqla müəyyənləşdirdiyi sosial-iqtisadi kursun 2009-cu ildə də əzmlə həyata keçirilməsində səylərimizi əsirgəməyəcəyik.

Sonra sahələr üzrə müvafiq idarə və müəssisə rəhbərlərinin çıxışları dinlənildi. Çıxışçılar da 2008-ci ildə görülən işləri qənaətbəxş qiymətləndirərək, 2009-cu ildə daha böyük səylə işləməyin vacibliyi qeyd edildi.

Sonda çıxış üçün söz Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi İ. Əliyevə verildi. Natiq ölkədə həyata keçirilən sosial-iqtisadi, xarici və daxili siyasətin əsasında ümummilli lider Heydər Əliyev ideyalarının durduğunu qeyd edərək bildirdi ki, bu ideyaların bu gün yaradıcı şəkildə həyata keçirildiyinin biz canlı şahidləriyik. Heydər Əliyev uzaqgörənliyinin və dahiliyinin nəticəsi olan müstəqil Azərbaycanın inkişaf strategiyasını Prezidentimiz cənab İlham Əliyev dünyanın ən optimal və real inkişaf mexanizminə çevirmişdir. Məhz bunun nəticəsidir ki, bir çox nəhəng dövlətləri belə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdə qoyan qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına müdaxilə edib, onu sarsıda bilmədi. Bu da onu göstərir ki, Prezident cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının özəl inkişaf mexanizmini yarada bilmişdir.

Natiq həmçinin respublika miqyasında həyata keçirilən uzunmüddətli dövlət proqramlarından, bu proqramların iqtisadi inkişafa təkan verməsindən, regionların sürətlə ümumi iqtisadi mexanizmə inteqrasiyasından, sosial yönümlü proqramların əhalinin yaşayış səviyəsinə əhəmiyyətli dərəcədə təsirindən və respublikada yoxsulluğun sürətlə azalmasına gətirib çıxarmasından ətraflı məlumat verdi.

Natiq respublika əhalisinin mühüm bir tədbir — Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilməsi ərəfəsində olduğunu da diqqətə çatdırdı və bildirdi ki, əhalinin bu tədbirdə fəallıq göstərməsi, xalqın bir daha dövlət idarəçiliyinə biganə qalmadığının göstəricisinə çevriləcək.

Sonda natiq qarşıda duran vəzifələr, onların həlli yolları barədə tövsiyələrini verdi və yeni — 2009-cu ildə rayon zəhmətkeşlərinə daha böyük uğurlar arzuladı. O qeyd etdi ki, əgər 2008-ci ildə rayonda görülən 11,4 milyon manatlıq tikinti, təmir, abadlıq və quruculuq işləri, 2006-cı illə müqayisədə 5,4 dəfə çoxdursa, bu onu göstərir ki, rayon rəhbərliyi potensialı hərəkətə gətirə bilmişdir. Əminəm ki, daha böyük uğurlar əldə etməyə qadirsiniz.

Hesabat müşavirəsi qətnamənin qəbulu ilə davam etdirildi. Qətnamədə qarşıda duran vəzifələr və həllini gözləyən problemlər qeyd olundu. Yığıncaq iştirakçıları müşavirənin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.-2009.-6 fevral.-S.4.