Masallı: kəndlər də inkişaf edir, müasirləşir

 

Bu gün Masallı tanınaz dərəcədə dəyişib, gözəlləşib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ardıcıl tətbiqi sayəsində bu rayonun da, necə deyərlər, üzünə gün doğub. Yeni müəssisələr açılıb, sosial-mədəni obyektlər istifadəyə verilib, 14 minədək yeni iş yeri yaradılıb. Abadlıq-quruculuq tədbirləri isə illərdir ki, ara vermir. Ötən ilin oktyabr ayında Masallıda olan Azərbaycan Prezidenti İlham Əliyev burada aparılan quruculuq işlərini müsbət qiymətləndirib: “Mən çox şadam ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir... Burada baş verən dəyişikliklər, əlbəttə ki, Masallı rayonunun hər bir sakinini və hər bir vətəndaşı sevindirir... Bütün bu gözəl işlər Azərbaycanın gücünü göstərir, ölkəmizin qüdrətini göstərir”.

Yeniləşmə, inkişaf təkcə Masallının rayon mərkəzini deyil, kənd və qəsəbələrini də əhatə edir. Elə ay olmur ki, rayonun bu və ya digər yaşayış məntəqəsində yeni bir sosial-xidmət obyekti istifadəyə verilməsin. Dövlətin davamlı qayğısı ilə reallaşdırılan layihələr rayonda məhz insan amilinə üstünlük verilməsinin fərəhli nəticələri kimi dəyərləndirilir. Şəhərdə, ya kənddə - harada yaşamasından asılı olmayaraq hər kəs üçün,hər ailə üçün normal həyat şəraitinin, rahat güzəranın təmin edilməsi də elə uğurla icra olunan regional inkişaf proqramının başlıca hədəflərindəndir. Ötən ay Masallının inzibati ərazi nümayəndəliklərində keçirilmiş illik hesabat yığıncaqlarında bu barədə ətraflı diskussiyalar aparılıb, rayona göstərilən dövlət qayğısından razılıq ifadə edilib.

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsi Ramiz Tağıyevin illik hesabat məruzəsindən: “Respublikamızın mərkəzində olduğu kimi, əyalət şəhərlərində, hətta ucqar rayonlarda, kəndlərdə nəqliyyat, kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial-infrastruktur problemlərinin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır”. On il, lap beş il öncə hansısa yerli icra nümayəndəliyində bu fikirlərin səslənməsi, çox guman ki, hər kəsə qəribə gələrdi. Deyərdilər ki, öz işini qoyub nağıl danışır. Amma bu gün nağıllar həqiqətə dönüb. Elə sitat gətirilən fikirlər də yerli nümayəndəliyin bilavasitə öz işlərinə aiddir.

Tarixə dönmüş 2008-ci il Masallı şəhəri üçün xüsusilə yaddaqalan olub. Bu əyalət şəhərində 23 minə yaxın əhali yaşayır. Ərazidə 5 bələdiyyə, 7 orta məktəb, 4 uşaq bağçası, 4 bazar, 80 dövlət, 45 qeyri-dövlət müəssisəsi, 1 musiqi məktəbi, klub və kitabxanalar, 2 mehmanxana, çoxsaylı regional idarələr, mərkəzlər yerləşir. Şəhər günbəgün böyüyür, onunla bərabər işığa, suya, qaza, iş yerlərinə, çörəyə ... tələbat da artır. Abadlıq-quruculuq işləri, şəhərdə səliqə- sahman yaradılması təbii zərurətdən irəli gəlir. Bütün bunların öhdəsindən gəlmək isə şəhər təsərrüfatında yalnız gündəlik gərgin zəhmət sayəsində mümkün ola bilər. Yaxşı ki, şəhərdə məhz belə işgüzar mühit formalaşıb.

Təkcə bir faktı göstərək ki, 40 ildən çox içməli suyu maşınlar vasitəsilə gətirilən Masallı şəhərinin əhalisi ötən il Novruz bayramı ərfəsində buraya çəkilmiş su xəttinin istifadəyə verilməsi nəticəsində həmin problemlə birdəfəlik vidalaşıb. Şəhərin müxtəlif məhəllə və küçələrində 50-dən artıq bulaq tikilib və camaat tərtəmiz Ərkivan suyu ilə təmin olunub.

Bu ilin ilk ayında şəhərdə işıq təchizatı ilə bağlı müəyyən problem yaşansa da, bütövlükdə ötən il ərzində vəziyyət nümunəvi olub. Qaz təchizatı ilə bağlı il ərzində xeyli iş görülüb. Kommunal evlər daim qaz alır. Bir çox küçədə magistral qaz xətləri yerüstü xətlərlə əvəz edilib. Bambaşı kəndindən 3 kilometr uzunluğunda yeni xəttin çəkilişi artıq başa çatır. Bu il şəhər bütünlüklə təbii qaz alacaq.

Ötən il Masallı şəhərindəki Heydər Əliyev prospekti boyunca və “Qarabağ” küçəsində yerləşən kommunal evlərin həyətlərinin çoxu tam asfaltlaşdırılıb. H.Aslanov, M.Əzizbəyov və Z.Əliyeva küçələrinə də yeni asfalt örtük çəkilib. Bir çox binanın kanalizasiya xətləri təzələnib, fasadı ağardılıb, dam örtükləri əsaslı təmir edilib. Kommunal sahənin işçiləri evlərin təmiri, küçələrin süpürülməsi, məişət tullantılarının daşınması sahəsində dönüş yarada biliblər. Viləş çayı üzərindəki piyada körpüsü təmir edilib.

Hesabat ilində baxımsız ərazidə park salınaraq orada Şah İsmayıl Xətainin abidəsinin qoyulması, küçə hasarlarının çəkilib rənglənməsi, işıqlandırma, piyada yollarının yenidən qurulması və sair bu kimi işlər də şəhərin abadlaşdırılmasına xidmət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Boradigah qəsəbə inzibati ərazi vahidində illik hesabat yığıncağında iştirak edib. Qəsəbəni və iki kəndi əhatə edən bu ərazi vahidi üçün də ötən il uğurlu olub.

Burada 4 məktəb, 1 sağlamlıq mərkəzi, polis bölməsi, poçtamt, ATS, apteklər, restoranlar, 2 şadlıq evi, satış və xidmət sahələri, qazdoldurma məntəqəsi, 5 çörəkbişirmə sexi fəaliyyət göstərir.

Məktəblərin yollarına asfalt çəkilib, BVM və şəhidlər abidələri əsaslı təmir edilib, qəsəbənin mərkəzindəki kanalizasiya xətləri təmizlənib, piyada yolları salınıb. Beş müasir mağaza tikilib. Babaserdə 220 yerlik məktəb inşa olunub. Qəsəbənin qaz təminatı bərpa edilib. İndi 600-dən çox ev mavi yanacaq alır. Məscidlərin ətrafı abadlaşdırılıb.

Yığıncaqda icra nümayəndəsi Nəcməddin Quliyev, habelə müəllimlər M.Ağayev və Ə.Muxtarov, ağqassalar S.Cəfərov və C.Əsədov, din xadimi Ə.Nəhmətov və başqaları qəsəbəyə doğma münasibətə görə rayon rəhbərliyinə razılıqlarını çatdırıb, bu il görüləsi işlərlə əlaqədar təkliflər irəli sürüblər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərə münasibətini bildirib. Regional inkişaf proqramının uğurla həyata keçirildiyini, Masallıda bir sıra müsbət işlər görüldüyünü diqqətə çatdırıb. O, qeyd edib ki, ötən il rayonun 21 yaşayış məntəqəsi qazla təmin edilib, işıq problemi aradan qaldırılıb, Boradigahda abadlıq işləri ardıcıl həyata keçriilir. İcra başçısı cari ildə də qəsəbənin qayğılarını diqqətdə saxlayacağını söyləyib və ərazi nümayəndəliyinə tövsiyələrini bildirib.

Qızılağac ərazi nümayəndəlyinin hesabat yığıncağı da işgüzar ruhda keçib. Burada 5600-dən çox əhali yaşayır, 2376 hektar torpaq sahəsi var. Kənddə 2 məktəb, 1 kitabxana, 1 uşaq bağçası, mədəniyyət evi, həkim məntəqəsi, poçt, telefon rabitə məntəqəsi fəaliyyət göstərir. Yarıdan çoxu əkinə yararlı payı bəlli torpaq sahələri olan ərazidə buğda, arpa və tərəvəz yetişdirilir.

Ərazi nümayəndəsi Mirtahir Abdullayev məruzəsində bildirib ki, rayon rəhbərliyi Qızılağacdan qayğısını əsirgəmir. Kəndə şirin su xəttinin çəkilməsi ötən ilin uğurlarındandır. Məhəllələrdə yollara qum-çınqıl döşənib. Deputat E.Axundovanın yaxından köməyi ilə 2 saylı orta məktəbin yardımçı binasında iki sinif otağı təmir edilib, bərpa olunan idman zalının təntənəli açılış mərasimi keçirilib. Lakin buradakı uşaq bağçasının, mədəniyyət evinin və əsas yolların təmirə ehtiyacı var. Bu barədə əlaqədar təşkilatlara müraciət edilib, məsələlərin müsbət həlli gözlənilir.

Yığıncaqda bələdiyyə sədri M.Quliyeva, məktəblərin direktorları T.Nəsirli və V.Eynullayev, ziyalılardan İ.Əsgərov, H.Əliyev və başqaları görülmüş işləri dəyərləndirib, yeni ilin vəzifələri ilə bağlı təkliflərini veriblər. Rayon icra hakimiyyəti başçısının 1-ci müavini Nadir Abıyev tədbirdə çıxış edərək ölkədə gedən genişmiqyaslı quruculuq işlərindən, sosial-iqtisadi inkişaf proqramlarından və Masallının tərəqqisindən konkret faktlar əsasında söhbət açıb.

Rayonun Qarğalıq ərazi nümayəndəsi Sübhan Zalıyev hesabat yığıncağında göstərib ki, ötən il ərzində ən ucqar yaşayış məntəqlərində də abadlıq-quruculuq işləri vüsət alıb. Kəndlərə qaz, su xətləri, yollar çəkilib. Elektron rabitə xidməti sakinlərin ixtiyarındadır. Enerji təminatı yüksəkdir. Bir sözlə, köhnəliyi təzəlik, pərakəndəliyi nizam-intizam əvəz edir.

Qarğalıq nümayəndəliyi yeddi kəndi əhatə edir. Əhalinin əsas məşğuliyyəti tərəvəzçilik və maldarlıqdır. Xüsusi mülkiyyət ilbəil artır. Şəhid ailələri, əlilləri, müharibə veteranları və tənha insanlar qayğı ilə əhatə ediliblər, el bayramları təntənə ilə qeyd olunur.

Ərazidə abadlıq işləri genişlənib. Avqust-sentyabr aylarında daxili imkanlar hesabına kəndarası yollara çınqıl daşınaraq təmir edilib. Nümayəndəliyin ərazisində fəaliyyət göstərən 5 məktəbdə 3000 şagird təhsil alır, onların dərsə davamiyyətinin yüksəlməsi pedaqoji kollektivlərin və yerli rəhbərliyin diqqət mərkəzindədir. Poçt və rabitə xidməti normaldır.

Qarğalıqda ötən il 810 hektar buğda, 220 hektar arpa əkilib, 1110 hektara şum vurulub. Ruzisini torpaqdan çıxaran kənd adamları dövlətin yardımından lazımınca bəhrələnirlər. Ərazidəki üç tibb məntəqəsi əhalinin sağlamlığı məqsədilə profilaktik işi genişləndirir.

Hesabat məruzəsi ətrafında müzakirələrin işgüzar şəraitdə keçdiyi yığıncaqda əminlik ifadə olunub ki, kəndlərə qayğı bu il daha da artırılacaq və əhalinin rifah halı bundan da yaxşı olacaq. RİHB müavini Həmid Bəşirov rəhbərliyin kəndlərin inkişafı ilə bağlı gördüyü tədbirlərdən bəhs edərək qaldırılan məsələlərlə bağlı əməli işlərin reallaşdırılacağını nəzərə çatdırıb.

Yeyənkənd ərazi nümayəndəliyi üzrə hesabat yığıncağında ötən il tikinti-quruculuq işlərinin genişlənməsi xüsusi vurğulanıb. Sakinlər 9 ev tikiblər, 17 evdə təmir aparılıb, hazırda daha 5 ev inşa olunur. Elektron tipli ATS tikilərək ilin sonuna yaxın istifadəyə verilib. Xəlifələr kəndində yeni kitabxana tikilib. Bu günlərdə isə regional inkişaf Dövlət Proqramına əsasən tikilmiş yeni məktəb binasının açılışı olub. Bütün evlərdə elektrik sayğacları quraşdırılıb, təsadüfi hallarda işıq verilişində fasilələr yaranır.

Məruzəçi Rasif Əliyev bildirdi ki, ərazi nümayəndəliyi yanında yaradılmış ağsaqqalar şurası səmərəli fəaliyyət göstərir. İcra başçısının şəxsi tapşırığı ilə əlillərə, şəhid ailələrinə, qayğı uman hər kəsə yardım edilir. Rusiya Federasiyasında yaşayan həmyerlilərimiz ərazinin abadlaşdırılmasına köməklərini əsirgəmirlər. Bələdiyyələrin fəaliyyəti də qənaətbəxş olub.

Hesabat ilində Yeyənkənd nümayəndəliyinə 12 yazılı, 26 şifahi müraciət edilib. Sakinlərin hər bir xahişinə həssaslıqla yanaşılıb və qaldırılan məsələlər əsasən həllini tapıb. Yığıncaqda söz alan sakinlər görülən işləri əsasən təqdir edib və mövcud problemləri diqqətə çatdırıblar. Onlar rayon rəhbərliyinin, kənlərə qayğısından razılıqlarının çatdırıblar.

RİHB müavini İsa Nuriyev bu ərazinin hər zaman nümunə göstərildiyini, qaz çəkilişi və xəstəxana ilə bağlı problemin həlli üçün də əməli addımlar atılacağını bildirib.

Masallının bütün ərazi nümayəndəliklərinin yığıncaqlarında cari ilin vəzifələri də ətraflı müzakirə edilib. Görüləsi işlər planlaşdırılıb. Qeyd olunub ki, rayon əhalisinin rahatlığı, Masallının daha abad və gözəl diyara çevrilməsi üçün göstərilən səylər bundan sonra da əzmlə davam etdiriləcək. Başlıcası isə adamlarda inam hissi xeyli güclənib, yaradıcı enerji artıb. Bundan maksimum səmərəli istifadə olunacaq ki, hər bir yaşayış məntəqəsi tam yeniləşsin, müasirləşsin.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.-6 fevral.-S.5.