Rabitəçilər xidmət səviyyəsini
yaxşılaşdırır
Azərbaycanda ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu islahatlar bu
gün uğurla həyata keçirilməkdədir. Hansı
sahəni götürürsən-götür orada inkişaf
var, yüksəliş, tərəqqi var. Ümummilli lider Heydər
Əliyevin siyasi kursunun çox ləyaqətli
davamçısı Prezidentimiz cənab İlham Əliyevin
hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan
dövləti daha da möhkəmləndi, yeni zirvələri
fəth etdi.
Ötən 5 ildə
ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi
islahatların iqtisadiyyatın bütün sahələrində
real nəticələr verməsi danılmaz faktdır. Məhz
bunun nəticəsidir ki, son illər Azərbaycan dünyada ən
yüksək iqtisadi artım nümayiş etdirən ölkəyə
çevrilmişdir. Bu gün dövlətimiz iqtisadi müstəqilliyini
tamamilə təmin etdiyindən sərbəst xarici siyasət
yürütməyə, beynəlxalq aləmdə milli
maraqlarımızı ardıcıl olaraq müdafiə etməyə
və mövqelərimizi gücləndirməyə qadirdir. Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə
hazırladığı builki hesabatda Azərbaycanın 181 dövlət
arasında “ən islahatçı ölkə” elan olunması
ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini
bir daha sübut edir.
Respublikamızda həyata
keçirilən sosial-iqtisadi islahatlar 2008-ci ildə də
ölkə iqtisadiyyatının dinamik inkişafını, Azərbaycan
xalqının rifah halının yüksəldilməsini təmin
etmişdir. Bu günlərdə Azərbaycan Prezidentinin
iştirakı ilə Nazirlər Kabinetinin 2008-ci ilin
yekunlarına həsr olunmuş iclasında bu nailiyyətlər
barədə ətraflı danışılmışdır.
Rabitə və
informasiya texnologiyaları sahəsində həyata keçirilən
mühüm layihələrin ölkənin inkişaf prioritetlərinə
daxil edilməsi sahənin dinamik inkişafı
üçün əlverişli şərait yaratmış,
uğurlu nəticələrin əldə edilməsini təmin
etmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ən böyük struktur bölməsi olan “Aztelekom” İstehsalat Birliyi də işgüzar fəaliyyətinin əsas istiqamətlərini bu sahədə mövcud olan normativ sənədlərə, dövlət proqramlarına və tədbirlər planlarına uyğun quraraq 2008-ci ildə rabitənin və informasiya texnologiyalarının inkişafına dəyərli töhfələrini vermişdir.
Bir fakta diqqəti yönəltmək istərdim. Biriyin gəlirləri 2008-ci ildə 2007-ci illə müqayisədə 26 faiz artmış, dövlət büdcəsinə 2007-ci ilə nisbətən 29 faiz artıq vəsait ödənilmişdir. Əsas telefon aparatlarının sayı 2008-ci ildə 27340 ədəd artmışdır.
Ötən il həyata keçirilən investisiya layihələri 111 min nömrə və kanal tutumunu əhatə etmiş, 317,3 km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 24 mindən çox abunəçi xətti istismara verilmişdir.
Yeni ATS-lərin tikintisinə
son illər xüsusi diqqət yetirilir. Təkcə ötən
il 23 rayonun 36 kənd yaşayış məntəqəsində,
Qəbələ, Qusar, Şirvan, Tovuz, Yevlax, Qobustan şəhərlərində
ümumi tutumu 11872 nömrə olan 42 yeni elektron ATS
tikilmişdir. Bundan başqa, İsmayıllı, Cəlilabad,
Ucar, Lerik, Yardımlı, Zərdab, Neftçala mərkəzi
ATS-ləri, 30 rayonun 80 kənd və qəsəbə
yaşayış məntəqəsində istismar olunan analoq
tipli ATS-lər rekonstruksiya olunmuş və tutumları 14460
nömrə artırılmışdır. Eləcə də
28 rayonun 65 kənd yaşayış məntəqəsində
istismar olunan EATS-lərin, Göyçay, Şəmkir,
Neftçala, Siyəzən, Beyləqan rayon mərkəzi ATS-lərinin
tutumları ümumilikdə 7186 nömrə genişləndirilmişdir.
2008-ci ildə Kürdəmir,
Qax, Balakən, Sabirabad, Saatlı, Yevlax, Ağdam, Ağsu,
Ağdaş, Beyləqan, Cəlilabad, Füzuli rayonları,
Xaçmaz rayonunun Nabran və Xudat, Quba rayonunun Təngəaltı,
Lənkəran rayonunun Vilvan yaşayış məntəqələri
CDMA şəbəkəsinin əhatə dairəsinə daxil
edilmişdir. Kürdəmir, Ağdam, Ağsu, Ağdaş,
Beyləqan, Cəlilabad rayonlarının hər birində 1000
nömrə tutumlu, Zaqatala rayonunda 600 nömrə tutumlu, Gəncə
şəhərində, Qax və Balakən rayonlarında,
Sabirabad rayonunun Şəhriyar, Xaçmaz rayonunun Nabran və
Xudat, Quba rayonunun Təngəaltı, Lənkəran rayonunun
Vilvan yaşayış məntəqələrinin hər
birində 300 nömrə tutumlu yeni baza stansiyaları
quraşdırılmışdır. Hazırda CDMA şəbəkəsinin
xidmətləri 24 rayon və şəhərdə təşkil
olunmuş, şəbəkədə abunəçilərinin
sayı 13 mini keçmişdir.
Son illər telefon şəbəkələrinin
elektronlaşdırılması istiqamətində səmərəli
iş aparılır. 2008-ci ildə Quba və Neftçala
rayon telefon şəbəkələrinin elektronlaşması
başa çatdırılmış, İsmayıllı, Cəlilabad,
Ucar, Lerik, Yardımlı, Zərdab, Neftçala rayon mərkəzi
ATS-ləri rekonstruksiya olunmuş, bununla da mərkəzi ATS-ləri
tam elektron olan telekommunikasiya qovşaqlarının sayı 48-ə,
telefon şəbəkələri tam elektron olan telekommunikasiya
qovşaqlarının sayı isə 24-ə
çatmışdır.
Həyata keçirilmiş tədbirlər
nəticəsində ATS-lərin montaj olunmuş tutumları
38418 nömrə artırılaraq 687 min nömrəyə,
elektronlaşma səviyyəsi 79,1 faizə (ilin əvvəlində
71,7 faiz, +7,4 faiz) çatdırılmışdır.
Ötən il 16 rayonun 50 kəndində
istismar olunan ATS-lərin birləşdirici xətləri
fiber-optik kabellərlə əvəz olunmuş, Sumqayıtda
ATS-2/4 ilə ATS-5/9 arasında fiber-optik xətt çəkilmiş,
Abşeron mərkəzi ATS-i ilə Mehdiabad ATS-i arasında
alternativ fiber-optik xətt istifadəyə verilmişdir. Mərkəzi
ATS-ləri TAE fiber-optik kabel magistralının Azərbaycan
seqmentlərinə birbaşa qoşulan TKQ-lərin sayı 50-yə
çatmışdır.
Rayon telekommunikasiya
qovşaqlarında xidmət göstərilən abunəçilərin
sayı 620 mini keçmiş, Birliyin xidmət ərazisində
hər 100 nəfərə düşən telefonların
sayı 11,3-ə (+0,3), 100 ailəyə düşən
telefonların sayı 53,7-yə (+1,7)
çatmışdır.
2008-ci ildə 2007-ci ilə
nisbətən Birliyin S-12 beynəlxalq stansiyası üzərindən
beynəlxalq istiqamətlərdən respublikaya
ötürülən giriş trafikinin müddəti 156,5
milyon dəqiqə və ya 48,9 faiz, respublikadan beynəlxalq
istiqamətlərə ötürülən
çıxış trafikinin həcmi isə 35,0 milyon dəqiqə
və ya 29,3 faiz artmışdır. “Tackart” əvvəlcədən
ödənişli kart sisteminin tətbiqinin genişləndirilməsi
məqsədilə Bakı və Şirvan şəhərlərarası
stansiyalarında müvafiq avadanlıqlar
quraşdırılaraq istifadəyə verilmiş, sistemin
Birliyin telefon şəbəkəsində tam tətbiqi
başa çatdırılmışdır.
2008-ci ildə Bakı, Gəncə,
Şirvan şəhərlərində, Abşeron, Şəki,
Göyçay, Quba, Lənkəran rayonlarında bankomatlar
vasitəsilə şəhərlərarası
danışıq haqlarının ödənişi həyata
keçirilmişdir.
Ölkənin seçki təcrübəsində
ilk dəfə olaraq seçki məntəqələrində
müşahidə kameralarının
quraşdırılması kimi vacib dövlət sifarişi
uğurla yerinə yetirilmiş, respublikanın müxtəlif
bölgələrində yerləşən 286 seçki məntəqəsində
quraşdırılmış veb kameralar vasitəsilə
seçki prosesinin canlı olaraq izlənilməsi imkanı təmin
edilmişdir. Horadiz qəsəbəsində tikilən ATS
üçün yeni dizel generatoru
quraşdırılmış və hesabat dövrünün
sonuna 988 qəsəbə və kənd ATS-indən 890-ında
və ya 90 faizə qədərində avtonom enerji təchizatı
yaradılmışdır. Yeni qurulmuş mini EATS-lər nəzərə
alınmadan bu rəqəm 93,2 faiz təşkil edir.
Ötən il birliyin rayon
telekommunikasiya qovşaqlarının xidmət ərazilərində
coğrafi mövqeləri kabel vasitəsilə
telefonlaşdırılmasına çətinlik yaradan
yaşayış məntəqələrinin yerüstü
peyk rabitə avadanlıqları vasitəsilə
telefonlaşdırılması tədbirləri davam
etdirilmiş, 388 yaşayış məntəqəsində
1544 nömrə tutumlu peyk rabitə avadanlıqları
quraşdırılmış, bununla da peyk avadanlıqları
vasitəsilə istifadəyə verilmiş ümumi tutum 3180
nömrəyə, bu avadanlıqlar vasitəsilə
telefonlaşdırılmış yaşayış məntəqələrinin
sayı 688-ə çatdırılmışdır.
2008-ci il yanvarın 1-nə qədər
yalnız bir telefonla - radiotelefon, mobil telefon və ya fiziki xətlə
telefonlaşdırılmış 544 yaşayış məntəqəsinin
tam telefonlaşdırılması işləri uğurla
başa çatdırılmış, bu yaşayış məntəqələrindən
136-sı CDMA-nın əhatə dairəsinə daxil
edilmiş, 318 yaşayış məntəqəsi peyk rabitəsi
avadanlıqları vasitəsilə
telefonlaşdırılmış, 19 məntəqədə
ATS-lər quraşdırılaraq istifadəyə verilmiş,
14 yaşayış məntəqəsi (təsərrüfatlarının
sayı 10-a qədər olan) radiotelefonlarla, 57
yaşayış məntəqəsi yaxın ATS-lərdən
fiziki xətlər vasitəsilə
telefonlaşdırılmışdır (cəmi 544).
Mərkəzi ATS-ləri
analoq tipli olan rayon telekommunikasiya qovşaqlarında mərkəzi
ATS-lərin tam rekonstruksiyası layihəsinin reallaşması
davam etdirilmişdir. Gədəbəy və Saatlı
rayonlarının telefon şəbəkələrinin tam
elektronlaşdırılması işləri əsasən
yekunlaşdırılmışdır. Yaxın vaxtlarda bu
obyektlərin tam təhvil verilməsi üçün
hazırlıq işləri aparılır. Sumqayıt şəhərində
yeni elektron ATS avadanlıqları qurulacaq sahələrdə təmir-tikinti
işləri tam başa çatdırılmışdır.
Abşeron və
Göyçay rayon telefon şəbəkələrinin NGN
texnologiyası əsasında yenidən təşkili işlərinə
başlanmışdır. Ağcabədi, Ağdaş,
Ağstafa, Saatlı, Şəmkir, Tər-Tər
rayonlarının 31 kənd yaşayış məntəqəsində
90-cı illərin əvvəllərində xətt şəbəkəsi
dağıdılmış telefonların işi bərpa
olunmuşdur.
İşçilərin
ixtisas səviyyəsinin yüksəldilməsi və kadr
hazırlığı sahəsində tədbirlər davam
etdirilmiş, struktur müəssisələrin mühəndis-texniki
heyəti və hüquqşünaslarla məsafədən tədris
kursları, kabel lehimləyicilərlə mTədris Mərkəzində
kurslar keçirilmişdir. İnformasiya texnologiyaları sahəsində
yeni nəsil mütəxəssislərin formalaşmasına dəstək
məqsədilə Birliyin mütəxəssisləri tərəfindən
Texniki Universitetdə təhsil alan tələbələr
arasında müsabiqə keçirilmiş, müsabiqənin
nəticələrinə görə fərqlənmiş 9 tələbə
ilə gələcək əməkdaşlığa dair
müqavilələr bağlanmışdır. İlkin mərhələdə
bu tələbələr üçün Birliyin mütəxəssisləri
tərəfindən kurslar təşkil olunmuş, eyni zamanda tələbələr
istehslat təcrübəsi müddətində aidiyyəti
telekommunikasiya qovşaqlarında işlə təmin
olunmuşlar.
İstehsalın genişləndirilməsi,
əlavə xidmətlərin tətbiqi, yeni xidmət sahələrinin
yaradılması istiqamətində həyata
keçirilmiş tədbirlər nəticəsində 2008-ci
ildə 100-ə yaxın yeni iş yeri
yaradılmışdır.
Birlik tərəfindən
xeyriyyəçilik işləri davam etdirilərək milli və
dövlət bayramları ərəfəsində məcburi
köçkünlərə, qaçqınlara, şəhid
ailələrinə və hərbi hissələrə 301,3 min
manat məbləğində yardım göstərilmişdir.
Birliyin mütəxəssisləri
rabitə və informasiya texnologiyaları sahəsi
işçilərinin peşə bayramı münasibətilə
ən peşəkar “kabel calayıcısı”, “kross
işçisi”, “montyor” adı uğrunda rabitəçilər
arasında keçirilmiş yarışda uğurla
çıxış etmiş, ayrı-ayrı nominasiyalarda
1-ci yerə layiq görülmüşlər.
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin “Spartak” idman cəmiyyəti ilə
birgə keçirdiyi “Sağlamlıq-2008"
spartakiadasında Birliyin mütəxəssislərinin
çıxışları 1-ci yerə layiq
görülmüşdür.
Birliyin Lerik Telekommunikasiya
Qovşağının işçisi Ağayev Sultanağa Nəsrəddin
oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
20 nəfər isə Rabitə ustası fəxri adına layiq
görülmüşdür; 45 nəfər isə RİTN-in
fəxri fərmanı ilə təltif edilmişdir.
İşçilərin
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində tədbirlər davam etdirilmiş,
ayrı-ayrı struktur bölmələrdə əmək
haqları 2008-ci ilin əvvəlindən 15 faiz, 01 avqust 2008-ci
il tarixdən etibarən daha 15 faiz artırılmış və
orta aylıq əmək haqqı 285 manata
çatdırılmışdır.
Əlbəttə,
bütün bu nailiyyətlərin qazanılmasının əsasında
ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə
göstərdiyi diqqət və qayğı, eyni zamanda rabitə
və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun
gündəlik qayğısı dayanır. Kollektivimiz
çalışacaq ki, 2009-cu ildə daha böyük
uğurlar qazansın, qarşıya qoyulmuş vəzifələri
layiqincə həyata keçirsin.
Məhəmməd MƏMMƏDOV,
“Aztelekom” İstehsalat
Birliyinin
baş direktoru
Xalq qəzeti.-2009.-6 fevral.-S.5.