Sağlamlıq ocaqlarımız müasir tələblərə uyğun yenidən qurulur

 

Dövlətimizin iqtisadi qüdrəti artdıqca sosial problemlər də ardıcıl həllini tapır. Son bir neçə ildə dövlət büdcəsinin sosial yönümlü olması da bunu təsdiq edir. Vətəndaşların istirahətinə, sağlamlığına daha çox diqqət yetirilir. O cümlədən, sağlamlıq ocaqlarının müasir tələblərə cavab verməsi üçün ardıcıl işlər görülür, tikinti, quruculuq, abadlıq işləri aparılır, yeni avadanlıqlar alınıb quraşdırılır.

Bu baxımdan ötən il “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyindəki sağlamlıq ocaqlarında aparılan əsaslı təmir, yenidənqurma, abadlıq işləri, o cümlədən, tibbi xidmətin, qidalanmanın yüksək tələblərə uyğunlaşdırılması sahəsində ardıcıl və səmərəli tədbirlər həyata keçirilmişdir. Əvvəla, sirr deyil ki, son zamanlara qədər sağlamlıq ocaqlarımızdakı gerilikdən, qida təchizatının zəif olmasından, tibbi xidmətin tələbata cavab verməməsindən, həmçinin, kommunal xidmətlərin pis olmasından çoxlu narazılıqlar vardı. Nəticədə vətəndaşlarımız daha çox xarici ölkələrdə istirahət etməyə üstünlük verirdilər. Hansı ki, Azərbaycanın iqlimi, təbii şəraiti həmin ölkələrdəkindən daha üstündür. Yeganə qalırdı burada sağlamlıq ocaqlarının yüksək səviyyədə təşkili. Ancaq o da sirr deyil ki, bütün bunlara baxmayaraq, bu sahədə ciddi bir iş görülmürdü. Səhmdar cəmiyyətin özünü bir ətalət bürümüşdü. Nəhayət, bu durğunluğa son qoyuldu. “Kurort” Səhmdar Cəmiyyətinə yeni rəhbər seçildi. Bununla da ab-hava dəyişdi, cəmiyyətdə, onun tabe müəssisələrində bir canlanma yarandı. Sağlamlıq ocaqları tədricən simasını dəyişməyə başladı, bütün müəssisələrdə təmir, tikinti, yenidənqurma və abadlıq işləri aparıldı, xidmətlərin səviyyəsi yüksəldildi.

“Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasiyevlə də söhbətimizdə son bir ildə görülən işlərdən danışdıq. Son vaxtlara qədər sanatoriyalarımızdakı antisanitariyadan da, kommunal xidmətlərin aşağı səviyyədə olmasından da, bunların nəticəsində tibbi xidmətin yarıtmazlığından da söhbət açdıq. Əbil müəllim dedi:

— Məhz buna görə də imkanı olan vətəndaşlarımız xarici ölkələrin sanatoriyalarına üz tuturlar. Sağlamlıq ocaqlarımız, özəl şirkətlərin yeni yaradılan müəssisələri ilə də rəqabət apara bilmirdilər. Amma tələbat artırdı. Ölkəmizin sürətli inkişafı nəticəsində maddi imkanı yüksələn vətəndaşlarımız artıq sağlamlıqlarını bərpa etməyə daha çox diqqət yetirirlər. Odur ki, biz ciddi işə başladıq. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə tədbirlər planı hazırladıq və onların icrası nəzarətə götürüldü. Məhz bunun sayəsində ötən il sağlamlıq ocaqlarımızda tikinti, abadlıq, quruculuq işləri yüksək templə və keyfiyyətlə aparıldı. Qidalanma məsələsinə ciddi nəzarət yaradıldı. Yeni tibbi avadanlıqlar alındı. Zəruri dərman preparatları ilə təminat yüksəldildi. Tibb xidmətinin peşəkarlığına ciddi fikir verildi. Sağlamlıq ocaqlarına gələnlərin istirahəti, məşğulluğu üçün əlavə tədbirlər görüldü. Nəticədə bir ildə biz xeyli işlər görə bildik.

Əbil müəllimin qısaca söylədiklərinin əyani şahidi olmaq üçün bir neçə sağlamlıq ocağına baş çəkdik. Əvvəl “Günəşli” sanatoriyasında olduq. Bir nömrəli yataq korpusunun sağ cinahında 28 otaq əsaslı təmir olunmuş, qazanxana təsərrüfatında müasir tələblərə cavab verən mini qazan quraşdırılmış, korpusa gedən magistral istilik xətləri, daxili istilik sistemi tamamilə dəyişdirilmiş, bütün yataq otaqlarında istilik qızdırıcıları yeniləri ilə əvəz olunmuşdur. Bununla da həm burada çalışanları, həm də sanatoriyaya gələnləri uzun illərdən bəri narahat edən problemlər aradan qaldırılmışdır.

Sanatoriyanın ərazisində yerləşən müalicə korpusunun 1-ci mərtəbəsində uzun illər istifadə olunmayan yararsız otaqlarında və dəhlizdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, inzibati şöbə buraya köçürülmüşdür. Şöbə bütün texniki və məişət avadanlıqları ilə — televizor, soyuducu, kondinsioner, mebel dəsti ilə təmin olunmuşdur. İndiyədək inzibati şöbənin yerləşdiyi binada əsaslı təmir və yenidənqurma işləri aparılmış və burada müasir tələblərə cavab verən diaqnostika mərkəzi yaradılmış, mərkəzin ətrafında abadlıq işləri görülmüşdür.

Bununla yanaşı sanatoriyanın ərazisində abadlıq işləri aparılmış, yeni asfalt örtüyü çəkilmiş, sanatoriyanın girəcəyində təzə darvaza quraşdırılmış, fəvvarələr və taxta köşklər tikilmişdir.

“Bilgəh” sanatoriyasında da görülmüş işlər kifayət qədər çoxdur. Əsas inzibati binada təmir işləri aparılmış, müasir tələblərə cavab verən “lyüks” tipli yataq kotteci istifadəyə verilmişdir. Kottec müasir tipli texniki və məişət avadanlıqları ilə təmin olunmuşdur.

Sanatoriyanın yeməkxanasının foyesinə daxil olan kimi burada əsaslı dəyişiklikləri o saat hiss edirsən. Foyenin bir il əvvəl gördüyümüz miskin görkəmindən əsər-əlamət də qalmayıb. Yeməkxananın özü isə tamam başqa görkəmdədir. Burada “lyüks” tipli potyovkalarla dincələnlərin qidalanmasını ayrıca təşkil etmək məqsədi ilə uzun illər istifadəsiz qalmış yemək zalında əsaslı təmir işləri aparılmışdır. Ümumi yeməkxana zalında isə “split” tipli 2 ədəd böyük həcmli kondisioner quraşdırılmışdır ki, bu da öz növbəsində qış aylarında ümumi yemək zalını istiliklə, yay aylarında isə sərinliklə təmin edir.

Öyrəndik ki, hələ ötən il payız-qış mövsümünə hazırlıqla əlaqədar sanatoriyanın qazanxana təsərrüfatında təmir-bərpa işləri aparılmış, uzun illər istifadə olunduğu üçün yararsız vəziyyətə düşmüş 2 ədəd qazan (1 ədəd buxar, 1 ədəd istilik) dəyişdirilmiş, 1 nömrəli yataq və müalicə korpusunu istiliklə təmin edən magistral isti su və istilik xətləri tamamilə dəyişdirilərək, yenisi ilə əvəz olunmuşdur. O cümlədən, müalicə korpusunun daxili istilik xətləri də dyişdirilmiş, bütün otaqlardakı istilik qızdırıcılarının bir qismi yenisi isə əvəz olunmuş, digər qismi isə təmizlənib yuyularaq, yenidən quraşdırılmışdır. Sanatoriyanın müalicəvi yad-brom quyusunun çəni də dəyişdirilmiş, ərazidə yeni tikilmiş su anbarının yaxınlığında yeni su qülləsi tikilmiş və su çəni qoyulmuşdur.

Öyrəndik ki, “Abşeron” sanatoriyasının ərazisindəki ümumi yeməkxanada və digər digər yemək zalında da əsaslı təmir işləri aparılmış, yeməkxana zalının dam örtüyü dəyişdirilmişdir. Ötən il payız-qış mövsümünə hazırlıqla əlaqədar sanatoriyanın qazanxana təsərrüfatında olan qazanlar təmir olunmuş və mini qazan quraşdırılmışdır. Ümumiyyətlə, 2008-ci ildə “Bilgəh”, “Abşeron” və “Günəşli” sanatoriyalarının ərazilərinə yeni qaz xətləri çəkilmiş, qaz sayğacları quraşdırılmışdır ki, bu da öz növbəsində həm mazut sərfiyyatının qənaətinə, həm də qış mövsümündə fasiləsiz istiliklə təmin olunmasına zəmin yaradır.

Əbil müəllim söhbətində bunları da dedi:

— “Naftalan” sanatoriya-kurort birliyində də yeni istifadəyə verilmiş yataq korpusu müasir tələblərə cavab verən hər cür məişət və texniki avadanlıqlarla təmin edilmişdir. Ötən il “Azgeokaptajminsu” ekspedisiyası tərəfindən sanatoriyaların fasiləsiz su ilə təmin olunması məqsədi ilə bir çox işlər görülmüşdür. Belə ki, “Bilgəh” sanatoriyasının ərazilərində yeni qazılıb istifadəyə verilmiş su quyularından su anbarına və korpuslara paylayıcı xətlər çəkilmişdir. Sanatoriyanın ərazilərindəki ailəvi yataqxananın su xətləri ümumi su xəttindən ayrılmış, “Günəşli” sanatoriyasının ərazisində isə uzun illər yararsız qalmış 38 tonluq su çəni təmir olunmuş, quyulardan həmin çənə əlavə xətlər çəkilsmiş, ərazidə 1 ədəd yeni texniki su quyusu qazılıb istifadəyə verilmişdir. Qaçqınlar məskunlaşmış korpusların su quyuları və su xətləri sanatoriyaların ümumi su xəttindən ayrılmışdır. Həmçinin 2008-ci ildə “Abşeron” sanatoriyasının ərazisində 1 ədəd yeni texniki su quyusu qazılıb istifadəyə verilmiş, su çəni bərpa olunmuş, sanatoriyanın ərazisindəki xidməti yaşayış evlərində yaşayan sakinlərin və qaçqınlar məskunlaşmış korpusların su xətləri ümumi su xəttindən ayrılmışdır. Məhz bütün yuxarıda görülən işlərin nəticəsində “Bilgəh”, “Abşeron” və “Günəşli” sanatoriyalarının fasiləsiz su ilə təminatı məsələsi müsbət həllini tapmışdır. Bununla yanaşı “Qaranquş” və “Xəzər” sanatoriyalarında uzun illər işləməyən iki quyu bərpa olunaraq, yararlı vəziyyətə gətirilmişdir.

Cəmiyyətin İstehsalat-İstismar Birliyi tərəfindən sağlamlıq ocaqlarının normal və fasiləsiz iş rejimini təmin etmək məqsədilə mütəmadi olaraq ehtiyac olan tibb və mətbəx avadanlıqlarının, elektrik və məişət cihazlarının, elektrik mühərriklərinin, mebel və inventarların təmiri üzrə müəyyən işlər görülmüş, yataq dəstlərinin və digər məmulatların yuyulması, dezinfeksiyası, məişət tullantılarının daşınması üzrə isə kommunal xidmətlər göstərilmişdir.

Birliyin ərazisindəki camaşırxana təsərrüfatında olan bütün texniki avadanlıqlarda təmir-sazlama işləri aparılmış, 1 ədəd yeni paltaryuyan maşın alınaraq istifadəyə verilmişdir. Bundan əlavə camaşırxana təsərrüfatını su ilə təmin edən bütün yararsız su xətləri dəyişdirilmiş, ehtiyat su çəni quraşdırılmışdır.

Sağlamlıq ocaqlarında xəstələrə göstərilən xidmətin vəziyyəti ilə də maraqlandıq. Öyrəndik ki, ötən il bu sahə mütəxəssislər tərəfindən mütəmadi olaraq yoxlanılaraq, daim diqqət mərkəzində saxlanılmışdır. Yoxlamalar zamanı aidiyyatı işçilərə praktiki-metodiki köməklik göstərilmiş, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.

İl ərzində kadr hazırlığına xüsusi diqqət yetirilib. Ötən il həkim və orta tibb işçilərinin bir qrupu ixtisasartırma kurslarından keçmişlər. Həmçinin sanatoriyalarda istifadə olunan müalicə metodikaları yenidən işlənilərək sanatoriyalara təqdim edilmişdir. “Şıx” sanatoriyasında palcıq və parafinlə müalicə, “Bilgəh” sanatoriyasında vibrasiyalı ultrasəs, “Xəzər” sanatoriyasında “yod-brom” və “xvoy” vannaları yeni müalicə metodları tətbiq olunmuşdur.

“Günəşli” sanatoriyasında diaqnostik mərkəzin yaradılması məqsədilə inzibati bina layihəyə uyğun tam təmir edilmiş və lazımi avadanlıqlarla təmin olunmuşdur. Kardioloji, ultrasəs və endoskopik müayinə kabinetləri, klinik, biokimyəvi, bakterioloji laboratoriyaların fəaliyyət göstərməsi üçün tam hazır vəziyyətdədir. Sağlamlıq ocaqlarında sanitar-gigiyena və epidemiya əleyhinə rejimin gözlənilməsi daim nəzarətdə saxlanılır. Odur ki, il ərzində sağlamlıq ocaqlarında zəhərlənmə və infeksion xəstəliklər qeydə alınmamışdır.

Xüsusi qeyd edilməlidir ki, son illər sağlamlıq ocaqları üçün yeni tibb avadanlıqları alınmadığı halda, bu il 50 avadanlıq alınıb və sanatoriyaların istifadəsinə verilmişdir.

2008-ci ildə qidalanmanın təşkilində xeyli irəliləyiş qeydə alınıb, alınan ərzaq məhsullarının keyfiyyətinə diqqət artırılıb. Sanatoriyaların ərzaq məhsulları ilə fasiləsiz təminatı təşkil edilib. Bunun nəticəsində sağlamlıq ocaqlarında xörəklərin çeşidli və keyfiyyətli hazırlanmasına nail olunub.

İndi cəmiyyətin bütün tabe müəssisələrində hər şey ciddi nəzarətdədir, desək, səhv etmərik. Keçirilmiş yoxlamalar zamanı aşkar edilmiş nöqsanların və qüsurların qısa müddətdə aradan qaldırılması məqsədilə ardıcıl və səmərəli tədbirlər görülür. “Abşeron” və “Günəşli” sanatoriyalarında yol verilmiş nöqsanlara görə aidiyyatı işçilər inzibati qaydada cəzalandırılıblar. “Günəşli” sanatoriyasında aparılan bir sıra yoxlamalardan sonra baş aşpaz işdən azad edilmiş və bu vəzifəyə yenisi təyin edildikdən sonra işdə müsbət dəyişiklik müşahidə edilir. Xörəklərin keyfiyyəti yaxşılaşmış, onların çeşidləri genişləndirilmişdir. Qida blokunun sanitar vəziyyəti yaxşılaşmışdır. Bütün bunların nəticəsidir ki, bütün sanatoriyalarda xəstələr yeməyin çeşidindən və keyfiyyətindən razılıqla danışırlar. O cümlədən, sağlamlıq ocaqlarının dərman, sarğı materialları və kimyəvi preparatlarla təchizatı tələbnamələrə uyğun mərkəzləşdirilmiş qaydada aparılır. Yerlərdə dərmanların alınması, istifadəsi və hesabatın düzgün aparılması daim nəzarətdə saxlanılır.

Göründüyü kimi, son bir ildə “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan sanatoriyalarda çox böyük işlər görülüb. Əbil Ağasıyev bunları hələ başlanğıc hesab edir:

— Məsələ bundadır ki, biz islahatlara — təmir, tikinti, abadlıq işlərinə, tibbi avadanlıq, dava-dərman, qida təchizatında dönüşə yeni başlamışıq. İndi bu işlər daha keyfiyyətlə aparılacaq. Getdikcə sağlamlıq ocaqlarımız yüksək tələbata daha yaxşı cavab verəcək. Onu xüsusi qeyd edim ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin əməyi çox böyükdür. Bütün müraciətlərimizə diqqətlə yanaşır, hər cür kömək edir. Vaxtaşırı sağlamlıq ocaqlarına baş çəkir, görülən işləri daha sürət və keyfiyyətlə aparmaq üçün köməyini, qayğısını əsirgəmir. Odur ki, biz də göstərilən etimadı doğrultmaq, vətəndaşlarımıza daha yüksək xidmət etmək üçün başladığımız islahatları daha qətiyyətlə aparacağıq.

 

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2009.-6 fevral.-S.6.