Nizami rayonunda məskunlaşmış qaçqın
və məcburi köçkünlərin sosial vəziyyəti
ilbəil yaxşılaşır
Son illər öz
doğma yurd-yuvalarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərin
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində bir sıra əsaslı tədbirlər həyata
keçirilmişdir. Ulu öndər Heydər Əliyev hakimiyyətdə
olduğu dövrdə bu kateqoriyadan olan insanların həyat səviyyəsini
yüksəltmək məqsədilə verdiyi qərarlar,
imzaladığı sərəncamlar onların
güzaranının yaxşılaşdırılmasında əhəmiyyətli
rol oynadı. Ulu öndərin siyasi kursunun layiqli
davamçısı hörmətli Prezidentimiz cənab
İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının
artırılması ilə bağlı çox əhəmiyyətli
tədbirlər həyata keçirməyə başladı. Ən
başlıcası bu idi ki, 1 iyul 2004-cü ildə
“Qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na
imza atdı. Prezident 2007-ci il oktyabrın 31-də isə həmin
proqrama əlavələr edilməsi ilə bağlı yeni sərəncam
verdi.
Bu proqram qaçqın
və məcburi köçkünlərin həyatında əsaslı
dəyişikliklər yaradılmasını təmin etdi. Belə
ki, artıq ölkədə bir dənə də olsun
çadır şəhərciyi qalmamışdır. İndi
artıq bu insanlar hər cür şəraiti olan gözəl
qəsəbələrdə yerləşdirilmişlər. Qəsəbələrdə
normal həyat üçün hər cür şərait
vardır. Bu qəsəbələrdə müasir məktəblər,
tibb məntəqələri, rabitə qovşaqları tikilib
istifadəyə verilmişdir. Qəsəbələrin hər
biri işıq və qazla təchiz olunmuş, yollara, məhəllələrə
asfalt örtüyü çəkilmişdir.
Ancaq hələ də
böyük şəhərlərdə, ayrı-ayrı rayon
mərkəzlərində məskunlaşan qaçqınlar və
məcburi köçkünlər yataqxanalarda, uşaq
baxçalarında yaşayırlar. Cənab Prezidentimiz öz
çıxışlarında bildirmişdir ki, növbəti
illərdə onların da rahat binalarda məskunlaşması
təmin ediləcək.
Bakı şəhəri, Nizami rayonunda da 7988 nəfər qaçqın, 13104 nəfər məcburi köçkün məskunlaşmışdır. Ərazisi işğal olunmuş 11 rayondan olan məcburi köçkünlərdən 623 ailədən 1853 nəfər ictimai binalarda, 1021 ailədən 4971 nəfər təhsil müəssisələrində, 21 ailədə 60 nəfər sanatoriyalarda, 52 ailədən 211 nəfər qohum evində, 515 ailədən 2263 nəfər tikintisi yarımçıq qalmış binalarda məskunlaşmışlar.
Bütün respublikada olduğu kimi Nizami rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı 2008-ci ildə də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində 8343 nəfər məcburi köçkünə müxtəlif problemlərin həlli ilə bağlı arayış verilmişdir. Müxtəlif təşkilatlarla onların problemləri ilə bağlı əlaqələr yaradılmışdır. 201 ailədə 1038 nəfərin kommunal xərcləri (su, işıq, qaz, kanalizasiya, rabitə və s.) ödənilmişdir. Ümumilikdə isə, 14500 nəfər məcburi köçkünün kommunal xərclərinin ödənilməsi dövlət büdcəsindən həyata keçirilmişdir. 450 nəfər məcburi köçkünün müraciətinə baxılaraq onların ərizələri Qaçqınkoma təqdim edilməklə həmin şəxslərə status vəsiqəsi verilmişdir.
Müxtəlif problemlərlə bağlı respublikanın əlaqədar təşkilatlarına ünvanlanmış 60 ərizəyə cavab almışıq. Şöbəyə müraciət edən məcburi köçkünlərdən 28 ailədə 186 nəfər qeydiyyatdan çıxarılmışdır. Yeni doğulmuş və yeni ailə quranlar bütövlükdə qeydiyyata götürülmüşdür. Ərizə ilə müraciət edən hər bir məcburi köçkünə 20 manat məbləğində yardım edilmişdir.
Bundan başqa Xocalının anım günü 32 Xocalı ailəsinə “Xudafərin” şadlıq sarayında süfrə açılmış, onlara ərzaq yardımı edilmişdir.
“UMCOR” humanitar təşkilatı tərəfindən verilmiş dərman yardımı 150 nəfərə pulsuz paylanmışdır. Nəsimi küçəsi 14 nömrəli ünvanda yerləşən yataqxanada məskunlaşmış məcburi köçkünlərə isə yardımlar verilmişdir. Eyni zamanda 124 saylı köçkün Şuşa seçki dairəsində işıqlanma sistemi təmir edilmişdir. Naxçıvanski küçəsi 78 ünvanda yerləşən 10 və 15 saylı yataqxananın kabel xətti də dəyişdirilmişdir.
Başqa bir ünvanda – M. Abbasov 23-də yerləşən uşaq bağçasında məskunlaşmış məcburi köçkünlərin yaşadığı bağça binasının dam örtüyü tamamilə dəyişdirilmiş, 105 şəhid ailəsinə dövlət Qaçqınkomdan yataq dəsti verilmişdir. B. Nuriyev 77 və Şərifli 3 nömrəli ünvanlarda məskunlaşmış məcburi köçkünlərin yaşadıqları əraziyə asfalt örtüyü çəkilmişdir. 4 məcburi köçkün ailəsiyaşadığı E. Süleymanov küçəsi 139 nömrəli ünvanda heç bir şəraiti olmayan yerdən köçürülərək daha münasib yerlə təmin edilmişlər. 105 şəhid ailəsinə rayonun daxili imkanları hesabına, respublika təşkilatları tərəfindən isə Şərifli 3 ünvanda yerləşən 2 internat məktəbində məskunlaşmış 200 məcburi köçkün ailəsinin hər birinə 4 kq ət olmaqla qurban payı verilmişdir.
Ötən il həmçinin ailə başçılarını itirmiş 146 nəfər məcburi köçkünə İranın İmam Xomeyni adına təşkilat tərəfindən ərzaq yardımı edilmişdir. Rayon ərazisində məskunlaşan məcburi köçkün və şəhid ailələrindən 34 nəfəri prezident təqaüdü, 200 ailədə 800 nəfərdən çox məcburi köçkün ailəsi ünvanlı sosial yardım və 2200 nəfərdən çox məcburi köçkün yaş və xəstəliklə bağlı təqaüd alır.
Rayonda 9 məcburi köçkün məktəbi fəaliyyət göstərir ki, bunlardan 2-si Laçın, 3-ü Zəngilan, 2-si Ağdam, 1-i Cəbrayıl və 1 məktəb Qubadlı rayonuna aiddir. Həmin məktəblərdən ikisinin ayrıca binası vardır. Qalanları isə yataqxana və yerli məktəblərin nəzdində yerləşir.
Məcburi köçkünlər kompakt şəkildə əsasən Şərifli 3 nömrəli ünvanda yerləşən lal-kar uşaqlar üçün məktəbin yataqxanasında, Şərifli 139 və 148 nömrəli ünvanda yerləşən tikintisi yarımçıq qalmış binalarda, naxçıvanski 100 ünvanda olan 8, 10, 15 saylı yataqxanalarda, Babək prospekti 79, 86, 87 saylı yataqxanalarda, 4, 12 və 14 saylı peşə liseyində, R. Teymurov 28 və 30 ünvanda və K. Balakişiyev 61 nömrəli ünvanda yerləşən yataqxanalarda məskunlaşmışlar.
Məcburi köçkünlər ümumilikdə kommunal xərclərdən azaddırlar, rabitə haqqı ödəmirlər, hər ailə üzvünə 9 manat yemək xərci verilir. İşləməyən, yəni özündən asılı olmayaraq iş yerini itirmiş köçkünlərə aylıq əmək haqqı ödənilir. Həkim müalicəsi və ev alqı-satqısı zamanı bütün güzəştlər olunur. Əmək haqqı alarkən gəlir vergisində güzəşt olunur.
Bir məsələni qeyd etmək istəyirəm. Bakı şəhər rayonlarında məskunlaşan qaçqın və məcburi köçkünlərin problemlərinin həllində işğal altında olan rayonların icra strukturları, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin qaçqın və məcburi köçkünlərlə iş şöbəsi rayon şöbələri ilə birgə fəaliyyət göstərsə daha məqsədəuyğun olardı. Əfsus ki, bu birlik hələ də hiss olunmur. Yəqin ki, gələcəkdə bu qurumlar bir-biri ilə daha yaxın əlaqə saxlayacaq və problemlərin həllində bir-birinə yardımçı olacaqlar.
Bütün Azərbaycan xalqı inanır ki, hörmətli cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar.
Rafiq KAZIMOV,
Bakı şəhəri Nizami Rayon
İcra Hakimiyyəti
Qaçqın və
məcburi köçkünlərlə iş
şöbəsinin müdiri
Xalq qəzeti.-2009.-6 fevral.-S.6.