Rusiya nüfuz dairəsini genişləndirmək
uğrunda fəaliyyətini gücləndirir
Son aylar ərzində Rusiya özünün təhlükəsizliyini möhkəmləndirmək istiqamətində bir neçə mühüm addım atıb və bununla bağlı səylərini davam etdirməkdədir. Əslində hər şey Kosovonun müstəqilliyinin tanınmasından sonra başlandı. Ardınca Gürcüstan hadisələri baş verdi və Rusiya Kosovonu tanıyanların acığına Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Üstəlik bütün beynəlxalq təzyiqlərə davam gətirərək bu “yeni dövlətlər”lə diplomatik münasibətlər yaratdı, onların ərazisində hərbi bazalarını yerləşdirdi. Kosovo sanki yatmış Rusiyanı oyatdı.
Hazırda Rusiyanın atdığı addımlar geosiyasət nöqteyi-nəzərindən əslində ABŞ və NATO-nun əleyhinə çevrilib. Bunu artıq Qərb analitikləri də açıqca qeyd edirlər. Son zamanlar Belarusla birgə RƏM sistemləri yaratmaq sahəsində əldə olunmuş razılaşma, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində çevik əməliyyat qüvvələrinin yaradılması, eləcə də Qırğızıstan hökumətinin Manas hərbi bazasından ABŞ-ın istifadəsinə son qoymaq qərarı da təkcə coğrafi yaxınlıq məsələsi kimi qiymətləndirilmir. Onların fikrincə, bir tərəfdən, Qərbin keçmiş sovet respublikalarında maraqları var, digər tərəfdən isə, Moskvanın atdığı son addımlar onun nüfuz dairəsinin keçmiş SSRİ hüdudlarından uzaqlara keçməsini şərtləndirir. Bu addımlar analitiklər tərəfindən Moskvanın yeni siyasi çağırışları kimi dəyərləndirilir.
Bir çox müşahidəçilər hesab edirlər ki, birgə Rusiya-Belarus RƏM sistemləri birbaşa NATO ölkələrinin təyyarələrinə qarşı yaradılır. Çünki Baltikyanı ölkələr NATO-ya daxil olduğundan alyansın təyyarələri birbaşa Rusiya sərhədlərində patrul xidməti həyata keçirir. Birgə RƏMS-lər məhz bu hərbi təyyarələrə cavab vermək üçün yaradılır.
Ancaq ABŞ politoloqlarından bəziləri hesab edirlər ki, bu, regional sistem olacaq və ABŞ-ın Çexiya və Polşada RƏMS-lər yerləşdirməsinə cavab olaraq atılan addımdır.
KTMT-nın çevik əməliyyat qüvvələrinə gəldikdə isə, Moskva müzakirələrinin nəticələrinə görə, onların başlıca məqsədi sırf hərbi nöqteyi-nəzərdən fövqəladə hallara cavab vermək, hərbi təcavüzə, terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı durmaq, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə tədbirləri görməkdir. Ancaq Rusiya diplomatlarının özləri də etiraf edirlər ki, həmin qüvvələrin qarşısında sırf hərbi vəzifələrdən əlavə, siyasi vəzifələr də dayanır. Bu da əsasən KTMT ölkələrinin NATO ilə sıx əməkdaşlığına mane olmaqdır. Bəzi rus təhlilçiləri bildirirlər ki, hazırda NATO KTMT-ni, demək olar ki, saya salmır, əsasən ikitərəfli əlaqələrə üstünlük verir: NATO-Qazaxıstan, NATO-Özbəkistan, NATO-Ukrayna və s. Ancaq Rusiyanın nəzarətində olan bu təşkilat hərbi cəhətdən möhkəmləndikcə ona qarşı Şimali Atlantika təşkilatının münasibəti də dəyişəcək.
Qırğızıstandakı Manas hərbi bazasının ABŞ hərbçilərinin üzünə bağlanması barədə qırğız hökumətinin qərarı da, bir çox təhlilçilərin fikrincə, məhz Moskvanın nüfuz dairəsi məsələsi ilə bağlıdır. Qırğızların hərbi bazanın icarəsi ilə bağlı müqaviləni uzatmaqdan imtina etməsi amerikalıların yeni icarə qiymətləri barədə razılığa gəlmək haqqındakı təklifi qəbul etməməsi ilə əsaslandırılır. Ancaq Vaşinqtondakı müşahidəçilərin sözlərinə görə, Birləşmiş Ştatlar Manasdan istifadəyə görə kifayət qədər pul ödəyiblər. Məlumdur ki, bazadan bir illik istifadə haqqı 80 milyon dollardır. Bundan əlavə isə Qırğızıstana ildə 70 milyon dollar həcmində müxtəlif proqramlara görə ödənişlər təqdim edilir. ABŞ analitikləri bildirirlər ki, indi Rusiya Manasdan istifadəyə görə daha çox pul ödəyəcək. Qırğız lideri Kurmanbek Bakiyevin sözlərinə görə, Moskva Bişkekə 2 milyard dollar kredit və 150 milyon dollar həcmində əvəzsiz kömək vəd edib. Belə çıxır ki, birgə RƏMS, çevik əməliyyat qüvvələri və s. Rusiya tərəfindən nümayiş etdirilən əliaçıqlıq səbəbindən mümkün olur.
Rusiyanın Beynəlxalq Təhlükəsizlik İnstitutu Rusiya və Asiya proqramının direktoru Nikolay Zlobin bildirib ki, Qırğızıstanın Manas hərbi bazası məsələsi maliyyə problemi ilə bağlıdır. “Ölkə böhrandan əziyyət çəkir, satmağa isə bir şey yoxdur. Başqa ölkələrdə də belə problemlər müşahidə edilə bilər. Əgər Rusiya çevik əməliyyat qüvvələrinə görə pul verirsə, başqa ölkələr də belə addımlara hazır ola bilər. Belarusun özü də bu addımı yaxşı həyat üzündən atmayıb”.
Ancaq analitiklər onu da qeyd edirlər ki, sabah müttəfiq ölkələrin maliyyə vəziyyəti dəyişə bilər, onda Rusiya ilə münasibətlərə də yenidən baxmaq lazım gələcək. Siyasi müşahidəçilər belə bir faktı da söyləyirlər ki, Rusiyanın bütün bu hərəkətləri ABŞ-ın maraqlarına zərbədir və ona görə baş verir ki, Amerikada hakimiyyət dəyişikliyi təzə baş verib, Ağ evin yeni administrasiyasının başı hələ daha çox maliyyə böhranı ilə mübarizəyə qarışıb və Vaşinqtonun regiona nüfuzu bir qədər zəifləyib. Sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə bilmək olmaz...
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-6 fevral.-S.7.