Ötən il 109 jurnalist qətlə yetirilib
Beynəlxalq Jurnalistlər
Federasiyasının baş katibi Aydont Vayt bildirib ki, 2008-ci ildə
dünyanın müxtəlif ölkələrində öz
peşə borcunu yerinə yetirən zaman 109 media
işçisi qətlə yetirilib.
Verilən məlumatlara
görə, KİV nümayəndələri
üçün ən qorxulu ölkə son bir neçə
ildə olduğu kimi yenə İraq ərazisi sayılır. Bundan
əlavə Meksika və Hindistan da jurnalist fəaliyyəti ilə
məşğul olmaq üçün ən arzuolunmaz ölkələrdir.
Təşkilatın rəsmi məlumatına görə 2007-ci illə müqayisədə 2008-ci ildə öldürülən jurnalistlərin sayı 17,5 faiz azalıb. Bu ilk növbədə İraqdakı vəziyyətin bir qədər sabitləşməsiylə bağlıdır. Məsələn, 2007-ci ildə təkcə bu ölkədə 50-yə yaxın media nümayəndəsi qətlə yetirilmişdisə, 2008-ci ildə bu göstərici 15 nəfər olmuşdur. Ölüm hallarının sayının əvvəlki illərlə müqayisədə bir qədər azalmasına baxmayaraq, İraq artıq altıncı ildir ki, jurnalistlər üçün əsl “cəhənnəm” sayılır.
Həmçinin o da qeyd olunur ki, dünya ölkələrinin bəzilərində KİV nümayəndələrinin həyatı üçün böyük təhlükələr mövcuddur. Bunlar Pakistan, Hindistan, Filippin və Gürcüstandır. Narahat doğuran məqamlardan biri də jurnalistlərin peşə borclarını yerinə yetirdikləri zamanı müxtəlif radikal qruplaşmalar və terrorçular tərəfindən girov götürülmələridir. Məlumat üçün deyək ki, media nümayəndələri daha çox Əfqanıstan, Somali, Konqo Demokratik Respublikası, İraq, Qəzza və Meksikada əsir götürülür.
Ötən il eyni zamanda jurnalistlərin bir çoxu fəaliyyəti ilə əlaqədar həbs olunub. Bu baxımdan Afrika qitəsi öndədir. İkinci yerdə Yaxın Şərq ölkələri və Cənubi Amerika qitəsidir. Belə ki, təkcə ötən il adıçəkilən bölgələrdə 673 jurnalist həbs olunub.
Baş katib BMT-nin nəzdində jurnalistlərin hüquqlarını qoruyacaq qeyri-formal işçi qrupunun yaradılacağını bildirib. Ehtimal olunur ki, həmin işçi qrupu zorakılığın hökm sürdüyü və insan haqlarının daha çox pozulduğu münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin hüquqlarının müdafiə edilməsi ilə məşğul olacaq. Aydont Bayt dünya dövlətlərini medianın inkişafına yardımçı olmağa və jurnalistlərin təhlükəsizliyi üçün bütün səylərini birləşdirməyə çağırıb.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.-2009.-6 fevral.-S.7.