Neft hasilatında sabitlik, qaz istehsalında isə artım davam edir

 

2008-ci ildə ARDNŞ üzrə 9,3 milyon ton neft və 8,2 milyard kubmetr qaz hasil olunmuşdur

 

Son illər ölkəmiz əsaslı iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Ötən hər bir ilin sosial-iqtisadi mənzərəsini təhlil edərkən belə bir qənaətə gəlmək olur ki, həyatın bütün sahələrində uğurlarımız getdikcə artır. Bu baxımdan yola saldığımız 2008-ci ili də yüksək nailiyyətlər, əsaslı yüksəliş dövrü kimi xarakterizə etmək olar. Məhz ötən il Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası istiqamətində tədbirlər davam etdirilmiş, ölkəmiz iqtisadi artım sürətinə görə liderlik mövqeyini qoruyub saxlamışdır. Belə ki, 2008-ci ildə sosial-iqtisadi həyatın güzgüsü olan ümumi daxili məhsul istehsalı əvvəlki ilin səviyyəsini 10,8 faiz üstələmişdir. Bundan əlavə, hesabat dövründə ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye istehsalında 6 faizlik artım baş vermişdir ki, bu da dünya üzrə yüksək göstərici hesab olunur.

Sənaye istehsalında, bütövlükdə isə ölkə iqtisadiyyatında qeydə alınan artım, əsasən neft-qaz sektorunun hesabına baş vermişdir. Belə ki, il ərzində Azərbaycanda 44 milyon 460,1 min ton neft və 16 milyard 290,7 milyon kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Bu isə 2007-ci illə müqayisədə müvafiq olaraq 4,6 faiz və 50,4 faiz çoxdur. 2008-ci ildə hasil olunmuş neftin təqribən 7,3 milyon tonu, qazın isə 7,1 milyard kubmetri dövlət sektorunun — ARDNŞ-in payına düşmüşdür. Göründüyü kimi, ötən il ölkəmizin neft-qaz sənayesi üçün son dərəcə uğurlu olmuşdur. Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində 2008-ci ildə Azərbaycanda neft və qaz hasilatı rekord səviyyəyə çatdırılmışdır. Bundan əlavə, ötən il alternativ neft-qaz nəql marşrutlarının uğurlu fəaliyyəti ölkəmizin ixrac imkanlarını da xeyli artırmışdır.

Son illər Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən neft hasilatında əldə olunmuş sabitliyin qorunub saxlanması, eləcə də qaz istehsalının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Neft sənayesinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatla bağlı əvvəlki illərdə müşahidə olunan çətinliklərin tam aradan qaldırılması və s. tədbirlərin müsbət nəticələri getdikcə daha çox hiss olunur. Artıq neft və qaz hasilatına dair proqnoz tapşırıqları bir qayda olaraq vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir. 2008-ci ili yüksək göstəricilərlə başa vurmuş ölkə neftçiləri növbəti uğura imza atmışlar. Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, ötən il ARDNŞ üzrə qaz kondensatı da daxil olmaqla 9 milyon 337,10 min ton neft hasil olunmuşdur. İl ərzində çıxarılmış ümumi neftin 7 milyon 413,37 min tonu “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür.

Dövlət Neft Şirkətinin ölkəmizdə fəaliyyət göstərən xarici tərəfdaşları ilə birgə həyata keçirdiyi layihələrin də iqtisadi səmərəsi aybaay, ilbəil artır. Ötən il qurudakı yataqların istismarını həyata keçirən müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən, eləcə də ARDNŞ-in “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri üzrə payı çərçivəsində 1 milyon 923,73 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil olunmuşdur. Bundan əlavə, il ərzində müştərək müəssisələr və əməliyyat şirkətlərindən alınan yerli bazar nefti 345,64 min ton təşkil etmişdir.

2008-ci ildə Dövlət Neft Şirkəti üzrə emala 7 milyon 351,25 min ton neft təhvil verilmişdir. İl ərzində şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Azərbaycandan xaricə 2 milyon 280,94 min ton neft ixrac olunmuşdur.

Azərbaycanda qaz istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlərin də səmərəsi getdikcə artır. Son illər Dövlət Neft Şirkəti tərəfindən yeni qaz proqramının uğurla reallaşdırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi, yeni quyuların qazılıb istismara verilməsi nəticəsində ölkədə əvvəlki illərdə müşahidə olunan qaz böhranının qarşısı tamamilə alınmışdır. Artıq Dövlət Neft Şirkəti üzrə qaz hasilatı iki dəfəyə yaxın artmışdır ki, bu da əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatını xeyli yaxşılaşdırmışdır. Ötən il Dövlət Neft Şirkəti üzrə qaz hasilatı 8 milyard 236,65 milyon kubmetr təşkil etmişdir. Hasil olunmuş ümumi qazın 7 milyard 646 milyon kubmetri “Azneft” İB-nin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür. Bundan əlavə, 2008-ci ildə “Şahdəniz” layihəsi çərçivəsində Dövlət Neft Şirkətinin qaz payı 590,65 milyon kubmetr təşkil etmişdir. “Azəri—Çıraq—Günəşli” layihəsi çərçivəsində neft hasilatı ilə yanaşı, səmt qazı istehsalı da ilbəil artır. Təkcə onu demək kifayətdir ki, 2008-ci ildə adı çəkilən layihə üzrə Dövlət Neft Şirkətinə əvəzsiz olaraq 2 milyard 106,84 milyon kubmetr qaz verilmişdir. Bununla yanaşı, il ərzində “Şahdəniz” layihəsi üzrə Dövlət Neft Şirkətinə 2 milyard 129,12 milyon kubmetr “mavi yanacaq” satılmışdır.

Ötən il ölkə üzrə qazın təhvili planına da artıqlaması ilə əməl olunmuşdur. Belə ki, il ərzində 11 milyard 586,30 milyon kubmetr qaz təhvil verilmişdir ki, bunun da 10 milyard 767,37 milyon kubmetri daxili bazarda satılmışdır. Onu da deyək ki, daxili bazarda satılmış qazın 5 milyard 813,47 milyon kubmetri yerli istehlakçıların “mavi yanacağa” olan tələbatının ödənilməsi üçün “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Qazın 4 milyard 953,85 milyon kubmetri isə ölkənin istilik elektrik stansiyalarının normal fəaliyyətinin təminatı üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. 2008-ci ildə Dövlət Neft Şirkəti tərəfindən xaricə satılmış “mavi yanacağın” həcmi isə 818,93 milyon kubmetr təşkil etmişdir.

Yeri gəlmişkən, bir neçə il bundan əvvəl Azərbaycan xaricdən qaz alırdısa, aparılmış məqsədyönlü və təxirəsalınmaz işlər nəticəsində artıq ölkəmiz kənara “mavi yanacaq” ixrac edir. Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələ üzərində geniş dayandı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan beş il bundan əvvəl qaz idxal edən ölkə idi. Öz hasilatımız bizi təmin etmirdi və böyük həcmdə, demək olar ki, istehsal olunan qazın yarısını xaricdən alırdıq. Əməli, praktik işlərə vaxtında başlamağın uğurlu nəticələr verdiyini vurğulayan ölkə Prezidenti Dövlət Neft Şirkətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi. Məhz həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, bu gün ölkədə qazlaşdırma prosesi sürətlə gedir, bütün rayon mərkəzlərinə, eləcə də iri kənd və qəsəbələrə “mavi yanacaq” verilir. Bütövlükdə isə, artıq Azərbaycanda qazlaşdırma səviyyəsi 85 faiz təşkil edir ki, bu da neft və qaz hasil edən ölkələr arasında yüksək göstərici hesab olunur.

Dövlət Neft Şirkətində neft hasilatında sabitliyi qorumaq, həmçinin qaz istehsalını artırmaq məqsədilə bir sıra texniki və geoloji tədbirlərlə, eləcə də cari və əsaslı təmir işləri ilə yanaşı, son illər qazma işlərinin intensivləşdirilməsinə də diqqət xeyli artırılıb. Bu baxımdan təqribən iki il əvvəl şirkətin tərkibində ayrıca bir qurumun — Kompleks Qazma İşləri Trestinin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Məhz adı çəkilən qurumun fəaliyyətə başlaması dənizdə, eləcə də 160 ildir istismarda olan qurudakı yataqlarda qazma işlərinin xeyli intensivləşməsinə səbəb olmuşdur. Bu baxımdan yola saldığımız 2008-ci il də ölkə qazmaçıları üçün uğurlu olmuşdur. Belə ki, il ərzində Dövlət Neft Şirkəti üzrə 202954 metr qazma işi həyata keçirilmişdir ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur. Göründüyü kimi, kəşfiyyat və istismar qazmasının həcminin ilbəil artması yeni neft və qaz ehtiyatlarının aşkara çıxarılmasına, eləcə də onların hasilatına geniş imkanlar yaradır.

2008-ci ildə şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi xaricə 2 milyon 508 min 497 ton neft məhsulları ixrac etmişdir. İlin əvvəlindən bəri ixrac olunmuş neft məhsullarının strukturunda dizel yanacağı üstünlük təşkil etmişdir — 1 milyon 196 min 547 ton. Hesabat dövründə Azərbaycandan xaricə həmçinin 582 min 527 ton soba mazutu, 384 min 752 ton avtomobil benzini və 206 min 458 ton təyyarə yanacağı satılmışdır.

2009-cu ildə ölkənin neftçilər ordusunu daha mühüm, məsul vəzifələr gözləyir. Neft və qaz hasilatı üzrə nəzərdə tutulmuş illik proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmək üçün neftçilər ilin ilk günlərindən bütün imkanları səfərbər etmişlər.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.1-2.