Sosial-iqtisadi inkişaf strategiyası
uğurla davam etdirilir
Azərbaycan son illər
iqtisadi artım üzrə dünyada lider dövlətə çevrilmişdir.Ötən ildə
də iqtisadiyyatın
bütün sahələrində
irimiqyaslı islahatların
sistemli və düşünülmüş şəkildə davam etdirilməsi respublikamızı
dünyanın ən islahatçı ölkəsi
kimi tanıtmışdır.
Hazırda qazandığı
sosial-iqtisadi uğurlara,
zəngin potensialına
görə Azərbaycan
regionun və dünyanın böyük
iqtisadi layihələrinin
əsas tərəfdaşına
çevrilmişdir. Şübhəsiz
ki, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin,
sosial-iqtisadi inkişafın
bütün sahələrini
əhatə edən dövlət proqramının
qətiyyətlə reallaşdırılmasının
nəticəsidir. Dövlət
başçımızın təşəbbüsü və
nəzarəti altında
müasir dünya standartlarına cavab verən çoxsaylı sənaye müəssisələrinin,
sosial infrastrukturların,
qaçqınlar üçün
qəsəbələrin istifadəyə
verilməsi, əhalinin
həyat səviyyəsinin
daha da yaxşılaşdırılması
üçün mühüm
tədbirlərin həyata
keçirilməsi Azərbaycanı
getdikcə gücləndirir.
Bütün bunlar barədə Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilən iclasında
ətraflı danışılmışdır.
Dövlət başçımız
İlham Əliyev iclasda son beş ildə, o cümlədən
2008-ci ildə görülən
işlər barədə,
eləcə də qarşıda duran vəzifələrlə bağlı
ətraflı məlumat
vermişdir.
Sözügedən iclasda səsləndirilən bir sıra faktlara toxunmaq istərdim. Əvvəlcə onu deyim ki, son illər
ölkəmizdə bir
sıra layihələr
uğurla həyata keçirilmişdir. Belə
ki, ötən il ümumi məbləği
4,2 milyard manat olan dövlət əsaslı vəsait qoyuluşunun 60 faizə qədəri infrastruktur layihələrinə, 20 faizə
qədəri isə sosialyönümlü layihələrə
yatırılmışdır. Beynəlxalq maliyyə qurumları ilə nəqliyyat, energetika, su təchizatı, kənd təsərrüfatı,
ekologiya, sosial təminat sahələri üzrə ümumi məbləği 1,3 milyard
ABŞ dolları olan
8 layihə imzalanmışdır.
Ölkəmizin strateji
valyuta ehtiyatları
2003-cü ilə nisbətən
11 dəfə artmış
və 18 milyard dollar təşkil etmişdir.
Bu isə 2008-ci ilin sonuna olan 2,9 milyard dollar məbləğində
dövlət borcundan
6,2 dəfə çoxdur.
Ölkə başçısının
müəyyənləşdirdiyi davamlı inkişaf strategiyasının başlıca
istiqamətlərindən olan
qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində
bu sektorda ÜDM-in il ərzində real artımı proqnozlaşdırılan
12 faizə qarşı
15,7 faiz olmuşdur. Kənd təsərrüfatı
məhsulları istehsalçılarına
subsidiyaların və
vergi güzəştlərinin
verilməsi nəticəsində
son beş il ərzində kənd təsərrüfatında məhsul
istehsalının nominal dəyəri
2,4 dəfə artmış,
bu dövr ərzində aqrar sahədə yaradılan əlavə dəyərin
real artım səviyyəsi
25,1 faiz təşkil etmişdir.
Son beş
ildə həyata keçirilmiş regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafında
böyük rolu olmuşdur. Bu dövr ərzində proqramın icrasına yönəldilən
investisiyaların həcmi
6 milyard manat, o cümlədən 2008-ci ildə
2 milyard manat təşkil etmişdir. Dövlət proqramlarının
həyata keçirilməsi
nəticəsində əhalinin,
xüsusilə də regionlarda yaşayan əhalinin məşğulluq
səviyyəsi xeyli artmışdır. Belə
ki, son beş ildə 26 min 641 yeni müəssisə yaradılmış,
766 min 300 yeni iş yeri açılmışdır
ki, bunun da 547 min 600-ü daimidir.
Son illər
ölkədə sahibkarlığa,
özəl bölməyə
diqqət daha da artırılmışdır.
Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən
biri də sahibkarlığın inkişaf
etdirilməsidir. Ötən
ildən sahibkarlıq
fəaliyyəti subyektlərinin
qeydiyyatının “bir
pəncərə” prinsipi
üzrə təşkili
nəticəsində qeydiyyatdan
keçmiş hüquqi
şəxslərin sayı
30 faiz artmışdır.
Bu ildən ixrac-idxal əməliyyatlarında da
“bir pəncərə”
prinsipinin tətbiqinə
başlanılmışdır. İxracın daha da artırılması və xarici bazarlara çıxış
imkanlarının genişləndirilməsi
məqsədilə görülmüş
tədbirlər nəticəsində
ölkəmiz ABŞ və
Norveçin “CSP”, Avropa
İttifaqının “CSP+” proqramına
daxil edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına 27 Avropa ölkəsinin, habelə
ABŞ və Norveçin
bazarlarına rüsumsuz,
yaxud çox aşağı rüsumlarla
ixrac imkanları yaradır. Onu da xatırladım ki, ötən il də Ümumdünya
Ticarət Təşkilatına
üzvolma ilə bağlı işlər davam etdirilmiş, 11 ölkə ilə ikitərəfli danışıqlar
aparılmış, 2 ölkə
ilə ikitərəfli
protokol imzalanmışdır.
Nazirlər Kabinetinin
iclasında sahibkarlığa
kömək barədə
digər faktlar da açıqlanmışdır.
Bildirilmişdir ki, ötən il Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına 82,3 faizi regionlarda olmaqla sahibkarlıq subyektlərinin 7350 investisiya
layihəsinə verilmiş
335,6 milyon manat güzəştli kreditlər
hesabına yeni istehsal və emal müəssisələri
işə salınmış,
bu layihələr üzrə 73 mindən artıq iş yeri açılmışdır.
2009-cu ildə fond tərəfindən
bu məqsədlər
üçün təqribən
120 milyon manat məbləğində, o cümlədən
40 milyon manat qaytarılan vəsaitlər
hesabına kreditlərin
verilməsi nəzərdə
tutulur.
Yeri gəlmişkən,
bu gün hamını narahat edən bir məsələyə
də toxunmaq istərdim. Bu da bütün dünyanı
silkələyən qlobal
maliyyə böhranı
ilə bağlıdır.
Azərbaycanda aparılan
düşünülmüş uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir
ki, belə bir böhran şəraitində milli iqtisadiyyatımız nəinki
öz tarazlığını
qorumuş, hətta qeyri-neft sektoru tarixdə ən yüksək — 16 faizə qədər artım sürəti nümayiş
etdirmişdir. Ölkədə
illik inflyasiya 2007-ci ilə nisbətən səngiməyə doğru
getmişdir — 20 faiz olmuşdur.
İclasda milli valyutamızın getdikcə
möhkəmlənməsi də
müsbət hal kimi qiymətləndirilmişdir.
Göstərilmişdir ki,
2008-ci ildə manatın
məzənnəsi aparıcı
valyutalara nisbətən
sabit qalmışdır,
manat dollara nisbətdə dəyərini
5 faizdən çox, avroya nisbətdə isə 9 faizdən çox möhkəmləndirmişdir.
Halbuki dünyanın bir sıra aparıcı
ölkələrində valyuta
məzənnəsində olduqca
kəskin dəyişmələr
var. Qonşu ölkələrdəki
vəziyyət isə
yəqin ki, hamıya yaxşı məlumdur.
Bir çox
ölkələrdən fərqli
olaraq Azərbaycanın
xarici maliyyə mövqeyi daha da yaxşılaşmışdır.
2007-ci illə müqayisədə
ölkənin ödəmə
balansının profisiti
2 dəfə artmış,
ilkin qiymətləndirməyə
görə 18 milyard
ABŞ dolları təşkil
etmişdir. Halbuki, bir çox qonşu ölkələr
ödəmə və
xarici ticarət balansının kəskin pisləşməsi və
ölkədən kapital
axını ilə üzləşmişlər.
Azərbaycanın 2008-ci ildə
sosial-iqtisadi inkişafının
yekunları ilə bağlı kifayət qədər misal gətirmək olar. Ərzaq, enerji təhlükəsizliyi ilə
əlaqədar həyata
keçirilən tədbirlər
müsbət nəticələr
vermişdir. Sosial sahədə yüksək
göstəricilər əldə
edilmişdir. Bütün
bunlar isə deməyə əsas verir ki, ölkəmiz
uğurlu inkişaf yolundadır, bu inkişaf artıq dinamik xarakter daşıyır, özünün
qlobal imicini daha da yaxşılaşdırır.
Arif QƏDİMOV,
iqtisad elmlər doktoru
Xalq qəzeti.-2009.-8 fevral.-S.2.