Azərbaycan hökumətinin məruzəsi yüksək
qiymətləndirilmişdir
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən daxil olmuş məlumatda
deyilir ki, fevralın 4-də Cenevrə şəhərində
BMT Baş Məclisinin 2006-cı il 15 mart tarixli 60/251 saylı
qətnaməsinə müvafiq olaraq İnsan Hüquqları
Şurasının universal dövri icmal mexanizmi üzrə
işçi qrupunun 4-cü sessiyası çərçivəsində
dövlətlərin insan hüquqlarına dair öhdəliklərinin
yerinə yetirilməsinin öyrənilməsi məqsədi ilə
Azərbaycan Respublikasının milli məruzəsinə
baxılmışdır.
Azərbaycan Prezidentinin
2009-cu il 13 yanvar tarixli sərəncamına uyğun olaraq,
xarici işlər nazirinin müavini X.Xələfovun
başçılıq etdiyi nümayəndə heyəti
milli məruzənin təqdim edilməsində iştirak
etmişdir.
Azərbaycan nümayəndə heyətinin başçısı X.Xələfov milli məruzənin təqdim edilməsi zamanı çıxış edərək sənədin hazırlanması ilə əlaqədar həyata keçirilmiş tədbirlər, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, insan hüquqlarının və əsas azadlıqlarının təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat vermiş, 2009-cu il martın 18-də keçiriləcək referendumun insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini vurğulamışdır. Nümayəndə heyətinin başçısı Azərbaycanın insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi mexanizmlərində iştirakı, onların fəaliyyətinə töhfəsi, bu sahədə çalışan beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Həmçinin X.Xələfov qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılan islahatlar və ölkəmizin iqtisadi nailiyyətlərindən danışmış, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən sosial, təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilmiş proqram və layihələr barədə məlumat vermişdir.
Nümayəndə heyətinin başçısı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən indiyədək keçən qısa müddət ərzində insan hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş irəliləyiş və nailiyyətlərlə yanaşı, Azərbaycanın qarşılaşdığı çətinliklər və problemlər barədə də danışmışdır.
Çıxışda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, onun ağır nəticələri və Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açılmışdır.
Müzakirələrdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycan hökumətinin universal dövri icmal üzrə hazırladığı milli məruzəsini və onun müzakirələrə təqdim edilməsini, insan hüquqları və əsas azadlıqlarının təmin olunması istiqamətində qazanılmış nailiyyətləri və həyata keçirilən tədbirləri, bir sıra sahələrdə, xüsusilə də iqtisadi-sosial sahədə aparılan uğurlu islahatları yüksək qiymətləndirmişlər.
Daha sonra nümayəndə heyətinin başçısı və üzvləri digər dövlətlərin nümayəndələri tərəfindən məruzə üzrə verilən sualları və şərhləri ətraflı cavablandırmış, onlarla bağlı Azərbaycan Respublikasında görülmüş tədbirlər, atılmış addımlar və davamlı surətdə göstərilən səylərin mahiyyəti və nəticələri haqqında ətraflı şərhlər vermişlər.
Müzakirələr interaktiv dialoq formasında davam etmiş, Azərbaycan nümayəndə heyətinin başçısı X.Xələfovun yekun çıxışı ilə başa çatmışdır.
Fevralın 5-də Azərbaycan xarici işlər nazirinin müavini X.Xələfov BMT-nin insan hüquqları üzrə yeni seçilmiş Ali Komissarı xanım Navanethem Pillay ilə görüşmüşdür.
Görüşdə tərəflər Azərbaycan Respublikası hökuməti ilə İnsan Hüquqları üzrə Ali Komissarlığın ofisi arasında hazırkı əməkdaşlıq səviyyəsindən razılıqlarını bildirmiş, əməkdaşlığın istiqamətləri və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparmışlar. Xanım Ali Komissar Azərbaycan tərəfindən insan hüquqları sahəsində həyata keçirilən islahatları və görülən kompleks tədbirləri müsbət qiymətləndirmişdir.
Xarici işlər nazirinin müavini ölkədə aparılan islahatlar, insan hüquqları və əsas azadlıqlarının təmin olunması sahəsində həyata keçirilən tədbirlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticəsində insan hüquqlarının kobud və kütləvi pozuntusunun qurbanı olmuş qaçqın və məcburi köçkünlər, o cümlədən itkin düşmüş və girov götürülmüş insanlar barədə həmsöhbətinə məlumat vermişdir.
Səfər çərçivəsində fevralın 6-da X.Xələfov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Guteres ilə görüşmüşdür.
Görüşdə Ali Komissar Azərbaycan Respublikası hökumətinin qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunmasına yönəlmiş siyasətini yüksək qiymətləndirmiş və onların vəziyyətinin yaxşılaşdırılmasının, əhəmiyyətli sayda olan hissəsinin çadır şəhərciklərindən yeni salınmış qəsəbələrə köçürülməsinin digər ölkələr üçün nümunə olduğunu qeyd etmişdir.
Azərbaycan Respublikası hökuməti
ilə BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığı
arasında əməkdaşlıq
istiqamətləri, qaçqın
və məcburi köçkünlərin sosial
problemlərinin həllinə
beynəlxalq donorların
cəlb olunmasında Ali Komissarlığın rolu, qaçqın və məcburi köçkünlər üçün yeni salınmış şəhərciklərdə
təhsil, məşğulluq,
səhiyyə sahəsində
Azərbaycan hökuməti
və BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığı
tərəfindən birgə
layihələrin işlənib
hazırlanması, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli, qaçqın
və məcburi köçkünlərin
öz doğma yurdlarına qayıtması
məsələləri ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Xalq qəzeti.-2009.-8 fevral.-S.2.