Abşeron rayonunda torpaq hərrac və müsabiqələrinə həsr olunmuş seminar-müşavirə

 

Fevralın 6-da Abşeron rayonunda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli fərmanının icrası ilə əlaqədar olaraq torpaq hərrac və müsabiqələri anlayışı, onun keçirilməsi qaydaları, iştirakçıların hüquqi imtiyazları, yalnız torpaq hərrac və müsabiqələri vasitəsilə torpaq bazarında hüquqların dövriyyəsinin şəffaflığı və subyektlər arasında bərabər hüquqi imkanların yaradılmasının mümkünlüyü istiqamətində təbliğat-izahat işləri aparmaq məqsədilə seminar-müşavirə keçirildi.

Tədbirdə bildirildi ki, “Torpaq icarəsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar və müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulsa da, yerli icra hakimiyyətləri və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Məhz bu kimi halların aradan qaldırılmasını təmin etmək məqsədilə torpaq bazarının təşkili sahəsində dövlətin siyasətinin əsas prinsiplərinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin imzaladığı 23 noyabr 2007-ci il tarixli 2523 nömrəli sərəncamla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında 2007-ci ilin dekabr ayının 1-dən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu fərman və onunla tətbiq olunan qanuna uyğun olaraq dövlət başçısının 10 dekabr 2008-ci il tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının təşkilatçısı səlahiyyəti verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli fərmanı ilə edilmiş dəyişikliklər və əlavələrlə birlikdə qüvvədə olan və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”nın 3-cü bəndi ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq təsdiq edilmiş nümunələri də tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2008-ci il tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarına (rayon və şəhər şöbələrinə) yeni səlahiyyətlərin verildiyi də önə çəkildi və bildirildi ki, müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslərlə dövlət torpaqlarına dair münasibətdə komitənin yerli qurumları arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanılmalıdır.

Azərbaycan Respublikasının bir sıra qanunlarında da zəruri dəyişikliklər və əlavələr edildiyi qeyd edilən müşavirədə tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında” qanunlarda edilmiş dəyişikliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün stajı 20 təqvim ilindən az olmayan hərbi qulluqçulara bir dəfə pulsuz torpaq sahəsinin verilməsi, icarəyə torpaq ayrılmasına dair münasibətdə isə yalnız hərrac və müsabiqə zamanı onlara üstün hüququn verilməsi nəzərdə tutulmuşdur. Bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu həmin qanunlara əsasən yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edə bilərlər.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəhbəri Mehdi Səlimzadə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müəyyən edilmiş qaydalar barədə vətəndaşların maarifləndirilməsi istiqamətində əhatəli işlərin aparılması zərurətindən danışdılar və müşavirə iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirdilər. Bu cür tədbirlərin respublikanın bütün bölgələrində keçirilməsinin praktik işə müsbət təsir edəcəyi də vurğulandı.

 

 

Səməd HÜSEYNOĞLU

 

 Xalq qəzeti .-2009.-8 fevral.-S.3.