Zəngilan: sabitlik, tərəqqi, dövlətçiliyə sədaqət, yurda dönmək inamı

 

Dünən Zəngilan Rayon İcra Hakimiyyəti Aparatının 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçiləri, Milli Məclisin deputatları, mətbuat nümayəndələri iştirak edirdilər.

Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev çıxışında son illər ölkəmizin ümumi inkişafından, qazanılmış uğurlardan, o cümlədən, Zəngilan rayonunun tərəqqisindən insanların sosial problemlərinin ardıcıl həllindən danışdı:

– Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz İlham Əliyev nitqində qeyd etdi ki, ötən il dünya tarixinə maliyyə böhranı kimi daxil olsa da, Azərbaycan üçün uğurlu olub. Ölkəmiz sosial-iqtisadi sahədə, beynəlxalq aləmdə qazanılan yüksək uğurlarla, iqtisadiyyatın dinamik inqkişafı, mühüm islahatların həyata keçirilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ilə hamının yaddaşında qaldı. Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etdi. 2008-ci il bir də onunla yadda qalan oldu ki, oktyabr ayının 15-də xalqımız özünün dəyişməz seçimini etdi. – Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyevi yenidən Prezident seçdi. Bu mühüm tarixi siyasi kampaniyada rayonumuzun əhalisi yüksək fəallıq, yekdillik nümayiş etdirdi, seçki məntəqələrinə gələrək, öz layiqli namizədinə – cənab İlham Əliyevə səs verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ötən 5 ildə hakimiyyətin sosial məsuliyyət prinsipinə söykənərək sadəcə Heydər Əliyev ideyalarının davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun inkişaf etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqlədi. O, fəaliyyəti ilə bağlı xalqa müntəzəm hesabat verərək idarəçilikdə müsbət ənənə yaratdı, yeni bir idarəçilik məktəbinin banisinə çevrildi.

Xüsusi qeyd edilməlidir ki, uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərmişdir. Ötən il iqtisadiyyatımız təxminən 11 faiz yüksəlmiş, yeni müəssisələr açılmış, əhalinin pul gəlirləri 36 faiz, minimum əmək haqqı və pensiyaların baza həddi 50 faiz artmışdır.

Ötən beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanın bütün iqtisadi potensialını tam hərəkətə gətirdi, dinamik sosial-iqtisadi inkişafı təmin etdi. Bütövlükdə ölkə üzrə 750 mindən çox yeni iş yerləri açılıb. Bu isə öz növbəsində əhalinin maddi rifah-halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yoxsulluğun səviyyəsini aşağı salmışdır.

V.Quliyev daha sonra qeyd etdi ki, qaçqınların və məcburi köçkünlərin problemləri, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik diqqətində olub.

Odur ki, digər sahələr kimi, Zəngilan rayonunda kənd təsərrüfatı işlərinin səmərəli qurulmasına hərtərəfli köməklik göstərilmişdir. Məhz bunun nəticəsidir ki, 2008-ci ildə rayonumuzun əhalisi məskunlaşdıqları kənd rayonlarında 150 hektar taxıl əkmiş, 470 baş iri buynuzlu mal-qara, 3872 baş qoyun-keçi, 4311 baş ev quşları saxlamışlar. Rayon üzrə 266 ton buğda, 19,6 ton ət, 42,5 ton süd, 4,8 ton yun, 306 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da 2007-ci ildəkindən xeyli artıqdır.

Hesabat ilində rayonda sahibkarlığın inkişafına diqqət artırılmışdır. Dövlətin dəstəyi ilə Sabirabad payonu ərazisində 161 zəngilanlı məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə hər ailəyə kənd təsərrüfatı işləri üçün 0,71 hektar torpaq sahəsi paylanmış və əkib-becərmə işləri üçün 300 manat nəğd pul verilmişdir.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nin yaratdığı imkanlar hesabına 1 oktyabr 2003-cü ildən 1 yanvar 2009-cu ilə olan müddətdə rayonda 1135 yeni iş yeri açılmışdır ki, onlardan 1123-ü daimi, 12-si isə mövsümi iş yerləridir. İş yerlərinin 301-i 2008-ci ildə açılmışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Yeniləşən Azərbaycana – yeni məktəb!” devizi rayon məktəblərinin fəaliyyətinə, təlimin səmərə və keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Məhz bunun nəticəsində 2008-ci ildə rayonda təhsil sahəsində bir sıra məqsədyönlü işlər görülmüş, uğurlar qazanılmışdır.

Belə ki, ötən il rayonun 38 məktəbi fəaliyyət göstərmiş, orta ümumtəhsil məktəblərinin XI sinfini 545 nəfər şagird bitirmiş, onlardan 128-i ali məktəblərə daxil olmuşdur. Məzunlardan 20 nəfəri 500-700 arası bal toplamışlar. Sevindirici haldır ki, son beş ildə Zəngilan rayonunda təhsil şəraitinin yaxşılaşdırılması üçün 6 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

Sabirabad rayonu ərazisində 161 zəngilanlı məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə ötən il tibb məntəqəsi təşkil olunmuş, oraya yeni təcili yardım maşını verilmişdir. Eləcə də qəsəbədə klub və kitabxana yaradılaraq, onların fəaliyyətləri üçün lazımi avadanlıqlar və 3 min ədəd kitab verilmişdir. Rayon mədəniyyət və turizm şöbəsinə əvəzsiz olaraq 4239 kitab verilmiş və bu iş davam etdirilir. Üç musiqi məktəbində şagirdlər 4 ixtisas üzrə təhsillərini davam etdirmişlər.

Rayon icra hakimiyyəti rayonun gənclər təşkilatında əlverişli yaradıcı fəaliyyət şəraitinin yaradılması istiqamtində onlara yaxından kömək göstərmişdir. Hər il olduğu kimi, 2008-ci ildə də rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilinə yönəldilmiş maraqlı tədbirlər keçirilmişdir.

Hesabat ilində gənclər arasında “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda mütəmadi aparılmış söhbətlər öz bəhrəsini vermiş, bu sahədə heç bir neqativ hal qeydə alınmamışdır. Gənclər arasında aparılan səmərəli işlərin nəticəsidir ki, respublikamızda keçirilən müxtəlif idman yarışlarında zəngilanlı oğlan və qızlar bir qayda olaraq uğurlu nəticələr əldə edirlər. Ötən il də bu baxımdan uğurlu olmuşdur. Rayonumuzun gəncləri 16 respublika əhəmiyyətli tədbirdə iştirak edərək 9 qızıl, 11 gümüş, 17 bürünc olmaqla cəmi 37 medal qazanmışlar.

Rayon icra hakimiyyəti ötən il vətəndaş müraciətlərinə baxılması işini xeyli təkmilləşdirmişdir. İl ərzində bu məsələ 5 dəfə şura iclasında müzakirəyə çıxarılmışdır.

2008-ci ildə rayon icra hakimiyyəti aparatına 713 vətəndaş müraciəti daxil olmuşdur ki, onlardan 621-i ərizə, 89-u şikayət, 3-ü isə təkliflərdir. Ərizələrin 251-i maddi kömək edilməsi, 145-i yemək xərci, 80-i mənzil-məişət şəraitinin yaxşılaşdırılması, 51-i münasib işlə təmin olunması ilə əlaqədardır.

Vətəndaş müraciətlərindən 53-ü Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, 82-si Nazirlər Kabinetindən, 32-si respublikanın digər qurumlarından alınmış, 546-sı isə bilavasitə vətəndaşlardan rayon icra hakimiyyətinə daxil olmuşdur. 713 ərizə və şikayətdən 415-i müsbət həll olunmuş, 17-si əsassız sayılmış, 154-ü barədə müvafiq tədbir görülmüşdür.

İl ərzində rayon icra hakimiyyətinə müraciət edən 3330 nəfər vətəndaşdan 1750 nəfəri başçı tərəfindən qəbul edilmişdir, 46 ərazidə başçı tərəfindən keçirilmiş səyyar qəbullarda qaldırılmış məsələlərin əksəriyyəti əsasən müsbət həll olunmuşdur.

Ötən il ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP-ın nüfuzunun artması rayonumuzda onun üzvlərinin boy sırasının çoxalması ilə müşayiət edilmişdir. Hazırda rayon üzrə Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 1294 nəfərdir.

V.Quliyev onu da bildirdi ki, rayonun sosial-iqtisadi və mədəni inkişafında, əhalinin yüksək mənəvi-əxlaqi dəyərlərə yiyələnməsində, ümumiyyətlə, rayonun ictimai-siyasi həyatında əvəzsiz əhəmiyyəti olan “Zəngilanın səsi” qəzeti hesabat ilində də ayda bir dəfə nəşr olunmaqla oxuculara çatdırılmışdır. Bu işdə qəzetin redaktoru Salam Cavadovun xidmətləri, jurnalist peşəkarlığı xüsusi qeyd edilməlidir.

Zəngilanlıların məskunlaşma ərazisinin geniş və pərakəndə olmasına baxmayaraq, ərazi icra nümayəndələri müntəzəm olaraq əhali ilə əlaqə saxlamış, mövcud problemlərin həllində onlara yaxından köməklik göstərmişlər.

Rayon icra hakimiyyəti 2008-ci ildə öz fəaliyyətində 2007-ci ilin yekunları ilə əlaqədar hesabat yığıncaqlarında qaldırılmış məsələlərin, irəli sürülmüş təkliflərin, söylənilmiş tənqidi qeydlərdəki problemlərin həllini əsas götürmüş, bu istiqamətdə xeyli iş görmüşdür. Belə ki, məcburi köçkünlərin təklif və xahişləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr edilməsi haqqında" sərəncamına uyğun olaraq Sabunçu rayonunun Pirşağı qəsəbəsində Elmi Tədqiqat Əkinçilik İnstitutunun əvvəllər zəhərli kimyəvi maddələr saxlanmış yardımçı binalarında müvəqqəti məskunlaşmış 31 zəngilanlı məcburi köçkün ailələri üçün yeni yaşayış evləri tikilməsinə başlanılmışdır. İllərdən bəri burada məskunlaşanları ciddi narahat edən bu problemin aradan qaldırılması istiqamətində görülən işlər böyük razılıq hissilə qarşılanmışdır.

2008-ci ilin yekunları ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmuş qrafikə əsasən cari ilin yanvar ayının 10-dan 24-dək 22 kənd, qəsəbə və şəhər icra nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında aparatın məsul işçiləri, şura üzvləri iştirak etmişlər. Mincivan qəsəbə və Zəngilan şəhər icra nümayəndəliklərinin hesabat yığıncaqlarında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məsul işçiləri Rövşən Ağayev və Azər Fərzəliyev iştirak etmişlər.

Hesabat yığıncağında deyilmiş tənqidi qeydlər, irəli sürülmüş təkliflər ümumiləşdirilmiş, şuranın 2009-cu il 27 yanvar tarixli iclasında müzakirə edilmiş və qaldırılan məsələlərin icrası istiqamətində geniş tədbirlər planı hazırlanıb təsdiq olunmuşdur.

2008-ci ilin yekunları ilə əlaqədar şəhər, qəsəbə, kənd ərazi icra nümayəndəliklərində keçirilən hesabat yığıncaqlarında bir sıra tələb və təkliflər irəli sürülmüşdür. Belə ki, Abşeron rayonu ərazisində fərdi yaşayış evləri tikmək üçün məcburi köçkün ailələrinə güzəştli şərtlərlə torpaq sahələrinin ayrılması, Bakı şəhərinin rayonlarında miqrasiya nəticəsində yaşayış yerini dəyişən məcburi köçkünlərin qeydiyyata alınması, Sabunçu rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Neft Kimya Kollecinin yataqxanasında kanalizasiya xəttinin təmir olunması, Nizami rayonunda Ş.Mirzəyev 68 “b” ünvanda yerləşən “Azərenerji”nin 1 saylı yataqxanasının təmir olunması, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikilməsi, Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 2 saylı yataqxanada məskunlaşan Şəfibəyli kənd əhalisinə xidmət üçün tibb məntəqəsinin təşkili təklif olunmuşdur.

Ötən dövr ərzində rayonun Qarabağ əlilləri, veteranları şəhid və itkin ailələrinin, Böyük Vətən müharibəsi əlili və iştirakçılarının, ümumi səbəbdən əlil olanların və pensiyaçıların, həmçinin imkansız və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması və onlara qismən kömək məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu qəbildən olan fərdi vətəndaşlara, ailələrə və yas mərasimlərinə rayon icra hakimiyyəti başçısının Xeyriyyə Fondundan il ərzində 12290 manat yardım edilmişdir.

Hesabat ilində rayonda əldə olunmuş uğurlar bir də onunla əlamətdardır ki, rayon icra hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri həmişə insanların arasında olmuş, müxtəlif məqsədyönlü tədbirlərin keçirilməsinə təşkilatçılıq etmişlər.

Məruzə ətrafında çıxışlarda dövlətin məcburi köçkünlərə yüksək qayğısından, sosial və iqtisadi problemlərin ardıcıl həllindən, xüsusən, doğma yurdlara dönmək ümidinin, inamının daha da artmasından danışıldı. Təkliflər səsləndi. 2009-cu ildə həllini gözləyən ən zəruri problemlər dilə gətirildi və belə bir inam ifadə edildi ki, bu il qarşıya qoyulan bütün məsələlər öz həllini tapacaq, sosial-iqtisadi inkişafda yeni bir mərhələ olacaq.

 

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.4.