Sevastopol dövlət
radio verilişlərinin
Azərbaycan şöbəsi
efirdədir
Hər ay Krım vilayətinin
Sevastopol şəhər dövlət radio verilişlərində
yarım saat Azərbaycan dilində proqram səsləndirilir. Bu
müddət ərzində Azərbaycan musiqisi, mədəniyyəti,
həqiqətləri barəsində əhatəli məlumat
verilir, klassik muğamlarımız səsləndirilir. Azərbaycan-Qobustan
proqramının aparıcısı və müəllifi həmyerlimiz
Həbib Əliyev, rus dilinə tərcüməçisi isə
Leyli Kərimovadır.
Azərbaycan-Qobustan
proqramı hər dəfə Ü.Hacıbəyovun məşhur
“Koroğlu” operasının üverturası ilə
başlanır. Sonra aparıcı Həbib Əliyevin səsi
eşidilir: “Sevastopol dövlət radio verilişlərinin Azərbaycan
şöbəsi efirdədir”. Bundan sonra xalq artisti Alim
Qasımovun ifasında Azərbaycan muğamı səsləndirilir.
Artıq neçə illərdir ki, Sevastopol şəhərində hər evə Azərbaycan musiqisinin sədaları yayılır, ölkəmiz haqqında əsl həqiqətlər barəsində məlumatlar verilir, ermənilərin haqqımızda yaydıqları yalan və böhtanların qarşısı alınır. Bu günlərdə redaksiyamızın qonağı olmuş Azərbaycan-Qobustan proqramının aparıcısı Həbib Əliyev hazırladığı verilişlər barəsində ətraflı məlumat verdi. Ümumiyyətlə, Sevastopol dövlət radiosunda Azərbaycan şöbəsinin açılmasından, bu zaman ciddi maneələrlə qarşılaşmasından söhbət açdı. O, dedi ki, Sevastopol ermənilərin ən çox məskunlaşdığı şəhərlərdən biridir. Burada fəaliyyət göstərən güclü erməni lobbisi hər vasitə ilə Azərbaycan-Qobustan proqramının açılmasına mane olmağa çalışırdı. Çünki yaxşı bilirdilər ki, bu efir vasitəsilə Azərbaycan həqiqətləri, reallıqları olduğu kimi yerli sakinlərin diqqətinə çatdırılacaq, ermənilərin yalanlarının üstü açılacaq, onlar ifşa olunacaq, Ermənistanın qəsbkar dövlət olması, işğalçılıq missiyasından hələ də əl çəkməməsi barədə faktlar səsləndiriləcək. Radioda Azərbaycan şöbəsi fəaliyyət göstərməyənə qədər əllərinə düşmüş fürsətdən istifadə edən erməni şöbəsi hər dəfə özlərini təmizə çıxarır, guya azərbaycanlıların onları öz doğma yurd-yuvalarından didərgin salmaları barəsində rəy fomalaşdırmağa çalışırdılar. Artıq bunların hamısına son qoyulub.
H.Əliyev dedi ki, indi Sevastopolda hamıya məlumdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, çoxlu sayda terror aktları törədilmiş və bunun da nəticəsində günahsız insanlar qətlə yetirilmiş, uşaqlar, qocalar, qadınlar ömürlük şikəst olmuşlar. Həbib müəllim dedi ki, bu barədə efirdə məlumatlar səsləndirməklə kifayətlənmir. Azərbaycandan əldə etdiyi kitabları, şəkilləri yerli sakinlər arasında paylayır, tədbirlərdə fəal iştirak edərək erməni terrorizmi barədə məlumatlar yayır. Bu işdə Azərbaycanın yerdəki nümayəndəliyi, diaspor ona yaxından kömək edir, əyani vəsaitlərin, digər məlumatların çatdırılmasında yardımçı olurlar. Yerli sakinlər Azərbaycan-Qobustan proqramını böyük maraqla, səbrsizliklə gözləyirlər. Çünki bu proqramda həm də Azərbaycanın klassik musiqisi səsləndirilir, ölkəmizin mədəniyyət və incəsənət xadimləri, ziyalıları haqqında ətraflı məlumat verilir.
Həbib müəllim özü bu barədə dedi:
— Biz 12 ildir ki, efirdəyik. Bu illər ərzində təxminən 150-ə qədər veriliş səsləndirilib. Bu verilişlərdə Azərbaycan haqqında yerli sakinlərə tam, müfəssəl məlumat çatdırmışıq. Çalışmışıq ki, bütün sahələri əhatə edək. Artıq buna nail olmuşuq. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın başına gətirilən oyunlar, buna qədər isə rus imperiyasının azadlıq, istiqlaliyyət istəyi ilə küçə və meydanlara çıxan günahsız insanlara qanlı divan tutması — 1990-cı ilin 20 Yanvarında insanları gülləbaran etməsi barədə faktlara əsaslanan məlumatlar veririk. Azərbaycanın keçmiş tarixi, klassiklərimiz, adət-ənənələrimiz, müasir alimlərimizin yaradıcılığı və Ukrayna—Azərbaycan dostluq əlaqələri barəsində verilişlər proqramımızın əsasını təşkil edir. Bir sözlə, Azərbaycanın milli-mənəvi dəyərlərini olduğu kimi Krım vilayətinin sakinlərinə çatdırırıq. Bu, hər bir azərbaycanlının vəzifə borcudur. Ümummilli lider Heydər Əliyev siyasətinin ən mühüm amillərindən biri də Azərbaycan həqiqətləri barədə təbliğata geniş meydan vermək, bu barədə informasiya bolluğu yaratmaq idi. Biz də ulu öndərimizin tövsiyələrinə sadiq qalaraq verilişimizi əsasən bu notlar üzərində qurmuşuq. Onu da qeyd edim ki, Ukraynada ulu öndərimizin böyük nüfuzu var. Yerli əhali bu qüdrətli şəxsiyyəti böyük məhəbbətlə sevir, onu ehtiramla yad edir.
H.Əliyevin sözlərinə görə, Sevastopolda Azərbaycan musiqisinə, xüsusilə muğamına böyük maraq göstərilir. Azərbaycanın xalq artisti Alim Qasımovun ifasında səslənən muğamlara həvəslə qulaq asırlar. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda muğamın inkişafına xüsusi diqqət və qayğı göstərməsi, bu sahəni dünyada tanıtması, gənc istedadların iştirakı ilə muğam müsabiqələrinin təşkil edilməsi, qaliblərin mükafatlandırılması barədə hazırladığım verilişlər böyük maraqla qarşılanıb. Azərbaycanda “Muğam Mərkəzi”nin istifadəyə verilməsi barədə informasiya vermişəm.
O, sözünə davam edərək dedi:
— Azərbaycandakı mədəni abidələrin, Qobustan tarixi qoruğunun YUNESKO səviyyəsində təbliğində Mehriban xanım Əliyevanın böyük əməyi var. Bu barədə mütəmadi olaraq məlumatlar verir, əyani vəsaitlər yayırıq. Bununla yanaşı xalq mahnılarımız və bu mahınların mahir ifaçıları barədə verilişlər hazırlayırıq. Bu da təsadüfi deyildir. Çünki ermənilər bir sıra Azərbaycan xalq mahnılarına sahib çıxaraq özlərininki kimi təqdim edirlər. Mən isə həmin mahnıları Azərbaycan sənətçilərinin ifasında efirdə yayınlayaraq erməniləri ifşa edir, onların yalanlarını üzə çıxarıram. Məsələn, verilişlərin birində Azərbaycanın xalq artisti Mənsum İbrahimovun ifasında xalq mahnıları səsləndirdim və həmin mahnıların qədim tarixi barəsində məlumat verdim. Yerli əhalidə bu mahnıların Azərbaycan xalqına mənsub olmasına heç bir şübhə qalmadı. Musiqi Akademiyasının müəllimi Elnarə Dadaşovanın simfonik əsərləri də maraqla qarşılanıb. Naxçıvan barəsində həqiqətləri efirdə səsləndirməklə erməni yalanlarına son qoyduq. Onlar Naxçıvanın guya Ermənistanın ərazisi olması barədə şayiələr yayırdılar. Mən Naxçıvanın qədim tarixə malik olması barədə verilişlər hazırlayaraq yerli sakinləri bu ərazinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu barədə məlumatlandırdım. Onların iddialarının əsassız olduğu bir daha təsdiqləndi. Azərbaycan tarixçilərinin tədqiqat əsərləri barədə məlumatlar verdikcə ölkəmizin qədim tarixə malik olması barədə rəy formalaşır. Tarixçi - alim İbadulla Məmmədovun “İpək yolu” əsəri bu baxımdan diqqəti cəlb etmişdir. Bütün verilişlərimdə Azərbaycan ziyalıları, alimləri, mədəniyyət və incəsənət xadimləri barədə məlumat verirəm. Bu, artıq ənənə halını alıb. Bununla yanaşı mən Sevastopol dövlət radiosunun rus şöbəsində də Azərbaycan həqiqətləri haqqında verilişlər səsləndirilməsinə nail oluram. Azərbaycanda son illər demokratiyanın inkişafına xüsusi diqqət yetirildiyini önə çəkirəm. Ötən verilişlərimin birində 2008-ci ilin oktyabrında Azərbaycanda beynəlxalq standartlar səviyyəsində prezident seçkiləri keçirilməsi, beynəlxalq müşahidəçilərin bu seçkini çox yüksək qiymətləndirməsi, heç bir ciddi qanun pozuntusuna yol verilməməsi barədə məlumat verdim. Qeyd etdim ki, beynəlxalq müşahidəçilər də Azərbaycan tarixində bu vaxta qədər belə şəffaf, ədalətli, demokratik, azad və ədalətli seçki keçirilmədiyini vurğulayıblar. Dinləyicilərin diqqətinə çatdırdım ki, Azərbaycan gənc müstəqil dövlətdir, lakin buna baxmayaraq, Avropanın, həmçinin dünyanın inkişaf etmiş əksər dövlətləri ilə müqayisədə demokratik seçki keçirilməsinə nail oldu. Xalq böyük mütəşəkkilliklə yenidən İlham Əliyevi Prezident seçdi.
Mən bu il də efirdə səslənəcək verilişlərin faktlarla zəngin olmasına çalışacağam. Azərbaycanda olduğum müddətdə çoxsaylı tədbirlərdə, görüşlərdə iştirak etmişəm, Dağlıq Qarabağla əlaqədar çap olunan yeni kitablar əldə etmişəm. Yenə də azərbaycançılıq ideyasının, milli-mənəvi dəyərlərimizin, adət-ənənəmizin, ziyalılarımızın, musiqimizin, mədəniyyətimizin təbliğini ön plana çəkəcəyəm.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-8 fevral.-S.4.