Dünya şöhrətli alim

 

Əsrlərcə insanların əcdadlarını, ulularını, soyköklərini öyrənməyə sonsuz maraq göstərmələri təbii və qanunauyğundur. Dünyada yaşayan bütün xalqlar mənşələri ilə bağlı dəqiq, dolğun, səhih məlumat almaq istəyirlər. Bu müqəddəs işin yerinə yetirilməsində arxeologiya elminin rolu son dərəcə böyük və əvəzedilməzdir. Maddi mədəniyyət qalıqları əsasında ən qədim tarixi araşdıran və öz qəti sözünü deyən elm arxeologiyadır.

Arxeologiya yunanca qədimi araşdıran elm mənasını daşıyır. Bu sözü ilk dəfə eramızdan əvvəl IV əsrdə yaşayan Platon işlətmişdir. Sonralar bu söz yunan və Roma müəlliflərinin əsərlərində təkrarlanmışdır. Arxeologiya elminin təsir dairəsini, onun tarixin öyrənilməsində əvəzsiz rolunu Qərbin böyük mütəfəkkir alimi Qordon Çayld daha dəqiq mənalandırmışdır: “Arxeologiya tarix elmində çevriliş etdi. Teleskop astronomun görüş dairəsini genişləndirdiyi dərəcədə arxeologiya da tarix elminin üfüq sahəsini genişləndirdi. Mikroskop biologiya üçün böyük orqanizmin daxilində ən kiçik hüceyrələrin həyatının olduğunu açdığı kimi, arxeologiya da tarix üçün keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırdı. Nəhayət, arxeologiya tarix elminin həcm və məzmununda radioaktivliyin kimyada etdiyi dəyişikliklər kimi dəyişikliklərə səbəb oldu”.

Həqiqətdir ki, Azərbaycanda Qədim daş dövrü, Eneolit, Tunc və İlkin dəmir dövrünün öyrənilməsində arxeologiya həlledici rola malikdir. Daha dəqiq desək, iki milyon ildən üzü bəri, eramızın XI-XII əsrlərinə qədər tariximizin öyrənilməsi arxeologiya elminin adı ilə bağlıdır. Biz ibtidai icma quruluşu və qədim cəmiyyətlər dövrü tariximizi öyrənməyə görə bu elmə minnətdarıq.

Əziz oxucular! Biz yuxarıdakı mülahizələri təsadüfi xatırlatmadıq. Bu yolla mətləbə körpü salmaq, keçid almaq istədik. Məqsədimiz dünya şöhrətli alimin, arxeologiya elminə böyük töhfələr vermiş əziz həmyerlimiz Rauf Məhəmməd oğlu Munçayevin həqiqətlə yoğrulub-yapılan əfsanəyə, nağılabənzər həyatı və elmi fəaliyyəti ilə ictimai rəyi yaxından tanış etməkdir. Ona 80 illik yubileyilə bağlı böyük səmimiyyətimizi, ehtiram, xoş arzu və diləklərimizi bildirməkdir. Onunla fəxr etdiyimizi, qürur duyduğumuzu bildirmək istəyidir.

Rauf Məhəmməd oğlu 1928-ci ilin payızında Azərbaycanımızın əsrarəngiz təbiəti, gözəlliyi ilə könül oxşayan füsunkar, min-min mənzərəsi ilə seçilən Zaqatalada tanınmış ailədə dünyaya göz açmışdır. Ömrünün qaynar-oynar çağını bu yerlərdə keçirmiş, burada boya-başa çatmış, buranın hikmət dünyasından qanadlanmış, pərvazlanmışdır. Qeyrətli həmyerlimiz hər yerdə, hər zaman azərbaycanlı olması ilə fəxr etmiş, qürur duymuşdur. “Vətənim Azərbaycan, ocağım, yurdum, yuvam cənnət məkan Zaqatalam!” — demişdir.

Gələcəyin böyük alimi gənclik illərində tarix və ədəbiyyat elmlərinə böyük maraq göstərmiş, zirvəli dağların, sıx ormanların, şırşır bulaqların zümzüməsinin sehrinə dalmış, sirli aləmdə, möcüzələr qoynunda qalmışdır. Zaqatala həqiqətən də bir sıra tarixi abidələrin vətənidir. O, ulu keçmişimizin bu yadigarlarını sevə-sevə gəzib-dolaşmış, yaddaşına köçürmüşdür.

Rauf Munçayev 1945-ci ildə Zaqatala orta məktəbini müvəffəqiyyətlə bitirmiş, ali təhsil almaq üçün Dağıstana üz tutmuşdur. Mahaçqala Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1949-cu ildə arxeologiya ixtisası üzrə SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun aspiranturasına daxil olmuşdur. Ulularımız gözəl deyib: “Niyyətin hara, mənzilin ora”. Bizə belə gəlir ki, tale, alın yazısı qaçılmazdır. Rauf müəllimin arzuları üzünə gülüb, diləyilə qabaq-qənşər gəlib. Böyük bir alimin, gözəl insanın, əvəzsiz rəhbərin sirrinə-sehrinə düşüb. Elmi fəaliyyətinə şam-çıraq tutan bir qafqazlının sevimli tələbəsi olub.

Əslən Qroznıdan olan dünya şöhrətli alim, əvəzsiz elm təşkilatçısı, Qafqazın arxeologiyasının, tarixinin və etnoqrafiyasının inkişafına böyük əmək sərf edən, Lenin mükafatı laureatı Yevgeni İqnatyeviç Krupnovun doğmasına, əzizinə çevrilib. Böyük məmnunluq və minnətdarlıq hissi ilə xatırladım ki, bu sətirlərin müəllifinin, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İdeal Nərimanovun, professor Cabbar Xəlilovun və bir sıra alimlərin təkcə elmi rəhbəri deyil, həm də arxa duranı, mənəvi atası olub Y.İ.Krupnov.

Böyük qafqazşünasın rəhbərliyi ilə Rauf Munçayev “Dağıstan tarixində Mis və Tunc dövrü (eradan əvvəl III-II minilliklər)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək Dağıstanda elmi fəaliyyətə başlayır. Onun bu maraqlı tədqiqatında təkcə Dağıstanın deyil, həm də Azərbaycanın həmdövr abidələrinə geniş yer verilir. Arxeoloji mədəniyyətin eyni kökdən qaynaqlandığı və oxşarlığı araşdırılır. Dağıstanda fəaliyyətə başlayan gənc alim çoxəsrlik tarixə malik və müxtəlif məzmunlu abidələrlə tanış olur, onların dərindən araşdırılmasına başlayır.

Bir müddətdən sonra onu perspektivli alim kimi Moskvada Arxeologiya İnstitutuna işə dəvət edirlər. Heç şübhəsiz, bu dəvətdə də Y.İ.Krupnovun rolu böyük olmuşdur. Rauf müəllim burada dünyada tanınan alimlərin əhatəsində kamilləşir, yeni-yeni uğurlar qazanır. Onun alimliyilə yanaşı, elmi təşkilatçılıq bacarığı da özünü qabarıq şəkildə göstərir. Tədricən alimlər arasında sıralanır, tanınır, sayılır, seçilir. Şimali Qafqazın bir sıra bölgələrində davamlı olaraq arxeoloji işlər aparır, məlum abidələri daha dərindən öyrənir. Yeni fikirlər, yeni münasibət, yeni arzular meydana çıxır. Qafqazın digər yerlərində tapılan materialları tədqiqata cəlb edir, əhatəli müqayisələr aparır. Gərgin əmək, yuxusuz gecələr, inadkarlıq və əzmkarlıq öz bəhrəsini verir.

1971-ci ildə SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun müdafiə şurasında “Qafqaz Eneolit və İlk tunc dövründə” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Əsər “Qafqaz Tunc dövrü ərəfəsində” adı ilə Moskvada nəşr edilir. Bu dərin məzmunlu və beynəlxalq əhəmiyyətli əsər təkcə qafqazşünasların deyil, həm də sovet və dünya arxeoloqlarının böyük marağına səbəb olur. Bu son dərəcə gərəkli və fundamental əsərdə Qafqazla yanaşı, Şərqi Avropa və Ön Asiyanın eyni dövr abidələrinə münasibət bildirilir. Müqayisəli təhlillər aparılır. Oxşar və fərqli cəhətlər əsərdə öz yerini alır.

Həmin ərazilərdə yaşayan yerli əhalinin iqtisadi və mədəni əlaqələri, bir-birlərindən çox şey əxz etmələri müəyyənləşdirilir. Eradan əvvəlki VI-V minilliklərdə qafqazlıların tarixi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyətinin inkişafı araşdırılır. Əsərdə Azərbaycana geniş yer verilməsi təsadüfi deyil. Belə ki, ərazimiz bu dövr abidələrilə daha zəngindir. Sosialist Əməyi Qəhrəmanı, akademik İ.İ.Meşşaninov vaxtı ilə Azərbaycanda olarkən ölkəmizi “yeraltı muzey” adlandırmışdır. Şomutəpə, Töyrətəpə və Kür-Araz arxeoloji mədəniyyətləri fikrimizi bir daha təsdiqləyir.

Böyük alim sonralar nəşr etdirdiyi “Qafqazda Eneolit” və “Kür-Araz mədəniyyəti” adlı monoqrafiyalarında da Azərbaycanda aşkarlanan abidələrdən və geniş tədqiq edilən əsərlərdən istifadə etmiş, alimlərimizə minnətdarlığını bildirmişdir. Alim çoxsaylı elmi məqalələrində, beynəlxalq simpozium, konfrans və konqreslərdə Azərbaycanın zəngin maddi mədəniyyət irsinə həssaslıqla yanaşmış, bunu özünün mənəvi borcu bilmişdir. Uludan-ulu, ucadan-uca Vətən şərəfini yaşamışdır.

Həmyerlimizin çox mühüm və unudulmaz xidmətlərindən biri də yeddi cildlik “Azərbaycan tarixi”nin birinci cildinin redaktorlarından olmasıdır. Çoxcildliyin ağır yükünü çiynində daşıyan akademik Cəmil Quliyev Rauf müəllimin redaktəsinə valeh olduğunu minnətdarlıqla bildirmişdir. Rauf Munçayev Azərbaycanda çıxan bir sıra əsərlərin elmi redaktoru, məsləhət verəni, yol göstərəni, uğur diləyəni olmuşdur. Alimlərimizin çoxsaylı əsərlərinin Moskvada çıxmasına xüsusi xidmət göstərmişdir.

Rauf Məhəmməd oğlu Moskvada rus dilində nəşr olunan 20 cildlik “SSRİ arxeologiyası”nın bütün cildləri üzrə baş redaktorun birinci müavini olmuşdur. O, eyni zamanda həmin çoxcildliklərdə gedən “SSRİ-nin Eneolit”, “Orta Asiya və Qafqazın Tunc dövrü” bölmələrinin müəllifidir. Bu cildlərdə də Azərbaycan materialları öz şərəfli yerini tutur, xalqımızın qədim tarixi, mənəvi zənginliyi aşkarlanır.

Alimin onlarca fundamental monoqrafiyaları və 300-dən çox dərin məzmunlu elmi məqalələri, çoxsaylı çıxışları demək olar ki, dünyanın bütün qitələrində çap edilmiş, müəllifə böyük uğur qazandırmışdır. Onun əsərləri Rusiya, Yaponiya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İtaliya, keçmiş Çexoslovakiya, Bolqarıstan, Rumıniya, İraq, Suriya və bir sıra başqa ölkələrdə çap edilmiş, haqqında qiymətli fikirlər söylənilmişdir.

Rauf Munçayev keçmiş Sovetlər Birliyi dövründə və hazırda yüksək ixtisaslı arxeoloq kadrlarının yetişməsinə böyük əmək sərf etmiş, xüsusi qayğı göstərmişdir. Qafqazda, o cümlədən Azərbaycanda onlarla aspiranta rəhbərlik etmiş, onları elmin inkişafına ruhlandırmışdır. Bu baxımdan Qəhrəman Ağayev, Bəhlul İbrahimov və digər həmyerlilərimizin alim kimi yetişməsi onun adı ilə bağlıdır. Həqiqətdir ki, Teymur Bünyadov, İdeal Nərimanov, Cabbar Xəlilov və Hətəm Kəsəmənlinin dissertasiya müdafiəsində rəsmi opponent kimi çıxış etmiş, qələbələrinə sevinmişdir. Eloğlu kimi, dost kimi, həmkar kimi...

Rauf müəllim uzun illər boyu Azərbaycanda elə bir arxeoloji məclis olmayıb ki, orada iştirak etməsin, öz sözünü deməsin. O, Bakıda istər respublika miqyaslı, istərsə də beynəlxalq əhəmiyyətli konfranslarda dərin məzmunlu məruzələrlə çıxış edir, dəyərli məsləhətlərini verir, köməklik göstərir. Azərbaycanda aparılan arxeoloji ekspedisiyalara vaxtaşırı baş çəkir, abidələrin taleyi, məzmunu ilə maraqlanır, nəticələrini yüksək qiymətləndirir. Alimlərimizin əsərlərini oxuyur, fikrini bildirir və tədqiqatlarından yetərincə istifadə edir, dünyaya çatdırır. Əgər belə demək mümkünsə, o həmişə bizimlədir, bizim alimdir, bizim həmyerlimizdir.

Dost mehribanımızın qoşa qanadının biri alimliyi, digəri elmi təşkilatçılığıdır. O, ensiklopedik biliyi, geniş erudisiyası, güclü məntiqi, dərin müşahidə qabiliyyəti və qeyri-adi fəhmi ilə seçilir. Buraya inam, əqidə və hünəri də əlavə etmək olar. Şübhəsiz, bu üstün keyfiyyətlər onun karına gəlmiş, yaradıcılığına şam-çıraq tutmuşdur.

Həmyerlimizin elmin təşkilindəki fəaliyyətini göstərən bəzi məqamları xatırlatmaq yerinə düşərdi. Rus tarix elmini dünyaya tanıdan, qoruyan, keşiyində duran, iki dəfə Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru, akademik B.A.Rıbakovun 23 il elmi işlər üzrə müavini vəzifəsində işləmək böyük məsuliyyət, bacarıq və özünə inam tələb edirdi. Həmyerlimiz bu şərəfi layiqincə yerinə yetirdi. Çox keçmədi kollektivin dərin hörmət və ehtiramını qazandı, geniş ərazidə tanındı, əməyi yüksək qiymətləndirildi.

Dünya şöhrətli alim, xalqının sevimlisi, akademik B.A.Rıbakovdan sonra 15 il Arxeologiya İnstitutuna başçılıq etmək ağlagəlməz həqiqətdir. Zaqatalalı, həm də müsəlman Rauf Munçayevin sovet arxeologiya elminin şərəfini qoruması, onu dünyaya təqdim etməsi bizim üçün baş ucalığı, qürur mənbəyidir. O, hazırda Rusiya Elmlər Akademiyasının məsləhətçisi vəzifəsində çalışır. Əslinə qalsa, bu gün də Arxeologiya İnstitutunun bütün məsələlərini onunla məsləhətləşirlər və sonra həyata keçirirlər. Necə deyərlər, yenə də gözü institutun üstündədir, qəlbi bu ocaqla döyünür.

Şübhəsiz, onlarca alimin rəhbəri, havadarı, qolu-qanadı olan Y.İ.Krupnovun təşəbbüsü və qayğısı nəticəsində 1969-cu ildə ilk dəfə təşkil edilən İraq arxeoloji ekspedisiyası Rauf Munçayevin elmi yaradıcılığında müstəsna əhəmiyyət kəsb etmişdir. Bu benyəlxalq əhəmiyyətli işə həmyerlimizin başçılıq etməsi şərəfli olduğu qədər də məsuliyyətli idi. Sovet xofu, yad ölkə. Həmişə nəzarətdə, həmişə diqqətdə.

Qəribədir, güclü fəhmə, dərin düşüncə tərzinə malik olan alim açıb öyrəndiyi abidələrin dilini bilir, dilləndirir, dilmanclıq edir. Qədim tarixin və mədəniyyətin qaranlıq səhifələrini işıqlandırır. Geniş ərazidə yeraltı abidələrin aşkarlanmasında da daxili inamına arxalanır. Haraya çubuğunu sancırsa, oradan da yeni yadigar aşkarlayır, ulu tarixin unudulmaz bir səhifəsi həyata qaytarılır.

Məlumdur ki, Mesopotamiya ən qədim sivilizasiya mərkəzlərindən biri olmuş, dünya tarixinə işıq saçmışdır. Ona görə də bu İkiçayarası ölkə olan müasir İraq ərazisi əsrlərcə dünya alimlərinin diqqətini çəkmiş, böyük ölkələrin alimləri, həvəskarları zaman-zaman bu qədim mədəniyyət ocağında geniş tədqiqat işləri aparmış, maraqlı nəticələr əldə etmiş, bəşər mədəniyyəti tarixinə öz töhfələrini vermişlər. Bəşər mədəniyyətinin beşiyi Beynəlnəhrdə Sovet alimlərinin ilk dəfə arxeoloji işlərə başlaması gərgin zəhmət tələb edirdi. Başqa ölkələrdən gələn alimlərlə təmasda olmaq, onlarla fikir mübadiləsi aparmaq, bölüşmək zəruriyyəti doğurdu. Yerli əhali ilə dil tapmaq, qəlblərinə girmək, onların rəğbətini qazanmaq vacib şərtlərdəndi. Bütün bu çətinliklərin öhdəsindən həmyerlimiz elmi, qabiliyyəti və yüksək insani keyfiyyətlərilə gəldi.

Onun rəhbərliyilə ilk İraq arxeoloji ekspedisiyası Sinjar düzənliyində işə başladı. Bu geniş düzənlik Tell-Afar şəhərindən Suriya dövlətinin sərhədinə qədər uzanan geniş ərazini əhatə edirdi. Sovet alimləri bu zəngin mədəniyyət mərkəzində 17 il arxeoloji işlər aparmış, zəngin maddi mədəniyyət abidələri aşkarlamışlar. Bu yadigarlar təkcə İkiçayarası ölkəsi deyil, ümumən Şərq mədəniyyətinin doqquz min illik tarixinə dair əvəzsiz tarixi incilərdir. Xatırladaq ki, görkəmli Azərbaycan arxeoloqu, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İdeal Nərimanov da bu ekspedisiyanın daimi iştirakçısı olmuş, zəngin təcrübə əldə etmişdir. Şübhəsiz, bu iştirakda da akademik Cəmil Quliyevin və Rauf Munçayevin rolu danılmazdır.

Bu yaxınlarda Almaniyada İraq arxeologiyasının nəticələrinə həsr edilmiş irihəcmli, nəfis şəkilli fundamental əsər təkcə İkiçayarası xalqlarına deyil, bütün dünya sivilizasiyasına işıq saçan bir incidir. Tayı bərabəri, əvəzi olmayan inci.

O da maraqlıdır ki, hər iki alimin qəti qənaətinə görə İraqdakı “Ubeyd”, “Uruk” və digər abidələrin qədim sakinləri ilə Qafqaz tayfaları arasında mədəni əlaqələr, gediş-gəliş olmalarını təsdiqləyir. Bunu Azərbaycanda aşkarlanan Leylatəpə, Böyükkəsik və Şimali Qafqazdakı Maykon mədəniyyəti təsdiqləyir. Şübhəsiz, alimin rəhbərliyi ilə 1988-ci ildən indiyə kimi Suriyada arxeoloji işlərin nəticəsi bəşər tarixinin və mədəniyyətinin bir sıra açılmamış səhifələrini işıqlandıracaqdır.

Dünya şöhrətli tarixçi-arxeoloq Rauf Munçayev Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professordur. Elm və texnika üzrə Dövlət mükafatı laureatıdır. Rusiya Federasiyasının “Xalqlar dostluğu” ordeninə layiq görülmüşdür. Dağıstanın və Rusiya Federasiyasının əməkdar elm xadimidir. Almaniyanın Müqayisəli və Ümumdünya Arxeologiya İnstitutunun, İtaliyanın Afrika və Şərq İnstitutunun fəxri üzvüdür. Beynəlxalq tarixəqədərki və erkən dövr tarixi elmlərinin Daimi İcariyyə Kömitəsinin üzvü, “World Archeology”, “Rossiyskaya arxeoloqiya”, “Vestnik drevney istorii” jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Uzun illər Sovet dönəmində və hazırda Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının üzvü olan həmyerlimiz Azərbaycandan təqdim edilən doktorluq və namizədlik dissertasiya işlərinin təsdiqinin obyektiv keçməsində öz xidmətini göstərmişdir.

Rauf Munçayev ictimai-siyasi xadim kimi də yeri gələndə öz təsirli sözünü demiş, respublikamızın şərəfini qorumuşdur. Bir dəfə onu bizim əleyhimizə olan bir quruma dəvət etmişlər. Məsələ aydınlaşanda bərk əsəbiləşərək: “Görün, siz nə ilə məşğulsuzunuz. Dini dininizdən olan həmsərhəd xalqa qarşı kimlərlə birləşib, kimlərə qarşı çıxırsınız. Mənim ululuramıın, ata-anamın, qohum-əqrəbamın məzarı Zaqatala qəbristanlığında uyuyur. Bəs onların ruhları mənə nə deyər. Bir də mənim adımı çəkməyin, yığışdırın bu bəd işləri, bəd əməlləri...” demişdi.

R.Munçayev Rusiya və Qafqaz arxeoloqlarının tanınmış lideridir. Dünya arxeoloqlarının sayılan, seçilən, qabaqcıl nümayəndəsidir. Elmdə inkişafa, tərəqqiyə və yeniliyə tərəfdardır. Qafqaz xalqlarının sevimlisi, əzizidir.

Eloğlumuz hər şeydən əvvəl yer üzünün əşrəfi sayılan qənimət insandır. İstiqanlıdı, vətəncanlıdı. Təbiətən rahat və yumşaqdı, gülərüzdü. Ürəyi geniş, qəlbi təmizdi. Özü bütöv, sözü bütövdü. Qayğıkeşdi, cəfakeşdi, zəhmətsevərdi. Ədalətsizliyə qarşı amansızdı, barışmazdı. Qanunpərəstdi, məsuliyyətlidi. Yüksək mədəniyyətə malik görkəmli ziyalıdı. Davranışı, hərəkəti, inamı, əqidəsi ilə seçilən ziyalı.

Dostluqda əvəzsizdi, nə tayı, nə bərabəri var. “Dost yolunda boran olar, qar olar” hünərini yaşayan, uca tutandı. 53 illik dostluğumuzda bu müqəddəs amalı, alınmaz qalanı həyatımızın mənasını bilmişik, bir-birimizə can demişik, can eşitmişik. Qardaş demişik, qardaş olmuşuq. Pozulmaz ilqar, inamı yaşamışıq. Bu ayrılmazlıq xalqlarımız, elmlərimiz arasında bağlılıq, təmənnasız dostluqdu.

80 yaşı arxada qoydun, doxsana ayaq basdın, yüzə sarı boylanırsan. Yüz yaşa, qardaşım, dost-mehribanım. Arzuların çin olsun, diləklərin üzünə gülsün, əməllərinlə qabaq-qənşər gələsən. Yeni uğurlar, qələbələr, təntənələr sevincinə qovuşasan. Canın sağlam, ömrün uzun olsun, unudulmazım. Qədim, mübarizəli tariximizə incilər saç, naxışlar vur, qaranlıq səhifələrini nura qərq et.

Əziz oxucular! Biz olsa-olsa bu böyük insanın, elm fədaisinin, dünya şöhrətli alimin elm dəryasından damlaları, ömür gülüstanından tər qönçələri sizə təqdim etdik. Oxuyun, tanış olun, qürur duyun, əzizimiz, istəklimiz, həmyerlimiz Rauf Munçayevlə!

 

 

Teymur BÜNYADOV,

akademik  

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.5.