İstifadə olunmuş qazın və elektrik enerjisinin haqqı vaxtında ödənilərsə, təchizat
da yaxşılaşar
Budur, qışın
oğlan çağı hesab edilən yanvar ayı da geridə
qaldı. Təqvimlə hesablayanda yaza bir şey qalmayıb. Əvvəlki
illərlə müqayisədə olduqca mülayim keçən
kiçik çillə də yazın
yaxınlaşdığından xəbər verir. Baxmayaraq ki,
qışın da öz gözəllikləri var. Təbiidir
ki, işığı, qazı, yanacaq ehtiyatı qaydasında
olmayan insanlar heç zaman bəyaz qışın
romantikası barədə düşünmürlər. Belələri
yazın tez gəlməsi üçün daha çox
darıxırlar. Görəsən, bu cəhətdən
bölgələrdə vəziyyət necədir? Bu sualla
Xaçmaz rayonunun aidiyyatı təşkilatlarının rəhbərlərinə
müraciət etdik.
Yalama meşə
mühafizəsi və bərpası müəssisəsinin
direktoru Budaq Əliyev:
— Əfsuslar olsun ki, uzun
illər ərzində Azərbaycanda meşəyə yanacaq mənbəyi
kimi baxılıb. Bu səbəbdən də meşələrimizə,
bütövlükdə ana təbiətə böyük zərbə
dəyib. Nəticədə bir çox yerlərdə meşələr
seyrəlib, su ehtiyatları azalıb, sel və eroziya təhlükəsi
artıb. Müsbət haldır ki, son illər Ekologiya və Təbii
Sərvətlər Nazirliyi meşələrdən odun mənbəyi
kimi istifadə olunmasına dair köhnə stereotiplərə
qarşı çox ciddi mübarizə aparır. Doğrudur,
bəzi yaşayış məntəqələri, təhsil və
məktəbəqədər tərbiyə müəssisələrində
qış dövründə yanacaq kimi hələ də
odundan istifadə olunur. Lakin bu məqsədlə müstəsna
hal kimi yalnız meşələrdəki
tör-töküntüdən və sanitar
qırıntılar zamanı tədarük olunan odundan istifadə
olunur. Məlumat üçün bildirim ki, 2008-2009-cu illərin
qış mövsümü üçün müəssisəmiz
tərəfindən 1500 kubmetr odun tədarük edilib. Həmin
odun rayon icra hakimiyyətinin bölgüsü əsasında əhaliyə
və məktəblərə verilib. Deyilənlərə onu
da əlavə edim ki, kollektivimizin səylərinə
baxmayaraq, ayrı-ayrı yaşayış məntəqələrində
hələ də meşələrə qanunsuz müdaxilə
hallarına təsadüf olunmaqdadır. Məsələn,
2008-ci ildə Xaçmaz rayonu ərazisində meşələrə
qanunsuz müdaxiləyə görə 73 halda əməkdaşlarımız
tərəfindən akt və ya protokol tərtib olunub. Rayonun
inzibati orqanları tərəfindən 38 halda meşə
oğruları barəsində cinayət işi
başlanılıb. Qanun pozuntusuna yol verənlər tərəfindən
6400 manat cərimə ödənilib. Bu hallar onu göstərir
ki, hələ də meşələrin əhəmiyyəti
ilə bağlı əhalinin mütəmadi olaraq, həm də
daha geniş miqyasda maarifləndirilməsinə ehtiyac var. Bununla
bərabər, həm də alternativ, yanacaq mənbələrindən
istifadəni genişləndirmək barədə
düşünmək lazımdır. Fikrimizcə, yalnız
bu halda meşələrin yanacaq mənbəyi olmasına dair
yanlış vərdişlərə həmişəlik olaraq
son qoyulacaqdır.
Xaçmaz Rayon Qaz
İstismarı İdarəsinin rəisi Azad Yaqubov:
— Bu gün Xaçmaz və Xudat şəhərlərindən əlavə, rayonun 32 kəndinə də qaz verilir. 2008-ci ildə uzun fasilədən sonra Çarxı, Rəhimoba, Qaradağlı, Qaradağbulaq, Laman, Sərkərli, Bayoba, Yergüc, Həsənqala, Ağverdioba, Yeni Sudur, Balaqusar, Pirquluoba, Həbibkənd, Qaçaqlı, Hacıməmmədoba, Susay, Sabiroba, Mürşüdoba, Müzəffəroba, Müşfiq kəndlərinə və Yeni Həyat qəsəbəsinə də təbii qaz verilməsinə başlanılıb. Beləliklə, rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 18 min 900 nəfərə çatdırılıb. Sayğacların quraşdırılmasının artıq başa çatdırıldığı Ağyazı, Buduq və Qədəşoba kəndlərinə də yaxın günlərdə qaz veriləcəkdir. Hazırda Nərəcan və Qımıl kəndlərində qaz sayğaclarının quraşdırılmasına başlanılıb. Ortaoba kəndinə 1700 metr uzunluğunda daşıyıcı kəmər çəkilib. Hülövlü və Üçgünqışlaq kəndlərində isə qaz kəmərləri və paylayıcı şkafların təmiri gedir.
Qarşımızda duran əsas vəzifələrdən biri də köhnəlmiş xətlərin təzələnməsidir. Bu məqsədlə Xaçmaz dəmir yolu stansiyası ərazisi, demək olar ki, tamamilə yenidən qazlaşdırılıb. Orada 1700 metr uzunluğunda daşıyıcı kəmər yeraltı polietilen borularla əvəzlənib. S. Rüstəm küçəsində isə 1100 metr uzunluğunda xətt təzələnib, 182 abonentin evində daxili qaz xətlərində təmir işləri aparılıb.
— Azad müəllim, açığını deyim ki, Xaçmazda, Xudatda, hətta kəndlərdə belə abonentlər qaz təchizatından razılıq edirlər.
— Amma biz abonentlərin bir çoxunun istifadə etdikləri qazın haqqını vaxtında ödəmədiklərinə görə çox ciddi sıxıntı yaşayırıq. Təsəvvür edin, 2008-ci ildə əhaliyə satılan qazın dəyərinin cəmi 54 faizi ödənilib. Dekabr ayında isə ödəniş 50,5 faiz olub. İstifadə olunmuş qazın haqqını ödəmədiklərinə görə son günlər Xaçmaz şəhərindəki H. Aslanov və Ü. Hacıbəyov küçələrinin sakinlərinə, habelə Müşfiq, Qaraçı və Xaspoladova kəndlərinə qaz verilişi dayandırılıb.
Razılaşın ki, mənzillərin, iş yerlərinin, məktəblərin və xidmət obyektlərinin qızdırılması üçün təbii qaz odun və ya elektrik enerjisi ilə müqayisədə hər cəhətdən əlverişlidir. Belə olan təqdirdə axı niyə də istifadə olunan qazın dəyəri vaxtında ödənilməsin?!
Xaçmaz elektrik şəbəkəsinin rəisi Qismət Əsgərov:
— Xaçmaz şəbəkə rayonu 176 yaşayış məntəqəsində 36400 abonentə xidmət edir. Rayon üzrə sayğaclaşma işi 97,6 faizə çatıb. Bir sıra yerlərdə açıq xətlər qapalı sip kabellərlə əvəz olunub. Əksər yerlərdə sayğacları həyət və evlərdən bayıra çıxarmışıq. Bütün bunlar isə işlədilən enerjinin uçotunun düzgün aparılması və oğurluq hallarının qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Bununla belə, təkcə dekabr ayında ayrı-ayrı şəxslər tərəfindən enerji oğurluğuna yol verildiyinə dair 59 fakt aşkar edilərək əməkdaşlarımız tərəfindən aktlaşdırılıb. Gördüyümüz tədbirlər, habelə bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi sərfi nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn, 2008-ci ilin dekabrında 2007-ci ilin eyni dövrü ilə müqayisədə Xaçmazda 900 min kilovat-saat enerjiyə qənaət olunub. Enerji haqqının toplanması sahəsində də xeyli irəliləyiş var. Məsələn, 2007-ci ilin son rübündə orta aylıq yığım təqribən 67 faiz, əhali sektorundan yığım isə 47 faiz təşkil edirdi. 2008-ci ilin sentyabrında bu göstərici müvafiq olaraq 92,4 və 84,2 faizə çatdırıldı. Amma noyabr-dekabr aylarında yığım yenidən azaldı.
Rəislə söhbət edərkən Çaxçaxalı kənd sakini, Böyük Vətən müharibəsi veteranı Əsgər Məmmədəliyev əlimyandı ilə şikayətə gəldi: — Hər ay işıq pulunu ödəyirəm. Buna baxmayaraq, gündə bir nəzarətçi gəlib deyir ki, sənin sovet dövründən işıq pulu borcun qalıb. Rəis Əsgər kişini dinlədikdən sonra “burada nə isə bir anlaşılmazlıq var, tapşıraram bu saat araşdırarlar”, – deyərək onu sakitləşdirdi.
Elə bu arada rəisin telefonuna İlxıcı Məmmədxanlı kəndindən zəng oldu. Kənd müəllimlərindən biri işıqlarının kəsilməsi ilə əlaqədar camaatın narazılığını çatdırdı. Rəis ona da çıxış yolu göstərdi: — Siz istifadə etdiyiniz enerjiyə görə yığılıb qalan borclarınızı ödəyin, biz də işıq verək. Doğrusu, Xaçmazda olduğumuz müddətdə enerji təchizatında tətbiq olunan məhdudiyyətlərlə bağlı həm rəsmilərdən, həm də ictimaiyyətin nümayəndələrindən xeyli giley-güzar eşitdik. Hər halda, Xaçmaz rayonunun enerji təchizatındakı real mənzərə bu cürdür. Əlbəttə, belə olan halda hər hansı bir şərh vermək olduqca çətindir. Yəni, enerji haqqının vaxtında ödənilmədiyi yerdə işıqların kəsilməsi və ya məhdudiyyətlər tətbiq olunması başadüşüləndir. Buna görə Xaçmaz şəbəkə rəhbərliyindən inciməyə dəyməz. Yaxud, əhalinin və müəssisələrin enerji ilə təminatında yerli-yersiz fasilələrlə yol verildiyi şəraitdə yığımla bağlı problemlər yaşanacağı da bir aksiomdur. Vəziyyəti normallaşdırmağa borclu olan aidiyyatı orqanlar bu məqamları mütləq nəzərə almalıdırlar.
Yaza çox qalmasa da, qış hələ ki, sona yetməyib. Əsas olan odur ki, əvvəlki illərlə müqayisədə bu qış əhalinin odun, təbii qaz və elektrik enerjisi ilə təminatı daha yaxşı həllini tapıb. Hər halda, Xaçmaz rayonunda vəziyyət belədir. Bununla belə, istər meşələrin yanacaq mənbəyi olduğuna dair köhnə stereotiplərin aradan qaldırılması, istər əhalinin və müəssisələrin yanacaq və enerji təchizatında, istərsə də istehlak edilmiş qazın və enerjinin dəyərinin ödənilməsi sahəsində hələ də müəyyən problemlərin olduğu da danılmazdır. Bütün bunlar həm də ölkə rəhbərliyi tərəfindən qışa hazırlıqla bağlı aidiyyatı orqanlar qarşısında qoyulan vəzifələrə kimlərin nə dərəcədə əməl etdiyinin bir növ əyani göstəricisidir. Əlbəttə, müşahidə olunan müsbət meyilləri daha da inkişaf etdirmək, nöqsan və çatışmazlıqların isə səbəblərini dərindən və hərtərəfli araşdıraraq zəruri tədbirlər görülməsi üçün hələ vaxt var. Amma onu da nəzərə alın ki, hamı vaxtı gözləsə də, vaxt heç nəyi gözləmir. Odur ki, heç olmasa qalan vaxtdan maksimum dərəcədə səmərəli istifadə olunmasına çalışmaq gərəkdir. Unutmayın ki, bu qış toplanan təcrübə sonrakı illərdə də gərəyimiz olacaqdır.
Q. CƏFƏROĞLU
Xalq qəzeti.-2009.-8 fevral.-S.5.