ABŞ Konqresinə
Sülh Nazirliyinin yaradılması haqqında
qanun layihəsi təqdim edilib
ABŞ-ın 63
konqresmenindən ibarət təşəbbüs qrupu Konqresin
Nümayəndələr Palatasına federal hökumətin
strukturunda yeni Sülh Nazirliyi yaradılması haqqında qanun
layihəsi təqdim edib. Bu barədə Rusiyanın “RİA
Novosti” agentliyinə Nümayəndələr
Palatasının katibliyindən məlumat verilib.
Sənəd baxılması və Senatın hökumətdə və xarici işlər sahəsində islahatlar üzrə komitəsində səsverməyə çıxarılması üçün fevralın 5-də daxil olub. Sülh Nazirliyinin yaradılması ilə bağlı qanun layihəsi ABŞ tarixində ilk dəfə deyil ki, hazırlanır. Belə bir təşəbbüslə ilk dəfə 1935-ci ildə Konqresə müraciət edilib. Sənədi sonuncu dəfə 2007-ci ildə qurumdan keçirməyə cəhd göstəriblər.
Yeni qanun layihəsində nazirliyin vəzifələri və strukturu haqqında hərtərəfli məlumat verilir. Sənədə əsasən, nazirlik “sülhməramlı səylər göstərmək, eləcə də daxili və beynəlxalq sülhü təmin etmək üçün şərtləri öyrənmək” kimi vəzifələr daşıyacaq. Yeni nazirliyə ABŞ Prezidenti tərəfindən təyin edilən “sülh naziri” rəhbərlik edəcək, onun səkkiz müavini olacaq. Onlar “beynəlxalq sülh fəaliyyəti məsələləri üzrə nazir müavini”, “silahlara nəzarət və tərksilah məsələləri üzrə nazir müavini”, “dinc birgəyaşayış və münaqişələrin qeyri-güc yolu ilə nizamlanması məsələləri üzrə nazir müavini” və s. vəzifələri icra edəcəklər.
Qanun layihəsində qeyd edilir ki, məsələn, “beynəlxalq sülh fəaliyyəti məsələləri üzrə nazir müavini” çoxminli qeyri-güc sülh qüvvələrinin yaradılmasına dəstək verəcək, xarici ölkələrə sülhməramlıların və münaqişələrin qarşısının alınması üzrə mütəxəssislərin göndərilməsi, eləcə də “Sülh Akademiyası” məzunlarının buraxılışı məsələləri ilə məşğul olacaq. “Silahlara nəzarət və tərksilah məsələləri üzrə nazir müavini”nin vəzifəsi dünyada kütləvi qırğın silahlarının ixtisarını, təkmilləşdirilməsini və tamamilə ləğv edilməsini, eləcə də hücum və müdafiə məqsədli nüvə silahlarının sınaqdan keçirilməsinə, istifadəsinə yol verilməməsi üçün qeyri-güc strategiyasının hazırlanmasını təmin etmək olacaq.
Qeyd edək ki, Sülh Nazirliyinin yaradılması ABŞ-ın bəzi ictimai təşkilatlarından gələn ideyadır. Onu son prezident seçkiləri marafonunda ölkənin bir çox qeyri-hökumət və müharibə əleyhinə təşkilatları da dəstəkləmiş və öz təkliflərini Barak Obamanın seçki qərargahına təqdim etmişdilər. Hazırda Amerikanın bir qrup ictimai təşkilatı Sülh Nazirliyinin yaradılması ideyasını müdafiə etmək üçün mart ayında Vaşinqtonda konfrans və xüsusi aksiya keçirmək niyyətindədir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-8 fevral.-S.6.