BMT Bənəzir
Bhuttonun qətlini araşdıracaq
Birləşmiş Millətlər
Təşkilatı Pakistanın keçmiş Baş naziri Bənəzir
Bhuttonun qətlini araşdırmaq üçün xüsusi
müstəqil komissiya yaratmağı planlaşdırır. Bu
barədə BMT-nin Baş katibi Pan Qi Mun Pakistana ilk rəsmi səfəri
ərəfəsində bildirib. Təşkilatın nümayəndəsi
Mariya Okobenın kütləvi informasiya vasitələrində
yer alan sözlərinə görə, qərar BMT-nin Təhlükəsizlik
Şurasının üzvləri və Pakistan hökuməti
arasında geniş məsləhətləşmələrdən
sonra qəbul edilib. CNN-in yaydığı məlumatda isə
deyilir ki, BMT-nin belə bir komissiya yaratmaq ideyası hələ
ötən ilin dekabrında- Bhuttonun ölümünün
birinci ildönümü zamanı meydana gəlib.
“Bu cinayət bütün dünyanı dərindən sarsıtdı. Bu qətl hadisəsinin araşdırılması üçün ictimaiyyətin tanınmış nümayəndələrindən birinin rəhbərlik edəcəyi müstəqil beynəlxalq komissiyanın yaradıldığını elan edirəm”-deyə Pan Qi Mun bildirib. İTAR-TASS-ın məlumatına görə, BMT lideri komissiyaya konkret kimin rəhbərlik edəcəyini açıqlamayıb.
Müşahidəçilər hesab edirlər ki, mərhum Pakistan lideri Bənəzir Bhuttonun qətlinin araşdırılması ilə bağlı problemlər Baş katibin İslamabada səfəri zamanı müzakirə ediləcək əsas məsələlərdən biri olacaq. Məlum olub ki, Pakistan hökuməti BMT-nin yaratdığı komissiya üçün dövlət büdcəsindən 5 milyon dollar məbləğində vəsait ayırıb və onun işinə hər cür yardım etməyi nəzərdə tutur.
Xatırladaq ki, ölkəsində çox sevilən və bütün dünyada tanınan 54 yaşlı keçmiş baş nazir Bənəzir Bhutto 2007-ci ilin 27 dekabrında Pakistanın Ravalpindi şəhərində seçkiqabağı mitinqdə çıxış edərkən kamikadzenin özünü onun yaxınlığında partlatması nəticəsində həlak olmuşdu. Pakistan tarixində ən səs-küylü terror hadisəsi olan bu qətlin sifarişçilərinin kim olması hələ də məlum deyil.
Qeyd edək ki, müxalifətdə olan Pakistan Xalq Partiyasına rəhbərlik edən Bənəzir Bhutto dövlət başçısı olmağa iddialı idi.
Gallup institunun apardığı ictimai rəy sorğusunun nəticəsinə görə, pakistanlıların az qala yarısı Bənəzir Bhuttonun ölümündə Pərviz Müşərrəf hökumətini günahlandırır.
Faciəli ölümüylə milyonları göz yaşına qərq edən Bhutto vəfatından sonra BMT-nin insan hüquqları sahəsində mükafatına layiq görülüb.
Aida AYSA
Xalq qəzeti.-2009.-8
fevral.-S.6.