Cənubi Koreya ilə təhsil sahəsində əməkdaşlıq
genişlənir
Bu yaxınlarda təhsil
naziri Misir Mərdanov Koreya Politexnik Universitetinin prezidenti cənab
Jun Yeonq Choinun başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib. Bu barədə Təhsil Nazirliyinin mətbuat
xidmətindən məlumat verilmişdir. Məlumatda deyilir ki,
qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov
onları Təhsil Nazirliyində görməkdən məmnunluq
duyduğunu bildirib.
Azərbaycanla Koreya
arasındakı əlaqələrin inkişafından söz
açan nazir bu əməkdaşlığın hər iki
ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən
sonra daha da genişləndiyini qeyd edib. Misir Mərdanov dövlətimizin
başçısının Koreya ilə əlaqələrin
yaradılmasına böyük önəm verdiyini
açıqlayıb. Nazir həmçinin azərbaycanlı gənclərin
Koreyada təhsili məsələsinə də toxunub və bu
sahədə görülən işlərdən
danışıb.
Cənab Jun Yeonq Choi qəbul
üçün nazirə minnətdarlıq edib.İki ölkə
arasındakı mövcud əməkdaşlıqdan
danışan qonaq bu istiqamətdə lazımi işlər həyata
keçirməyə hazır olduqlarını diqqətə
çatdırıb.
Rəhbəri olduğu
təhsil müəssisəsinin dünyanın müxtəlif
ölkələrinin universitetləri ilə
qarşılıqlı əlaqələrindən söz
açan universitet rəhbəri ölkəmizdə
reallaşdırmaq niyyətində olduqları layihə
haqqında məlumat verib. Qonaq son illər ölkəmizin
inkişaf yolunda müsbət addımlar
atdığını nəzərə alaraq bildirib ki, onlar
Bakı və ona yaxın ərazidə elm, eləcə də
sənayenin inkişafına xidmət edən ali təhsil mərkəzi
yaratmaq niyyətindədirlər. Cənab Jun Yeonq Choi bu istiqamətdə
aparılan işlər, mövcud təcrübə barədə
təqdimat verib.
Bu təklif
üçün qonaqlara təşəkkür edən Misir Mərdanov
layihənin əhəmiyyətini qeyd edib və belə bir mərkəzin
Azərbaycanda fəaliyyət göstərməsi arzusunda
olduğunu bildirib. Eyni zamanda, nazir bu barədə müvafiq
dövlət qurumlarını məlumatlandırmağın
vacibliyini qeyd edib.
Sonra Misir Mərdanov
Dünya Bankı ilə imzalanmış Kredit Sazişi çərçivəsində
ali təhsil sahəsi üzrə aparılacaq islahatlar barədə
qonaqlara məlumat verib.
Görüşdə tərəflər
layihə sənədinin daha da təkmilləşdirilməsini
və bununla bağlı yenidən görüşərək
müzakirə aparmağın vacibliyini qeyd ediblər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-8 fevral.-S.6.