Avropa miqrasiya siyasətinə yenidən
baxır
Dünya maliyyə
böhranı və işsizliyin artması avropalıları
miqrasiya siyasətinə yenidən baxmağa vadar edib. Məsələn,
Fransa hökuməti işsizliyin artmasının
qarşısını almaq üçün miqrantlarla
bağlı qərar qəbul edib.
Həmin qərara görə, bundan sonra ölkəyə işləmək üçün gələn qeyri-leqal əcnəbi vətəndaşlar Fransa ərazisinə hansı yollar vasitəsilə gəlmələri barədə məlumat verməli olacaqlar. Çünki adı çəkilən ölkəyə hər il minlərlə qeyri-leqal mühacir gəlir. Yəni Fransa hökuməti mühacirlərə müvəqqəti yaşayış yeri verməyi öz öhdəsinə o şərtlə götürəcək ki, onlar bu ölkəyə hansı kanallar vasitəsi ilə gəldikləri barədə dövlət orqanlarına məlumat versinlər. Artıq Fransanın immiqrasiya məsələləri üzrə naziri Erik Besson adı çəkilən məsələ ilə bağlı xüsusi sərəncam imzalayıb. Hakimiyyət təmsilçiləri hesab edirlər ki, bu addım ölkəyə qanunsuz yollarla keçən mühacirlərin qarşısını alacaq. Çexiyada da mühacirlər baxımından vəziyyət Fransadakına oxşardır. Bu ölkənin hakimiyyət orqanları ölkəyə qeyri-leqal yollarla daxil olmuş əcnəbi vətəndaşlara yol pulu verərək onların öz vətənlərinə qayıtmalarına şərait yaradacaqlarını bildiriblər.Veriləcək pulun miqdarı da məlumdur. Belə ki, hər bir miqranta geri dönmək üçün 500 avro ödəniləcək. Artıq dövlət büdcəsindən bu məqsədlə 2 milyon avro ayrıldığı bildirilib. Ehtimallara görə, ayrılacaq həmin vəsait ilkin olaraq Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarına paylanılacaq. Bunlar Vyetnam, Monqolustan və s. dövlətlərin vətəndaşlarıdır. O da qeyd olunur ki, bu addım ölkədəki kriminal duruma effektli nəzarət etmək baxımından da önəmlidir. Çünki işsiz və pulsuz mühacir cinayətə daha meyilli olur.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.-2009.-8 fevral.-S.6.