Ötən il 140 dövlətlə 54,9 milyard
dollarlıq idxal-ixrac
əməliyyatları aparılmışdır
Dövlət Statistika
Komitəsinin məlumatına görə, 2008-ci ildə Azərbaycan
Respublikası 140 ölkə ilə ticarət sahəsində
qarşılıqlı surətdə faydalı əməkdaşlıq
edərək 54,9 milyard ABŞ dolları məbləğində
idxal-ixrac əməliyyatları aparmışdır. Xarici
ticarət dövriyyəsinin 47,7 milyard dollarını (87
faizini) ölkədən ixrac olunmuş mallar, 7,2 milyard
dollarını (13 faizini) ölkəmizə idxal edilmiş məhsullar
təşkil etmiş, 40,5 milyard dollarlıq müsbət saldo
yaranmışdır. 2007-ci illə müqayisədə xarici
ticarət dövriyyəsinin həcmi 4,7 dəfə, o cümlədən,
ixrac 7,9 dəfə, idxal 25,4 faiz artmışdır.
İxrac-idxal əməliyyatlarının
52,8 faizi Avropa Birliyi, 7,2 faizi MDB ölkələri ilə, 40
faizi isə digər dövlətlərlə
aparılmışdır. Ümumi dövriyyənin 59,3 faizi
Avropa, 25,3 faizi Asiya, 14,9 faizi Amerika, 0,5 faizi Afrika qitəsi
ölkələrinin, 0,02 faizi isə Okeaniyanın payına
düşmüşdür.
Xarici ticarət əməliyyatlarının
beşdə-dörd hissəsindən çoxu (80,8 faizi)
İtaliya, Amerika Birləşmiş Ştatları, İsrail,
Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, Türkiyə,
İndoneziya, Birləşmiş Krallıq və Çin
dövlətləri ilə aparılmışdır.
T.ƏLİYEV
Xalq qəzeti.-2009.-8 fevral.-S.6.