Vətən yanğılı
şair
Azərbaycan poeziyasnın fəxri, xalq şairi Məmməd Araz cismən aramızda olmasa da, onun zəngin yaradıcılığı və əzəmətli şeirləri bizimlə birgə nəfəs alıb yaşayır. O, yaşadığı ömrün 50 ilini Vətən və xalq üçün yazıb-yaratmış, bədii sözün qüdrəti ilə doğma Azərbaycanı və xalqını sevgi-məhəbbətlə, can yanğısı ilə tərənnüm etmişdir.
1959-cu ildə “Sevgi nəğməsi” adlı ilk kitabı ilə oxucuların görüşünə gəlmiş və bu ilk görüşdən sonra bütün yaradıcılığı dövründə neçə-neçə dəyərli kitabın müəllifi kimi tanınmışdır. O, kəşməkəşli günlər yaşayaraq, həyatın imtahan və sınaqlarından çıxaraq xalqımızın böyük məhəbbət və ehtiramını qazanmışdır.
Məmməd Araz dahi Azərbaycan şairi Nizaminin və digər klassik sənətkarların fikir dünyasından qidalanmış və yaradıcılıqla bəhrələnmşdir. Odur ki, onun poeziyasında hikmətli sözlər, Vətən eşqi, xalq sevgisi geniş yer tutmuşdur. Şairin şeirlərində Azərbaycan və azərbaycançılıq, xəlqilik və yurdsevrəlik, mərdlik və əzmkarlıq bədii sözün vasitəsilə obrazlı şəkildə ifadə olunmuşdur. Son illərdə çapdan çıxmış dörd cildlik külliyatında toplanmış şeirlərin əksəriyyətində yuxarıda sadalanan məziyyətlərlə yanaşı, şairin haqq-ədalət, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizə əzmi sanballı poetik nümunələrlə özünün bədii əksini tapmışdır.
Xalqını ürəkdən və coşqun məhəbbətlə sevən Məmməd Araz erməni millətçilərinin sərsəm iddialarını, Xocalı faciəsinin törədilməsini və Azərbaycan torpaqlarının zəbt edilməsini qəzəblə qarşılamış, Vətən oğullarını torpaqlarımızın azad olunmasına səsləyən dərin mənalı şeirlər yazmışdır. “Bizi Vətən çağırır” şeirində oxuyuruq:
Gücünə, qüvvətinə
Zəhmini də qata bil
Düşmənin marığında
Pələng kimi yata bil.
Bu dağları
baba bil,
Bu dağları
ata bil!
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən
çağırır!
Bizi Vətən
çağırır!!!
Azərbaycanın müstəqilliyini,
ərazi bütövlüyünü
qoruyub saxlamaq şairin əsas düşüncələri və
amalı olduğundan
“Ayağa dur, Azərbaycan” şeiri xüsusilə güclüdür:
Ayağa dur, Azərbaycan!
Bunu bizə
zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu
nər, səninləyəm!
... Gözünü
sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhəddinə bir yaxşı bax!
Məmməd Araz yaradıcılığında
milli oyanış ruhlu, Vətən sevgisi ilə dolu lirik şeirlər
və poeziya nümunələri diqqəti
daha çox cəlb edir. Bu baxımdan
şairin “Bu millətin
dərdi-səri”, “Məndən
ötdü, qardaşıma
dəydi”, “Bu dönüklər,
vəfasızlar dünyası”,
“Azərbaycan, dünyam
mənim”, “Yol ayrıcında söhbət”,
“Babək qılıncı”,
“Dünya düzəlmir”,
“Tanrım, məni məndən qoru”, “Vətən mənə oğul desə” adlı şeirləri öz məna yüklü və bədii tutumu ilə daha çox
seçilir.
Məmməd Araz həyatda ümid və inamla yaşayan şair idi. O, gənclik
illərindən başlayaraq
həmişə gələcyə
inamla yazıb-yaratmaş
və həyata həmişə nikbinliklə
baxmışdır. “Təsəlli”
adlı şeirində
özünün və
şair dostlarının
gələcəyə inam
sarıdan dünyanın
ən varlı adamları olduqlarını
qeyd edən şair demişdir:
Hələ ömrümüzün
nə yazı olub,
Hələ bu dünyada nə yaşamışıq?!
Bizim payımıza
çatası olub,
Təsəlli bir qaşıq, ümid bir qaşıq.
Demə ki, ömrümüz keçdi
yarıdan,
Biz yenə ümidli günlər yazıyıq.
Bil ki, gələcəyə inam
sarıdan
Dünyanın ən varlı adamlarıyıq.
Məmməd Araz yaradıcı ziyalıların, xüsusilə
gənc yazarların yaxın dostu idi və onların
ədəbi yaradıcılığı
ilə daim maraqlanardı. O, 1970-1980-ci illərdə
Salyan və Neftçala bölgələrinə
hər gəlişi zamanı ədəbiyyat həvəskarlarına və
gənc şairlərə
lazımi istiqamət verər, onları məzmun və ideyaca daha yetkin
əsərlər yazmağa
ruhlandırardı.
Məmməd Araz el yolunda can yanğısı
ilə çalışan,
ilhamla yazan və öz sözünü mərdanə
deyən vətəndaş
şair idi. Mükəmməl yaradıcılığı
və yüksək insani keyfiyyətləri ilə böyük el sevgisi qazanmış şairə olan məhəbbətimi 1996-cı ildə
yazdığım “El yolunda”
şeirimdə belə
ifadə etmişəm:
El yolunda
şimşək kimi çaxıbdır,
Araz olub, çağlayıbdır,
axıbdır.
Bu dünyaya
mərd gözüyülə
baxıbdır
Məmməd Araz — ucalıq, dağ zirvəsi
Vətənimin, torpağımın haqq səsi.
Bu gün
Məmməd Araz yenə də bizimlədir, illər ötsə də, əsrlər keçsə
də əbədiyaşar
şair qədirbilən
Azərbaycan xalqının
qəlbində daim yaşayacaq, onun əzəmətli misraları
Azərbaycanın oğul
və qızlarını
qələbələrə ruhlandıracaqdır.
Rafael ƏRƏSTUNOĞLU,
şair-publisist, “Məmməd Araz”
və “Qızıl Qələm”
mükafatları laureatı,
Neftçala rayonu
Xalq qəzeti.-2009.-8 fevral.-S.7.