Polkovnik Əbülfət
ağa Şahtaxtinski
Polkovnik Əbülfət ağa Nəcəfqulu oğlu Şahtaxtinski 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində zadəgan ailəsində anadan olmuşdur. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa, Behbud ağa, İsa Sultan ağa, Həmid ağa Şahtaxtinski kimi görkəmli şəxsiyyətlər bəxş edib.
İlk təhsilini Tiflis realnı məktəbində alan Əbülfət ağa Şahtaxtinski 1877-ci ildə Peterburq Texnologiya Universitetinə daxil olub. Tələbə yoldaşı, ilk marksist Q.V. Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə bir il sonra – dekabr ayında univesitetdən xaric edilib. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları “İmdadiyyə” adlı gizli dərnəyin üzvüdür. Bu dərnək 1878-ci ildə Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı. Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova 1878-ci il 3 mart tarixli məktubunda yazırdı: “Mən “İmdadiyyə”nin nizamnaməsini aldım. Üzümüzə gələn yay “İmdadiyyə”nin əsas qanunlarını müzakirə etməliyik ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək... Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları dərindən təhlil etməliyik... Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir.
Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy etməliyik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatla yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyyələndirib yetişdirməliyik... Biz qabaqcıllar kimi nəzərimizi yalnız aşağı təbəqəyə dikməliyik.
Rus təbliğatçılarını xatırlayın! Biz tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara gəlməliyik. Siz tezliklə gedir və içtimai həyata atılırsınız. Biz, burada qalanlar sizin vətənə nə ilə qayıtmağınızı bilməliyik”.
Ələ keçən məktubdan sonra Əbülfət ağa Şaxtaxtinksinin üzərində gizli polis nəzarəti qoyulmuşdur. Ekstern yolla Lazarev adına Şərq Dilləri İnstitutuna daxil olan Əbülfət ağa oranı bitirdikdən sonra Rusiyada ona nə diplom, nə iş verdilər. O, Almaniyaya gedərkən, 1880-ci ildə Heydelberq Universitetində diplom işi müdafiə etmiş və bakalavr dərəcəsi almışdır. Rusiyaya qayıtdıqdan sonra demokratik baxışlarını və monarxiyaya qarşı çıxışlarını nəzərə alaraq Əbülfət ağa Şahtaxtinskini heç bir qulluğa götürmədilər. Əlacsız qalan Əbülfət ağa 1883-ci ildə Peterburqdakı Yunkerlər məktəbinə daxil olur və oranı fərqlənmə diplomu ilə bitirir.
Bir il sonra, avqust ayının 8-də 77-ci Tengin süvari alayında zabit rütbəsində xidmətə başlayan Əbülfət ağa Şahtaxtinski qısa müddətdə divizion komandiri təyin olunur. Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə məxsus “Şəxsi hərbi kitabça”sında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsilə, 1900-cu ildə isə “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsi ilə təltif olunmuşdur.
Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra Şərq dilləri ilə yanaşı, alman, fransız və ingilis dillərini də mükənməl bilirmiş. Ona görə də İsveçrə ordusunun manevrlərinə müşahidəçi kimi ezam olunmuşdur. Həmin ili nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi verilmişdir.
Polkovnik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işinin təltif “qrafasında” aldığı xarici ölkə orden və medallarının da sayı göstərilir. O, İranın “Şire-Xorşid” ordeninin dördüncü dərəcəsi ilə (1889-cu il), Buxara Əmirinin ikinci dərəcəli “Ucalan ulduz” qızıl medalı ilə (1899-cu il), yenə İranın üçüncü dərəcəli “Şire-Xorşid” ordenilə (1900-cu il) və “Fransa-Sudan xilasetmə cəmiyyəti”nin Yuxarı Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.
1904-1905-ci illərdə Rus-yapon müharibəsində iştirak edən Əbülfət ağa Şahtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirib.
Əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də maarifçilik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan dilinə tərcümə edib.
Cəmi 55 il ömür sürən qeyrətli eloğlumuz Vətəndən uzaqlarda yaşayıb işləsə də nə ana dilini, nə də mənsub olduğu İslam dinini unutmuşdur. Bu görkəmli şəxsdən xalqımıza əvəzsiz bir hədiyyə də yadigar qalmışdır... Azərbaycan tarixi muzeyində 1877-ci ildə fransız dilində nəşr olunmuş “Quran” kitabı saxlanılır. Kitabın titul səhifəsinə “Əbülfət ağa Şahtaxtinski”nin şəxsi möhürü vurulmuşdur. Hətta Əbülfət ağanın öz dəsti-xətti ilə yazdığı avtoqraf da oxunur. M. Kaşimirovskinin orjinaldan tərcümə etdiyi bu qiymətli eksponatı polkovnik Əbülfət ağanın vaxtilə Tbilisidə yaşayan qızı Qönçə xanım qoruyub saxlamışdır.
Port-Artur döyüşlərindən sonra polkovnik Əbülfət ağa Şahtaxtinskinin komandir olduğu 202-ci süvari alayı Qori şəhərində yerləşirdi. 1911-ci ilin yayında Vətəninə nöbəti məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli Səbri Qasımov “Mühitim...təhsil illərim” xatirə qeydlərində yazır:
“Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o öz qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə – Zaqafqaziya Müəllimlər Seminariyasına aparmışdı. Mən məramımı heç kəsə bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən günün səhərisi mən də onun ardınca yollandım. Sənədlərimi də özümlə götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə girəndə Xəlili və polkovnik Əbülfət ağanı orda gördüm. Əbülfət ağanın təəccübdən nitqi qurudu, bir az fikirə gedib sənədlərimi aldı. Birlikdə seminariya direktorunun yanına getdik.
Sabahı günü lövhədə – imtahan verəcək cavanların adları siyahısında öz adımı görüb sevindim.
İmtahanlar başlandı.
Əynimdə zolaqlı
paltar içəri girdim. Birinci imtahandan sonra direktor polkovnik Əbülfət ağaya dedi:
– Etot polosatıy malçişka
budet prinyat...
Xalqımızın görkəmli
ziyalısı, polkovnik
Əbülfət ağa
Şahtaxtinski 1913-cü il martın 13-də
Şəmistan NƏZİRLİ,
Müdafiyə Nazirliyinin
Hərbi-Elmi Mərkəzinin,
baş elmi işçisi,
polkovnik-leytenant
Xalq qəzeti.-2009.-8 fevral.-S.8.