Ödəniş 131 faizdən artıq olub

 

Ötən il “Tərtər Paylayıcı Elektrik Şəbəkəsi”nin kollektivi üçün uğurlu olub. İstehlakçıların elektrik enerjisi təchizatının dayanıqlığının və keyfiyyətinin yaxşılaşması üçün şəbəkənin xidməti ərazisində keçən il bir sıra yenidənqurma və təmir işləri aparılıb. Bu isə öz növbəsində istehlak edilmiş elektrik enerjisinin ödənişinə də müsbət təsir göstərib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, ötən il ərzində şəbəkənin balans mənsubiyyətinə aid olan transformatorların 30-da əsaslı, 170-dən çoxunda isə cari təmir işləri görülüb. Bundan əlavə, müxtəlif gərginliyə malik 120 kilometrə yaxın hava xəttində əsaslı təmir işləri aparılıb və müəyyən küçələrdə 0,4 kilovoltluq hava xətləri SİP markalı kabellə əvəz edilib. Enerji verilişinin dayanıqlığını artırmaq məqsədilə hava xətlərinin 130-a yaxın dayağı yenisi ilə əvəz olunub.

Qeyd edək ki, bütün bu yeniləşmə prosesləri ilə yanaşı kollektivin apardığı təşviqat və məlumatlandırma forması, müntəzəm reydlər də öz müsbət təsirini göstərib. Belə ki, 2008-ci ilin dekabr ayında istehlak olunmuş enerjinin dəyərinin ödənişi ötən ayların debitor borcunun ödənməsi ilə birgə 131 faizdən artıq olub. Daimi əhali istehlakçılarında isə bu göstərici 100 faizdən artıq olub.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.8.