Bərdə: sabitlik və tərəqqi yüksək
rifahın təminatıdır
Ötən il ölkə
həyatının bütün sahələrində olduğu
kimi, regionların inkişafında da ciddi nailiyyətlər
dövrü kimi tariximizə yazıldı. Respublikanın ən
böyük bölgələrindən olan Bərdə
rayonunda da 2008-ci ildə dinamik inkişaf təmin edilmiş,
uğurlar çoxalmış, əhalinin güzəranı
yüksəlmişdir. Keçən ilin sosial-iqtisadi
yekunlarına və cari ildə qarşıda duran vəzifələrə
həsr olunmuş ümumrayon toplantısında bütün
bunlar barədə geniş söhbət açıldı. Hesabat
məruzəsində və ayrı-ayrı
çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə həyata keçirilən sabitlik və
tərəqqi strategiyasının başlıca yekunları,
regional inkişaf proqramının Bərdə rayonunda da
yüksək inkişafı təmin etməsi diqqət mərkəzində
oldu.
Bərdə Rayon
İcra Hakimiyyətinin başçısı İlham
Ağayevin hesabat məruzəsində əksini tapmış
sosial-iqtisadi uğurları və hədəfləri
oxucuların nəzərinə çatdırırıq. Başçı
ötən il ölkəmizin həyatında qeydə
alınmış ürəkaçan hadisə və faktlara
yığcam şəkildə nəzər saldıqdan sonra Bərdədə
həyatın müxtəlif sahələrində əldə
edilmiş nəticələr barədə geniş məlumat
verdi:
— Regionların
inkişafını daim diqqət mərkəzində saxlayan
ölkə Prezidenti İlham Əliyev dövlət
proqramının icrasına bilavasitə nəzarət etmək
məqsədi ilə müntəzəm olaraq rayonlara səfərlər
edir. Son beş ildə ölkə
başçısının belə səfərləri və
əhali ilə görüşləri 50 dəfədən
çox olmuşdur. Bu barədə danışarkən
dövlətimizin rəhbəri demişdir: “Regionlarda nə qədər
böyük işlər görülüb. Rayonlarımızın
siması dəyişibdir. Son beş il ərzində əksər
rayonların iqtisadiyyatı 2 dəfədən çox
artmışdır. Bu onu göstərir ki, qeyri-neft sektorunun
inkişafına son beş il ərzində verilən dəstək
və diqqət öz gözəl bəhrəsini verir”.
Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası ölkə rəhbərinin “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004—2008-ci illər) haqqında” 11 fevral 2004-cü il tarixli fərmanları və “Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 24 mart 2006-cı il tarixli sərəncamı ilə tənzimlənir. Bu proqramların icrası ilə bağlı son 5 ildə, eləcə də ötən il rayonda bir çox işlər görülmüşdür. Biz qarşıya Bərdəni yenidən qurmaq vəzifəsi qoymuşuq. Bir sıra ağır və rayon üçün çətin olan məsələlərin həlli proqrama uyğun olaraq dövlət vəsaiti hesabına icra olunmuşdur. Qalan işləri illər üzrə proqramlaşdırmış və daxili imkanlar hesabına icra etmişik.
Ötən 5 il ərzində biz nəzərdə tutduğumuz bütün tədbirləri uğurla həyata keçirmişik. Bərdə, demək olar ki, başdan-başa yenidən qurulmuşdur. Rayonun iqtisadiyyatı da yüksək sürətlə və ardıcıl inkişaf etdirilməkdədir. Diqqəti cəlb edən əsas binalar və obyektlər son 5 ilin məhsuludur. Akademik Z.Əliyeva adına 1000 yerlik orta məktəb, 240 yerlik Xanağalı, Saatlı, Yeni Daşkənd orta məktəbləri, 60 yerlik Cumalar, Cöyüşlü, 360 yerlik Gülgəzli kənd orta məktəbləri, şəhərdə 880 yerlik daha bir məktəb, internat məktəbi üçün 200 yerlik yeni korpus, uşaq xəstəxanası üçün 60 çarpayılıq yeni bina, 9 kənddə həkim ambulatoriyası, 20 kənddə yeni poçt şöbələri, Bərdə şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli, habelə 9 mərtəbəli 72 mənzilli yaşayış evi, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi və Qaz İstismar İdarəsi üçün yeni binalar, Heydər Əliyev adına Muzey, Tarix-Diyarşünaslıq Muzeyi, YAP rayon təşkilatı üçün inzibati bina, musiqi məktəbi, qonaq evi, rəsm qalereyası, “Mətin”, “Xan çinar”, “Kral” istirahət mərkəzləri və s. Bunlar tikilib istifadəyə verilmiş obyektlərin heç də hamısı deyildir.
Bundan əlavə, 50 kəndin hər birində 30—50 başlıq mal tövləsi tikilmiş, 9 özəl damazlıq, 30 toxumçuluq təsərrüfatı yaradılmışdır. 8 artezian, 32 subartezian quyusu qazılıb istifadəyə verilmiş, su kanalları üzərində 108 hidrotexniki qurğu istifadəyə verilmişdir. Digər sahələrdə də əsaslı tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Yekunları illər üzrə təhlil edərkən bir daha aydın olur ki, 2008-ci ildə daha çox iş görülmüşdür. Müqayisə üçün deyim ki, şəhərdə tikintisinə 2008-ci ilin əvvəlində başlanmış 17 iri obyektdən 16-nın inşası başa çatdırılmış, biri isə təhvil verilmişdir. 20 çarpayılıq müalicə-diaqnostika mərkəzi, 600 şagird yerlik musiqi məktəbi, 1000 yerlik ticarət mərkəzi, layihə dəyəri 500 min manat olan yol dairəsi, maşın-ehtiyat hissələrinin satış mərkəzi, meyvə-tərəvəz yarmarkası, 24 mənzilli yaşayış evi, ticarət şəbəkəsi, Sabir küçəsində istirahət parkı və s. tikintisi başa çatmış obyektlərdəndir. Çin istehsalı olan 400 tonluq asfalt sexi də istismara buraxılmışdır.
Avtovağzal binasının, Koroğlu küçəsində mədəniyyət və istirahət parkının, Kətəlparaq kənd orta məktəbinin, bütövlükdə 5 böyük obyektin və digər bir neçə obyektin tikintisi 2008-ci ildə davam etdirilmişdir.
Bərdə şəhəri üzrə həyata keçirilmiş tikinti-abadlaşdırma və yenidənqurma işlərinin xeyli hissəsi daxili imkanlar hesabınadır. Bütövlükdə 6 iri obyekt ötən il daxili imkanlar hesabına tikilib istifadəyə verilmişdir. 2008-ci ildə 19 milyon 780 min manatlıq tikinti işləri aparılmışdır ki, onun da 8 milyon 854,2 min manatı daxili imkanlar hesabınadır. Rayon iqtisadiyyatına investisiya qoyuluşu 2 dəfədən çox artmışdır.
Sosial-iqtisadi inkişaf əhalinin məşğulluğunun artırılmasına şərait yaradır. “Yağ-pendir Az.Qida” MMC 2003-cü ildə 100 ton süd qəbul edərək yalnız 3 adda məhsul istehsal edirdi və burada 15 nəfər işləyirdi. Müəssisə 2008-ci ildə 9 min ton süd qəbul etmişdir. Hazırda burada 13—14 çeşiddə ət və süd məhsulları istehsal olunur və işçilərin sayı 95 nəfərə çatmışdır. Ümumiyyətlə, 2004—2008-ci illərdə 9 min 337 yeni iş yerləri açılmışdır. Onlardan 5 min 568-i daimidir. Yeni açılmış iş yerlərinin 1061-i ötən ilin payına düşür.
28 saylı yol istismar idarəsinin, kommunal müəssisələri birliyinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, ehtiyac olan bir sıra texniki avadanlıq alınıb gətirilmişdir. Ötən il Bərdə şəhərinin Ü.Hacıbəyov, A.Əhmədov, X.Məmmədov küçələrində 85,4 min manatlıq asfaltlama, digər küçələrdə 39 min manatlıq cari təmir işləri görülmüşdür. Respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollarda 320 min manatlıq cari təmir-bərpa işləri görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci mərhələsi, göründüyü kimi, uğurla başa çatdırılmışdır. 2009–2013-cü illər üçün yeni proqram hazırlanır. Nəzərdə tutulan tədbirlər üçün təkliflər təqdim edilib. Bir sıra sahələrdə, xüsusilə təhsil, səhiyyə, mədəniyyət, əhaliyə xidmətlə bağlı maddi-texniki bazanın möhkəmləndirilməsi davam etdirilməlidir. Yolların yenidən qurulmasına, şəhərdə kanalizasiya sisteminə, Tərtər çayı üzərində yeni körpülər salınmasına, 50-dən çox subartezian quyusunun qazılmasına, kəndlərə təbii qaz verilməsinə, bir neçə yerdə elektrik yarımstansiyalarına və s. ciddi ehtiyac var. Bunlar qarşıda duran həlli vacib məsələlərdir.
Rayonun sosial-iqtisadi inkişafından danışarkən respublika daxili işlər naziri, general-polkovnik Ramil Usubovun xidmətlərini qeyd etməmək olmaz. Möhtərəm Prezidentimizin tövsiyələri əsasında onun gördüyü işlər rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Rayondan seçilmiş deputatlar Gövhər Baxşəliyeva və Zahid Oruc da vacib problemlərin əlaqədar orqanlar qarşısında qaldırılmasında və həllində mümkün köməyi göstərirlər.
Başçı daha sonra ötən il rayonda sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlərdən söz açaraq bildirdi ki, Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafında sahibkarlığın rolunun artırılmasına ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoyur. Sahibkarlığın inkişafı üçün Bərdədə əlverişli şərait yaradılmışdır. Rayonda 2008-ci ilin sonuna sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5114 nəfərə çatmışdır. Onların sayı son 1 ildə 491 nəfər və ya 9,6 faiz artmışdır. Torpaq islahatı ilə əlaqədar olaraq 24979 ailə dövlət aktı alaraq öz torpaqlarında fiziki şəxs kimi fəaliyyət göstərir.
Ölkə Prezidenti kənd təsərrüfatından danışarkən qeyd etmişdir ki, qəbul edilmiş bütün qərarlar, tədbirlər ona xidmət edir ki, Azərbaycanda kənd təsərrüfatı daha da inkişaf etsin. 2008-ci ildə rayonda kənd təsərrüfatı məhsulu 35,8 faiz artaraq 95 milyon manat təşkil etmişdir. 71,318 ton taxıl, 5353 ton pambıq, 36,1000 ton tərəvəz, 3582 ton kartof, 26760 ton bostan məhsulları, 1558 ton günəbaxan, 42,000 ton şəkər çuğunduru istehsal edilmişdir. Payızda bu ilin məhsulu üçün 25,6 min hektar sahədə taxıl əkilmişdir. Dən üçün payızlıq əkinlərin səpini 25,3 faiz artaraq 27,1 min hektar təşkil etmişdir. Əvvəlki ilə nisbətən buğda əkini sahəsi 6670 hektar və ya 35,3 faiz çox olmuşdur.
Aqrar sahədə 2008-ci ilin ən böyük uğuru taxıl istehsalında olmuşdur. Belə ki, buğda istehsalı 2,3 dəfə, arpa 3,3 dəfə, qarğıdalı 53 faiz, bütövlükdə dənli paxlalıların istehsalı 2,4 dəfə çoxalmışdır. İl ərzində dövlət büdcəsinin vəsaiti hesabına 17 min 187 nəfər istehlakçıya 61181 hektar əkin sahəsinin becərilməsinə görə 2447 min manat yardım verilmişdir. Buğda və yonca toxumu istehsalına görə 200 min manat subsidiya ayrılmış, 9252 nəfər üçün taxılçılığa 1 milyon 13,4 min manat yardım verilmişdir. Rayonda 9 damazlıq təsərrüfatı yaradılmışdır. Son iki ildə əkin sahələrinin həcmi 12 min hektar artırılmışdır.
İl ərzində Suvarma Sistemləri İdarəsi 735 min kubmetr kanalları lildən təmizləmişdir. 25 sudan istifadə birlikləri yaradılmışdır. Subartezian Quyuları İstismarı İdarəsi 15 yeni quyu qazıb istifadəyə vermiş, 351 nasosu təmir etmişdir. Meşə mühafizəsi və bərpası müəssisəsi 110 hektar sahədə meşə salmış, 2 hektar sahədə tinglik yaratmışdır.
Ötən il iri malın sayı 78638 baş və ya 2007-ci ilə nisbətən 102,8 faiz, inək və camışların sayı 35911 baş və ya 102,2 faiz, qoyun və keçilərin sayı 125037 baş və ya 102,5 faiz olmuşdur. Diri çəkidə 10500 ton ət, 44100 ton süd, 21,9 milyon ədəd yumurta, 295 ton yun istehsal olunmuşdur. Bütün bunlar 2007-ci ildəkindən xeyli artıqdır. Ət istehsalı 5,5, süd 4,5, yumurta 14,1, yun 1,7 faiz artmışdır.
2008-ci ildə istər əkinçilik, istərsə də heyvandarlıq üzrə yeni bitki sortlarının və heyvan cinslərinin gətirilməsi, yeni texnologiyaların tətbiqi bu sahələrin gələcək perspektivi üçün zəmin yaradır. Son vaxtlar rayona süni mayalanma aparatları gətirilmişdir. Artıq 1000 baş ana mal daha məhsuldar cinslərlə mayalanmış, 600 baş yeni məhsuldar heyvan əldə edilmişdir. Aqroservis müəssisələrinin fəaliyyəti də qənaətbəxşdir.
İ.Ağayev daha sonra sənayenin uğurlarından danışdı. Bərdə kənd təsərrüfatı rayonu olsa da, burada sənayenin, ilk növbədə emal sahələrinin kifayət qədər perspektivi var. Aqrar bölmə üzrə xırda sənaye məhsulları istehsal edən sexlər, mini emal müəssisələri yaradılması və tədricən genişləndirilməsi yaxın gələcəkdə böyük səmərə verə bilər.
Hesabatda humanitar sahənin inkişaf göstəricilərinə də nəzər salındı. Rayonda 75 ümumtəhsil məktəbi, 32 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir, 24 min 616 şagirdin təlim-tərbiyəsi ilə 3 min 748 nəfər müəllim və tərbiyəçi məşğul olur. 2 yeni məktəb binası tikilmiş, 15 məktəb əsaslı və digər məktəblər cari təmir edilmişdir. Uşaq-gənclər şahmat məktəbinin binası müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuşdur.
Ötən il 1400 ədəddən çox müxtəlif adda inventar və avadanlıq alınmışdır. Birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olaraq çanta və 15 adda dərs ləvazimatı verilmişdir. Bütün məktəblərin fənn kabinələri üçün 140 adda 20 min manatlıq plakat, şagirdlərə 75 min 426 ədəd pulsuz dərslik paylanmışdır. Əgər 2003-cü ildə 16 məktəb kompyuterə malik idisə, indi bütün məktəblərdə kifayət qədər kompyuter var.
İlin ən yaxşı məktəbi müsabiqəsində iştirak edən akademik Z.Əliyeva adına orta məktəb qaliblər sırasında olmuşdur. Ölkə Prezidentinin sərəncamı ilə təhsil işçilərindən bir nəfər əməkdar müəllim fəxri adına, bir nəfər “Tərəqqi” medalına layiq görülmüş və bir nəfər isə ən yaxşı təhsil işçisi döş nişanı ilə mükafatlandırılmışdır.
Hazırda Kətəlparaq kənd orta məktəbi üçün 480 yerlik binanın tikintisi başa çatmaq üzrədir. Qaradırnaq kəndində 480 yerlik məktəb binasının inşasına hazırlıq görülür.
Ötən dərs ilində XI siniflərin test imtahanları 8 fənn üzrə mərkəzləşmiş qaydada keçirilmiş, 1726 şagird attestat almışdır. Məzunlardan 728 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 271 nəfəri tələbə adını qazanmışdır. İlk dəfə olaraq 7 nəfər 600-dən çox, 39 nəfər 500-dən çox bal toplamış, 2 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.
Əhaliyə keçən il 302 həkim, 924 orta tibb işçisi xidmət göstərmişdir. Rayonun sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələbata cavab verən avadanlıqlarla təchiz olunması, bütövlükdə tibb xidmətinin səviyyəsinin yüksəldilməsi üçün müəyyən işlər görülmüşdür. Mərkəzi Rayon Xəstəxanasının travmatologiya, yoluxucu xəstəliklər, lor, cərrahiyyə, reanimasiya, kardeologiya şöbələri, rentgen kabineti, konfrans zalı və s. əsaslı şəkildə təmir olunmuşdur. Şöbələr bərk və yumşaq inventarlarla, müasir tipli aparatlarla təchiz edilmişdir. 12 hektar sahədə geniş abadlıq işləri aparılmışdır. 1000 kvm sahəyə asfalt örtüyü çəkilmişdir. 1300 kvm sahəyə tamet daşı döşənmiş, 1200 kvm sahəyə yaşıl ot örtüyü əkilmişdir. Xəstəxananın həyətində su tutumu 40 ton olan hovuz tikilmiş, 1500 ədəd ağac, gül və bəzək kolları əkilmişdir.
Vərəm dispanseri, Alaçadırlı, Uğurbəyli, Qazaxlar, Mehdili, Nəcəfqulubəyli həkim ambulatoriyaları üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Xəsili kənd sahə xəstəxanası, Dəymədağıldı həkim ambulatoriyası, Körpüqıran feldşer-mama məntəqələri üçün yeni bina tikintisinə başlanılmışdır. Bir sıra səhiyyə obyektlərində əsaslı təmir işləri davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə şəhərdə möhtəşəm və əhalinin ən çox ehtiyac duyduğu yeni bir tibb müəssisəsi — diaqnostika mərkəzi tikilmişdir. Bundan sonra uzun məsafə qət edib Bakıya getməyə, saatlarla növbəyə durmağa, bir sıra çətinliklərə düçar olmağa ehtiyac qalmayacaqdır.
Mədəniyyət və Turizm Şöbəsinin də maddi-texniki bazası 2008-ci ildə yaxşılaşmışdır. Mədəniyyət evinin, uşaq, mərkəzi rayon, 1 və 28 saylı şəhər kitabxanalarının binaları təmir olunmuş, köhnə və xarab olmuş avadanlıqlar yeniləri ilə əvəz edilmişdir. Soğanverdilər, Zümürxan, Mehdixanlı, Divanlı, Xanərəb, Mollalı kənd mədəniyyət evlərində, Böyük Göyüşlü, Qaratəpə, Lək, Şorəlli, Otuzikilər kənd klublarında, Qaraməmmədli, Hüseynbəyli, Qayalı, Qaratəpə və Xanərəb kənd kitabxanalarında təmir işləri aparılmışdır.
Mədəni-maarif müəssisələrinin inkişafı ilə bağlı humanitar və qeyri-hökumət təşkilatları ilə mütəmadi iş aparılır. Mədəni-maarif müəssisələrinin əksəriyyətinin təmir-bərpa işlərinə ehtiyac var. Avadanlıqlarla təchizat zəifdir. Ona görə də mədəniyyət sahəsində maddi-texniki bazanı möhkəmləndirmək istiqamətində çox iş görülməlidir. Rayonda 6 uşaq musiqi məktəbi fəaliyyət göstərir. 3 uşaq musiqi məktəbinin hamısı uyğunlaşdırılmış binalarda yerləşir. Yaxşı haldır ki, 2008-ci ildə şəhərin mərkəzində milli arxitektura quruluşunda olan və müasir tələbata cavab verən gözəl bir musiqi məktəbi tikilmişdir.
Hazırda rayon əhalisi
142,1 min nəfərdir. Onlardan 28,1 faizi şəhərdə,
71,9 faizi kənddə yaşayır. Ərazidə 9646 ailə
və ya 34,7 min nəfər məcburi köçkün
müvəqqəti, 213 qaçqın ailəsi və ya 895 nəfər
daimi qeydiyyatda olmaqla məskunlaşmışlar. 300 şəhid
ailəsi, 155 nəfər Qarabağ müharibəsi əlili
var. 2006-cı ildə Dövlət Proqramında nəzərdə
tutulmuş əlillərə və şəhid ailələrinə
tikiləcək 16 mənzilli yaşayış binasının
əvəzinə, 26 mənzilli yaşayış binası
inşa olunub istifadəyə verilmişdir. Dövlət xətti
ilə 24 mənzilli daha bir yaşayış binası
tikilmişdir. 2009-cu ildə istifadəyə verilməsi nəzərdə
tutulur.
Bərdə rayonunda
çadırlarda və dəmiryolu vaqonlarında məskunlaşmış
məcburi köçkünlər üçün yeni qəsəbələr
tikilmişdir. Bütövlükdə, 3382 ailə və ya
14,175 nəfər məcburi köçkün müasir tipli
13 qəsəbələrə
köçürülmüşdür. Möhtərəm
Prezidentimizin söylədiyi kimi, yük vaqonlarından
köçkün ailələri əsasən
köçürülmüş və çadır şəhərcikləri
tamamilə ləğv edilmişdir. Hazırda 33,842 nəfər
və ya 9,646 ailə rayon ərazisində yaşamaqdadır.
Pullu xidmətlərin həcmi
artaraq 17.865,2 min manata çatmışdır ki, bu da ötən
illə müqayisədə 12,9 faiz çoxdur. Hesabat
dövründə rayonda yeni ticarət obyektləri istifadəyə
verilmiş və nəticədə pərakəndə ticarət
və iaşə şəbəkəsinin
inkişafını xarakterizə edən göstəricilər
xeyli yüksəlmişdir. İl ərzində pərakəndə
ticarət və iaşə şəbəkələrindən
əhaliyə satılmış istehlak mallarının real həcmi
12,6 faiz artaraq 124,770,8 min manat olmuşdur. 2007-ci illə
müqayisədə pərakəndə əmtəə
dövriyyəsinin həcmi 14,6 faiz artmışdır.
2008-ci ildə rabitə
müəssisələri tərəfindən hüquqi və
fiziki şəxslərə faktiki qiymətlərlə 935 min
manatlıq və ya ötən illə müqayisədə
12,9 faiz çox xidmət göstərilmişdir. Rayonda mobil
telefon abunəçilərinin sayı 79,3 min nəfər
olmuşdur ki, bu da 2007-ci ilə nisbətən 18,3 min və ya
30 faiz çoxdur. Hazırda rayonda hər 100 ailəyə 56
telefon aparatı düşür. Hər telefon aparatına
düşən gəlir 74 manat təşkil edir. Telefon abunəçilərinin
93 faizi elektron ATS-lərin xidmətindən istifadə edir.
2008-ci il ərzində 888 abonentə telefon çəkilmişdir.
Şahvəllər kəndində 128, Kətəlparaq kəndində
256 nömrəlik elektron avtomat stansiyalar
quraşdırılmışdır. Təhlə və
Nifçi kəndlərinin hər birində 4 nömrə peyk
rabitəsi ilə təmin olunmuşdur. Hazırda 1200 telefon
abunəçisi internet xidmətindən istifadə edir.
Əhalinin içməli su
ilə təminatını yaxşılaşdırmaq istiqamətində
keçən il müəyyən işlər
görülmüşdür. Belə ki, şəhərin
küçələrində müxtəlif diametrli 1620 metr
magistral boru, subartezian quyularına xidmət edən 10 kv-luq
hava elektrik xəttində 24 beton dayaq və 3,6 min metr elektrik
naqili yenisi ilə əvəz olunmuş, 62 subartezian quyusu və
52 dərinlik nasosu təmir olunub yenidən istifadəyə
verilmişdir.
Bərdə şəhərində
kanalizasiya sisteminə tələbat böyükdür. 9 mərtəbəli
və 5 mərtəbəli yaşayış binalarının
mövcudluğu, yeni çoxmərtəbəli
yaşayış binalarının inşasına
başlanması, bir çox sahibkarlıq müəssisələrinin
meydana gəlməsi, 80-ci illərə nisbətən şəhər
əhalisinin iki dəfə artması kanalizasiya sisteminin
vacibliyini aktual məsələ kimi qarşıya qoyur.
Bütün bunlar nəzərə alınaraq Bərdə
şəhərinin kanalizasiyası və su təsərrüfatının
yenidən qurulması ilə bağlı məsələ
artıq gündəmdədir və yəqin ki, 2009-cu ildə
bu işlərə başlanacaqdır.
İl ərzində 700 metr
10 kvt-luq elektrik verilişi xətti istismara verilmişdir. 1800
metrdən artıq yeni 0,4 kvt-luq elektrik verilişi xətləri
çəkilmişdir. 2 ədəd 10/0,4 kvt-luq
yarımstansiya tikilmişdir. 79 ədəd 0,4 kvt-luq
yarımstansiya əsaslı və cari təmir olunmuşdur.
6593 ədəd sayğac dəyişdirilmiş və ya yenidən
quraşdırılmışdır. Vacib olan yerlərdə
346 ədəd beton dayaqlar basdırılmışdır.
Bütün göstəricilər 2007-ci ildə olduğundan
xeyli çoxdur. Görülmüş işlərin ümumi
dəyəri bu müddətdə 280,9 min manat artıq
olmuşdur.
Ötən il 2.043 abonentə
qaz verilmiş, 1503 abonentin qaz xəttinə sayğac
quraşdırılmışdır. Şorəlli, Yeni
Daşkənd, Cəyirli, Zümürxan, İmamqulubəyli kəndlərinə
təbii qaz verilmişdir. Hazırda rayon üzrə 8 kənd,
1610 ailə təbii qazdan istifadə edir. Şəhərdə,
S.Vurğun, C.Cabbarlı, Təbriz, R.Axundov, Nizami küçələrində
7,8 kilometr uzunluğunda qaz kəmərləri çəkilmiş,
6 qaz tənzimləyici şkaf qurulub istifadəyə
verilmişdir. 2009-cu ilin ilk günlərində
Qarağacı, Hacallı və Mehdixanlı kəndlərinə
təbii qaz verilmişdir. Mirzəcəfərli, Mollagüllər,
Cicimli, Qayalı, Seyid Yusifli, Tağılar kəndlərində
bərpa işləri aparılır.
Bu il Kətəlparaq avtomat
qazpaylayıcı stansiyadan keçən qaz kəmərlərində
təmir işləri aparılaraq kəmər ətrafında
olan 20 kəndə, habelə şəhərdəki 13 beşmərtəbəli
yaşayış binasına təbii qaz verilməsi
planlaşdırılmışdır. 2008-ci ildə əhaliyə
satılmış qazdan istifadə haqqı 96,1 faiz ödənilmişdir.
Toplantıda
çıxış edən Bərdə Rayon Statistika
İdarəsinin rəisi Əlövsət Məmmədov,
Maliyyə İdarəsinin rəisi Rza Əliyev, Yeni Azərbaycan
Partiyası rayon təşkilatının sədri Emin Cəlalov,
rayon təhsil şöbəsinin müdiri Rəhilə
İsmayılova ötən il ayrı-ayrı sahələrdə
qazanılmış uğurlardan geniş söhbət
açdılar, problem və nöqsanlara diqqət yetirdilər,
cari ilin həlli vacib məsələlərini
vurğuladılar. Bildirildi ki, respublika rəhbərliyi,
Prezident İlham Əliyev Bərdə ictimaiyyətinə
böyük inam bəsləyir. Bərdəlilər bu il də
etimadı doğruldacaq, qarşıda duran bütün vəzifələrin
öhdəsindən layiqincə gələcəklər.
Azərbaycan Respublikası
Prezidenti İcra Aparatının məsul işçisi Hafiz Məmmədov,
Milli Məclisin Bərdədən seçilmiş
deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc
hesabat yığıncağında çıxış etdilər.
Ziyəddin SULTANOV,
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2009.-7 fevral.-S.6.