Neftçala: hər sahədə inkişaf var

 

Artıq tarixə dönmüş 2008-ci il ölkəmizin sosial-iqtisadi, mədəni həyatında qazanılan bir çox uğurlarla yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclası Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələr üzrə dinamik inkişaf etdiyini bir daha təsdiqlədi. Ötən il xalqın iradəsi ilə ikinci müddətə Azərbaycan dövlətinin başçısı seçilmiş cənab İlham Əliyev ölkənin hərtərəfli tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirib, nəticədə dinamik inkişaf, artım tempi qorunub saxlanıb.

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına görə Azərbaycan ilin bir nömrəli islahatçı ölkəsi elan edilib. Qlobal maliyyə böhranı yaşanmasına baxmayaraq, ümumi daxili məhsulun artımına görə ölkəmiz dünyanın lider dövləti olaraq qalıb. Belə ki, son beş ildə ölkə iqtisadiyyatının həcmi 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə artıb. Ötən il isə müvafiq olaraq 11 və 7 faiz artım qeydə alınıb.

Neftçalada ötən ilin yekunlarına həsr olunmuş yığıncaqda inkişafı səciyyələndirən müqayisəli rəqəmlər misal gətirildi və rayonun timsalında bölgələrin inkişaf göstəriciləri təqdim edildi.

Bu kimi toplantıların keçilmiş yola nəzər salınması, perspektiv vəzifələrin müəyyənləşdirilməsi baxımından önəmi böyükdür. Başlıcası isə tədbirdə iştirak edən hər kəs ölkədə, o cümlədən doğma rayonda gedən proseslər, həyatımızın ayrı-ayrı sahələrində əldə edilən uğurlar barəsində mötəbər məlumatlarla zənginləşir, yeri gəldikcə yaşadığı ərazidə, çalışdığı sahədə çıxış edərək ciddi arqumentlərə əsaslana bilir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hesabat məruzəsi hazırlayarkən məhz bu amili də nəzərə aldığının nəticəsidir ki, onun çıxışı böyük maraqla dinlənildi. Məruzədə həm ölkənin, həm də rayonun tarixində 2008-ci ilin əhəmiyyəti düzgün əsaslandırıldı, ölkədə aparılan sosial yönümlü iqtisadi siyasətin mahiyyəti açıqlandı və qeyd edildi ki, bu siyasət ilk növbədə cəmiyyətin sosial sifarişini əks etdirib.

Məruzəçi diqqəti söylədiyi fikirlərlə bağlı fakt və rəqəmlərə cəlb edərək dedi:

— “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)” nəzərdə tutulan, həmçinin sonradan edilmiş əlavə tədbirlərin tam icrası sosial sahədəki problemlərin həlli üçün etibarlı zəmin yaradıb, regionları tarazlı inkişaf yoluna çıxarmaqla rayonların simasını kökündən dəyişib. Son beş ildə ölkədə 1600 məktəb, 240-dan çox tibb müəssisəsi, 14 müasir olimpiya-idman kompleksi, 4 beynəlxalq aeroport tikilib. 2008-ci ildə ölkəmizdə 120 min, son beş ildə isə 766 min yeni iş yeri açılıb ki, bunun 548 mini daimi iş yerləridir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin məntiqi davamı kimi hazırlanan 2009-2013—cü illər üçün Dövlət Proqramı bölgələrin, o cümlədən hər bir kəndin problemlərinin həll olunmasına, ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşmasına səbəb olacaqdır.

Sonra Taleh Qaraşov Neftçalada ilin yekunlarının geniş icmal verdi: — 2008-ci ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalının həcmi 2007-ci ilə nisbətən 44,7 faiz artıb. Hesabat dövründə ümumi məhsul istehsalı 115,7 milyon manat olub ki, bu da ötən il ilə müqayisədə 35,8 milyon manat çoxdur. 2008-ci ildə istehsal edilmiş ümumi daxili məhsulun tərkibində sənaye məhsulu 18,8 faizə qədər, kənd təsərrüfatı məhsulu, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 22,1 faiz, tikinti sahəsində 7,4 faiz olub. Adambaşına 1489 manatlıq və ya 2007-ci ildə olduğundan 43,3 faiz çox məhsul istehsal edilib.

2008-ci ildə rayonda 36 yeni müəssisə yaradılıb, 2 müəssisə fəaliyyətini bərpa edib, 220 fiziki şəxs fəaliyyətə başlayıb. Yeni yaradılmış müəssisələrin hesabına 115, fəaliyyəti bərpa edilmiş müəssisələrdə 61, fiziki şəxslər üzrə 220, mövcud müəssisə və təşkilatlarda isə 79, cəmi 475 daimi yeni iş yeri açılıb. 2004-cü ilin əvvəlindən hesabat dövrünədək rayonda 6814 yeni iş yeri yaradılıb ki, bunun 2926-sı daimidir. Əlavə iş yerlərinin açılması istiqamətində müvafiq tədbirlər görülür.

Rayonun 13 sənaye müəssisəsində, 6-sı kiçik müəssisə olmaqla və fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 21720,6 min manatlıq sənaye məhsulu istehsal olunub, iş və xidmətlər yerinə yetirilib. 2007-ci ilə nisbətən sənaye məhsulun həcmi 28,6 faiz artıb.

Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 472,5 min manatlıq və ya 2007-ci ildə olduğundan 4,5 faiz çox rabitə xidməti göstərmişdir. Ümumi xidmətin əksəriyyəti bilavasitə əhalinin payına düşür. Telekommunikasiya üzrə elektronlaşmanın səviyyəsi 98 faiz təşkil edir.

Nəqliyyat müəssisələri tərəfindən 433,7 min ton yük, 4869 min nəfər sərnişin daşınıb ki, bu da 2007-ci ilə nisbətən 4,6 faiz çoxdur. Yüklərin 90 faizi, sərnişinlərin isə 80,3 faizi qeyri-dövlət bölməsinə məxsus avtonəqliyyat vasitələri ilə həyata keçirilib.

Əhalinin nominal pul gəlirləri 27044 min manat və ya 2007-ci illə müqayisədə 37,2 faiz artıb. Adambaşına düşən pul gəlirləri 35,7 faiz artaraq 348 manat olub. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 175 manat təşkil edir ki, bu da 2007-ci illə müqayisədə 31,6 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 51,1 faiz artaraq 64,6 milyon manata, pullu xidmətlərin həcmi 22 faiz çoxalaraq 8949,4 min manata çatıb.

Təbii qazdan istifadə edən 7487 əhali abonenti 100 faizi sayğaclaşdırılıb, şəhərin qazlaşdırılması ilə bağlı artıq rayona metal və plastik borular gətirilib və yeraltı qaz xətlərinin dəyişdirilməsinə başlanıb. Rayonun qaz təminatının yaxşılaşdırılması adlı layihə üzrə qaz sisteminin Astara-Qazıməmməd magistral xəttinə qoşularaq dairəvi sistemin yaradılması nəzərdə tutulub. Bununla əlaqədar Astara-Qazıməmməd magistral qaz kəmərindən rayonun Tatarməhlə kəndi ərazisində yerləşən qaz paylayıcı stansiyasına qədər 57 kilometr uzunluğunda yeni qaz kəməri çəkilmişdir və artıq son tamamlama işləri görülür.

Rayonda 87958 ton taxıl, 772 ton kartof, 1078 ton tərəvəz, 480 ton ərzaq üçün bostan məhsulları, 2310 ton meyvə və giləmeyvə, 215 ton üzüm, 2012 ton xam pambıq istehsal edilib. 2007-ci illə müqayisədə taxıl, kartof, tərəvəz və bostan məhsullarının istehsalı xeyli artıb.

Heyvandarlığın inkişafı və heyvandarlıq məhsullarının istehsalı sahəsində də uğurlar qazanılıb. Hesabat ilində diri çəkidə 4373 ton ət, 20 min ton süd, 3 milyon 174 min ədəd yumurta, 171,5 ton yun istehsal olunub.

Hesabat ilində dövlət büdcəsindən ayrılan vəsait hesabına 179 km suvarma kanalları, 139 km kollektor-drenlər lildən təmizlənib, hidrotexniki qurğularda əsaslı və cari təmir işləri aparılıb. Rayonun Xol zonasının suvarma suyu ilə təmin olunmasını yaxşılaşdırmaq məqsədi ilə Neftçala Magistral Kanalının tikintisində 1 milyon 676 min manatlıq iş həyata keçirilib. Fermer və sahibkarların texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədilə respublika “Aqrolizinq” ASC-nin Neftçala Aqroservis filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 66-ya çatdırılıb, fermer və sahibkarlara güzəştli qiymətlərlə mineral gübrələr satılıb.

Abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı xüsusi vurğulandı. Göstərildi ki, hesabat dövründə rayon ərazisində tikinti, təmir, yol çəkilişi və kommunal xidmətlərin ümumi həcmi 3091,5 min manat olub. Bu, ötən illə müqayisədə 23 faiz çoxdur. Heydər Əliyev prospektində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası 3-cü rübdə sakinlərin istifadəsinə verilib. H.Cavid adına mərkəzi istirahət parkının əsaslı təmirinə, “Gənclər” parkında yenidənqurma işlərinə və musiqili fəvvarənin quraşdırılmasına, Milli Qəhrəman X.Məmmədov adına Mədəniyyət və İncəsənət sarayının təmirinə, Neftçala şəhərinə girişdə daş hasarın tikintisinə, Neftçala rayonu Bankə qəsəbəsində açıq selötürən kanalların tikintisinə lazımi qədər dövlət vəsaiti xərclənib.

İcra hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə hesabat dövründə 24 şura iclası keçirib, həmin tədbirlərdə 27 məsələ müzakirə olunub. Aparatın şöbələri tərəfindən şura iclasının qərarlarının icrası ciddi nəzarətə götürülüb.

Vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılıb tədbir görülməsini yaxşılaşdırmaq, ərazidə sosial-iqtisadi və aqrar məsələləri, əhalinin sosial problemlərini vaxtında həll etmək məqsədilə icra başçısının 18 inzibati ərazi vahidinin mərkəzində, yaşayış məntəqələrində və kəndlərdə əhali ilə 58 görüşü və səyyar qəbulları keçirilib. Bu tədbirlərdə 8788 nəfər iştirak edib, 385 nəfər çıxış edib və 339 vətəndaş qəbul edilib.

Rayon icra hakimiyyəti başçısı tərəfindən aparatda 774 nəfər vətəndaş qəbul edilib. Təhlillər göstərir ki, vətəndaşların ən xırda məsələlərdən ötrü yuxarı dövlət hakimiyyəti orqanlarına müraciət etməsinin əsas səbəbi onların ilk instansiyada laqeydlik görməsi, yerli dövlət orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərlərinin, onların işçilərinin öz vəzifə borclarının layiqincə yerinə yetirməməsidir. Rayonun inzibati ərazi nümayəndələri, bələdiyyə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri vətəndaşların təklif, ərizə və şikayətlərinə, şifahi müraciətlərinə yüksək həssaslıqla yanaşmalı, kargüzarlıq işinin qanunun tələbləri səviyyəsində qurulmasını təmin etməlidirlər.

Əhatəli hesabat məruzəsindən sonra müzakirələr keçirildi. İdarə və müəssisələrin rəhbərləri, dövlət və ictimai təşkilatların təmsilçiləri çalışdıqları sahələrin fəaliyyətindən bəhs etdilər. Yığıncaqda iştirak edən Milli Məclisin regional məsələlər üzrə daimi komissiyasının sədri Arif Rəhimzadə və Prezidentin İcra Aparatının məsul əməkdaşı Dəyanət Abdullayev ölkənin daxili və xarici siyasəti, qazanılan uğurlar, reallaşdırılan layihələrin əhəmiyyəti barədə danışdılar, hesabata münasibətlərini bildirdilər və qarşıda duran vəzifələri diqqətə çatdırdılar.

Sonra yığıncağın qərar layihəsi oxundu və Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.-10 fevral.-S.4.