Perspektiv qaz resursları və qaz sənayesinin inkişaf problemləri

 

Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş 16 yanvar 2009-cu il iclasında Azərbaycan Prezidenti İlham Əliyev məzmunlu nitqində göstərmişdir ki, dünya tarixində maliyyə və iqtisadi böhran ili olduguna baxmayaraq, 2008-ci il Azərbaycan Respublikası üçün növbəti uğurlu il olmuş, qlobal maliyyə-iqtisadi böhranla əlaqədar olaraq, enerji təhlükəsizliyinin qorunması məqsədi ilə anti-böhran proqramları işlənib hazırlanmışdır.

Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev Xəzər sektorunun karbohidrogen resurslarının işlənməyə daxil edilməsi, dünya bazarına çıxarılması, iqtisadiyyatın yenidənqurulması məqsədilə Azərbaycanın müasir texnologiyalara malik olan dövlətlərin nəhəng transmilli korporasiyaları ilə əməkdaşlıq etməyə üstünlük vermiş, onlarla iş birliyinin iqtisadi böhrandan çıxmağın yeganə yolu olduğunu uzaqgörənliklə hiss etmiş və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının təşəbbüskarı olmuşdur.

Azərbaycanın qazçıxarma tarixi dörd mərhələyə bölünür: birinci mərhələdə qaz hasilatı 1,3 kubmetrdən 6,6 milyard kubmetrə qədər artmış (1950-1963), lakin 1964-1969-cu illərdə 5,0 milyard kubmetrə qədər enmişdir; ikinci mərhələdə (1969-1982) 5,5-dən 14,9 milyard kubmetrə qədər artmışdır; üçüncü mərhələdə (1983-1993) 6,5 milyard kubmetrə qədər azalmışdır; dördüncü mərhələdə (1993-2008) isə qaz hasilatının artması müşahidə edilmışdır. 2007-ci ildə qaz hasilatı 11 milyard kubmetr olduğuğu halda, 2008-ci ildə 23 milyard kubmetrə (rekord rəqəm) qədər artmışdır. Son beş ildə qaz hasilatı 3,2 dəfə artmışdır.

Azərbaycanın köhnə qazkondensat yataqları (QKY) tükənməkdədir, lakin 1979-1987-ci illərdə “Günəşli”, “Çıraq” və “Azəri” dəniz neft-qaz yataqları kəşf edilmişdir. 1996-cı ildə “Şahdəniz” perspektiv strukturunun kəşfi və işlənməsinə dair Beynəlxalq müqavilə bağlanmış, 1999-cu ildə qaz ehtiyatları 700 milyard kubmetr qiymətləndirilən “Şahdəniz” QKY “İstiqlal” yarımdalma dərin qazma qurğusundan (YDQQ) iki dərin kəşfiyyat quyusu vasitəsilə kəşf edilmişdir. 2000-ci ildə Bakı–Tbilisi–Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) tikintisinə başlanmış və 2006-cı ildə istismara verilmişdir. İlkin mərhələdə hər il 6,6 milyard kubmetr təbii qaz ixrac olunacaqdır. Azərbaycan qazının ixracatının əsas strateji istiqaməti, buraxılış qabiliyyəti ildə 30 milyard kubmetr olan 1400 mm-lik yeni magistral ixrac boru kəməridir və ümumi uzunluğu 1800 km təşkil edir: 400 km Azərbaycan, 300 km Gürcüstan və 1100 km hissəsi Türkiyə ərazisindən keçir.

1992-1994-cü illərdə qaz “klirinq-kvotası” əsasında Türkmənistandan hər il lüzumsuz olaraq, 2,5 milyard kubmetr təbii qaz idxal edilmiş, lakin iqtisadi cəhətdən qeyri-sərfəli olduğu üçün 1995-ci ildə qaz idxalı dayandırılmışdır.

Görülmüş səmərəli tədbilər nəticəsində sonrakı idxal qazından da imtina edilmiş və 2007-ci ildən təbii qazın ixracı həyata keçirilır. Mərkəzi Asiyadan və Azərbaycandan keçməklə, təbii qazın Avropa ölkələrinə nəql edilməsi məqsədi ilə “Nabukko” beynəlxalq qaz kəmərinin layihəsi 1 may 2008-ci ildə XXI Avropa iqtisadi forumunun əsas müzakirə obyektlərindən olmuşdur.

Yaxın illərdə dəniz neft-qaz yataqlarının hasilatının kəskin surətdə artacağı gözlənilir. 1997-1998-ci illərdə “Qarabağ” perspektiv strukturunda “Dədə Qorqud” üzmə qazma qurğusundan üç kəşfiyyat quyusu qazılmış və sınanma zamanı ikinci quyunun sutkalıq hasilatı 770 milyon kubmetr qaz olmuşdur. 1998-ci ildə “Əşrəfi” perspektiv strukturunda “Dədə Qorqud” üzmə qazma qurğusundan 1 saylı kəşfiyyat quyusunun sutkalıq hasilatı 620 min kubmetr qaz olmuşdur. 1997-ci ildə “Çıraq-1" platforması dənizin 120 m dərinliyində yerləşdirilmiş, ilkin neftin çıxarılmasına başlanılmışdır. Buradan ”Neft Daşlarına" 48 km-lik 300 mm-lik qaz kəməri çəkilmiş və 1998-ci ildən sutkada 3-4 milyon kubmetr səmt qazı nəql olunur. 2003-cü ildə “Yanan Tava”" perspektiv strukturunda kəşfiyyat quyusunda 5,0 km dərinlikdə qaz təzahürləri olmuşdur. “Abşeron” perspektiv strukturunda ilk kəşfiyyat quyusu “İstiqlal” YDQQ-da 6506 m dərinlikdən qaz alınmışdır.

Azərbaycanla Türkiyə arasındakı razılığa görə, 2005-2018- ci illərdə “Şahdəniz” QKY- dan həmin ölkəyə 89 milyard kubmetr təbii qaz ixrac olunacaqdır. 2007-2018-ci illərdə hər il 6,6 milyard kubmetr qaz ixrac olunacaqdır. Perspektivdə qaz hasilatı 20 milyard kubmetrə çatdırılacaqdır. Hazırda Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və İtaliyanın Azərbaycan qazına ehtiyacı vardır. Türkiyə ilə Yunanıstan arasında tikilmiş, Ankaradan başlanğıcını götürən MQK Mərmərə dənizinin dibindən keçməklə, Yunanıstanın Komotini şəhərinə daxil olmuşdur. Türkiyə və Yunanıstanın qaz şəbəkələrini birləşdirən MQK-nin ümumi uzunluğu 650 km-dir. 2009-cu ildə Yunanıstana və Bolqarıstana Azərbaycan qazı ixrac ediləcək və bu qazın Avropaya iki istiqamətdə nəqli nəzərdə tutulmuşdur: Türkiyə–Yunanıstan–İtaliya və Bolqarıstan–Rumıniya–Macarıstan-Avstriya. “Şahdəniz” QKY-nın istismarının I mərhələsində Türkiyəyə 6,6 milyard kubmetr, II mərhələdə Fransaya və Balkan ölkələrinə hər il 10-11 milyard kubmetr təbii qazın nəql olunacağı gözlənilir.

Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, yeni dəniz neft-qaz yataqlarının məhsuldar qatının alt şöbəsinin lay dəstələri yüksək təzyiqli qazkondensat horizontlarından ibarətdir. Ona görə də “Günəşli” yatağında bazis horizontlarına yeni kəşfiyyat quyuları qazılmalı, həmin QKY-nın kəşfiyyatı tamamlanmalı və qazkondensat məhsulu verən kəşfiyyat quyularının təyinatını dəyişdirməklə, hasilat quyuları kateqoriyasına keçirmək lazımdır. Perspektivdə həmin yataqların bazis horizontlarından hər il 6-8 milyard kubmetr təbii qaz çıxarmaq mümkün olacaqdır. Bazis horizontlarının yüksək təzyiqli təbii qazı kompressordan istifadə etmədən, yuxarıda yatan “fasilə” lay dəstəsinə və X horizontun kontrakt neftinin “qaz repressiyası” üsulu ilə səmərəli çıxarılması məqsədi ilə quyular vasitəsilə yüksək təzyiqlə neft laylarına vurmaq mümkündür.

Kontrakt yataqlarından hər il 50 milyon ton neft hasil olunacadır və hasil olunacaq hər ton neftlə 150 kubmetr (“qaz amili”) səmt qazının çıxarılacağı nəzərə alınarsa, onda hər il 7,5 milyard kubmetr kiçik təzyiqli səmt qazı istehsal oluna bilər. Kiçik təzyiqli səmt qazlarının tutulması, mədən hazırlığından sonra KS-də sıxılması, sahilə nəql edilməsi, Azərbaycan Qaz Emalı Zavodunda (AzQEZ) emal edilməsi, qurudulması və propan-butan fraksiyasının ayrılması əməli əhəmiyyət kəsb edir. İlk mərhələdə kiçik təzyiqli səmt qazlarının emalı nəticəsində hər il 1,5 milyard kubmetr neft qazı və 30 min tona qədər maye qaz istehsal oluna bilər. İkinci mərhələdə isə hər il 3,0-3,5 milyard kubmetr səmt qazının emalından sonra 60 min tona qədər maye qaz istehsal etmək mümkündür.

Ölkənin indiki geosiyasi durumunu nəzərə alaraq, işğal olunmuş zonalar azad edildikdən, bir milyondan artıq məcburi köçkün öz yurdlarına qayıtdıqdan sonra maye qazın əhalinin və kommunal-məişət obyektlərinin yanacaq təchizatının mühüm amili kimi olacağanı nəzərə alaraq, neft-qaz emalı proseslərində bu qiymətli yanacağın istehsalı maksimum təmin edilməlidir. Maye qaz yanacağını bölgələrdəki istehlakçılara kifayət qədər çatdırmaq üçün “Məişət-Maye Qaz” ATSC-nin sərəncamında kifayət qədər dəmiryol çənləri vardır. Cəmiyyət indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan və AzQEZ-dən maye qazla kifayət qədər təmin olunur. Bu ekoloji yanacağın əhaliyə çatdırılmasının uzaq bölgələr üçün alternativi yoxdur.

1985-1995-ci illərdə indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisində “Q-43-107 M” katalitik krekinq qurğusu inşa edilmişdir. Həmin katalitik krekinq qurğusunun gücü maye qaz fraksiyası üzrə ildə 320 min ton (100 min ton propan-propilen və 200 min ton butan-butilen) olduğuna baxmayaraq, qurğu hələlik 25-30% gücü ilə işləyir. Sumqayıtın “EP-300" etilen-propilen qurğusunda yenidənqurmadan sonra maye qaz istehsal olunur.

Hazırda respublikada 7 maye qaz doldurma stansiyaları - MQDS (Bakı, Siyəzən, Naxçıvan, Şirvan, Horadiz, Yevlax, Bərdə) fəalyyət göstərir. Fəalyyətdə olan MQDS-lərin, onlara xidmət göstərən maye qaz boşaltma-doldurma dəmir yol estakadalarının yenidənqurulmaya ehtiyacı olduğu üçün “Məişət-Maye Qaz” ATSC, “İnter Qaz Servis” layihə işlərini yerinə yetirir və yaxın illərdə nəinki maye qaz doldurma stansiyalarının, onların maye qaz boşaltma-doldurma dəmir yol estakadalarının rekonstruksiyası başa çatdırılacaq, habelə, yeni MQDS-nin, maye qaz boşaltma-doldurma dəmir yol estakadalarının layihələndirilməsi və tikintisi həyata keçiriləcəkdir. MQDS-nin və maye qaz boşaltma-doldurma dəmir yol estakadalarının yenidənqurulmasının və tikintisinin başlıca məqsədi uzaq bölgələr rayonlarını maye qazla təmin etməklə bərabər, perspektivdə həmin rayonların avtoçənlərinin Bakıya gəlməsinə ehtiyac olmayacaqdır. Bu isə Bakı şəhərində və magistral yollarda təhlükəsizlik problemlərinin həll edilməsinə, yolların avtoçənlərlə yüklənməsinin qarşısının alınmasına səbəb olacaqdır.

Maye qazın istehsalı və məişətdə istifadəsi məqsədi ilə ARDNŞ və “Altındaş” firması AzQEZ-nun bazasında “AzTürkGaz” BM yaratmışdır. “AzTürkGaz” BM əhalinin maye qazdan istifadə etməsi üçün Türkiyədə istehsal olunmuş cihazlar, avadanlıqlar, yığcam balonlar satılır və 9 maye qazdoldurma stansiyasının inşa edilməsi nəzərdə tutulur. ARDNŞ- nın məlumatlarına görə, həmin zavodda lazım olan güc yaradılmaqla, ilk növbədə ölkənin maye qaza ekoloji yanacaq kimi tələbatı tam ödənildikdən sonra, onun ixracı nəzərdə tutulur.

Maye qazın zəngin resurslarından və potensial imkanlarından məişətdə yanacaq kimi səmərəli istifadə etmək məqsədi ilə on bölgədə: Gəncə-iki ədəd, Lənkəran, Abşeron yarımadası-iki ədəd, Naxçıvan, Şəki, Xaçmaz, Tovuz, Saatlı, Horadiz, Yevlax rayonlarında 12 məhəlli mənfi temperaturlu izotermik yeraltı maye qaz anbarlarının (İYMQA) tikilməsini məqsədə uyğun hesab edirik, dünya təcrübəsində bu üsuldan istifadə olunur və təhlükəsizlik baxımından çox vacibdir.

Respublikanın avtonəqliyyat vasitələrində ekoloji yanacaq kimi təbii qazdan geniş istifadə olunarsa, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında böyük rol oynaya bilər. Nəqliyyatda yüksək təzyiq altında sıxılmış təbii qazdan istifadə edilməsi maye yanacağa qənaət olunmasına imkan verir. Təbii qaz mühərriklərdə yanarkən, onların tərkibində benzin və dizel yanacağına nisbətən zəhərli maddələrin olmaması mavi yanacağın tam yanmasına şərait yaradır, bu isə ətraf mühitə atılan zəhərli qazların miqdarını xeyli azaldır. Əvvəllər Bakı-Rostov və Bakı-Tiflis magistral əsas yolları üzərində avtomobillərə qazdoldurma kompressor stansiyalarının-AQDKS (Sabunçu, Xırdalan, Sumqayıt, Siyəzən, Lənkəran, Qazıməmməd, Ağdaş, Yevlax, Mingəçevir, Gəncə, Qazax) tikilməsi nəzərdə tutulmuşdur. Lakin Sabunçu, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərində AQDKS-ları tikilmışdır. Qazıməmməd, Yevlax, Mingəçevir və Siyəzən şəhərlərində AQDKS-in tikintisi başa çatdırılmaq ərəfəsindədir, yalnız, Sabunçu və Sumqayıt AQDKS-ı fəliyyət göstərir. Perspektivdə dörd marşrut istiqamətində (Bakı-Qazıməmməd-Qazax, Bakı-Siyəzən-Şirvanovka, Bakı–Şamaxı–Balakən, Bakı–Salyan–Astara yolları) AQDKS-nın tikilməsi məqsədəuyğundur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 fevral 2005-ci il tarixdə Qaradağ yeraltı qaz anbarının yenidənqurulmasına dair sərəncam imzalamışdır. Layihədə Qaradağ YQA-nın yenidənqurulması və fəal qaz həcminin 2,3 milyard kubmetrə çatdırılması üçün tikiləcək KS-nin, qaztəmizləyici qurğuların layihələndirilməsi, mədən avadanlıqlarının tədarükü, tikinti işlərinin yerinə yetirilməsi, köhnə quyu fondunun əsaslı təmir olunması, yeni quyuların qazılması və s. tələb olunur. Fəal qaz həcmi 1,2 milyard kubmetrə çatdırılacaq Qalmaz YQA-nın yenidənqurulması qarşıda durur. Təəssüflər olsun ki, Azərbaycanın yeraltı qaz anbarlarında qazgötürmə prosesində bir-birindən kəskin fərqli olan və əks qütblərdə yerləşən hadisələr baş verir. Birinci halda ölkənin qaz təchizatı sistemində çatışmazlıqlar olduqda və ya, “Şahdəniz” QKY ilə bağlı problemlər yarandıqda, YQA-da hasilatın maksimum çatdırılması, ikinci halda isə MQK-də təzyiq artdıqda, YQA-da sutkalıq hasilatın azaldılması tələb edilir. Fikrimizcə, birinci halda təbii qaz defisitinin aradan qaldırılması məqsədi ilə bufer istehlakçıları olan “Azərenerji” ASC-nin istilik-elektrik stansiyaları yandırdıqları təbii qazın bir hissəsini mazutla əvəz etməlidir, ikinci halda isə qaz təchizatı sistemindəki artıq qaz resursları digər kateqoriyaların ehtiyaclarına, istilik-elektrik stansiyalarına yönəldilməli və qazgötürmə prosesində YQA-nın normal işi pozulmamalıdır.

Yeraltı qaz anbarları öz təyinatına görə iki tipə bölünür: birinci tip yeraltı qaz anbarları yalnız təbii qaz təminatının mövsümi (isitmə mövsümü ərzində 4-5 ay müddətində fəal qaz həcmi götürülür) qeyri-bərabərliyini tənzimləmək üçün yaradılır və bu tip anbarlar böyük fəal qaz həcminə malik olur. Göstərilən yeraltı qaz anbarları bazis tipli YQA adlandırılır. İkinci tip yeraltı qaz anbarları isə təbii qazın təminatının yalnız sutkalıq və həftəlik qeyri-bərabərliyini tənzimləmək üçün yaradılır, isitmə mövsümü ərzində 3-4 həftə ərzində fəal qaz həcmi tamamilə götürülür və həmin anbarlar kiçik fəal qaz həcminə malik olmaqla, taktiki məqsədlərə qulluq edir. Məsələn, Berlin şəhərinin yaxınlığında GAZAG adlı kiçik yeraltı qaz anbarı fəaliyyət göstərir və xaricdən təbii qazın idxalı dayandırıldıqda, şəhəri 3-4 həftə ərzində təbii qazla təmin edə bilir. Bu növ YQA “pik” tipli yeraltı qaz anbarı adlandırılır. Strateji obyektlər olan Qalmaz, Qaradağ yeraltı qaz anbarları isə bazis tiplidir və təbii qaz təminatının mövsümi qeyri-bərabərliyini tənzimləməyə xidmət etməlidir.

Dünya təcrübəsinə görə, təbii qaz təminatının sutkalıq və mövsümi qeyri-bərabərliyini tənzimləmək üçün yeraltı qaz anbarları ilə bərabər, fəaliyyətdə olan istilik-elektrik stansiyalarının bufer istehlakçıları kimi rolu böyükdür, yəni, isitmə mövsümündə istehlakçılara verilən təbii qazın çatışmazlığı adi hal olduğu üçün istilik-elektrik stansiyalarının yandırdıqları enerji daşıyıcılarının xeyli hissəsi əsasən mazutdan ibarət olur. Sınaqdan keçirlmiş bu metoddan son illər respublikamızda nədənsə, tam isifadə olunmur. 2001-ci ildən başlayaraq, təbii qazın idxalı ilə əlaqədar istilik-elektrik stansiyalarının yandırdıqları enerji daşıyıcıları əsasən, təbii qazdan ibarət olmuşdur. Lakin “Azərenerji” ASC-nin elektrik stansiyalarının çoxsaylı çənlərində kifayət qədər mazut ehtiyatları saxlanılır. Ölkənin elektrik-istilik enercisinin 70%-ni istehsal edən “Azərbaycan” və “Şirvan” DRES-nin aqreqatlarının forsunkaları hər an təbii qazdan mazuta və əksinə, keçə bilirlər. Məsələn, 2008-ci ilin dekabrında energetiklərə sutkada orta hesabla 20 milyon kubmetr təbii qaz verilmişdir, bu isə istifadəyə göndərilən mavi yanacağın 50 faizini təşkil edir.

Keçmiş “Azərenerji” Dövlət Şirkətinin (indiki “Azərenerji” ASC-nin) və Energetika İnstitutunun məlumatlarına görə, 1991-1994-cü illərdə “Azərenerjinin” elektrik enerjisi istehsalı 23,3-dən 17,6 milyard kilovat saata enmiş, göstərilən müddətdə həmin enerjilərə sərf edilmiş mazutun miqdarı 3,8-dən 4,4 milyon tona qədər artırıldığı halda, təbii qazın həcmi 4,2-dən 0,9 milyard kubmetrə qədər azaldılmışdır. 2008-ci ildə “Azərenerjinin” elektrik enerjisi istehsalı 20,2 milyard kilovat saat olmuş və energetiklərə 5 milyard kubmetr təbii qaz verilmişdir. Son beş ildə Azərbaycanda 6 modul tipli elektrik stansiyası (“Astara”, “Xaçmaz”, “Şəki”, “Naxçıvan”, “Bakı”, “Səngəçal”) tikilmiş və onların ümumi istehsal gücü 0,9 min meqavatdır. Tikilməkdə olan 3 modul tipli elektrik stansiyasının (Sumqayıt, Şirvan, və Quba) ümumi istehsal gücü 1,5 min meqavat olacaqdır. Perspektivdə elektrik stansiyalarının birlikdə ümumi istehsal gücü 6,5 min meqavata və hər il istehsal olunan elektrik enerjisinin miqdarı 25 milyard kilovat saata çatdırılacaqdır.

Ona görə də Azərbaycanın karbohidrogen qazlarının nisbətən məhdud resurslarından ixrac olunan qazdan əlavə, bütün istehlak kateqoriyaları arasında ümumi maraqlar nəzərə alınmaqla bölüşdürülməlidir. “Azəriqaz” QSC qaz təminatının mövsümi qeyri-bərabərliyini tənzimləmək üçün özünün yeraltı qaz anbarlarından istifadə etdiyi kimi “Azərenerji” ASC də özünün anbarlarında saxladığı mazutdan istifadə etməlidir.

Proqnozlar göstərir ki, indiki dövrdə yanacaq-enerji kompleksinin problemlərinin yeganə həlli, enerji daşıyıcılarının məhdud resurslarından qənaətlə istifadə etməkdən ibarət olmalıdır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müəyyən rol oynayan Azərbaycanın enerji daşıyıcılarının ehtiyatlarının yaxın onilliklərdə əsas hissəsinin tükənməyə məruz qalacağı qaçılmazdır. Ona görə də alternativ enerji növlərinin istehsalına geniş yer verilməli və Nəvai istiqamətində atom elektrik stansiyasının (AES) layihəsinə baxılmalıdır.

 

 

Vaqif ASLANOV,

geologiya-mineralogiya elmləri

doktoru, AzETLQİ-nin

laboratoriya müdiri 

 

Xalq qəzeti.-2009.-10 fevral.-S.5.