Sosial müdafiə sistemi təkmilləşdirilir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar ölkədə iqtisadiyyatın dinamik inkişafına və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına təkan vermişdir. Dövlətin həyata keçirdiyi sosial - iqtisadi siyasətin prioritetləri sırasında sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhalinin aztəminatlı təbəqələrinin ehtiyaclarının öyrənilməsi və onlara müxtəlif yardımların göstərilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin təmin edilməsi önəmli yer tutur.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi kollegiya iclasında deyilmişdir. Hesabat yığıncağını giriş sözü ilə nazir Füzuli Ələkbərov açmış, ötən il görülən işlərdən geniş məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışdır. O demişdir:

—"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ilk dəfə olaraq sosial müavinətlərin məbləğinin ildə bir dəfədən az olmayaraq indeksləşdirilməsi qaydası müəyyən edilərək onun tətbiqinə başlanılmışdır. Respublika Prezidentinin fərman və sərəncamları əsasında 387551 nəfər aylıq və birdəfəlik sosial müavinət alan şəxslərin müavinət məbləği son 5 ildə 4 dəfə artmışdır.

Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə təsis edilmiş Prezident təqaüdləri 29104 nəfərə şamil olunmuşdur.

Azərbaycanda həyata keçirilən sosial müdafiə sisteminin islahatı çərçivəsində sosial müavinət, təqaüd və ünvanlı sosial yardım sisteminin monitorinqi, təhlili və aktuar hesablamaların aparılması mexanizminin yaradılması məqsədilə 2008-ci ilin iyun və iyul aylarında Avropa Komissiyası və Dünya Bankında müzakirələr aparılmış və ilkin layihələr təqdim olunmuşdur.

İlk növbədə sosial müavinət, təqaüd və ünvanlı sosial yardım sisteminin monitorinqi, proqnozlaşdırılması və aktuar hesablamaların aparılması sahəsində mütəxəssislərin hazırlanması məqsədilə Dünya Bankının dəstəyi ilə 2008-ci ilin avqust ayında PROST pensiya modelləşdirilməsi sistemi üzrə kurslar keçirilmişdir. Gələcəkdə dünya təcrübəsinə əsaslanaraq aktuar hesablamalar üzrə təkmilləşmiş institutlara malik olan ölkələrdə mütəxəssislərin təlimi və hazırlanması da nəzərdə tutulmuşdur.

Şəffaflığın və qanunvericiliyin düzgün icrasının təmin edilməsi məqsədilə nazirlik tərəfindən korporativ şəbəkə üzərində işləyən sosial müavinət və təqaüdlərə dair xüsusi proqram təminatı hazırlanaraq onun tətbiqinə başlanılmışdır. Nəticədə 209 min iş şəbəkəyə daxil edilmişdir.

Sosial müavinətlərin avtomatlaşdırılması və mərkəzi bazanın yaradılması maliyyə resurslarına və vaxta qənaət etmək imkanı yaratmışdır. Belə ki, bəzi hallarda eyni şəxs dövlət tərəfindən yeni təyin edilmiş bir neçə müavinət növünü alır. Konkret desək, hər bir müavinət növü üçün həmin şəxsə yeni plastik kart verilir. Araşdırma göstərir ki,sosial müavinətlərin avtomatlaşdırılması ilə əlaqədar ödənişlər bir mənbədən aparıldığı üçün artıq bir neçə müavinət növünü alan hər bir vətəndaşa bir kart kifayət edir. Məhz bunun nəticəsində son 6 ay ərzində 5167 plastik karta və yaxud 32.139 manat vəsaitə qənaət edilmişdir. Əgər bu gün ünvanlı sosial yardım alan ailələrə ayda orta hesabla 101 manat ödənildiyini nəzərə alsaq qənaət edilmiş vəsait hesabına 318 ailəyə sosial yardım vermək olar.

Məlum olduğu kimi rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzləri sosial müavinət, sosial yardım və sosial xidmət sahələrində fəaliyyət göstərirlər. Artıq yardım və sosial müavinət sahələri tam avtomatlaşdırılmış, sosial xidmət sahəsində də bu işə başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən xüsusi müavinət növü təsis edilmişdir. Bu da müəssisələrdə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə illərlə yığılıb qalmış borclarının ödənilməsində yaranmış problemlərin həll olunmasına və onların hüquqlarının qorunmasına müsbət təsir göstərəcəkdir. Bununla əlaqədar rayon (şəhər) ƏSMM-nə müraciət edən 600 nəfər vətəndaşın müavinət işinə baxılmışdır.

Rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 2008-ci illərdəki fəaliyyəti barədə nazir müavini İlqar Rəhimov məruzə ilə çıxış etdi. Məruzəçi dedi ki, Azərbaycan Respublikası sosial yardım sisteminin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması, onun effektivliyini təmin edilməsi sahəsində ciddi addımlar atan bir ölkədir. Aparılan islahatların əsas məqsədi ondan ibarətdir ki, dövlətin sosial yardım sisteminin əhatə dairəsi ciddi ünvanlılıq prinsipi əsasında müəyyən olunsun, digər tərəfdən verilən yardımların ailələrin rifahına müsbət təsiri gücləndirilsin. Bu məqsədlə ölkəmizdə 1 iyul 2006-cı il tarixdən ünvanlı dövlət sosial yardımı mexanizminin icrasına başlanılmışdır. Ötən 2 il yarım ərzində minlərlə bu insan yardımdan bəhrələnmişdir.

Hazırda respublika üzrə 163409 ailə ünvanlı sosial yardım alır.Bunlardan 41,7 faizi çoxuşaqlı, 15 faizi isə əlil üzvü olan ailələrdir. Yardım alan ailələrin 90 faizini uşaqlar təşkil edir. Başqa sözlə, yardım alan ailə üzvlərinin 47,1 faizi uşaqlardır. Apardığımız təhlillər göstərir ki, respublikada ailələrin yoxsulluq həddində yaşamalarının əsas səbəblərindən biri də ailələrdə uşağın çox olmasıdır.

Məlum olduğu kimi cənab Prezidentin müvafiq sərəncamı ilə 2009-cu il Uşaq ili elan olunmuşdur. Cari ildə digər dövlət qurumları və qeyri - hökumət təşkilatları ilə birlikdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Təhsil Nazirliyi və UNİCEF seçiləcək pilot rayonlarında “Uşaq müdafiəsi islahatı” mövzusunda 1 illik birgə fəaliyyət planı hazırlamışdır.

Yardım alan ailələrdən 77,4 faizi dövlətdən ilk dəfə yardım alanlardır. 2007-ci illə müqayisədə hesabat dövründə yardım alan ailələrin sayı 2 dəfə, bir ailəyə ödənilən yardımın orta aylıq məbləği 18 faiz, çoxuşaqlı ailələrin sayı 76,2 faiz, dövlətdən ilk dəfə yardım alanların sayı isə 2,1 dəfə artmışdır.

Ünvanlı sosial yardım almaq üçün mərkəzlərdə qeydiyyata alınmış aztəminatlı ailələrin tədricən yoxsulluq həddindən çıxarılması məqsədilə nazirlik tərəfindən hazırlanan “Aztəminatlı ailələrin sosial reabilitasiyası proqramı” layihəsinin sınaqdan keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı olaraq seçilmiş pilot rayonlarında tədqiqatların aparılması davam etdirilməkdədir. Aparılmış tədqiqatların nəticəsi olaraq həmin rayonlarda konkret layihələrin sınaqdan keçirilməsi üçün hazırlıq işlərinə başlanılmış və növbəti aydan beynəlxalq təşkilatların dəstəyi ilə uşaqların və əlillərin sosial müdafiəsi sahəsində bir sıra layihələrin icrasına başlanılacaqdır. Bu məqsədlə rayon mərkəzlərində pilot layihələr üçün lazımi şəraitlər yaradılmışdır. Qeyd etmək lazımdır ki, yardım alanlardan 15 faizi dördüncü, 17,7 faizi üçüncü dəfə sosial yardım alanlardır.

Artıq uşaqların sosial müdafiəsinin təmin olunması, onlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə respublikanın bir sıra rayonlarında sosial sığınacaqlar və sosial reabilitasiya mərkəzlərinin tikilməsi üçün xüsusi layihələr hazırlanmışdır. Uşaqlar üçün nəzərdə tutulmuş həmin binaların tikilməsi məqsədilə yerli icra hakimiyyətləri tərəfindən torpaq sahələri ayrılmışdır.

Dünya Bankı ilə aparılmış danışıqlar nəticəsində yeni, “Sosial müdafiənin inkişafı” layihəsi hazırlanmış və cari ilin fevral ayından layihənin icrasına başlanacaqdır. Bu da sosial müdafiə sistemi sahəsində ölkədə aparılacaq islahatların keyfiyyətinin artırılmasına və sürətləndirilməsinə təkan verəcəkdir.

Bu ilin aprel ayında Dünya Bankı ilə birlikdə “Sosial yardım, sosial reabilitasiya və davamlı inkişaf ” mövzusunda iki günlük Beynəlxalq elmi- praktik konfransın keçirilməsi də planlaşdırılmışdır.

Bildiyiniz kimi hələ 2 il yarım öncə mərkəzlərin bir çoxu qəza vəziyyətində olan binalarda, zirzəmilərdə və yaxud şəxsi evlərdə yerləşməklə yararsız avadanlıqlardan, müasir tələblərə cavab verməyən və istismar müddətləri keçmiş texniki vasitələrdən istifadə etməklə işləyirdilər. Artıq son iki ildə 39 rayon və şəhər mərkəzləri əsaslı təmir edilmiş, 30 yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Həmin mərkəzlər müasir avadanlıq və texniki vasitələrlə tam təmin olunmuşdur.

“Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş müvafiq təlimata uyğun olaraq hazırda respublika üzrə 14920 nəfər tək ahıl və əlil vətəndaşlar xidmətə götürülmüşdür. Şəhər, şəhər tipli qəsəbələrdə və rayon mərkəzlərində 1 nəfər sosial xidmət işçisi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət edir.

Evlərində xidmətdə olanlardan 12921 nəfəri 70 yaşdan yuxarı, 1999 nəfəri isə yaşı 70-dən aşağı olanlardır. Onların 12076 nəfərini qadınlar, 2844 nəfərini isə kişilər təşkil edir. Xidmətdə olanlardan 931 nəfəri 1-ci qrup, 1749 nəfəri isə 2-ci qrup əlillərdir. Xidmətə götürülənlərdən 9303 nəfərin şəhər, rayon və qəsəbələrdə , 5617 nəfərin isə kənd yerlərində yaşayanlar təşkil edir. Həmçinin onlardan 133 nəfəri Böyük Vətən Müharibəsi əlilidir.

Ötən ilin birinci yarısında vətəndaşlardan ünvanlı sosial yardımın təyinatı ilə bağlı nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin yerində təkrar araşdırılması üçün komissiya yaradılmışdır. Komissiya tərəfindən iyul-avqust aylarında 58 rayonda 969 ərizə yerində araşdırılmışdır.

İ.Rəhimov məruzəsində nöqsanlardan da danışmış, görülən tədbirlər barədə məlumat vermişdir. İclasda Mingəçevir şəhər və Göygöl rayon Əhalinin Sosial Müdafə mərkəzlərinin direktorları Samir Məmmədov və Tamara Abbasova, Əmək və Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Məsumə Məmmədova, Tibbi-Sosial Ekspertizanın Təşkili və Əlillərin Reabilitasiyası şöbəsinin müdiri Rəfail Novruzov ötən il görülən işlərdən, ümumi şöbənin müdiri Bəxtiyar Əliyev vətəndaşların müraciətlərinə baxılması və karküzarlıq işinin təşkili vəziyyətindən, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mohamed Bendriss Alami nazirliklə əməkdaşlıqdan ətraflı söhbət açmışlar. Axırda kollegiyanın qərar layihəsi oxunmuşdur. İclasın sonunda nazir Füzuli Ələkbərov yekun nitqi söyləmişdir.

 

 

Qismət ALIŞOĞLU

 

Xalq qəzeti.-2009.-10 fevral.-S.6.