ABŞ və Rusiya rəsmiləri arasında ilk görüş
Bu iki dövlət
qarşılıqlı əməkdaşlıq məsələlərini
nizama salmağa hazırdır. Rusiya Baş nazirinin birinci
müavini Sergey İvanov ABŞ-ın Rusiya ilə münasibətləri
normallaşdırmaq barədəki niyyətlərini çox
müsbət addım kimi alqışlayıb. İvanov Birləşmiş
Ştatların yeni vitse-prezidenti Cozef Baydenlə bazar
günü Almaniyada Münhen təhlükəsizlik
konfransında görüşüb.
Bundan bir gün əvvəl
isə Bayden konfransda ölkəsinin xarici siyasətinin
prioritetləri haqqında çıxış etmiş,
Rusiya-NATO münasibətlərində olduqca təhlükəli
vəziyyətin yarandığını bildirmişdi. Qeyd edək
ki, bu, Prezident Barak Obamanın bu ilin yanvarında and içməsindən
bəri ABŞ və Rusiyanın yüksək vəzifəli
nümayəndələri arasında ilk
görüşdür.
Baydenlə
görüşdən sonra Rusiya baş nazirinin müavini bəyan
edib ki, danışıqlar maraqlı keçib və ABŞ tərəfi
Rusiya ilə əməkdaşlığı davam etdirmək
niyyətindədir. “ABŞ administrasiyasından Rusiya ilə
qarşılıqlı maraq kəsb edən bütün məsələlər
üzrə dialoqu bərpa etmək barədə maraqlı
siqnal aldıq və bu təklifi qəbul etdik” - deyə Sergey
İvanov “Röyter” agentliyinə müsahibəsində
bildirib. Onun sözlərinə görə, ABŞ və
Rusiyanın yeni liderləri ikitərəfli münasibətlər
məsələsinə yeni nəzərlə baxmaq əzmindədirlər.
Xatırladaq ki, Bayden özünün
proqram xarakterli çıxışında Şimali Atlantika
İttifaqının Rusiya ilə əməkdaşlıq məsələsində
bir çox sahələrə yenidən baxmalı olduğunu
söyləmişdi. O, eyni zamanda nəzərə
çatdırmışdı ki, gələcək münasibətlərdə
fikir ayrılıqları da olacaq. NATO-nun genişlənməsi
ilə bağlı perspektivlərə toxunan Bayden İvanovla
görüşdən əvvəl bəyan etmişdi ki,
NATO-ya daxil olub-olmamaq məsələsini Gürcüstan
özü həll etməlidir. Rəsmi Moskva isə
keçmiş sovet respublikalarının NATO-ya qəbuluna qəti
etiraz edir.
Baydenin sözlərinə
görə, ABŞ və Rusiya bütün məsələlərdə
razılığa gələ bilməz. “Ancaq bu iki ölkə
ayrı-ayrılıqda öz fikrində qalsa da,
maraqlarımızın üst-üstə
düşdüyü sahələrdə birgə işləyə
bilərik. Bizim maraqlarımız isə çox sahələrdə
üst-üstə düşür”. ABŞ- ın vitse-prezidenti
onu da əlavə edib ki, ölkəsi Mərkəzi Avropada RƏM
sistemləri yerləşdirmək planından əl çəkməyəcək.
İvanov isə Münhendə keçirdiyi mətbuat konfransında müddəti bu il dekabrın 5-də başa çatacaq strateji hücum silahlarının ixtisarı barədə SNV-1 əvəzinə yeni SNV-2 müqaviləsinin imzalanması məsələsi üzərində xüsusilə dayanıb. “Düşünürəm ki, bununla bağlı hansısa xüsusi mexanizm yaradılmalıdır və Amerika tərəfi buna hazır olan kimi kifayət qədər tez və aktiv danışıqlara başlamaq mümkün olacaq. İndi isə saatlar söndürülüb, sayğaclar işləmir. Bu ilin 5 dekabrına da lap az vaxt qalır. Bizə, əlbəttə, istər ixtisar, istərsə nəzarət və s. məsələlər üzrə yeni mexanizm yaratmaq lazımdır” – deyə İvanov qeyd edib.
Rusiya hökuməti rəsmisinin sözlərinə görə, Rusiya Əfqanıstanda vəziyyətin nizamlanması üçün bu məsələdə maraqlı olan istənilən tərəflə əməkdaşlıq etməyə hazırdır.
Bu günlərdə ABŞ Dövlət Departamenti mətbuat katibinin vəzifəsini icra edən Qordon Duqud da bəyan edib ki, Vaşinqton silahların ixtisarı istiqamətində Rusiya ilə ciddi danışıqlara hazırdır. “Əgər biz yeni müqaviləyə malik olmaq istəyiriksə, o, tezliklə hazırlanmalı, müddəti başa çatmaqda olan SNV-ni əvəz etməyə qabil olmalıdır” – deyə ABŞ nümayəndəsi bildirib.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-10 fevral.-S.6.